Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Prezident Kosasının «qovulmaqlığı»


Heydər Əliyev Novruz şənliklərində
Heydər Əliyev Novruz şənliklərində

-
Mart girdisə, Bahar bayramına hazırlıqlar görünür. Bayramın atributları – Kosa da, Keçəl də məşqlərə başlayıb.

Uzun illərdir bu Kosa ilə Keçəli camaat həm də prezidentlərin Kosası və Keçəli kimi tanıyır. Onları nə keçən il, nə də bu il rəsmi bayram tədbirlərinə çağırmasalar da. Bu barədə bir az sonra.

HEYDƏR ƏLİYEVİN SSENARİDƏNKƏNAR YUMURTA DÖYÜŞÜ

Onları prezident Əliyevlərin qatıldığı Novruz şənliklərində görürdük. Məşhur Kosa, yəni Qafar Novruzlu deyir ki, 1991-ci ildən bu rolu oynamağa başlayıb. 1996-cı ildə «İrs» folklor ansamblı ilə birlikdə dövlət tədbirində çıxış edib. 1997-ci ilin Novruzunda prezident Heydər Əliyevi meydan oyununa – yumurta döyüşdürməyə çağırıb. Dediyinə görə, bu, ssenaridə yox imiş:

«Prezidentə dedim ki, cənab prezident, Sizinlə yumurta döyüşdürmək istəyirəm. Mühafizəçi gəldi, mikrofonu əlimdən alanda, mikrofon dodağıma dəydi. Dodağım qanadı. Ancaq yenə təkid elədim, əl çəkmədim. Ulu öndərimiz aldı yumurtanı baxdı, gördü əsl yumurtadır. Döyüşdürdük. Təsadüfən mən uduzdum, yumurta ona çatdı, bayramını təbrik etdim. İlk görüşümüz qan bahasına başa gəldi».

«BU KİŞİNİN BƏXTİ SİYASİ OYUNDA DA GƏTİRİR, MEYDAN OYUNUNDA DA»

Bundan sonra Qafar Novruzlu Novruz şənliklərində hər il Heydər Əliyevlə görüşüb. Heydər Əliyevlə sonuncu – 2003-cü ildəki görüşü daha yaddaqalan olub:

«Rəhmətlik yaxınlaşdı mənə, özünəməxsus tərzdə... İndi onun səsi ilə deyəcəyəm... Dedi ki, «Səni görüm, həmişə belə qalasan, Kosa! Maşallah, heç dəyişilmirsən. Cavansan hələ». Mən də dedim ki, «cənab prezident, nə qədər bu xalq yaşayırsa, bu xalqın milli adət-ənənəsi də yaşayacaq, onun atributları Kosa, Keçəl də yaşayacaq. Sizə də, bir lider kimi, Kosa ömrü qədər ömür, öz ömrüm qədər ömür arzu edirəm». Arxada nazirlər-zadlar əl çaldılar. Cavabında dedi ki, «çox sağ ol, indi neyləyək, sən həmişə uduzursan». Dedim, «cənab prezident, Keçəl həmişə mənə deyir ki, sən qəsdən uduzursan. Vallah, bu Keçəli başa sala bilmirəm ki, bu kişinin bəxti siyasi oyunda da gətirir, meydan oyununda da gətirir». Bir az güləndən sonra dedi ki, yaxşı, sən bu il udsan, nə olmaq istəyirsən? Dedim prezident olmaq istəyirəm. Özünəməxsus tərzdə, istehza ilə gülüb söylədi ki, demək, sən prezident olmaq istəyirsən, Kosa... Yaxşı baxarıq. Yumurtanı döyüşdürdük, yenə mənim yumurtam sındı».
İlham Əliyev Novruz şənliyində
İlham Əliyev Novruz şənliyində

Heydər Əliyevin vəfatından sonra bir il bayram tədbiri keçirilməyib. 2005-ci ildəki şənlikdə Kosa bu dəfə prezident İlham Əliyevlə görüşüb:

«İlham Əliyev cənabları ilə üzbəüz gələndə, baxdı, güldü... Dedi, yenə sənsən? Onda Gürcüstanın birinci xanımı da orda idi. Aramızda dialoq oldu. Ancaq mətnsiz. Əvvəlcədən mətn hazırlamışdılar, ancaq mən həmin mətnə yaxın getmədim. Prezident dedi səni gördüm, sevindim. Mənimlə yumurta döyüşdürdü. Mən yenə uduzdum».

«PREZİDENTƏ HEÇ VAXT BİLƏRƏKDƏN UDUZMAMIŞAM»

Qafar Novruzlu deyir ki, yumurta döyüşdürərkən heç vaxt prezidentə qəsdən uduzmayıb. Hətta 2006-cı il şənliklərində qəsdən uduzması haqqında deyilənlərə son qoymaq da istəyib:

«Dedim ki, «cənab prezident, bu Keçəl mənə göz verib, işıq vermir. Qəzetlərdə, saytlarda, hər yerdə məndən yazır ki, Kosa prezidenti yuxarı qaldırmaq üçün qəsdən uduzur, mənə qarşı müxalifətə keçib. Elə bil gözü kordur. Bu qədər yollar tikilib, iş yerləri açılıb, ancaq Keçəl bunları görmək istəmir. Mənə qarşı müxalifətə keçib». Cənab prezident də ondan soruşdu ki, «sən niyə müxalifətdə durmusan. O da dedi ki, Kosaya paxıllığım tutur. Ona görə müxalifətə keçmişəm». Dedim «düzünü deyin, cənab prezident, məni çox istəyirsiniz, yoxsa Keçəli?». Qucaqladı məni. Dedi, «əlbəttə səni, sən mənim tərəfimi saxlayırsan, o isə müxalifətin»».

Ancaq Qafar Novruzlu 2009-2010-cu illərdəki şənliklərə qatılmayıb. Dediyinə görə, həmin vaxt prezident onunla maraqlanıb: «Onda prezident deyib ki, bizim öz Kosa, Keçəlimiz hanı?».

İki ildən sonra yenə onu dəvət ediblər. 2011-ci ildə prezidentin qarşısına Kosa kimi özü çıxıb. Ancaq keçənilki tədbirə də çağırmayıblar. Bu il də dəvət etməyiblər.

Kosa bitərəfdir, amma Keçəli – Vaqif İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kosa bitərəfdir, amma Keçəli – Vaqif İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qafar Novruzlu deyir ki, Kosa obrazını inhisara götürməyib. Sadəcə, niyə çağırılmadığının səbəbini bilmək istəyir. Buna görə prezidentə də müraciət edib:

«Mən başqalarının inkişafına mane olmuram, ancaq mən də professionalam, axı».

Kosa bitərəfdir, amma Keçəli – Vaqif İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür. Hakim partiyaya ona görə üzv olmayıb ki, sonra ona «YAP üzvüsən deyə səni rəsmi tədbirlərə dəvət edirlər» sözlərini deməsinlər.

Kosa deyir ki, həmişə prezidenti dəstəkləyib:

«Onun yanında Keçəli tənqid etmişəm. Demişəm ki, heç nə yaratmırsan, əlindən heç nə gəlmir. Xalqın arasında olmaq lazımdır. Prezidenti isə həmişə dəstəkləmişəm».

«CÜRƏTİ ÇATSA, KOSA PREZİDENTİ TƏNQİD EDƏ BİLƏR»

Folklorşünas Elxan Məmmədli deyir ki, Kosa, Keçəl kimi qəhrəmanlar, əslində, hakimiyyət nümayəndələrini tənqid edə bilər:

«Qabaq şahların yanında təlxəklər olurdu, şahın özünə irad tuturdular. Şahın özünü ərki çatdığı qədər, ərkindən yuxarı səviyyədə də tənqid edirdilər. Bu mənada, elə bilirəm, bayram vaxtı sözün düzünü elə zarafatla deyərlər. Atalar da belə deyib. Desələr daha yaxşı olar. Qəzetdə, televiziyada aqressiv münasibət verməkdənsə, Kosanın deməyi daha təsirli olar. Qarşıdakı obyekt də onu təhlil edə bilər».

Məşhur Kosa – Qafar Novruzlu onu da deyir ki, Novruz şənliklərində prezidentlərlə dialoqda heç vaxt ona verilən mətnlərdən istifadə etməyib. Prezidentlərlə döyüşdürdüyü yumurtaları da özü evdə hazırlayırmış. Təkcə 2011-ci ildə prezidentlə yumurta döyüşmə ona mərasimdə verilən yumurtaları döyüşdürüb.

XS
SM
MD
LG