Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Əli Əmirli. Xoşbəxt gün


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


XOŞBƏXT GÜN

(İki hissəli dram)

İştirakçılar:
Baba
Nənə
Gəray
Xala
Yeganə
Fuad
Əkizlər – 7-8 yaşında oğlan uşaqları


I HİSSƏ

Gecəqondular arasında kasıb şəhər evidir. Görkəmli yerdə üç-dörd pilləkənin qalxdığı qapı var ki, həmişə örtülüdür. Səhnə boşdur. Fuad gəlir, ətrafa boylanır, heç kəsin olmadığını görüb çoxlu siyirmələri olan şkafın bir gözünü cibindən çıxardığı açarla açır, əskiyə bükülü bir şey çıxardır. Bu tapançadır. Ehtiyatla və heyranlıqla çevirib o üzünə-bu üzünə baxır. Başı bu işə elə qarışır ki, səssiz gələn Yeganəni görmür. Qız da fikirlidir, o da Fuadı görmür. Fuad güllələri çıxardır, tətiyi bir dəfə çəkib atır. Çıqqıltıya hər ikisi diksinir və bir-birlərini eyni vaxtda görürlər. Fuad tapançanı tələsik arxasında gizlədir.

F u a d (tapançanı arxasında əskiyə bükə-bükə.) Səssiz niyə gəlirsən? Busursan?
Y e g a n ə. Nədi? Qışqıra-qışqıra gəlim, ya siqnal verim? O gizlətdiyin nədi?
F u a d. Nə nədi? Heç nə!
Y e g a n ə. Bəs niyə gizlətdin? Tapançadı?
F u a d. Tapança? Onu kim dedi?
Y e g a n ə. Doğrucul tapançadı?
F u a d. Az, yeri rədd ol! Tapança nədi, ayrı şeydi.
Y e g a n ə. De bacı canı!
F u a d (qızı yüngülcə itələyir.) Eyyy... əl çək də!
Y e g a n ə. Sən mamanın qəbri, düzünü de, tapançadı?
F u a d. Hə! Lap tapançadı, noolsun?!
Y e g a n ə. Hardan almısan?
F u a d. Küçədən tapmışam!
Y e g a n ə. Fuad… heç adam öldürmüsən?
F u a d. Gicsən ey! Mən adam öldürənəm?
Y e g a n ə. Soruşuram adam öldürə bilərsən?
F u a d. Nə bilim? Baxır adamına.
Y e g a n ə. Lap doğruçu tapançadı… Ver baxım. (Ehtiyatla alır.) Ağırdı.
F u a d. Tapança ağır olar də, oyuncaq deyil ki!
Y e g a n ə. Güllən də var?
F u a d (kişilənir.) Gülləm də var! Neynirsən?
Y e g a n ə. Göstər.
F u a d (göstərir.) Bax, yeddi dənədir, necə lazımdı!
Y e g a n ə. Bunu necə atırlar?
F u a d. Ta o sənlik deyil! Ver bura! (Tapançanı almaq istəyir).
Y e g a n ə. Dayan bir! Gülləni bura qoyurlar? Belə?
F u a d. Az, elə tutma! Ver qoyum yerinə, indi xalam girər içəri.
Y e g a n ə. Cəhənnəmə girsin! Ölmək istəyir qoy gəlsin. (Tapançanı qəfil tamaşa zalına tərəf çevirir).
F u a d (qızın qolundan yapışır.) Bura ver! Az, açılar ey! (Tapançanı alır).
Y e g a n ə (həyəcanlıdır, səsi titrəyir) Qaqaş, mən adam öldürəcəm!
F u a d. Elə indi?
Y e g a n ə. Yox! Hayıf ki, indi yox! Öldürmək istədiyim əclaf türmədədi. Mən tərpənincə girdi türməyə. Gecikdim. Amma fərqi yoxdu, əvvəl-axır öldürəcəm.
F u a d. Yenə sən dəli oldun?
Y e g a n ə. Mamamın qəbri haqqı öldürəcəm! Onu it kimi gəbərdəcəm!
F u a d. Kimdi o öldürmək istədiyin adam?
Y e g a n ə. Hı! Adam… O adam deyil. Bir də bunun sənə dəxli yoxdur.
F u a d. Niyə, mən sənin qardaşın deyiləm? Bəlkə elə mən öldürdüm onu.
Y e g a n ə. Yox, bu mənim işimdir!
F u a d. Yegiş, qız da adam öldürər? Sən heç nə dediyini qanırsan?
Y e g a n ə. (Gedə-gedə) Mütləq öldürəcəm, it kimi gəbərdəcəm, evinə od vuracam! (Gedir)

Fuad qızın arxasınca baxır. Sarsılıb. Bilmir neynəsin. Mexaniki şəkildə tapançanı əskiyə bükür, əvvəlki yerinə qoyur, sonra çıxardır və elə bu vaxt çiynində pencək Gəray gəlir. Fuad tələsik tapançanı şkafın gözünə qoyub siyirməni örtür, açarı burub cibinə qoyur və arxasını şkafa söykəyib dayanır.

G ə r a y. Gəlmədi! Gəlməz! O havax dar günümdə mənim dadıma çatıb ki, indi də çatsın? Havax mənə atalıq eləyib ki, indi də eləsin? (Var-gəl eləyir) Həmişə yetim olmuşam mən, həmişə!
X a l a (gəlir.) Ə, niyə yumurtası tərs gəlmiş töyux kimi vurnuxursan, Gəray? Otur dayna bir tərəfdə!
G ə r a y. Az, töyux sənin atabaatandı, yeddi arxa dönənindi! On ildi şəhərdə yaşayırsan, amma elə kəççisən ki, kəççi.
X a l a. Neynək, ə, siz şəhərri olun!
F u a d. Başlandı deyişmə!
G ə r a y. Gəlməz! Mən kiməm ondan ötəri? Türməyə girib çıxmış, əli lapatkalı fəhlə. O da rayonla bir adı olan Məlik müəllim! Noolsun ki, təkcə madar oğluyam?
X a l a. Ə, o havax sənə atalıq eləyib ki, indi də inciyirsən ondan? Arvad alıb boşamaqdan heç macalı olub onun?
G ə r a y. Sən qələtini qır, Göyçək!
X a l a. Nədi? Mən deyən boğazdan keçmir? Heç Fuad əsgər getdi yola salmağa gəlmədi, əsgərliyi savıb qayıtdı, yenə gəlmədi. O babadı? Nənə heç, öyədi, bəs özü? Təkcə madar oğlunun balasıdı ey, böyük nəvəsidi. Bir deməz ki, a balalarım, bax, siz o qərib şəhərdə, eldən-obadan uzaq yerdə nətəər dolanırsınız, nə yeyib nə içirsiniz?
G ə r a y. Neyniyim, yarımadım də atadan-anadan! (Maşın səsi eşidilir. Diksinir. Tez pəncərəyə sarı gedir və sevincək) Bo-ho! Gəldi, az! Sən öl, özüdü! Bo-hoy! Arvadı da gətirib, az! Bə niyə durmusunuz, ə? Fuad, ə, babandı ey! Düşün qapıya! (Gedir)

Fuadla Xala da gedirlər. Səhnə arxasından səslər gəlir.

G ə r a y. Qağa, əşi sən də gəlib çıxarmışsan buralara?
B a b a (danışa-danışa gəlir.) Nəyə gələk, ə, bura? Şəhərdi bura? Yaşamalı xarabadı bura, iraq sizdən! Nəfəs verirsən, geri ala bilmirsən, almırsan, olmur.

Fuad, Xala, Gəray və Nənə axsaya-axsaya gəlir.
B a b a (Fuada) Bura gəl görüm, ə! (Nənəni axtarır) Hanı, ə, o arvad? Buna bax, az, Qəmər. Buy, boyuna qurban olum, ə, sənin! (Fuadı öpür.) Maşallah! Ə, bu evlənməlidi, ə! Arvad? Hanı, ə, o axsaq arvad? Öpdünmü az, Fuadı?
N ə n ə. Öpdüm, əşi, niyə öpmürəm, nəvəm deyil? Oy qılçım, oy qılçım... Andır uyuşuv ey... (Bilmir divanda otursun, ya kresloda).
B a b a (Gəraya). Sənin başın niyə ağarıb, ə? (Ən yaxşı yerdə oturur) Ya allah! (Nənəyə) Sən niyə oturmursan, az? Seç dayna, ya divanda otur, ya istolda, yox, xoşuna gəlmir, gəl otur... Nəhlət saa şeytan dayna!
G ə r a y (gülməkdən uğunur.) Əşi, əşşi... Qağa, yenə başladın?
B a b a. Ə, bə nə deyim? Zalımın qızı nə dala durur, nə qabağa!
N ə n ə (Xalaya). Başladı genə arsızlığa! Az, heç sənnən öpüşmədik ey... (Çox sərin öpüşürlər).
X a l a. Ağzın var olsun!
B a b a. Fuad? Buy sənin boyuna qurban olum, gəl səni bir də öpüm. (Öpür) Nətəər rəhmətlik anasına oxşayır.
N ə n ə. İndi oxşamasın!
X a l a. Torpağı sanı yaşasın!
B a b a. Az, gəlin, bəs ekizlər hanı? Çağır, az, onları!
X a l a. Qoy görüm, indicə burdaydılar. Budey, gəldilər! Ə, babanızla görüşmədiniz?

Bir cüt 7-8 yaşında oğlan uşağı gəlir və utana-utana Babaya yaxınlaşır.

B a b a. Namxuda, maşallah!
X a l a. Maşallah günün olsun!
N ə n ə. Sonra bunların başına üzərrik çəvir.
X a l a. Allah balalarını saxlasın!
B a b a. Yekə kişi oldu, ə, bunlar. İkiniz də yox, bala. Kimi öpməmişəm o gəlsin, birini bayaq maşından düşəndə öpdüm. Bir uşağı iki dəfə öpməyə məndə hal nə gəzir!

Uşaqlardan biri anasının üstünə qaçır. O birisi Babaya tərəf gedir.

B a b a. Namxuda, namxuda! (Öpür) Arvad alarsanmı, ə?
Uşaq (ədəblə başını tərpədir.) Bəli!
B a b a. Bərəkallah, kişinin oğlu! Kimin oğlusan, bala, almıyasan?!
G ə r a y (hırıldayır.) Niyə özünü demirsən, əşi?
N ə n ə. Fuad, qadan alım, o istolu bura qoy, özün də ata-balaya çox qulaq asma! (Fuad stulun birini arvadın qabağına çəkir. Nənə bir ayağını hıqqana-hıqqana qaldırıb stulun üstünə qoyur və dizini ovur) Sağ ol, qadan alım! Uf-uf-uf... Elə bil şüşəni əzib doldurublar bura.
B a b a. Bəsdi, az, bura xəstəxana deyil. Zəhləm gedir də qoja, xəstə arvaddan! (Dizlərinin arasında saxladığı uşağa) Yeri, ə, sən də, arvad tapanda xəbər yolluyaram.

Böyüklərin gülüşləri altında uşaqlar irişə-irişə, itələşə-itələşə gedirlər.

X a l a (çay gətirir.) Deyirəm, qağa, yoldan gəlmisiniz, əvvəl bir çay için, mən də yeməyi irahatdıyım.
G ə r a y. Hər şey hazırdı ey, qağa, bəlkə əvvəl yeməyi gətirsin?
B a b a (ciddiləşir.) Dayan, Gəray, tələsmə. (Pıçıldayır) Bəs qız özü hanı?
X a l a (ayaq saxlayır.) İndi elə sizin qabağınızca çıxdı qonşuya, bu saat gələsidi.
N ə n ə. Uy-uy-uy... ayaqlarıma elə bil yüz yerdən iynə yağır. Bah-bah-bah...
B a b a. Qəmər, sən dədeyin goru, saxla o duzsuz qılçını. Qoy, dərdimizdən danışaq, görək hara haradı?
N ə n ə. Danış dayna, a kişi, əlimi qabağına vermişəm? Yoxsa eşşəyi qoyub palanı döyəşdiyəssən?
B a b a (qaramat çevirir) Ala ey! Əzginişin qızı, əzginiş!
G ə r a y. Sən allah, bəsdi, qağa! Gör, havaxdı sizi görmürük.
N ə n ə. Ə, elə dərdi mənəm. (Ayağını stuldan aşağı salır) Günüm belədi. Üzüm həmişə danlaqlıdı. Bəs mənim anqudum niyə çıxıb. Yeyirəm, içirəm, yatıram, amma üzümə çıxmır. Niyə? Üzüdanlaqlıyam!
B a b a. Nəhlət sənə şeytan dayna! (Siqaret yandırır) Soyuq dəydi maa maşında. Gəl burdan otur görüm, ə! Gəl, gəl!
X a l a (Fuada) Sən çıx həyətə, qadan ürəyimə.
B a b a. Niyə? Bu haqq-hesabın hamıdan çox ona dəxli var. Heç yerə gedib eləmə! Bir qardaş kimi onun taqsırı hamınınkından çoxdur.
N ə n ə. O neynəsin, o iki iliydi yoxuydu burda.
B a b a (tərs baxır arvada və sonra Gəraya) Danış görüm bu nədi belə, nə haqq-hesabdı?
G ə r a y. Qağa, haqq-hesab deyəndə ki. biabir olmuşam. Nə həyətə çıxa bilirəm, nə camahatın üzünə dik baxa bilirəm. Evə hava qaralanda gəlirəm ki, qonşularla üz-üzə çıxmayım.
X a l a. Əşi, baxma ey adı şəhərdi, bura da elə kənd kimi yerdi, hamı kənddən-kəsəkdən tökülüf gələnlərdi, hamı bir-birini tanıyır, bir-birini güdür. (Fuad narazılıqla pəncərəyə tərəf gedir və arxası onlara sarı dayanır). Qağa, döyür, söyür, öldürür, öhdəsindən gələ bilmir. Öyrəli o istolu belində sındırıb, amma noolsun?! (Nənəyə nəsə pıçıldayır).
N ə n ə. Nə danışdığındı az?
B a b a. Pıçıldaşmayın, az, orda. Neynir, açıq deyin. Ordan bura mən boyda kişini gətirmisinizsə, açıq danışın. Deyin görüm bu ölmüş axı neynir?
G ə r a y. Qağa, bax... Mən... mən... (Xalaya) Az, sən danış, mən... mən... (Hönkürür)
X a l a. Günümüz belədi, Qağa. Vurğunu güclü gəlmiş biriynən gedir, biriynən gəlir.
F u a d. Xala!
X a l a. Bir maşından düşür, o birinə minir...
F u a d. Xala!!
X a l a. Heç qışqırıb eləmə üstümə! Deyəcəm, nə bilirəm hamısını deyəcəm.

Fuad getmək istəyir.

B a b a (qışqırır.) Fuad! Geri qayıt!
F u a d (ayaq saxlayır.) Yalandı, baba! Hamısı yalandı!
B a b a. Neynək, yalandı, sənə də qulaq asarıq. Burda sənin doğma bacının söhbəti gedir, hara qaçırsan? Qaçmaqla canını biabırçılıqdan qurtara bilməzsən!
N ə n ə. Ay balam, o qız hələ uşaqdı!
X a l a. Ay onu uşaq ölsün, bədbaxt bacımın yanına yan versin! Onu da allahdan aşağı elə bu öldürdü. (Danışa-danışa əlində bürmələdiyi dəsmalı Gərayın üstünə atır.) Ala sil gözüyün yaşını, ay yazıq! Sənin hələ xəbərin yoxdu xəbərlərdən! (Babaya) Əşi, çayın soyudu, ver təzələyim.
B a b a. Hə, qızım, təzələ! (Gərnəşir.) Soyuq dəydi mənə, qulunc öldürəcək məni.
X a l a. Qazanlar örtülü qaynayır. (Stəkanı götürüb gedir.)
B a b a (Xalanın dalınca) Sən öl, doğma xala olsa da, öyə anadan pisdi.
N ə n ə. Doğma bacının yerinə gəlib arvad olmaq hər adamın hünəri dəyil ey!
B a b a (səsindən alır) Gəray, ə, bəlkə şişirdır, beşini də üstünə qoyur? Vallah, mən inanmıram ki, o qız pis yola gedə. Mərd uşağıydı o. Sən özün nə deyirsən? Elə Fuad da qabarır. Hə, Fuad, sən nə deyirsən?
F u a d. Mən heç nə bilmirəm!
B a b a. Bərəkallah!
G ə r a y. Vallah, qağa, mən itirmişəm başımı.
B a b a. Qızdı dayna, özü də bir az dikbaş, əvvəlindən heyləydi. Nə deyirsən, Fuad?
G ə r a y. Əşi mən qalmışam... Vallah, qağa, o Fuad ölsün, dünya bax buramdadır. (Boğazını göstərir) Az qalıram öldürüm özümü.
B a b a. Nə dedin?
G ə r a y. Qağa, vallah, ya onu öldürəcəm, ya özümü... (Danışa bilmir, siqaret yandırır.)
B a b a. Ə, o sonranın işidi, sən mənə cavab ver, qızın özüynən danışmısan? Bir ata kimi, öyüd-nəsihət vermisən? Hədə-qorxu gəlmisən?
G ə r a y. Əşi, hamısından keçmişəm! Söymüşəm, döymüşəm, qılıqlanmışam, yalvarmışam, dalınca düşüb busmuşam. İlahi, mən niyə ölmürəm? (Siqareti tez-tez sorur).

Telefon zəng çalır. Xala çay gətirir. Fuad dəstəyi götürür.

F u a d. Alo, bəli! (Dəstəyi qoyur).
X a l a. (Telefona işarə ilə) Günümüz belədi.
Telefon zəng vurur. Fuad yenə də dəstəyi götürür.

F u a d. Bəli! Eşidırəm, kim lazımdı? Yoxdu! (Dəstəyi qoyur).
X a l a. Əşi, belə üzünə qırmızıca deyir ki, yaxşı eləyirəm, deyir babamın, atamın getdiyi yolu gedirəm. Bax, üzünəcə deyir ki, sənin nə atalıq haqqın var üstümüzdə? Kefindən gedib girdin türməyə, biz də qaldıq çöllərdə.
N ə n ə. Çöllərdə niyə, az? Onların bitini-sirkəsini təmizləyən mən dəyildim? Niyə nankor olurlar? Fuad elə burdadı, allah şahididi. Qışqırırdım ey, bitləri diri-dıri yeriyən görəndə. Mən bu kişinin balalarına yaxşı olmuşam, heç öz balalarımın bir heylə əziyyətini çəkməmişəm. Amma neynirsən, Fuad əsgərlikdən kağız yazanda birinci babasının adını yazırdı.
B a b a. Dayan, az, bir sən! On beş il bundan qabaq bir dəfə uşaq çimizdırib, üç yüz il deyəcək.
N ə n ə. Nədi, əşi, qoymazsan mən də ağzımı açım?
X a l a. Deyir elə mamamı da onlar çərlətdilər, adına söz çıxartdılar.
B a b a. Yalansa onu görüm... Nəhlət sənə şeytan dayna... Niyə mənim çörəyimin duzu yoxdu, ə?
X a l a. Deyir qoy hər kəs öz dərdini çəksin, özcə ayıbına yəə dursun.
G ə r a y. Bəsdi, az! Qoyma ağzını allah yoluna.
X a l a. Nədi, ə? Qızın deyənləri deyirəm dayna.
G ə r a y. Qələt eləyirsən atabaatanla. Durub sallam səni təpiyimin altına!
X a l a. Neynək! Mənim susmağımla hər şey düzələcəksə, mən danışmaram. O sən, o da qızın! Mənim heç borcuma qalmayıb.

Qapının zəngi çalınır. Hamı diksinib təlaşla bir-birinin üzünə baxır.

X a l a. Odu! Vurğunu güclü gəlmişdi. (Gedir qapını açmağa).
Y e g a n ə (tələsik gəlir) Baba gəlib? (Əvvəl Babanı, sonra Nənəni, sonra yenə də Babanı qucaqlayır) Qurban olum sizə, ölüm ayaqlarınızın altında... (Ağlayır).
B a b a (təsirlənir) Axmaqlama, az! Sarsağın qızı...
N ə n ə. Niyə ağlayırsan, az?
Y e g a n ə. Elə birdən gördüm sizi, uşaqlığım düşdü yadıma. Yazıq mamam gəldi durdu gözümün qabağında. Rayon, o yolun qırağındakı damı yatmış ev düşdü yadıma. İndi o ev durur, nənə? Yazıq mamam... (Ağlamağını güclə saxlayır) Məhlədə nə var, nə yox? Salamatlıqdımı? Nənə, sən nə təhərsən?
N ə n ə. Sağ ol, başına dönüm, xəstə, qoca adamıq dayna, nə təhər olacam, şəkər salıb məni əldən.
B a b a. Az, bura xəstəxana deyil, bunlar da ki Topçubaşov.
N ə n ə (kişiyə fikir vermir.) Maşallah, sən yekəlmisən, kökəlmisən, gözəlləşmisən. Sizin sulanan, bizim quruyan vaxtımızdı, bala.
B a b a. Kopaqqızı deyirsən bəs deplomatdı.
G ə r a y (gülür.) Qağa, nətəər darıxmışdım sənin bu atmacaların üçün.
B a b a (eyhamla.) Sən danış, qızım, görək nə var, nə yox? Qardaşın (Fuadı göstərir) oxumadı, qoyduq peşə məktəbinə, oxumaq əvəzinə qaçdı getdi əsgərliyə. Axırı da belə! Avara-avara dolanır bu şəhərin küçələrini. Yanıram dayna, yanıram. Xalxın balaları iş görür, pul qazanır, biznes qurur, mənimkilər arvadbazlıq eləyir, qumar oynayır, piyanskalıq eləyir. Nəhlət sənə, şeytan dayna... Yüz dəfə demişəm qayıtmayım bu söhbətə, olmur... (Siqaret yandırır) İndi də... (Uzun və ağır sükut çökür ortaya) Həəə... qızım, bilirsənmi biz nəyə gəlmişik bura? Bilirsənmi sənin bu bədbaxt atan məni, bu xəstə, qoca arvadı nəyə çağırtdırıb bura? Yoox, susma, cavab ver. De görüm bilirsənmi?
Y e g a n ə (qəti və möhkəm.) Bilirəm!
B a b a (pərtlikdən bir qədər çaşır.) Bərəkallah! Bilir! (Qəfil tragik pıçıltı ilə) Yeganə, istəsəm səni bircə saatın içində elə itirərəm ki, bir kopolu, kopaqqızı qana bilməz ki, nejə oldun sən! Bəlkə elə bilirsən bu yazıq, bədbaxt atan indi də sənə görə gedib girəcək türməyə? Yoox, Yeganə, nə mən əlimi sənin murdar qanına boyuyanam, nə qoyaram o bədbaxt, zavallı əlini sənə vursun! O hər nədi, hər kimdi mənim belimdən gələn təkcə, bircə oğlumdu. Nə qədər beqeyrət olsa da, mənim balamdı.
G ə r a y. Əşi, qağa...
B a b a. Sən sus! Sus, oğraş! (Qıza) Sənin qiymətin mincə manatdı! Səni elə itirərlər ki… Tü!!!

Nənədən başqa hamı heyrətlə və bir qədər ümidlə Babaya baxır.

B a b a. Mənə də qara Məlik deyərlər, çalmıram, çalanda pis çalıram.
G ə r a y (Xalaya) Gör heç bu mənim ağlıma gəlib?
X a l a. Min manıt nə puldu, bu saat taparam.
B a b a (daha da ilhamlanır.) Sən məni barmağına dolaya bilməzsən, bunları doladığın kimi. Gör nə gündədi bədbaxt atan? Ölüb qurtarıb ayaq üstə. Nədi? Deyirsən öldürsün özünü, çatı salsın boğazına?! O yazıq xalana bax: doğmaca bayısının yerinə gəldi ki, sizə özgəsi yox, özü analıq eləsin, bəs budu sizin cavabınız? Bəs bu qardaşına nə deyirsən, görürsən xəcalətindən nə təhər qaralıb? Bəs o, tay-tuşunun üzünə baxa bilər bundan sonra?
G ə r a y. Əşi çatlayıram ey, qağa. Qaçım burdan da gedim? Rayondan qaçdım, dedim türmədən sonra çıxmaram tay-tuş içinə, ticarətə əlvida dedim onda, dedim dinc, arxayın yaşayım... Qağa, gör təkcə oğlunun əlləri nə gündədi? (Gözündən axan yaşı əlinin kəskin hərəkəti ilə sivirir) Dünən dost dediyim adamlar indi milyoner olublar, mənə heç salam da vermirlər. Tay-tuşdan geri qaldım, axırda gəlib düşdüm ac-yalavaclar içinə! İndi də belə?! Durum öldürüm özümü, bəs mən o tifilləri kimin umuduna qoyum? Öldürəcəm səni, itin qızı! (Qəfil yerindən qalxıb Yeganəni vurur. Qız müqavimət göstərmir. Gəray daha da qızışır.) Öldürəcəm səni, itin qızı! (Harasına gəldi vurur).
N ə n ə. Boy, Məlik?! Ə, bu neynir, Məlik?! Boy-boy... Gəray!
F u a d. Ata, bəsdi! (Araya girmək istəyir).
G ə r a y (Fuada) Geri dur!!!
B a b a. Bəsdi, ə! Eşitmədin, Gəray? Dedim axı bəsdi! Gəray!!!

Fuad qaçıb səhnədən gedir.

G ə r a y (yumurlanıb kresloya girmiş Yeganədən aralanır.) Ta dözə bilmirəm, qağa, dözə bilmirəm! Ona denən ya rədd olub getsin bu şəhərdən, ya da sən deyəndi, qağa, sən deyəndi! (Yenə də qızı vurmaq istəyir.)
B a b a. Gəray!!! Sən öl, Fuad ölsün, bu saat durub gedərəm, bir də bu qapını açmaram!
N ə n ə. Allah, allah...
G ə r a y (mələyir.) Öldürəcəm səni, Yeganə, bil ki, öldürəcəm. Mən beynamusluğu boynuma götürməyəcəm! (Hönkürür).
X a l a. Öldürmə özünü, ay yazıq, ay bədbaxt! Ə, infak olub öləssən ey. Ə, kimin canı yanacaq sənə? Ay yazıq, ay yetim?
B a b a (Xalaya tərs baxır.) Bəsdi, ə, kişi ol! Sil fırtılığını... Qoy bir görək özü nə deyir, fikri nədır? Axı bizim nəsildə görünməyib belə rüsvayçılıq. Həmişə biz çıxmışıq onun-bunun çəpərinə, ta bizim çəpər yolaq yeri olmayıb. Qoy dillənsin, qoy özü desin.
Y e g a n ə (qəfil yerindən qopub Babanın ayaqlarına düşür, dizlərini qucaqlayır və bir qədər kəkələyə-kəkələyə danışır) Baba, yalandı, haaamısı yalandı, uydurmadı... Hhheç kkkəs məəənim adıma bir kəlmə pis söz deyə biiilməz... (Xalanı göstərir.) Hamısı onun uydurmasıdır, onun! O bizə budu on ildi göz verib işıq vermir. O bu evə gələndən biz zülüm çəkirik. O özü ilə bu evə bədbaxtlıq gətirdi!
X a l a. Yalansa Əbülfəzlabbas saa qənim olsun! Sən təmizsən, az? Az sənin... Az, mənim ağzımı açdırırsan? Az sənin atan yaşında kişinin bağında nə ölümün var? O səni instituta düzəldəcək? Ala! (Dirsəyini göstərir) Düzəldəcək!
B a b a. Bahooo...
Y e g a n ə (qara-qışqırıq salır) Taqsır səndədi! Hər şeyin günahı sizdədi! Sən xala deyilsən, düşmənsən!
X a l a. Az çağırım doqquzuncu mərtəbədəki sarıbaş fayşəni? Çağırım?
Y e g a n ə. Bu saat öldürəcəm özümü! Nöyüt töküb özümü yandıracam. (Yerindən qopub mətbəxə qaçır.) Yandıracam özümü...
B a b a (qorxub.) Ə, dur onu saxla, Gəray!
G ə r a y. Mən özüm yandırasam səni, itin qızı! (Qızın dalınca qaçır).
N ə n ə. Az, bu nədi, az? Məlik?!
B a b a. Zibilə düşdük biz!
X a l a. Qoy öldürsün, bəlkə qurtara canımız. Axır qışqırığın olsun, Yeganə!

Səhnə arxasından səslər eşidilir.

G ə r a y. Mən səni dustaq eləməsəm, itin oğluyam...
Y e g a n ə. Burax, burax, yandıracam özümü, bu evi də yandıracam... Burax!
G ə r a y. Gəl, gəl itin qızı... Sən yox, mən yandıracam səni, mən...
N ə n ə. (Ayağa qalxır) Nəhlət saa şeytan! (Xalaya) Az get gör neynir dayna, xata çıxar ey əlindən... Məlik, niyə quruyub qalmısan?
X a l a. Qorxmayın, günümüz belədi, salacaq o biri evə, bağlayacaq qapısını.

Səhnə arxasından gələn səslər kəsilir. Narahat bir sükut çökür.

N ə n ə. Bu nədi ay balam, oddu öz başında çatlasın! Hirsə bax, hikkəyə bax... Anası rəhmətlik də beləydi. Dedim, az, çox gedirsən o tükana haaa rayon yeridi, hamı gözdü, qulaqdı, ərin türmədədi, palçıq saa tez yapışar, eşitmədi.
B a b a. Bəsdi, az!
N ə n ə. Bah-bah-bah... Allah heç bəndəsinin qabağına pis qız çıxartmasın!
Baba siqaret yandırır. Nənə dizini ovur. Xala həvəssiz və ləng hərəkətlə stolun
üstünə yemək yığır. Gəray yorğun-arğın, əzilmiş-döyülmüş kimi gəlir.

B a b a. Bədbaxt oğlu bədbaxt!
X a l a. Əşi, çox ürəyinizə salmayın ey, bizim günümüz belədi.
N ə n ə. Yazığım saa gəlir, a gəlin! Başım çəkib, bilirəm.
X a l a. Mənim dərdimi çəkməyin, mən havax xoş gün görmüşəm ki?!
N ə n ə. Bəs mən nə deyirəm?!
X a l a. Allah məni yaradanda adımı bədbaxt qoyub, yoxsa mənim nə işim vardı bu odun-alovun içində? Kim bacının yerində xoşbəxt olub ki, mən də olam?
N ə n ə. Niyə elə deyirsən? Namxuda! Ərin, evin-eşiyin, Allah da gül kimi bir cüt oğul verib saa, axırdan-axıra.
B a b a. Naşükür olma, qızım! Noolub ki, indi çöldə-biyabanda kətmən vururdun.
G ə r a y. Əşi, fikir verməyin, o, həmişə bədbaxtlıqdan, dərddən ləzət alır. Dərd olmayanda darıxır.
X a l a. Tay nə bilirsən, ə?
G ə r a y. Özü də dərdin iyini bir-iki gün qabaxcadan alır. Onda elə bil dincəlir, rəngi-rufu açılır.
X a l a. Allah səni arsız yaradıb dayna deyirəm. (Gülümsəyir)
G ə r a y. Nədi, bəlkə heylə dəyil?
X a l a. Ə, dədən acdı ey, yoldan gəlib, yaxşı da hürmət qoyduq...
N ə n ə. Heç məni demirsən! Yeməyimin vaxtı keçdi ha, əsirəm.
X a l a. Bəs bu boyda konsertdən sonra yemək verməyək?
G ə r a y. Qağa, bədbaxt-bədbaxt deməyinə baxma, bir dəfə möhkəm xoşbaxt olub.
X a l a (bozarır). Nə demək istəyirsən, Gəray?
G ə r a y. O kəhrizdən su gətirəndə xoşbaxt olmuşdun ey, onu deyirəm.
X a l a (diksinir) Gəray, vallah qan salaram!
G ə r a y. Sən öl, deyəcəm.
X a l a. Ə, bir az bundan qabaq o konserti verən sən dəyildin?
G ə r a y. Onda özün danış.
X a l a. Ə, nəyi danışım, Gəray?
N ə n ə. Az, ta danış dayna, biz də özgəsi ha dəyilik.
B a b a (darıxdığı hiss olunur). Nə deyir, ə, bullar?
G ə r a y. Əşi, indi olmasın, yaxşı günlərimizin birində...
X a l a. Nə bilirsən danış, qoy özünü çölə! (Gedir)
G ə r a y (gülür) Dəli olur danışanda! Hə, qağa, elə ölmüş qızın ad günüydü, kefimiz də, o məsələ, hə, qız dedi ki, gəlin, hərəmiz ən xoşbaxt günümüzü danışaq, ən xoş olan günümüzü yada salaq.
B a b a. Bəs kəhrizin bura nə dəxli var?
G ə r a y. Əşi, qulaq as dayna! Hə, hərəmiz bir şey danışdıq, buna da mən ölüm-sən ölnən bir əlli qram konyak içirtmişdik.
N ə n ə. Ə, bəsdi, ə!
B a b a. Bərəkallah, Bəhmənin qızı!
G ə r a y. Yapışdıq ki, sən də danış.
N ə n ə (maraqla) Danışdı?
G ə r a y. Danışdı!
B a b a (maraqlanır). Nə danışdı, ə?
İşıq azalır, həzin musiqi eşidilir. Gəray, Xala, Fuad və Yeganə stolun ətrafına
yığılırlar. Baba ilə Nənə onlara tamaşa edırlər.

G ə r a y. Deyirəm bunu içək Yeganənin, səbəbkarın sağlığına. On altı yaş ömrün elə dövrüdür ki... Hayıf şair deyiləm.
Y e g a n ə. Niyə baba yazır, sən yox? Ola bilməz ki, sən şer yaza bilməyəsən.
X a l a. Yazır, az, niyə yazmır, bunların bir tərəfi axı artesdi.
G ə r a y. Nədi, Göyçək xanım, yoxsa xoşuna gəlmir?
X a l a. Gəlir, ə, niyə gəlmir?
F u a d. Yaxşı, bu rumkanı çox saxlayacağıq əlimizdə?
X a l a. Çəkdi ey çəkmişlərinə.
G ə r a y. Göyçək, yaman yelli gedirsən?
X a l a. Ə, ta sözünü de dayna, axı bişmiş soyudu.
Y e g a n ə. Dayanın də, qoy kişi sözünü desin. On altı ildə birinci dəfədı mənim ad günümü qeyd eləyirsiniz. Hayıf ki, mamam yoxdu.
X a l a. Allah rəhmət eləsin, indi ruhu burdadı.
G ə r a y. Yeganə, sənə nə deyim mən? Bilirəm ki, məktəbi bitirib atestat alassan. Özün də instituta girmək istəyirsən, bilirəm ki, sən bizim kimi yox, ayrı cür, xoşbəxt, firavan yaşamaq istəyirsən, neynək, qoy heylə olsun, amma qızım... Heç nə! Heç nə! Xoşbaxt ol!
F u a d. Lap kitablarda yazılan kimi dedin.
X a l a. Ə, baxma ey bu gəlif fəhlə oldu ağlının ucundan, atası elə kitab da yazır ey.
G ə r a y. Göyçək, dəəsən sümüklərin gizildəyir.
Y e g a n ə. (Gərayı öpür) Nə yaxşı şeydi ad günü.
F u a d. Onda qoy mən də səni öpüm. (Öpür). Həpi böz dey tuyu…
Y e g a n ə. Qurban olum sənə, Fuad. (Qucaqlayıb hönkürür).
G ə r a y. Bu olmadı də.
X a l a. Boy balam, bu nə ağlamaqdı?
Y e g a n ə. Vsyo, vsyo... (Gözlərini silir). Oxuyaq! Ad günün mübarək…
Hamı, hərə bacardığı kimi oxuyur.
G ə r a y. Di getdik! (İçir)

Fuadla Yeganə də içir.

G ə r a y (Xalaya) Bəs sən?
X a l a. Ə, mən çaxır içənəm?
G ə r a y. Heç elə zarafat yoxdu!
Y e g a n ə. Xala, bu çaxır deyil, konyakdı.
G ə r a y. Sən öl, içməsən...
F u a d. İç də, Xala! Dilinə vur, qoy yerə.
X a l a. Ə, Gəray, uşaqları içirtdiyin bəs deyil...
G ə r a y. Sən öl, bu əlli qram kanyakı içməsən... Sən Fuadın canı, sən Şəmilin Cəmilin canı iç!
X a l a. Ay Allah, gör hara and verir?! (Təslim olur) Axı mən... (Qədəhi bir qurtuma boşaldır və nəfəs ala bilmir, guya boğulur. Hərə ona yeməyə bir şey uzadır)
Y e g a n ə. Şokolad ye, xala!
F u a d. Xala, limonad iç...
G ə r a y. Dəyməyin, ə! Qoy görsün mən nə çəkirəm...
X a l a (özünə gəlir.) Öldüm, ə! Ə, bəs mən elə bilirdim qanyak şirindi? (Başını tutur) Başım giy getdi, ə. Gəray, ə, əlini maa ver, ə! Ə... ə... (Uğunur)
Y e g a n ə. Piyan oldu ey... Az, Xala, çörək ye.
F u a d. Zakuskasız içdi.
G ə r a y. Qara yer aybını örtsün, Göyçək! Piyan oldu, ə!

Hamı şənlənir, gülür.

Y e g a n ə (qədəhini götürür) İndi mən tost deyəcəm.
G ə r a y. İxtiyarın var.
X a l a. (Gəraya) Xiyarın var, ə? (Qəşş eləyib gülür).

Hamı gülür.

G ə r a y (zarafatla başına qapaz salır.) Ala ey! Axmağın qızı, axmaq!
X a l a. Nədi, ə? Çaxırdan sonra xiyar yemirlər?
F u a d. Qocalar, xuliqanlıq eləməyin, Yegiş tost deyir.
X a l a. A balam, qız uşağı tost deyər?
G ə r a y. Sən öl ta sənə içki vermiyəcəm.
Y e g a n ə (ciddi və həyəcanlıdır) Papa, xala, qurban olum sənə, Fuad... Əgər mamamın ruhu burdadırsa, qoy o da eşitsin. Tale elə gətirib ki, biz hamımız yetimçilik çəkmişik. Mamam da, xalam da, biz də (Fuadla özünü göstərir), atalı-analı olsa da, elə papam da.
G ə r a y. Kişi ayrısına uyub getdi evdən, anam da məni nənəmin üstünə atıb qoşuldu qaçdı özgəsinə, qaldım altı aylığımdan inqə deyə-deyə.
X a l a. Bəxtəvər başına! (Qəşş eləyir gülməkdən)
Y e g a n ə. Biz yetimçilik çəksək də, bu o demək deyil ki, bizim xoşbaxt olmağa haqqımız yoxdu. Mən bir kitabda oxumuşam ki, adam ən ağır şəraitdə, ən dözülməz vəziyyətdə də xoşbaxt ola bilər. Bax elə götürək bizim bu günümüzü, mən bu saat elə xoşbaxtam ki... Bilmirəm...
F u a d. Yegiş, qurtar də!
Y e g a n ə. Fuad, qurban olum bircə dəqiqə...
X a l a. Ə, sən də xoşbaxtsan, Gəray? (Gülməkdən qəşş eləyir)
G ə r a y. Az, bəsdi dayna, söz deyirlər axı.
X a l a. Ə, yox ey... Az, Fuad, ə, Yeganə... (Daha bərk gülür)
G ə r a y. Sən öl, bu tamam gic oldu.
Y e g a n ə. Təklifim var! Qoy hər kəs özünün ən xoşbaxt gününü yadına salıb danışsın.
F u a d. Onda səndən başlayaq, Yegiş.
Y e g a n ə. Mənim ən xoşbəxt günüm elə bu gündür. Onu da ki, görürsünüz.
X a l a. Ə, Gəray, o nə deyir ey, burda bədbaxt adam var?
F u a d. Xala, sən heç xoşbaxt olmusan?
X a l a. Oqqqədər... (Gülür) Mənim xoşbaxtlıqdan heç başım ayılıb ki? Bax, beş yaşımda anam ölən gün, on iki yaşımdan, bədbaxt bacımnan öyə anamın yerinə fəhləliyə getdiyim gün, hamballıqdan, öyə ana qapazından başımı götürüb o eşşəyə qoşulub qaçdığım gün, cavan bacımı itirib sonra da onun yerinə ərə gəldiyim gün... (Hönkürür) Genə sayım?
G ə r a y. Eyyy... Sarsağın qızı sarsaq, haram eləmə də! (Yeganəyə) Sən də söz tapdın də...
Y e g a n ə. Xala, onları biz də bilirik...
X a l a. (Ağlamağı gülüşə, sonra qəhqəhəyə keçir) Amma... amma bir günümü danışacam...
G ə r a y. Sən öl, piyandı.
F u a d. Xala yekdi!
X a l a (üz-gözünü döşlüyünün ətəyinə silir) Bu qanyak nə yaxşı şeymiş!
G ə r a y. Bəsdi, az, otur, ta danışma!
X a l a. Heç elə şey yoxdu! (Qədəhini irəli uzadır) Fuad, qadan ürəyimə qanyak tök.
G ə r a y. Ə, tökmə, dəli olar.
F u a d. Əşi, sözü var ey, bir on qram.
X a l a. İçirəm bu xoşbaxt günümüzün sağlığına! (İçir)
G ə r a y. Bərəkallah, Göyçək! Sən öl mən arvadımı tanımamışam.
X a l a. Neynək, onda qulaq as... (İşıq azalır. Həzin, xatirələri oyadan musiqi eşidilir. Xala səhnənin önünə gəlir və tamam özgə səslə danışır) On yeddi yaşımın içindeydim. O yayı hər axşam kənddən bir xeyli aralıdakı yarpızlı kəhrizə suya gedərdik, çay suyu gətirməyə. Torpaq işindən sonra əlimizin-ayağımızın sızıldamağına, yarıac-yarıtox qarnımıza baxmazdıq. Sevinə-sevinə səhəngi, vedrəni götürüb düzələrdik yola üzüaşağı, çöllü-biyabanla. Kəndin bütöy cavanları da tökülərdi bu yollara. Bu da bizim bilvarımızıydı. Gözləşən kim, söz atan kim... Günüzün istisindən qovrulmuş torpaq yalın ayaqlarımın altında ovulub yumyumşaq toza dönür, barmaqlarımın arasını qıdıqlayırdı. Çiynimdə sənəyin, əlimdə vedrənin ağırlığını hiss eləmirdim, ancaq ürəyimin döyüntüsünü eşidırdim. Yeridikcə vedrədəki su ləngərlənir, hərdən sıçrayıb yalın baldırıma tökülür, axıb topuqlarımı yalayır, ordan da sərin, yumşaq toza qarışırdı. Torpaqdan təzə sacdan çıxmış qovurğa qoxusu gəlirdi. Allah, bu yol niyə belə gödəkdi? Dəstədən geri qalmışdım. Bir mən bilirdim niyə gerilədiyimi. Bir də gördüm vedrəmi əlimdən aldılar. Çönəndə onu gördüm, guya diksindim. Dedi ağırdı ver götürüm. Yer qazan, odun doğrayan, su daşıyan, heyvan altı kürüyən, əllərinin içi inək sağmaqdan cadar-cadar olmuş mən bədbaxt bilmirəm niyə ağladım. Dedi ki, ağlama, sabah şəhərə gedirəm, instituta girəcəm. Dilimdə dolanan "Bəs mən?" sözünü ömürlük saxladım ürəyimdə. Getdi, amma ta geri qayıtmadı. (Ağlayıb gedir)
İşıq yanır. Gəray qəhqəhə çəkib gülür. Fuadla Yeganə gedir. Əvvəlki vəziyyətdir.

B a b a. Bədbaxt qızı, bədbaxt!
N ə n ə. Xoşbaxt olsaydı elə birinci ərindən yarıyardı dayna.
B a b a. Bu da eşq əlindən yaralıdı ey.
X a l a (dolu sini ilə gəlir) Öfkən genəldimi, ə? Sən Allah, görün bir az əvvəl şivən qopardan adamdı bu? İrəli outrun, əşi, əldən düşdünüz. Bizə baxmayın ey, biz öyrəncəliyik.
G ə r a y. Həəə... budu, əşi oğluyun günü.
B a b a. Elə sizdə də az yoxdu.
G ə r a y. Nə bilim, Allah özü bilən məsləhətdi. Görünür, məni hələ çox sınağa çəkəcək.
X a l a. Sən allah, yaxın oturun, yaxşı yeyin, belə doyunca, təzə yarpaqdan tutmuşam dolmanı. Sarımsaq-qatıq da tökün.
G ə r a y. Əşi, bir əlli qramla nətəərsən?
X a l a. Günümüz belədi: dava-qırğın, qan su yerinə axır, sonu da ki arax zəhrimar.
G ə r a y. Az, sən ağzını dağıtma kişinin yanında!
N ə n ə. Nə deyim vallah, mən mat qalmışam bu işlərə.
B a b a. Nəyin var gətir görək. Mən onsuz da içən deyiləm, çoxdan atmışam daşını. Dilimə dəydimi təzyiqim qalxır.
N ə n ə. Düz deyir, iki gündən bir evə aşa-aşa gələn mənəm.
G ə r a y. Qağa, zoğal arağıdı, dərmandı.
B a b a (Nənəyə) Yaxın otur, az! Bəyaxdan əsirdin acından.
G ə r a y. (Arağı qədəhlərə tökür) Bacı, bu zoğal arağı şəkərin dərmanıdı. Bəlkə bir iyirmi beş qram?
N ə n ə. Yox, ay bala, nə danışdığındı?
B a b a. Tök, ə, içəcək! Tembole şəkərin dərmanıdı deyirsən.
G ə r a y. Qağa, Allah səni bizim üstümüzdən əskik eləməsin. Sən bizim umud yerimiz, dayağımızsan. Əlim bir yana çatmayanda gəlib durursan gözümün qabağında, ürəyim dağa dönür. Elə sənin adın-sanın, bu ağayana görkəmin, bazburutun bizə bəsdi.
X a l a. Allah kölgəni qalın eləsin. Bu qərib şəhərdə, elimizdən-obamızdan aralı diyarda... (Salfeti gözünə sıxır)
B a b a. Noolub, az, siz qərib olasınız? Ölməmişəm ha, istəsəniz bu saat hamınızı yığıb apararam yanıma köklü-köməcli.
N ə n ə. Düz deyir, dikdirib alt-üst imarəti camaat kimi.
B a b a. Tü! Öyəsən də, öyə.
G ə r a y. Bacı, vallah, bizi burdan heç çeteze də tərpədə bilməz. Allah versin hamının söyüb-söylədiyi bu üzüdanlaqlı şəhərə. Pis gündə abrımızı saxladı.
B a b a. Götür, ə! Arvada bel bağlayanın lap... (İçir) Püfff! Nə bərkdi, ə, bu? Amma pis adamların acığına yaxşı getdi.
G ə r a y. Əşi, bu ceyran südüdü ey, qağa. (İçir) Pəh-pəh...
B a b a. (Nənəyə) Götür, az, utanma! Vur getsin!
N ə n ə. Bu şəkər öldürdü məni. (İçir).
X a l a. Allah amansan!
G ə r a y (Nənəyə) Bacı, sən Allah, qulaq asma qağama, yaxşı ye.
N ə n ə. Yeyirəm, a bala. (Xalaya) Çörəyi çox gətir, a gəlin.
X a l a (Öz-özünə). Deyir arsız ölüb… (Sözünü bitirmədən gedir).
B a b a. Gəlin çıxdı, deyirəm sənə. Qızı çox sıxma-boğmaya salma. Qulaq asma bu arvad qiybətlərinə. Elə qız özü də!
X a l a (gəlir) Ta nə lazımdı, deyin gətirim?
B a b a. Heç nə! Özün də gəl otur, qulaq ver mənə. Mehribanlıq yarat haaa, böyük-kiçik bilin haaa... dilini tapın. Hoha var dağdan endırər, hoha var dağa qaldırar.
X a l a. Eyyy, ay qağa birini bilirsən, birini bilmirsən. Keçib ey ollardan. Qazanlar örtülü qaynayır.
N ə n ə. Nə qaynayır? Ta özgəsi ha yoxdu burda. Açıq de görək o qazanda qaynayan nədır?
B a b a. Yaxşı, qızım, tutaq ki, elə sən deyəndi, qız pis yola gedir, neyniyək? Vuraq öldürək? Evdən qovaq, qızlıqdan çıxardaq? (Gərayı göstərir) Neynəsin bu bədbaxt, başına haranın daşını salsın? Getsin təzədən girsin türməyə, siz də qalasınız müslüm uşağı kimi düzlərdə?
X a l a. Qağa, dilə tutun, qoy rədd olub getsin bu şəhərdən. Hara istəyir getsin, amma getsin.
B a b a. Bərəkallah, Bəhmənin qızı! Özgə olsaydın, deyərdim yadsan, canın yanmır. Az, axı bu sənin doğma bacının balasıdı, nətəər ürəyin gəlir deyirsən o sözü, nətəər qıyırsan? Qız uşağını dilə tutaq ki, düşsün küçələrə? Bəlkə sənin ürəyin daşa dönüb?
X a l a. Ay qağa, axı mənim iki tifilim var, axı onlar yekəlirlər. Bəs bayısı bu yolun yolçusu olana... nə deyərlər?
B a b a. Gör nə nağd eləyib? Hansı yolun yolçusu, az? Eşidirsən, ə, arvadın nə deyir? Ta özgə düşməni neynirsən sən? Çağır bura görüm o qızı!
N ə n ə. Əşi, qızı neynirsən? Təzdən başlıyassınız? Ta danışdıq qurtardıq dayna!
B a b a. Sən kiri! Səni də yaxşı tanıyıram. Nənə öyə, ana öyə, ata pyanıska arvadbaz, baba əhlikef, dünya vecinə deyil, qardaş da ən asan yolu tapdı, çıxdı aradan. Hamınızı tanıyıram, hamınızı. Səni də, onu da, bu axsaq arvadı da, ilana zəhər verəndi. Neynirsiniz burda hamısından xəbərim var. Hamısı çatır qulağıma. Hələ yaxşı ki... Nəhlət saa şeytan dayna! (Xalaya) Dur onu gətir bura!
X a l a (hikkə ilə) İndi ki belə oldu, o qız, o doğma atası, sən də doğmaca babası, özünüz çağırın, özünüz də danışın! (Fırr eləyib gedir).
B a b a. Bərəkallah, Bəhmənin qızı! Bərəkallah! Bəhmənin yox, eşşəyin qızı!
N ə n ə. Mən deyəndə buynuzu qarnındadı, inanmırsan.
B a b a. Ə, budu ey sənin düşmənin, Gəray. Budu!
G ə r a y. Qağa!
B a b a (tragik pıçıltıyla) Sus, oğrac, sussss biqeyrət, sus! Qudurtmusan, mindirmisən boynuna! Başın qarışıb arağa, nəşiyə... Tü!!! Bilmirəm... (Çıxılmaz vəziyyətdədır) Bilmirəm... (Fuad gəlir, kişi onu görür) Bu da qardaşı! Guya bu bacı bununku deyil. Niyə çəkmirsən, ə, bacının qeyrətini?
F u a d. Qurtarmayıb hələ bu konsert?
B a b a (daha da pərt olur) Eşitdiniz? Balam, bu dünya sizin ki vecinizə dəyil məni bura nəyə çağırtdırmısınız? Sənnənəm ey, Gəray, bax məni, bu qoca arvadı nəyə gətirtmisən bura?
Gəray cavab vermir və dolu qədəhi bir qurtuma udur. Baba çıxılmaz vəziyyətdədır.

B a b a. Qoy bu siqareti çəkim...
Y e g a n ə. (Yel kimi gəlir və özünü atır Babanın ayaqlarına) Baba, yalandır, hamısı yalandır, hamısı böhtandır. Mən oxumaq istəyirdim, mən instituta girmək istəyirdim... Mən... (Hönkürür) Hamısı yalandır, hər şeyə bais xalamdır, hamısı onun uydurmasıdır. Mən heç sizin başınızı aşağı eliyərəm? Axı mənim qardaşlarım var, Fuad var. Qurban olum sənə, baba, ayaqlarının altında ölüm, baba, xilas elə məni bunların əlindən, xalamın dilindən qurtar məni... (Daha bərk hönkürür)
B a b a. (Siqareti əzib atır) Qalx ayağa, axmağın qızı, axmaq! Kim sənə nə deyir? Mənim heç ağlıma da gəlməz! Heç inanaram mən bunların sözünə? Görmürəm bunlar düşməndilər? Heç vaxt! Heç vaxt inanmaram! Qələt eləyir, başını da daşa döyür sənə qara yaxan! Səni mən özüm saxlamışam. Dədən türmədə qumar oynuyanda, camaat çöldə çayır çəkib alaq eləyəndə, kəhrizdən su daşıyanda səni, o bədbaxt ananı, elə bu gün üzümüzə ağ olan qardaşın Fuadı da mən saxlamışam.
X a l a (səhnəyə haçan gəldiyini görən olmur) Saxlamısan, amma evində yox, internatda!
N ə n ə. Bir dəfə gəldilər evə, dedim çimizdırim dayna bit götürüb aparır bunları, yoxsa camaat nə deyər? Deməzlərmi ki, öyə nənədi baxmır uşaqlara...
G ə r a y. Bacı, sən allah danışma o haqq-hesabları, dəli oluram. (İçir)
B a b a. Bunlara görə nələr çəkməmişəm, ə, mən? İndi də bir qırmızı qotazım çatmırdı.

Yeganə kişinin ayaqlarından qopub boş kresloda oturur və üzünü qolunda gizlədır.

G ə r a y. Mən taleyin ancaq qara üzünü gördüm, qağa... (İçir)
X a l a. Səninki odu, Gəray! Balan da araxdı, qızın da, qeyrətin də, namısın da!
B a b a. Camaat ayıbını ört-basdır eləyir, qəhbəsinə-lotusuna yəə durur, bunlar da aləmə car çəkir, on beşini də qoyur üstünə. Tü! Yığın ağlınızı başınıza, mərdi qova-qova namərd eləməyin. Uşaqdı, bir az da gəzişi dikdi, amma mərd qızdı Yeganə. (Fuada) Sən də bacına qardaşlıq elə, ə! Xoşuma gəlmədin bu gün, heç xoşuma gəlmədin. Bil ki, onun namusudu sənin qeyrətin. (Gəraya) Özün də gə bura görüm, əl çək o araqdan, araq yıxdı səni. (Gərayla pıçıldaşır)
X a l a. Gəldi kişinin oğlu iş düzəltdi. Xəbəri yoxdu xəbərlərdən. Bir də bilib neyniyəcək? Heç bilmək də istəmir. Deyir gözdən uzaq, könüldən iraq.
B a b a. (Nənəyə) Gəl az, arvad, gəl taytıya-taytıya. Axsamaq yaraşır ey, ə, buna.

Gülürlər. Baba ilə Nənə getməyə hazırlaşırlar.

N ə n ə. (Fuada) Gəl bir öpüm, ə, səni. Amma kağız yazanda birinci kişinin adını yazırdın. Elə bil bitini mən yox, o təmizləmişdi.
B a b a. Di gəl, az! Sağ ol, a gəlin, yaxşı hürmət qoydun bizə. Deyilmişcə varsanmış.
X a l a. Gedirsiniz? İşləri yoluna qoyub gedirsiniz? Çaxır içməyə gəlmişdiniz dayna?
G ə r a y. Kəs səsini, kopaqqızı! (Qəfil ona bir-iki yumruq vurur) Qeyrətli namısdı çıxıb! Tanımıram sizin o arvadyosun nəslinizi? Yoxsa çörəyim qudurtdu səni?
X a l a. Vur, nə xartana istəyirsən vur, amma mən sözümü deyəcəm.

Yeganə bərk narahatdır. İntizar içində Xalanın baxışlarını tutmaq istəyir.

N ə n ə. Bo-ho! Bu niyə belə eləyir, ə?
G ə r a y. Nə deyəssən, az? (Bir də vurur)
B a b a. Gəray! Dayan görüm nə deyir, ə, o? Adı nədi, ə, bunun? Nəyimizi deyəssən, az? Di de dayna! Demiyənin lap... Nəhlət sənə şeytan dayna!
X a l a. Bax açın qulağınızı, hamınız eşidin, əyər qeyrətiniz varsa...
B a b a. Əstafurullah!
X a l a. Heç darıxma, doğma baba, hamınız doğmasınız o hayasıza, öyə bir mənəm, bir də o arvad. Neynək?
G ə r a y. Qoy bunlar getsin, Göyçək...
X a l a. Eşidin, bilin, sizin o mərd qızınızın qarnında altı aylıq bic var!
F u a d. Xala!!!
B a b a. Nə dedin?
G ə r a y. Göyçək! (Qulaqlarını tutur)
N ə n ə. Şaxsey!
Y e g a n ə. Yalandır! (Qarnını tutub qaçmaq istəyir, yıxılır. Gəray qalxıb yenə də qaçmaq istəyən qızı qamarlayıb saxlayır. Qız çırpınır) Burax, burax məni! Fuad!
G ə r a y. (Onu daha bərk saxlayır) Göyçək, sözündə bax bu qədər yalan olsa, it kimi öldürəcəm səni!
X a l a. İnanmırsan, yoxlat, həkim çağır, yoxlat! Yalan olsa mən it olub ulayaram. Onun qarnında...
F u a d. Sus, xala! (Qulaqlarını tutur) Sus, sus!
N ə n ə. A bala, susmaqla yara sağalmaz.
B a b a. Yeganə, bəs bayaqkı konsert nəydi?
Y e g a n ə. Yalandı, baba, hamısı yalandı! Burax, burax məni!
G ə r a y. Göyçək, nə deyirsən?
X a l a. Ə, gör o paltarın altından qarnını niyə sarıyıb heylə? Aç dayna, az, aç göstər. (Qızın üstünə yeriyir ki, donunun ətəyini qaldırsın) Aç o qurşağı, qoy hamı görsün ki, mərd qız, namısdı qız nə təhər olur? Göstər, göstər!
Y e g a n ə. Toxunma mənə, burax... (Çırpınır)
G ə r a y. (Qızın qollarını arxasında qanırır) Gəl, gəl soyundur, Göyçək! Gəl göstər, gəl sübut elə Gərayın oğraclığını, gəl, gəl sevin, bizi də sevindır... (Hönkürür)
X a l a. (Qızı soyundurmağa təşəbbüs edir) Soyun qancıq, mən sənin fayşəliyini bunlara sübut eləməsəm... Ta bunu da qulaqardına vurmaq olmaz ki, qoy görsünlər...
N ə n ə. Az, ay balam, ə Məlik, ay allahın sevən bu nə biabırçılıqdı?
F u a d. Burax onu, buraxın onu! Vəhşilər, buraxın, buraxın, vəhşilər, buraxın, vəhşilər!.. Hamınız vəhşisiniz, hamınız...
B a b a. (Xalaya) Çəkil!!! (Gəraya şillə vurur) Burax!!!

Xala çəkilir, Gəray qızı buraxıb dalı-dalı çəkilir. Baba yerə çökmüş qızı qaldırıb
üzünə tüpürür.


İşıq sönür.



II HİSSƏ

Baba, Nənə, Gəray səhnədədır. Baba siqaret çəkir, çox tragik pozadadır. Gəray arxası tamaşaçılara sallağı vəziyyətdə oturub. Nənə dizini ova-ova kişilərin reaksiyasına fikir verir və darıxır. Heç kəs bir-birilə göz-gözə gəlmək istəmir. Dərin, üzücü sükut uzanır. Xala gəlir, evin pozulmuş səliqəsini bərpa edır, külqabını boşaldır.

G ə r a y. (Xalaya) Fırlanma gözümün qabağında, qaxıl bir tərəfə!
Xala ona tərs baxıb heç nə demir və işinə davam edir, ancaq səhnədə
çox qalmır. Gedir.

B a b a. Vay dədəm, vay, bunun canında nələr varmış, ə!
N ə n ə. Mən deyəndə inanmırsan. Qarnı hikkə ilə doludur.
B a b a. Sən öl, başımıza gələn bu müsibətə sevinir. Elə bil kam alır.
G ə r a y. Görmədim, qağa, mən bir gün görmədim, bir adam balasına rast gəlmədim, nələr çəkmədi mənim başım, axırı da belə! Demə görəcəkli günlərim hələ qabaqdaymış. (Pauza) Hərdən əlli illik ömrümü gətirərəm gözlərimin qabağına görüm bir xoş günüm, xoş saatım olubmu?
B a b a (tənə ilə) Olub, niyə olmayıb? Olub! Amma elə o vaxtlar görürdüm, deyirdim, ay oğul, bu keflərin axırı yoxdur, uçuruma gedirsən, sürüşürsən, yıxılırsan... Kimə deyirsən? Özüm dedim, özüm eşitdim.
N ə n ə. Ona görə deyirlər də, kiminin əvvəli, kiminin axırı. (Ev-eşiyi göstərir)
G ə r a y. O vaxtlar deyirdim dünya mənimdı.
B a b a. Elə səniniydi! Camaat indi-indi ticarətə, alverə, nə bilim, biznesə öyrənir, sən amma elə o vaxtlardan gündə bir tükan dəyişirdin, heç birində də ağılnan işləmədin. Bəs eləmədi gurulnan gələn pul, hökumətin malını da yedin. Hamısı da odey axmaq arvadların qarnında. Tutulanda evindən bir manat pul çıxmadı. Püfff!.. Ə, mənim başım nələr çəkməyib buna görə?
N ə n ə. Onu-bunu bilmirəm, atalı-balalı sizin evinizi arvadlar yıxdı.
B a b a. Toylardan gəlirdi səsin-sorağın. Harda toy olurdu səhərisi gün sənin oynamağından danışırdı bütöy rayyon.
N ə n ə. Amma adamın üstündə Allah var, yaxşı oynayırdı. Neçə dəfə görmüşdüm, onda mən hələ...
B a b a. O eşşəyin arvadıydın.
N ə n ə. Eeyyy, ay Məlik...
B a b a. Zəhrimar Məlik! Yaxşıydı otureydin dayna, niyə boşanırdın?
N ə n ə. Onun da xamırı sıyığıydı, bənd oldu o lotuya, elə bildi barmağı bala batacaq, sonra it kimi peşman oldu.
B a b a. Bəsdi, az! Danışma o beynamusun sözünü.
N ə n ə. Ə, sən özün başlamadın, Məlik? Mən Gərayın oynamağından danışıram, sən də...
B a b a. Kəs səsini dedim!
G ə r a y. Keçdi, bajı, o gözəl günlər də, oynamaq da, şan-şöhrət də! Camaat biləndə ki, Gəray filankəsin toyunda olacaq hamı yığışırdı tamaşaya, hamı gəlirdi mənim oynamağıma baxmağa.

İşıq azalır. "Tərəkəmə"nin həzin melodiyası fon kimi eşidilir. Yemək stolunun üstü işıqdadır. Yeganə, Fuad, Xala və Gəray stolun dövrəsinə yığışırlar. Bu Yeganənin ad gününün davamıdır.

Y e g a n ə. Papa, növbə sənindir.
G ə r a y. Mənim heç xoşbaxt günüm olub? Kəhrizə getməmişəm, su gətirməmişəm, sevgilim əlimdən vedrəmi almayıb...
X a l a (uğunur gülməkdən və qədəhini irəli uzadır) Çaxır tök, ə, bura!
F u a d. Xala, bəsdi də!
Y e g a n ə. Papa, dur də! Sənin xoşbaxt günün bizimkindən çox olar.
X a l a. Bə nədi? Arsız həmişə bəxtəvərdi.
G ə r a y. Ölümün yetib, Göyçək?
X a l a. Lap yetib, sora? Deməyin nədi?
Y e g a n ə. Sakit! Söz Gəray Məlikoğlunundu.
G ə r a y (Fuada) Onda doldur rumkanı.
Y e g a n ə. Sakit!
X a l a. Gəlin içək o sağlığa ki...
F u a d. Xala, bəsdi də!

Musiqi səsi güclənir. Gəray qalxıb çox şövqlə, əda ilə, qaş-gözlə oynayır. Hiss olunur
ki, məxsusi kimin üçünsə oynayır. Çəpik, toy adamlarının səs-küyü eşidilir.

G ə r a y. (Oynaya-oynaya danışır) Heç oynamaq istəmirdim, nə qədər xahiş-minnət, yalvar-yaxar... xeyri yoxuydu, oynamırdım ki, oynamırdım. Camaat dilxor olmuşdu. Ta hamı əl çəkmişdi, məni ortaya dartan yoxuydu. Birdən gördüm onu. Elə baxırdı, elə baxırdı… damarlarımda qanım coşdu, nə coşdu!
Y e g a n ə. Mamamı deyir?
X a l a. Yox, az, mamandan qabağın sözüdü, Sapılcanı deyir.
F u a d. Sapılca nədi?
X a l a. Ə, əyri bir qızıydı, ölürdü bundan ötəri, qabaq dişləri də qavlama. Babanız ad qoymuşdu: Sapılca.
Y e g a n ə. Sss... susun...
G ə r a y. Dəli olmadım?! Ağlım oynadı yerindən. Bir də gördüm mağarın ortasındayam, hamı susub oturub, heç fərraş da şitlik eləmir. Tərəkəmənin səsi sümüklərimə işlədi. Bütün bəndlərim məndən xəbərsiz musiqiyə bələnirdi, amma gözüm bircə onu görürdü, baxışları ilə məni divanə eləyən gəlini. Mən tək onun üçün oynayırdım. İlahi, necə baxırdı mənə...
X a l a. Düz deyir, bir gözü xam baxırdı.
G ə r a y. Ömrümdə heç kəs mənə elə heyranlıqla baxmamışdı, heç kəsdən çəkinmədən, utanmadan, sıxılmadan. Xoşbaxtlığımın həddi-hüdudu yoxuydu o gecə...

Musiqi birdən kəsilir, işıq sönür. Yananda əvvəlki səhnədir. Gəray arağı
bir qurtuma içib qədəhi yerə çırpır.

G ə r a y. Bu da mənim axırım!
B a b a (darıxır.) Yox, yaman aldı soyuq məni, heç nəfəs ala bilmirəm.
G ə r a y. Qoy bir ovum səni. (Ovur)
B a b a. Bah, bah, bah... Öldüm ə... Yavaş, yavaş... Odu haaa...
G ə r a y. Qulunca bax ey... Bir az döz, əşi, yumşalır...
B a b a. Bəsdi, Gəray, öldüm... Oxay! Anadangəlmə oldum. Heç kəs məni belə ova bilmir.
G ə r a y. Əşi, nə xartana ovmuşam səni...
N ə n ə (dizlərini daha bərk ovur) İndi görürsənmi adamın canı ağrıyanda nə çəkir? Uy-uy-uy... Bax şüşəni doğrayıb, əzib doldurublar bura.
B a b a. Sən öl, Qəmər, qayıdaq burdan, sənin o dizini işığa saldırmasam, heç dədəmin oğlu dəyiləm.
N ə n ə. Yıxılıb öləm, inanmaz.
X a l a. (Gəlir və əvvəlki yerində oturub corab toxuyur) Ya allah!
B a b a. Kənd qızıdı ey, zəhmətkeşdi. Gör heç beş dəyqə işsiz oturar? O bizim arvaddı, yatmaqdan yumağa dönüb.
N ə n ə. Mən yatıram, Məlik? Mənim yuxum var? Mən dəyiləm səhəri diri gözlü açan? Bəs mənim anqudum niyə çıxıb belə? Hamısı yuxusuzluqdandı.
G ə r a y. Az, bajı, sənin nəyin arıxdı? Maşallah, elə babatsan.
N ə n ə. Ə, hamısı paltardı ey! Yarı canım ha qalmayıb.

Xala hirslə nəfəs alıb daha sürətlə toxuyur.

G ə r a y. Yavaş, az, yelin yıxdı bizi.
X a l a. Nədi ə? Nə deyirsən?
G ə r a y. Zəhrimar deyirəm? Elə nəfəs aldın, deyirəm yelin yıxdı bizi.
X a l a. Qorxma, siz yıxılmazsınız!
N ə n ə. Bah-bah-bah... Dilə bax ey!
B a b a. Niyə bala, bizə nə olub ki?
X a l a. Qağa, sən allah, tərpətməyin məni.
G ə r a y. Düz deyir, dəyməyin ona, qarnı sirnən-söznən doludu.
X a l a. Nə istəyirsən məndən, Gəray?
G ə r a y. Dedin dayna ən yekə sirrini. Çinədanın dincəlmədi?
X a l a. Dedim, qorxa-qorxa dedim. Elə bildim qan su yerinə axacaq, aləm dağılacaq. Bəs siz neynədiniz? Beynamıslıq yeriyir üstümüzə, yeyir bizi, siz də köhnə palan içi sökürsünüz, bir-birinizi ovursunuz, toyda oynamağınızı yada salırsınız? Bilmirsiniz ki, namısı sarıq altında çox gizlədə bilmiyəssiniz? Yoxsa siz bu rüsvayçılığa dözmək fikrindəsiniz?

Baba təzə siqaret yandırır. Gəray üzünü əlləri ilə tutub oturduğu yerdə yana-yana
yırğalanır. Nənə dizini ovur. Xala toxumaqdadır.

B a b a. Pis deyir, köntöy deyir, başından yekə deyir, amma düz deyir. Bu ta elə zibil dəyil ki, ondan təmiz-tarıx çıxa biləsən. Bəyaxdan dərədən-təpədən danışırıq, amma hamımızın başında fırlanan odu. Nənəm demiş, oynayıram gülürəm, oynaş yaddan çıxmır. Bircə adamın qulağına çata ha rayonda...
N ə n ə. Uy-uy-uy... Allah, allah...
B a b a. Eşitdin? Gör indi mən nə çəkirəm? Sizə baxmayın ey...
X a l a. Əşi, qağa, bura rayyondan pisdi ey, adı şəhərdi.

Gəray başına vurur.

N ə n ə. Az, bəri dur görüm! (Qulağına nəsə pıçıldayır).
X a l a. Az, nə danışırsan, altıaylıqdı ey! Onu həkim yaxına qoyar?
G ə r a y. Öl, Gəray, öl!
B a b a. Qaraçılıq eləmə, ə! (Xalaya) Bəs sən nəyi gözləyirdin, az? Niyə vaxtında tərpənmirdin?
X a l a. Əşi, srağagün bilmişəm. Sarığı əlində tutmasaydım, ağlıma da gəlməzdi.
B a b a. Ölməlidi! Mundar qancıq kimi gəbərməlidi!
Gəray. Düz deyirsən, qağa, ölməlidi!
X a l a. Hə, qağa, hə, qurbanın olum! Yoxsa biz camaatın üzünə çıxa bilmərik sonra.
N ə n ə. Kim öldürəcək, az, onu? Gəray, yoxsa bu qoca kişi?
B a b a. Niyə öldürmürük, az, yoxsa sən bizi o arvadyosun ərin kimi biqeyrət bilirsən?
N ə n ə. Sənin də dərdin elə mən olum, Məlik!
X a l a. Qağa, bəyax demirdin adam taparıx, min manıt verərik? Bax mən verərəm, tapıb verərəm, nəyim var satıb verərəm!
B a b a. Az, bəyax sözdü dedim, ölmüşü qorxutmaq istəyirdim. O pula heç qoyun kəsməzlər. Bir də kim boynuna belə iş götürər? Bu yaşımda mən durum türməyə girim? Mənim adam öldürüb türməyə girən vaxtımdı?
N ə n ə. Sən niyə, əşi? Qızın atası var, qardaşı var, sən niyə? Sənin ömrüyün çoxu gedib, azı qalıb.
Hamı çaşıb qorxmuş Gəraya baxır.

G ə r a y. Hə də! Dddüz deyir də! Mənəm də... Gərək mən... (Əlləri əsə-əsə siqaret yandırır, əlindən salır, əyilib tələsik siqareti götürür və çaşdığından aparır atmağa)
N ə n ə. Bu da ağciyərdi.
X a l a. Neynəsin, bədbaxt?! O havax adam öldürüb ki?!
B a b a. Bərəkallah! Yoxsa biz adam öldürənik, az?! Caniyik, qatilik?
G ə r a y (gəlir.) Biqeyrətlik mənim üstümdədi, qağa, rüsvayçılıq mənimdi. Çıxış yolunu da mən tapmalıyam! (Araq töküb bir uduma içir.) Ufff... Fələk, nə pis yerdə axşamladım!
X a l a. Qağa, bu nə danışır? Əşi, bu adam öldürə bilər? Az, bacı, bunun gövdəsinə baxmayın ey, içi putdu, ürəyi xəstədi.
G ə r a y. Kəs, az, səsini! Bunu istəmirdin sən?
X a l a. Ə, mən deyirəm, sən dur adam öldür? Gir türmüyə? Ə, sən o xarabaya girsən bir də havax çıxarsan?
N ə n ə. Bəs kim gedib girməlidır türmüyə? Sən, mən, yoxsa bu qoja kişi?
B a b a. Püfff!.. Nə yaxşı mənim beş, nə bilim on beş övladım yoxdu!
G ə r a y. Qağa, sən heç fikir eləmə, özüm tapacam çarəsini.
X a l a. Nə çarə tapassan, ə, sən?
G ə r a y. Sən sus, Göyçək, sus. Sus, mənim düşmənim! Sənə mənim ölümüm lazım dəyil, görəssən onu, arxayın ol, görəssən!
X a l a (nalə çəkir.) Gəray, öldürrəm özümü! Nöyütü üstümə töküb yandırram özümü!
G ə r a y. Cəhənnəmə yandır, gora yandır! Ta xırda, bekara dərdlər sənə ləzzət eləmir, sənə yekə dərd, yekə axmıra lazımdı. Sən ta qana yerikliyirsən. Bax, ağlayırsan, bir azdan ağı da deyəcəksən.

Xala səssiz, sızıltı ilə ağlayır.

G ə r a y. Ağla, ağı de, çoxdandı ağı demirsən.
X a l a. (Bərkdən ağlayır və yavaş-yavaş ağıya keçir) Can, yetim Gəray, atasız-anasız Gəray, bacısız-qardaşsız Gəray...
G ə r a y. Ağla, ula, sonra mən çıxacam yadından, özünü, ata-babanı, yeddi arxa dönənini ağlıyassan. Ürəklərə od sala-sala uluyassan.
N ə n ə. Gəldim-gəlmədim bu evdə mən bir xoş gün görmədim. Həməşə ah-nalə eşitdim. Bir ürək açıqlığı ilə, deyə-gülə yığışmadıq sırfa başına. Sora da məni görən soruşur ki, niyə sınıxmısan, niyə belə anqudun çıxıb?
B a b a. Ala ey! Camaat burda nə dərddə, bu nə dərddə? A dingişin qızı, dingiş, indi bundan sonra sən kökəlib nə olasısan ki? Sən öl yeddi arvad alıb boşadım, içində bir ağıllısına rast gəlmədim!
N ə n ə. Neynək, səkkizincini alarsan ağıllı çıxar.
B a b a. Alaram, niyə almıram? Ölərsən, allah qoysa, doqquzuncunu da alaram.
N ə n ə. Ta onda niyə qınıyırsan uşaqlarını? Eşitməmisən ot kökü üstə bitər?
B a b a. Sən öl, Qəmər, sənə bir gəliş gələrəm, o duzsuz dədən qabırdan qalxar. Qoy dərdimizi çəkək.
X a l a. Qağa, əşi, bunun ürəyi infakdı, ey.
G ə r a y. Öl, öl, öl, yerə gir!


Hamı susur. Gəray bu sükutu hamının razılığı, xeyir-duası kimi qəbul edır.
Bir müddət gərdiş eləyir.

G ə r a y. Qağa, hər şey aydındır. Çox sağ olun, o boyda yolu durub gəlmisiniz, amma nahaq. Mənəm, hər şeydə günahkar mənəm. Biqeyrət də mənəm. Heylə olmasaydı, sizi ordan bura çağırmazdım, soruşmazdım ki, qeyrətimi, namusumu nə təhər qoruyum?
X a l a. Ölüm əyağıyın altında, Gəray!
G ə r a y. Qağa, bacı, tüpürün mənim üzümə, qoy hamı tüpürsün! Bir qızın, bir qancığın öhdəsindən gələ bilməyən nakişinin üzünə tüpürün. (Hönkürür)
X a l a. Allah, niyə zəhər vermədim onda?
N ə n ə. Buy başıma xeyir, nə danışır, ə, bunlar? Az sən?
X a l a. Allahımdan qorxdum, yox, yox, yalan deyirəm, Allahdan-zaddan qorxmadım, türmədən qorxdum, türmədən. Qorxdum üstü açılar.
G ə r a y. Sən eləməzsən, sən niyə? Qoy Gərayın canı çıxsın.
N ə n ə. Ə, Məlik, bunlar dəli olublar?
B a b a. Bəs neynəsinlər? Bu bədbaxt oğlu başına nə çarə qılsın? Ya gərək bic nəvəni ala qucağına, ya da kişi kimi doğraya onu tikə-tikə.
X a l a. Əşi, niyə heylə deyirsən, qağa? Gəray adam doğruya bilər?
G ə r a y. Qağa... (Ümidlə baxır atasına).
B a b a. Doğruya bilməz, onda qulaqların sallasın, vəssalam!

Yeganə sakitcə səhnəyə gəlir və elə dayanır ki, heç kəs onu görmür.

X a l a. Qovaq evdən, qağa, bicini harda doğur doğsun.
G ə r a y. Sən sus, Göyçək! Sus!
B a b a. Sən bir dayan, ə! Kişi dərdini ləyaqətlə çəkər. Ta şivən qopartmaz.
G ə r a y. Neynək, qağa, neynək? Mən elə həmişə yalqızaq olmuşam, bu dəfə də olaram. Onsuz da dərdə öyrncəliyəm.
N ə n ə. Bəs o gədə necə oldu? O hara getdi belə vaxtda? (Yeganəni birdən görür) Buy, bissimillah! Orda niyə durmusan, az?
Y e g a n ə. Nədi, mehriban nənə, qorxdun? Gəldim görüm məhkəmə qərarını çıxarmayıb hələ? Qorxma!
N ə n ə. Nədən qorxacam, a bala? Ta qorxmalı nə var ki?
Y e g a n ə. Bəs siz niyə elə baxırsınız? Mane oldum? Amma əlac yoxdu müttəhimsiz məhkəmə olmaz, bu insan hüquqlarına zidd hərəkətdı. Davam eləyin, pliz...
G ə r a y. İt qızı! (Yerindən qalxıb qızın üstünə cummaq istəyir)
B a b a (yaşına yaraşmayan cəldliklə Gərayın qolundan yapışır və qabağına keçir) Gəray!!! İndi yox, amanın günüdü, indi yox!

Gəray xeyir-dua kimi səslənən "İndi yox" kəlməsindən qorxub dalı-dalı geriləyir.
G ə r a y. Qağa?!
Y e g a n ə. Nə indi yox, əziz baba? Açıq danış!
B a b a. Nə meydan sulayırsan, az?!
Y e g a n ə. Niyə belə əsirsiniz? Hara getdi sizin igidliyiniz? (Qarnına işarə ilə) Nə qəribə hadisədi ki? Çox təbii haldı.
Gəray əlləri ilə başını tutur.
N ə n ə (əlini yanağına aparır) Şaxsey!
X a l a. Nə istəyirsən bizdən, a hayasız?
Y e g a n ə. Gəldim görüm məni öldürmək üçün nə tədbir tökürsünüz? Bəlkə mən daha ağıllı təklif verdim?
G ə r a y (qəfil irəli keçib ona bir şillə vurur. Arvadlar qışqırışır) Əxlaqsız!
B a b a. Gəray!!!
Y e g a n ə. Vur! Niyə dayandın, vur! Amma bundan uzağa getməyə cəsarətin çatmaz. Hünərin varsa, öldür!
G ə r a y. Tü!!! (Üzünü qızdan çevirir)
Pauza

Y e g a n ə. Hamınız qulağınızı açın, yaxşı eşidin: heç kəs, heç biriniz nə məni öldürə bilərsiniz, nə evdən qova bilərsiniz. Bu ev həm də mənimdir. Kimə bic doğan qızla bir evdə yaşamaq xoş gəlmirsə, zəhmət çəkib özü getsin, ismətini ayrı yerdə qorusun.
X a l a. Eşitdinizmi? İndi bildinizmi biz nətəər odun içindəyik?
Y e g a n ə. Ta sizə heç nə deməyəcəm. Müttəhimin sözü yoxdur. Hökm sizindi. Gözləyirəm. (Kresloya oturur).
B a b a. (Siqaretini külqabıya basıb ayağa qalxır və Nənəyə) Dur, az! Dur gedək burdan. Tez elə, əlli ol!
N ə n ə. Əşi, bir dayan dayna.
B a b a. Qalx! Dur ayağa!
N ə n ə (qalxmaq istəyir.) Ə, qılçım tutulub ey, uyuşub.
B a b a. Qılçın tutulmasın, Qəmər, qırılsın! Özü də iki yerdən! (Qapıya yönəlir).
X a l a. Qağa, əşi, bizi bunun əlində qoyub hara gedirsən? (Ağlayır) Əşi, bu təkcə, bədbaxt oğluna yazığın gəlmir?
G ə r a y. Kəs səsini, Göyçək! (Çıxır səhnədən).
X a l a. Əşi, bəs demirsən bu ilan, bu fayşə bizim axırımıza çıxar?
B a b a (Nənəyə) Düş qabağıma!
N ə n ə (ayağını yavaşca yerə basıb inildəyir) Uy-uy-uy... Ə, qoy bir əyağım açılsın, öldüm… (Yavaş-yavaş addım atır) Bu nəydi, az?
X a l a (təlaşdadı) Az, hareydirsiniz ey? Niyə qaçırsınız?
B a b a. Başa düş, a gəlin, mən ta burda qala bilmərəm. O sözləri ki o dedi, ya onu öldürməliyəm, ya da qulağımı sallayıb udmalıyam. Bunların da heç birini mən eləyə bilmərəm.

Baba ilə Nənə çıxmaq istəyirlər. Fuad dəli kimi gəlir və kresloda daş kimi oturub
qabağına baxan Yeganənin üstünə gedir. Baba ilə Nənə ayaq saxlayır.

F u a d. Kimdi? Bu saat de görüm kimdi?
Y e g a n ə. Sənin işin deyil!
F u a d (qışqırır.) Bu saat de görüm kimdı?!
Y e g a n ə. Dedim sənin işin deyil, Fuad!
F u a d (qızı qamarlayıb kreslodan qaldırır. Gözü qarnına sataşır.) Deməli, hər şey düzmüş?!
Y e g a n ə. Qurban olum, Fuad… (Əlləri ilə üzünü qapayıb ağlayır).
F u a d. Deyilənlər şayiə deyilmiş…
N ə n ə. Qardaşıdı dayna, qeyrəti hamıdan çox ona düşür.
F u a d. O öldürmək istədiyindi?
Y e g a n ə. Çatdıra bilmədim, Fuad! Mən öldürüncə girdi türməyə.
N ə n ə. Kimi deyir az? Sən tanıyırsan?
X a l a. Nə bilim, az, birdi-ikidi?
F u a d. İndi mən neyniyim, Yeganə? Mən necə yaşayım?
B a b a. Yeganədən soruşursan, Fuad?
Y e g a n ə (ılini üzündən ayırıb göz yaşlarını hikkə ilə silir). Fuadda işiniz yoxdu! Onu bu murdar işə qatmayın!
B a b a. Biz qatmırıq! Camaata nə gəlib? Sənin kimi bacının qardaşı gözünü qaldırıb baxa biləcək bu millətin üzünə? Tay-tuş içinə çıxa biləcək?
X a l a. Fuad vaxtında çəksəydi bacısının qeyrətini biz indi belə mağmın vəziyyətə düşməzdik!
Y e g a n ə. Fuad, qurban olum, ölüm ayaqlarıyın altında, çıx get, bu saat çıx get, sən qarışma bu işə. Çıx get bu şəhərdən, get, sən bizim tayımız deyilsən, çıx get bu şəhərdən, bu murdar evdən! Mən çıxa bilmədim, bacarmadım. (Ağlayır) Mən çox çapaladım, çox çalışdım, amma çıxa bilmədim…
X a l a. Mundar niyə olur, az bu ev? Mən dəyiləm səhərdən axşamacan yalayan bu ev-eşiyi?
B a b a. Gör əxlaqsızlığına nətəər nəciblik donu geyindirir?
F u a d ( yaxınlaşıb Yeganənin çənəsini ovcuna alıb gözlərinə baxır.) Sən bilirsənmi ki, biz bundan sonra sənin murdar dediyin bu şəhərdə, bu evdə də rahat yaşaya bilməyəcəyik? Sən bilirsənmi ki, sənin qurban olduğun qardaşın bundan sonra heç kimin gözünə dik baxa bilməyəcək? Axı mən sənə inanırdım, heç kimin dedi-qodusunu eynimə almırdım, inanırdım sənə!
Y e g a n ə. Bilmirdim. (Hönkürür) Mən belə tələyə düşəcəyimi bilmirdim, Fuad.
X a l a. Bəs mən demirdim? Demirdim ki, dırsəyini gəmirəndə gec olacaq?
N ə n ə. Böyüyü saymırlar ha.
Y e g a n ə. (Kəskin hərəkətlə göz yaşlarını silir) Mən belə miskin həyat yaşamaq istəmirdim, Fuad, mən televizorda, kinolarda gördüyüm kimi, kitablarda oxuduğum kimi yaşamaq istəyirdim. Mən xoşbaxt həyat istəyirdim. (Pis gülür.) Amma unutdum ki, bədbaxt adamlar arasında xoşbaxt olmaq mümkünsüz. Yaxşı olmaq istədiyim halda daha da pis oldum. Uzaq, uzaq, pək uzaq, iştə bir orman… (Gedir).
X a l a. Allah, bu nə cəzadı, verirsən bizə? Bu nə oddu salmısan canımıza?
N ə n ə. Bədbaxt Gəray, yazıq Gəray... Bu yaşında təzədən gedib girəcək türmüyə.
X a l a. Yox, yox, yox... Qağa, Gəray getsə bir də qayıtmayacaq. Qoyma, Fuad, qoyma dədən bu qoca yaşında türmüyə girsin. Yazığın gəlsin bizə, Fuad! O balaca qardaşlarına yazığın gəlsin, oğul... (Ayaqlarına düşür)
F u a d (diksinib geri çəkilir) Xala!!!
N ə n ə. Qeyrət üstdə adam öldürənə çox iş vermirlər ha!
B a b a. Qeyrət boğacaq bizi, qeyrət! Allah, mən necə çıxacam adam içinə? Bu bədbaxt uşaq nə deyəcək tay-tuşuna? Bayısı bic doğana kim salam verər?
G ə r a y (gəlir) Elə bu gün, lap indi, Qağa! O türmə burdan min pay yaxşıdı.
X a l a. Nə deyirsən, ə, Gəray?
G ə r a y. Batıracam əllərimi onun murdar qanına, bax elə indicə, bu saat.
X a l a. Yıxıldı evim, fələk! Yeganə yıxdı evimi, ay camaat! (Fuadın üstünə yeriyir) Ə, sən o qancığın qardaşı dəyilsən? Ə, sən dura-dura, bu xəstə, qoca dədən getsin girsin türməyə?
F u a d. Siz dəli olmusunuz? Əl çəkin məndən! (Qulaqlarını tutur) Əl çəkin!
N ə n ə. Az, özü bilmir? Bilir də, utanır da, uşaq ha dəyil!
G ə r a y. Fuad, arxa bilirdim səni özümə, öyünürdüm səninlə...
B a b a. Bəsdi, qaraçılıq eləməyin! Fuad bilmir ki, bacının qeyrətini qardaş çəkməlidi? Bilir, çox yaxşı bilir.
F u a d. Əl çəkin məndən! (Qulaqlarını tutur). Əl çəkin məndən!
X a l a. Öldür onu, Fuad, öldür, qurtar bizi bu bəladan! Hamımızı qurtar bu rüsvayçılıqdan. Bax pencərədən. Bütöy qonşular gözləyir. Hamı gözləyir bu məykəmənin axırın.
N ə n ə. Allah, allah...
B a b a. Qoy özü seçsin, ya namusla yaşasın, ya da alsın boynuna binamusluğu.
G ə r a y. Fuad, Fuad...
F u a d. Mən onu öldürə bilmərəm! O mənim bacımdır!
B a b a. Elə bacın olduğuna görə oldürməlisən!
X a l a. Öldür, qurtar bizi rusvayçılıqdan!
F u a d. O aldanıb, onu aldadıblar!
N ə n ə. A bala, inək göz eləməsə, buğa sıçramaz!
X a l a. Az, bajı, birdi, ikidi?
Y e g a n ə (gəlir.) Sakit olun, özünüz də bir-bir danışın. Onu da bilin, heç kəs məni aldatmayıb.
X a l a. Eşitdinizmi?
N ə n ə. Ta buna nə söz?!
B a b a. Tü, sənin hayasız üzünə, qız!
Gəray əlləri ilə başına vurur.
F u a d. Sən özünə böhtan atırsan!
Y e g a n ə. Yox, Fuad, bir sənə yalan deyə bilmərəm, bunlara deyərəm, sənə yox! Mənim bu bataqlıqdan çıxmaq üçün bircə yolum vardı: ali təhsil almaq, təzə, normal adamlar içərisinə düşmək, adam olmaq. Gördüyün kimi bacarmadım.
X a l a. Yalansa qara ilan vursun səni! Az, birdi, ikidi, üçdü sənin lotuların?
Y e g a n ə. Nə fərqi var, bir, iki, üç, beş? (Qəhqəhə ilə gülür).
F u a d. Bəsdi! (Şillə vurur).
Y e g a n ə (yanağını tutur). Nədi? Xəcalət çəkirsən? Qeyrət səni də boğdu, bunları boğan kimi? (Gülür). Öldürə bilməzsiniz. Heç birinizin cəsarəti çatmaz öldürməyə. Baxıram sizə, sual verirəm özümə: kim mənim ismətimi qoruyacaq?
B a b a. (Nənəyə) Dur, az! Dur gedək burdan, ta mən dözə bilmirəm. Dur!
Y e g a n ə. Qaçırlar... Qorxdunuz? (Babaya) Sənin nə haqqın var mənə tənə eləməyə? Məni rayon yerində internat məktəbə sən qoymamışdınmı? Bəlkə sənin ürəyin gedir bizdən ötəri, əziz ögey nənə? Həmişə bizi bu kişiyə yad eləməkdən ötəri dəridən-qabıqdan çıxmamısanmı?
N ə n ə. Mən? Az, az... Məlik?!
B a b a. Burnunuzdan gəlsin sizə elədiklərim!
Y e g a n ə. Gedə bilməzsiniz! Məhkəmə qurmusunuz, axıracan oturun.
N ə n ə. Bu nədi, az?
Y e g a n ə. Mən nəyəm? Mən sizin günahlarınıza görə qabağınıza çıxan cəzanızam! Ha-ha-ha... Xalaya bax! Utanmadın bacının yerinə gələndə? Yox, utanmazsan, çünki bacın can verəndə sən onun əriylə, artıq… ha-ha-ha...
X a l a (Yeganənin üstünə yeriyir) Kəs səsini, ləçər, kəs səsini, hayasız!
Y e g a n ə (onu geri itələyir). İndi namusdan, qeyrətdən dəm vurursan. Yalançı qeyrətinizi, olmayan namusunuzu qorumaq üçün məni öldürmək istəyirsiniz, amma onu da özünüz yox, dünyanın bu murdar işlərindən baş açmayan uşağın əli ilə eləmək istəyirsiniz. Türməyə nə vaxt girib, nə vaxt çıxacağını hesablayırsınız. Çünki siz hamınız bir dam altına yığışmış yad, özgə, bədbaxt adamlarsınız. Bir ailədə bu qədər ögey, hərəsinin də öz bədbaxtlığı olan adam birləşəndə mərhəmətə, insanlığa, xeyirxahlığa yer qalmaz.
G ə r a y. Onsuz da sən ölməlisən! Fuad da öldürməsə, mən öldürəcəm! O qarınla mən səni bu evdə saxlamayacam! Səni qancıq it kimi gəbərdəcəm!
Y e g a n ə. Sənmi? Neynək! (Tapança olan şkafa tərəf qaçır, var gücü ilə siyirməni bir-iki dəfə dartandan sonra açır).
F u a d. Dayan! (Qızı saxlamağa təşəbbüs edir, bacarmır). Sən neynirsən?
Yeganə tapançanı siyirmədən götürür. Hamı tapançanı görüb qorxur.
Qız Gərayın üstünə yeriyir.

Y e g a n ə. Ala, öldür! Gülləsi də var. (Qız tətiyi çəkir. Gəray qorxmuş halda geriləyir.) Niyə almırsan? Yoxsa məni əllərinlə parçalamaq, yırtmaq, didmək fikrindəsən? (Xalanın ütsünə yeriyir.) Bəlkə sən? Qorxdun. Batırdın şəltəni? Əlbəttə, bu, bacısının yatağı soyumamış yerinə girmək deyil! Burda cəsarət lazımdır. Bəlkə sən? Sən? Sən? (Qəhqəhə çəkir) Nə oldu? Bu qədərmiş sizin qeyrətiniz? Bəlkə qeyrətinizi qorumağı başqalarından xahiş eləyəsiniz? Məsələn, ATƏTdən… BMT-yə də müraciət eləmək olar? Yox, mən sizi çətinə salmayacam, özüm sizə oldürməyi öyrədəcəm.
F u a d. Qurtar konserti! Tapançanı da qoy yerinə! (Tapançanı almaq istəyir).
Y e g a n ə. Geri dur! (Bir-bir ona təəccüb və qorxu ilə, nifrətlə baxan Xala, Baba, Nənə və Gərayın qabağından keçir, Fuadın qarşısında ayaq saxlayır) Qoymaram sənə binamus, biqeyrət desinlər.
N ə n ə (pıçıldayır.) Gedək, Məlik, qan iyi gəlir burdan.
B a b a. Dayan görək bu əxlaqsız qız nə oyun çıxardır? Dolayıb bu bizi barmağına.
F u a d. Qurtar dəliliyi! Özünü də faciə qəhrəmanı hesab eləmə. Elə murdar iş tutmusan ki, ölmək bundan yaxşıdır! (Üzünü çevirir)
Y e g a n ə. Düz deyirsən, ölmək yaxşıdır! (Pauza). Bütün arzulara, istəklərə, puç olmuş xəyallara nöqtə qoymalı! (Ləng, tərəddüdlü addımlarla pillələri çıxıb örtülü qarıya yaxınlaşır və son pillədə qəfil dönüb intizarla onun hərəkətlərini izləyənlərə baxır). Gözlərinizdə ümid qığılcımları, qələbə işartıları görürəm. (Kədərli təbəssümlə) Gözləyin… (Qapını açıb arxasında görünməz olur).
B a b a. Bunun canında nələr varmış!
G ə r a y. Qağa, qağa...
X a l a. Ya Həzrətabbas!
N ə n ə. Hər şey Allahın əlindədi!
F u a d (birdən ayılır). Yegiş! Yeganə!!! (Qapıya tərəf qaçmaq istəyir. Gəray bir, Baba o biri qolundan yapışıb onu saxlayırlar.)

Hamı susub qapıya baxır və intizar içində gözləyir. Dərin sükutdur. Güllə səsi eşidilir. Hamı diksinir və hamının gərginlikdən boşaldığı hiss olunur. Qapı hamını
çəksə də, heç kəs yerindən tərpənmir.

P ə r d ə

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG