Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

«Dedi «bandotdel»də şöbə rəisi işləyirəm»


Foto: Arxiv
Foto: Arxiv
-
Astaranın Nüvai kənd sakini Alimə Məmmədova «Qaynar xətt»ə Sumqayıt polisindən şikayət edib. Deməsinə görə, dələduzluğa məruz qalması ilə əlaqədar polisə yazdığı şikayətinə baxılmır. (Alimə Məmmədovanın dələduzluqda ittiham etdiyi şəxslə əlaqə saxlayıb münasibət öyrənə bilmədiyimizə görə onun adını açıqlamayacağıq. Belə hallarda ad-soyad yalnız məhkəmə hökmündən sonra açıqlana bilər).

«VƏSİQƏYƏ ALDANDIM»

Alimə Məmmədova:

«Bir nəfərlə müştərək qızıl alveri ilə məşğul olurdum. Həmin adamın mənə 35 min manatdan çox borcu yaranmışdı. Mən o adamdan pulumu geri ala bilmirdim. Bunu yaşadığım kənddə hamı bilirdi. Bir qonşum mənə qardaşının «bandotdel»də şöbə müdiri işlədiyini və belə cinayət işlərinin üstünü açmaqla məşğul olduğunu dedi. Məni qardaşı ilə tanış etdi. O da mənə vəsiqə göstərdi. Vəsiqədə onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şöbə rəisi işlədiyi yazılmışdı. Mən inandım və dərdimi ona danışdım. Söhbətdən bir neçə gün sonra gəlib dedi ki, səni aldadan Naxçıvanda yaşayır, ora əməliyyat qrupu göndərmək üçün 5 min manat pul verməlisən. Məndən bu yolla 5 min manat aldı. İkinci dəfə görüşəndə dedi ki, əməliyyat qrupu yola düşür, əməliyyatçılar 4 nəfərdir, hərəsinə 100 dollar vermək lazımdır. Mən dedim ki, 400 yox, 200 dollara gücüm çatar. 200 dollar da belə aldı. Mənə borcu olan şərikim həmin borcun 5 min manatının əvəzinə qızıl əşyaları vermişdi. Həmin qızılları da götürdü ki, guya o adama qaytaracaq, borcun qızılla yox, pulla ödənilməsini təmin edəcək».

«ŞİKAYƏTİMDƏN 6 AY KEÇİB, AMMA...»

Alimə Məmmədova deyir ki, bu, həmin şəxslə sonuncu görüşü olub. Sonra həmin şəxs onun telefon zənglərinə cavab verməyib. Daha sonra isə telefon söndürülüb:
««Bandotdel»ə getdim, onun adını verdim, dedim ki, sizdə belə bir adam işləyir, Naxçıvana əməliyyat qrupu göndərəcəkdi ki, mənim pulumu şərikimdən alıb özümə qaytarsın. Dedilər burda belə adam işləmir. Məni başa saldılar ki, hər kimdirsə, sənə dələduzluq edib».

Alimə Məmmədova Sumqayıt şəhər Polis İdarəsinə gedərək həm şəriki, həm də «bandotdel» işçisi tərəfindən aldadılması barədə şikayət ərizəsi yazıb:

«Ərizəmin üstündən 6 ay keçib. Ancaq nə pulumun qaytarılması təmin olunur, nə də dələduzlar cəzalandırılır. O boyda güc strukturunun adından dələduzluq edən adam hələ də azadlıqda gəzir. Çünki onu özləri himayə edirlər».

Orxan Mansurzadə
Orxan Mansurzadə
Alimə Məmmədova deyir ki, 6 ayda iş üzrə dörd dəfə müstəntiq dəyişib. Şikayətçi bunu onunla izah edir ki, müstəntiqlər də «bandotdel» adından istifadə etməklə onu aldatmış şəxsi cəzalandırmaqda acizdirlər.

«ALİMƏ ONLARI, ONLAR DA ALİMƏNİ İTTİHAM EDİRLƏR»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, ötən il oktyabrın 19-da fakt üzrə CM-nin 178.3.2 (Külli miqdarda ziyan vurulmaqla dələduzluq törədilməsi) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib. Tərəflər və şahidlər dindirilib, istintaq hərəkətləri aparılıb:

«Məsələ ondadır ki, Alimə Məmmədova həmin şəxsin ondan 5 min manat aldığını iddia edir. O adam da ifadə verir ki, Alimə məni xeyli müddətdir tanıyır, biz onunla qızıl alveri etmişik, əslində onun mənə borcu var. Orda adı çəkilənlərdən biri də Məharət adlı şəxsdir. Məharət Əliyev ifadəsində göstərib ki, əksinə, Alimənin ona borcu var. Alimə Məmmədova Məharətin ona borclu olmasına dair Sumqayıt şəhər Məhkəməsində mülki iddia da qaldırıb. Ancaq şəhər məhkəməsi M.Əliyevin xeyrinə qərar çıxarıb. Alimə Məmmədova qərardan apellyasiya şikayəti verib. Bir sözlə, çox qarışıq məsələdir, işdə üç nəfərin adı keçir və onlar bir-birindən fərqli ifadələr verirlər. İstintaqın bunu araşdırması üçün vaxt tələb olunur. Kim təqsirkardır və kim zərərçəkəndir, bunu istintaq müəyyənləşdirəcək. Hazırda istintaq hərəkətləri davam etdirilir».
XS
SM
MD
LG