Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Liz Mermin: «Bakıdakı bu qəribə hasardan dünyanın heç yerində görməmişdim»


Liz Mermin
Liz Mermin
-

Britaniyalı rejissor Liz Merminin 1 saatlıq sənədli filmi Azərbaycanda insan haqlarının vəziyyəti haqdadır.

Film “Amazing Azerbaijan” (“Qəribə Azərbaycan”) adlanır.

Liz Mermin Azadlıq Radiosuna danışır:


- Mən Körfəz ölkələrində olanda - Dohada, Əbu-Dabidə dəbdəbəli göydələnlərə baxırdım və başım gicəllənirdi. Adamda sual yaranır ki, görəsən, bunlar kimin üçün tikilir, orda kim yaşayacaq? Plan nədi? Mən Bakıda tikilən göydələnlərə baxanda da özüm-özümə sual edirdim: Görəsən bu ölkədə nə baş verir? Biz aeroportdan Bakının mərkəzinə gedəndə yol qırağındakı hasarlara baxıb təəccüblənir, sonra bir-birimizə baxıb soruşurduq: bu nə divardır? Şəhərə aparan şosse yolunun kənarı niyə hasarlanıb? Mən əvvəllər dünyanın heç bir yerində belə qəribə şey görməmişdim.

Liz Merminin 1 saatlıq sənədli filmi Azərbaycanda insan haqlarının vəziyyəti haqdadır. Filmdə azərbaycanlı jurnalistlər, siyasi, ictimai fəallar danışır, Azərbaycanda həyata keçirilən bahalı layihələrin əslində ölkə haqda səthi təsəvvür yaratdığını qeyd edir, insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, xüsusən jurnalistlərin prezident ailəsinin biznesini araşdırdığı üçün təqiblərlə üzləşdiyi bildirirlər. Amma filmdə hökumətə yaxın şəxslərin də mövqeyi verilir.

Rejissor deyir ki, film indiyəcən 9 Avropa ölkəsində göstərilib. Bu günlərdə isə Praqadakı “One world” sənədli filmlər festivalında nümayiş etdirilib. Film göstəriləndən sonra tamaşaçılar, sənət adamları onu müzakirə ediblər.

Liz Mermin:

Bakı polisi müxalifətin aksiyasını dağıdır, 10 dekabr 2012
Bakı polisi müxalifətin aksiyasını dağıdır, 10 dekabr 2012
- Avropada filmin nümayişi zamanı insanlar çox təəccüblənirlər. Təəccüblənirlər ki, Azərbaycan haqda nə dərəcədə az bilirlər. Onlar bu filmdən öyrənirlər ki, Avropa ölkələri, xüsusən Böyük Britaniya Azərbaycana çox böyük sərmayələr qoyub. Belə şeylər axı hökumətlər arasında razılaşdırılır, xalq bu barədə az bilir. Biz ümid edirik ki, bu məlumatsızlığın aradan qaldırılmasında filmimizin rolu olacaq. İnsanlar düşünməyə başlayacaqlar.

Filmin yaradıcı heyəti Azərbaycandakı çəkilişləri “Avroviziya” mahnı müsabiqəsi zamanı aparıb. Rejissorun sözlərinə görə, onlar azərbaycanlı jurnalistlər və fəallarla Avropada görüşüblər:

- Biz onlarla ölkədən kənarda görüşdük. Çünki bizi qonaq kimi qəbul etmiş qurumlar və fəalların özləri üçün problem yaratmaq istəmirdik. Düzdü, çəkilişlərimizə maneə yaradılmadı. Amma biz mədəniyyət naziri ilə müsahibə edəcəkdik, bu, alınmadı. Bundan başqa Birinci ledi ilə də görüşmək istədik, bu da alınmadı. Hərçənd bu, sürpriz deyildi.

Liz Mermin deyir ki, “Avroviziya” Avropa Musiqi müsabiqəsidir, ölkələr burada iştirak etməklə Avropa dəyərlərinə önəm verdiklərini nümayiş etdirirlər:

- Biz də Azərbaycanda insanlarla Avropa dəyərləri haqda danışmaq istəyirdik. Xüsusən də hökumət adamları, hökumətə yaxın şəxslərlə. Avropa cəmiyyətlərinin əsaslandığı demokratik dəyərlər, insan haqları haqda söhbət etmək istəyirdik. Amma bu barədə bir çox adamların danışmamasından məyus olduq.

Rejissor bildirir ki, Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi zamanı getmələri təsadüfi deyildi:

- Düşünürdük ki, adətən Azərbaycan kimi kiçik ölkələrə xüsusi diqqət ayırmayan beynəlxalq kanallar yəqin ki bu müsabiqəyə görə Azərbaycana müəyyən vaxt ayıracaqlar, bu da mənim kimi rejissorlar üçün Azərbaycandakı vəziyyəti diqqət mərkəzinə gətirməkdən ötrü bir fürsət olacaq.

Liz Mermin deyir ki, neftin qiymətinin 100 dollar ətrafında olduğu bir dövrdə, Qərbin Azərbaycan kimi neft ölkələrinə ehtiyacı olduğu bir vaxtda belə ölkələrdəki insan haqları ilə bağlı vəziyyətə tezliklə böyük diqqət ayrılacağlna ümid etmir.

“İndi dünyanın diqqətində çox böyük problemlər var –qlobal maliyyə böhranı, Suriyadakı dava və s. Buna görə də Qərbdə Azərbaycan kimi ölkələrdəki vəziyyət o qədər də ciddi problem kimi qavranılmır” – deyə rejissor təəssüflə qeyd edir.

Filmin qısa versiyası:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG