Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:50

Uşaqlar ildə bir dəfə məcburi müayinədən keçəcəklər


Foto: Arxiv
Foto: Arxiv
-
Gədəbəyin Şınıx kəndində sahə xəstəxanası var. Ancaq uşaq həkimi yoxdur. Kənd sakini Ələddin Qurbanov deyir ki, uşaqlar xəstələnəndə, qonşu kəndlərə üz tuturlar:

«Qonşu kəndlərdə həkimlər var, ora gedirik. Ümumiyyətlə, həkimliklə bağlı bizdə bir az çətinlikdir. Bəzi həkimlər çatmır. Qonşu Fərzalı kəndində pediatr var, ora gedirik. Bizdən haradasa 3-4 kilometr aralıda yerləşir. Yerli xəstəxanadan gəlib uşaqları peyvənd-zad edirlər. Avadanlıqları zəifdir, amma peyvənd üçün materialları olur».

İCBARI DİSPANSERİZASİYA NƏDİR?

«Uşaqların İcbari Dispanserizasiyası haqqında» qanunun qəbulundan sonra Azərbaycanda uşaqlar ildə bir dəfə məcburi tibbi müayinədən keçməlidir. Müayinə yeni doğulanlardan tutmuş ta 18 yaşınadək hər kəsi əhatə etməlidir. Baş pediatr Nəsib Quliyev icbari dispanserizasiyanın mənasını açıqlayır:

«Dispanserizasiya deyərkən, uşaqların azı ildə bir dəfə tibb mütəxəssislərinin müayinəsindən keçirilməsi və üzə çıxarılan sağlamlıq problemlərin aradan qaldırılması nəzərdə tutulur».

Nəsib Quliyev deyir ki, bu qanun uşaq sağlamlığı ilə bağlı indiyədək qəbul olunmuş qanunların zirvəsi sayılmalıdır. Baş pediatrın fikrincə, bənzər işi bu vaxtadək uşaq poliklinikaları bu işi görüb:

«Amma icbari dispanserizasiyanın tətbiqi bu işi bir az da möhkəmləndirəcək, qanuniləşdirəcək. Qanun qəbul olunub qüvvəyə mindikdən sonra heç bir problem olmayacaq.
Nəsib Quliyev
Nəsib Quliyev
Əsas məsələ əlavə maliyyə vəsaitinin ayrılmasıdır. O da qanunda ayrıca maddə şəklində göstərilib. Bu xidməti dövlət maliyyələşdirəcək».

Hələ ki, Şınıx sakinləri qonşu kəndlərə üz tuturlar. Axı öz kəndlərində uşaq həkimi yoxdur. Şınıx kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sakit Vəliyevin uşaqların dispanserizasiyası haqqında məlumatı yoxdur. Deyir ki, vəziyyəti ağır olanlar kənddən 50 kilometr aralıda yerləşən rayon xəstəxanasına gedirlər:

«Kənddə özümüzün sahə xəstəxanamız var. Orda da yardım edirlər. Köməyi dəyməyəndə Gədəbəyə aparırlar. Yarımsaatlıq, birsaatlıq yoldur. Uşaq həkimi bizdə Saratovkada var. Əksər vaxt Saratovkaya gedirik, ora yaxındır. Peyvənd məsələsini səhiyyə şöbəsi təşkil edir. Yəqin dispanserizasiyanı rayon mərkəzindən təşkil edəcəklər».

Qanunda deyilir ki, hər uşağın dispanserizasiyasından ötrü xərclərin normasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.

UCQARLARDA NƏ DƏYİŞƏCƏK?

Şınıx kəndində pediatrın olmamasını Gədəbəy rayon İcra Hakimiyyətində də bilirlər. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elsun Xudaverdiyev deyir ki, sahə xəstəxanası olmayan kəndlər də var:
Foto: Arxiv
Foto: Arxiv
«2013-2015-ci illər üzrə Dövlət Proqramına görə, kəndlərdə də sahə xəstəxanaları tikiləcək. Belə xəstəxanaları olmayan kəndlər nəzərdə tutulur. Ancaq rayon xəstəxanasında hər şey var. Bütün avadanlıqlar, rentgen aparatınadək hər bir şey var».

Elsun Xudaverdiyev deyir ki, «Uşaqların İcbari Dispanserizasiyası haqqında» Qanun qüvvəyə minəndən sonra onlar da işlərini həmin qanuna uyğunlaşdıracaqlar.

Baş pediatr Nəsib Quliyevin fikrincə, ucqarlarda problem olacaqsa, qanunun qəbulundan sonra uyğun təlimatlar hazırlanacaq:

«Rayonun tibb ocağında çalışan uyğun mütəxəssis ixtisaslaşmış maşınla bu xidmətə ehtiyac duyan dağ kəndlərinə gedə bilər. Beləcə, müayinə aparar və analizlərdən sonra tədbirini görüb qayıdar».

Baş pediatr deyir ki, icbari dispanserizasiyanın bir böyük əhəmiyyəti də o olacaq ki, uşaq tibb müəssisələri, uşaq poliklinikaları çatmayan avadanlıqlarla təmin ediləcək.

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidməti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək.
XS
SM
MD
LG