Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Ombudsman Milli Məclisə hesabat verdi


Milli Məclis
Milli Məclis
-

OMBUDSMAN MİLLİ MƏCLİSƏ HESABAT VERDİ

Martın 5-də Ombudsman Elmira Süleymanova insan haqlarına dair illik hesabatını açıqlayıb.

O, 2012-ci ildə qeydə aldıqları insan hüquqları ilə bağlı pozuntulardan danışıb. Ombudsman 2012-ci ildə prokurorluq orqanlarından 605, yerli icra orqanlarından 1271, məmur özbaşınalığı, korrupsiya və süründürməçiliklə bağlı 906 şikayət alıb:

Elmira Süleymanova
Elmira Süleymanova
«Bu müddətdə 4 hakimə töhmət verilib, bir hakimə isə irad tutulub. Prokurorluq orqanları ilə bağlı 605 şikayət araşdırılıb. Nəticədə, 62 işçi inzibati məsuliyyətə cəlb olunub. 10 nəfər işdən azad edilib. Hərbi prokurorluqda 25 işçi inzibati məsuliyyətə cəlb edilib, 1 əməkdaş işdən azad edilib. Polislə bağlı 1901 şikayət daxil olub. 266 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 15 əməkdaş xaric edilib».

Ombudsman ünvanlı sosial yardım, yardımların verilməməsi, məbləğin müəyyən hissəsinin saxlanılması kimi hallarla bağlı şikayətlər də alıb:

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 42 əməkdaşına töhmət verilib, 5 nəfər işdən azad edilib. Bələdiyyələrlə bağlı 156 müraciət daxil olub, yerindəcə araşdırılıb. Mülkiyyət hüququ ilə bağlı 2287 müraciət almışıq. Burada isə mülkiyyətin qiymətləndirilməməsi, kompensasiya ədalətsizliyi, məhkəmə qərarı olmadan mülkiyyətin uçurulması kimi nöqsanlar qeydə almışıq».

«EUROVİSİON»UN OMBUDSMAN HESABATINA NƏ DƏXLİ VAR?

Eurovision 2012
Eurovision 2012
Deputat Qüdrət Həsənquliyev hesabatdakı bəzi məqamları tənqid edərək deyib:

«Hesabatın lehinə səs verəcəyəm. Elə məqamlar var ki, hesabata daxil edilməsinə ehtiyac yoxdur. Məsələn, qeyd olunur ki, Azərbaycanda Yay Olimpiya Oyunları keçiriləcək, «Eurovision» mahnı müsabiqəsi keçirilib, Dünya Bankı Azərbaycanın reytinqini yüksək qiymətləndirib və s. Bilmək istəyirəm, bunun insan hüquqlarına nə dəxli var?».

Millət vəkili Qənirə Paşayeva isə hesabata müsbət yanaşıb. O, hesabatda səslənən iradlarla bağlı məmurların da məsuliyyət daşıdığını deyib.

Hesabat sonda qəbul edilib.

«TOPAZ» TOPA TUTULUR...

Millət vəkili Məlahət İbrahimqızı «Topaz»la bağlı narahatlığını səsləndirib. O, Bakı və ətraf rayonlardan bu oyunun aludəçisinə çevrilən ailələrdən müraciət olunduğunu deyib:

«Mənə Bakıdan və rayonlardan analar müraciət edir. Əvvəllər də bu barədə eşitmişdim. Deyirlər ki, «insanlar burda evlərini uduzur». Hətta universitetlərdən də şikayətlər var. Camaat uşağını «Topaz»lardan yığa bilmir. Parlamentə müraciət edirəm - xərçəng kimi ölkəyə yayılan bu məsələ ilə bağlı hansısa addımlar atılsın».

Spiker Oqtay Əsədov isə «Topaz»ı idmanın inkişafına yönələn addım kimi qiymətləndirib:

«Şikayətlər ola bilər. Bunu araşdırmaq lazımdır. Araşdırılandan sonra nəsə demək olar».

Fazil Mustafa
Fazil Mustafa
Millət vəkili Fazil Mustafaya da «Topaz»la bağlı şikayətlər gəlib:

«Bu məsələ ilə bağlı insanların maarifləndirilməsinə ehtiyac var. Bu işlər gizli də olsa gedir və nəticədə neçə-neçə evlər dağılır».

«XOCALI SOYQIRIMININ DÜNYAYA ÇATDIRILMASI İSTİQAMƏTİNDƏKİ İŞLƏR AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN NƏTİCƏSİDİR»

İclasda Xocalı faciəsinə toxunan spiker Oqtay Əsədov faciənin bir neçə ölkədə tanındığını deyib:

«Xocalı faciəsini ilk olaraq 3 ölkə - Pakistan, Meksika və Kolumbiya tanıyıbsa, bunun ardınca, ABŞ-ın 7 ştatı və Avropanın bir sıra ölkələri Xocalı soyqırımı ilə bağlı öz mövqeyini ortaya qoyubsa, deməli, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətindəki işlər düzgün aparılır. Bu, Azərbaycan xarici siyasətinin uğurudur».

Spikerin çıxışından sonra deputat Azay Quliyev həmin dövlətlərin parlamentlərinə təşəkkür məktubları göndərməyi təklif edib.

DEPUTAT EKS-PREZİDENTLƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ

Ayaz Mütəllibov
Ayaz Mütəllibov
Deputat Qüdrət Həsənquliyev eks-prezident Ayaz Mütəllibovla bağlı məsələyə toxunub. O, eks-prezidentin yenidən Azərbaycana qayıdandan sonra təxribat xarakterli fikirlər səsləndirdiyini bildirib:

«Onun Xocalı hadisələri, Qarabağla bağlı təxribat xarakterli hərəkətlərini misal göstərmək olar. Hələ o öz məqamını gözləyir. Hər hansı ölkə burda xaos yaratmağa cəhd etsə, onun hələ hansı açıqlamalar verəcəyi bəlli deyil. Bu səbəbdən hüquq mühafizə orqanları onun içinə yenidən baxmalı və eks-prezidentin prezident səlahiyyəti bitdikdən sonra həmin şəxsin törətdiyi dövləti cinayətlərə hüquqi qiymət verilməli və nəzarətdə saxlamalıdırlar».

«ƏSGƏR ÖLÜMÜ CİDDİ ARAŞDIRILMALIDIR»

Parlamentin martın 5-də keçirilən iclasında əsgər ölümlərinə toxunulub. Millət vəkili Qənirə Paşayeva ordudakı ölüm hallarının ciddi araşdırılmalı olduğunu deyib:

«Əsgər ölümləri ciddi araşdırılmalıdır, aydın olsun ki, bu ölüm halları nə ilə bağlıdır».

Eyni problemə toxunan deputat İqbal Ağazadə əsgər ölümlərinin cəmiyyətdə ciddi narahatlıq yaratdığını bildirib:

İqbal Ağazadə
İqbal Ağazadə
«Bu sahəyə cavabdeh olan dövlət qurumları hesabat verməlidir. Güc strukturlarının rəhbərləri hökumətin hesabatında tam tərkibdə iştirak etməlidirlər. Müdafiə Nazirliyi də əsgər ölümü və ordudakı faktlarla bağlı bizi maraqlandıran suallara cavab verməlidir».

Bu günlərdə Göyçaydan hərbi xidmətə çağırılmış Seymur Allahverdiyevin ölümü 2013-cü ildə ölən hərbiçilərin sayını 14-də çatdırıb.

Müstəqil hərbi ekspertlərin məlumatına görə, son 10 ildə Azərbaycan ordusu təxminən 700 hərbi qulluqçusunu itirib. İtkilərin 85 faizi dinc şəraitdə baş verib. Deyilən zaman çərçivəsində intihar edən əsgərlərin sayı 100-ə yaxın olub. Təxminən 130 hərbi qulluqçu zorakılığa qurban gedib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG