Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:31

“Şakal”ın partlatmaq istədiyi Azadlıq Radiosu


Azadlıq Radiosunun binasında 1981-ci il partlayışından sonra
Azadlıq Radiosunun binasında 1981-ci il partlayışından sonra

-


60 il qabaq Azadlıq Radiosunun Azərbaycan dilində verilişi belə başlayırdı:

"Azadlıq Radiosu Sovet ittifaqı xalqlarının hürr səsidir. Xaricdəki azad vətəndaşlarınızın səsini dinləyiniz"

Azad Avropa/Azadlıq radioları korporasiyasının prezidenti vəzifəsini icra edən Kevin Klose deyir ki, "Azadlıq Radiosu düzgün və müstəqil məlumat almaqda mühüm mənbə olaraq qalır".


"Düzgün və müstəqil xəbərlərin mühüm mənbəyi"
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00


NƏDƏN BAŞLANDI?

Azad Avropa və Azadlıq Radioları necə yaranıb?

Hoover İnstitutu yazır ki, Ikinci dünya müharibəsindən sonra Qərbi Avropada SSRi-dən və Şərqi Avropadan olan minlərlə köçkünlər, keçmiş əsirlər vardı. Onların çoxu Qərbi Almaniyada qaçqın düşərgələrində yaşayırdı.

Şərqi Avropada kommunist rejimlər qurulmağa başlayanda ABŞ hökuməti də anlamağa başladı ki, bu mühacirlər kommunist rejimlərinə qarşı böyük qüvvədir və bu adamları yazıçı, jurnalist kimi cəlb etmək olar.

Dövlət Departamentindən olan George Kennan səfir Joseph Grewdan xahiş edir ki, qabiliyyətli mühacirlərin siyahısını hazırlasın. Bu adamlar Şərqi Avropaya demokratiyanı qaytarmaq üçün mübarizə aparacaq antikommunist təşkilatına başçılıq etməli idilər.

Azad Avropa naminə Milli Komitə adlı bu təşkilat 1949-cu ildə yaradıldı. Sonra adı Azad Avropa Komitəsi olan təşkilatın nəşriyyat bölməsinin adı Azad Avropa Mətbuatı, radio bölməsinin adı isə Azad Avropa Radiosu oldu.

ABŞ Konqresinin maliyyələşdirdiyi Azad Avropa Komitəsi əvvəldə azadlıqsevər amerikalıların özəl korporasiyası kimi meydana gəlib. 1950-ci ildə paralel olaraq Azadlıq Uğrunda Mübarizə təşkilatı yaradıldı. Bu təşkilat Azad Avropa Komitəsini tanıtmağa və ona maliyyə toplanmasına kömək etməli idi.

ZƏNG

ABŞ prezidenti Eisenhower Azadlıq Uğrunda Mübarizə təşkilatının şüarını bir cümlə ilə belə ifadə etdi: “Həqiqəti de”.

Azadlıq Uğrunda Mübarizə rəmz kimi Amerika azadlıq zəngini götürdü.
Zəngin üstündə Linkolnun dedikləri yazılmışdı: “Bu dünyada Allahın köməkliyi ilə yeni azadlıq doğulacaq”.

10 tonluq zəng Britaniyada düzəldildi və Nyu Yorka parada gətirldi. Zəngi ABŞ-ın 21 şəhərində nümayiş etdirdilər.
Zəngi ABŞ-da nümayiş etdirməkdə məqsəd ianə toplamaq idi.

16 milyon amerikalı Avropada azadlığa və demokratiyaya ianə verdi. Birinci il 1 milyon 317 min dollar toplandı.

Sonra zəngi Qərbi Berlinə gətirdilər və 1950-ci il oktyabrın 24-də - BMT günü zəngi asanda buna baxmağa 400 min berlinli gəlmişdi. Onların 100 mini Şərqi Berlindən idi.

“BU ZƏNGİN İPİNDƏN ÖZLƏRİ ASILACAQ”

Almaniya Kommunist partiyası isə Azadlıq Zəngini pislədi. Siyasi Büro üzvü Hans Jendretsky dedi ki, “bu ölüm zənginin ipi ilə bu zəngi asanların özləri asılacaq”.
Azadlıq Uğrunda Mübarizə təşkilatı paradlar, reklam kampaniyaları keçirsə də Azad Avropa Radiosunun büdcəsinin az hissəsini təmin edə bilirdi.

İLK YAYIM

Azad Avropa Radiosu ilk dəfə 7,5 kilovatt gücündə qısa dalğalı ötürücü ilə efirə çıxıb. Həmin ötürücünün adı Barbara idi.

Bu ötürücü Qərbi Almaniyada Frankfurt şəhəri yaxınlığındakı Lampertheimdə yerləşirdi. 1950-ci il iyulun 4-də ilk 30 dəqiəlik xəbər və siyasi təhlil proqramı Çexoslovakiyaya yayıldı.

Daha sonra Rumıniyaya, Macarıstana, Polşaya, Bolqarıstana yayımlar başlandı.
1951-ci il mayın 1-ndə isə Münxendə böyük ötürücü işə salındı.

Radionun proqramı Nyu Yorkda hazırlanırdı, sonra Avropaya göndərilirdi. Prinsip isə belə idi: senzurasız milli radio kimi işləmək, senzuraya uğrayan Radio Moskva və Radio Varşava kimi radiolara alternativ olmaq.

AZADLIQ RADİOSU

Şərqi Avropa ölkələrində dinləyicilər artanda 1953-cü il martın 1-də Qurtuluş Radiosu yaradıldı. Bu radionu yaradan təşkilatın özü də yeni təşkilat idi və adı belə idi: “Rusiya Xalqlarının Azadlığı uğrunda Amerika Komitəsi.”

Sonradan Qurtuluş Radiosunun adı dəyişdirildi və Azadlıq Radiosu oldu.
Azadlıq Radiosunun Azərbaycan dilində proqramı ilk dəfə 1953-cü il martın 5-də efirə çıxdı.

Azad Avropa Radiosundan fərqli olaraq Azadlıq Radiosunun yaradılması ABŞ-da reklam kampaniyaları və məşhurların cəlb olunması ilə müşayət olunmadı. Buna görə indiyə kimi ABŞ-da bir çox amerikalılar Azadlıq Radiosu adını heç vaxt eşitməyiblər.

SAMİZDAT

Azadlıq Radiosunun proqramlarının əsas mənbələrindən biri samizdat idi.
Dissident yazıları hökumətlər çap etmək istəmirdilər, ona görə yazıçılar öz əsərlərini çap maşınlarında çap edib, nüsxələrini yayırdılar. Bu samizdat, yəni özü-özünü nəşr məhsulları sərhəddi keçib, Qərbi Almnaiyaya gəlib çıxırdı. Pasternakın, Brodskinin, Soljenitsının qadağan olunmuş əsərləri beləcə Azadlıq Radiosundan oxunurdu.

BOĞMAQ

Kommunist hökumətlərin Azad Avropa və Azadlıq Radiolarına reaksiyası onun yayım siqnallarını boğmaq olub.
Buna görə bu radioları dinləmək çox çətin idi.
Azadlıq Radiosunun 1953-cü ildəki ilk 10 dəqiqəlik proqramından 1988-ci ilə kimi Azadlıq Radiosunun siqnallarını boğublar.

QANLI MÜBARİZƏ

Mübarizə qanlı da olurdu.

1954-cü ilin sentyabrında Belarus xidmətinin əməkdaşı Leonid Karasın meyidi Münxendə çaydan tapıldı.

İki ay sonra Azərbaycan xidmətinin rəhbəri Əbdürrəhman Fətəlibəyli-Düdənginski müəmmalı şəkildə öldürüldü.


Əbdürrəhman Fətəlibəyli Düdənginski
Əbdürrəhman Fətəlibəyli Düdənginski

Ən məşhur qətl isə Georgi Markovun ölümüdür. Bolqarıstan lideri Jivkovun keçmiş müşaviri və yazıçı Markov zəhərli çətirlə öldürüldü.

1959-cu ildə Azad Avropa Radiosunun yeməkxanasında duz qablarının içinə ölümcül zəhər qoyulmuşdu. Bunu qoyan Çexoslavikayalı diplomat idi.
Bunu Radioya xəbər verən isə ikili agent idi. Qərbə işləyən bu adam kommunistlər arasında nüfuzlu yer tuturdu.

PARTLAYIŞ

1981-ci il fevralın 21-də Azad Avropa/ Azadlıq Radiolarının Münxendəki qərargahında güclü partlayış oldu.

Binaya 2 milyon dollarlıq ziyan dəydi, ancaq ölən olmadı.

Sonlralar - 1989-cu ildə Şərqi Almaniyanın məxfi kəşfiyyat sənədləri açıqlananda məlum oldu ki, Azadlıq Radiosunda 1981-ci ildəki partlayışı o vaxtlar çox məşhur terrorçu olan “Şakal” ləqəbli İliç Ramirez Sanchesin dəstəsi törədib.


Ilich Ramirez Sanchez, Carlos Şakal
Ilich Ramirez Sanchez, Carlos Şakal

Ən maraqlısı odur ki, bu hücuma pul Rumıniya lideri Çauşeskunun əmri ilə verilibmiş.

DÜNYA DƏYİŞİR, RADİO DƏYİŞİR

1967-ci ildə ABŞ-ın Milli Tələbə Assosiasiyasını maliyyələşdirənlərdən birinin Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) olduğu üzə çıxanda qalmaqal qopdu. Bunun ardınca Nyu York Timesda silsilə məqalələr çıxdı ki, CİA-in maliyyələşdirdiyi təşkilatlardan biri də Azadlıq Radiosudur.

Bundan sonra o vaxtki ABŞ prezidenti Johnson əmr verdi ki, CİA-in ictimai təşkilatlarda, radio və televiziyalarda maliyyələşdirdiyi bütün anti-kommunist proqramlar yoxlanılsın.

Onda CİA direktoru Richard Helms bu siyahıdan Azad Avropa və Azadlıq Radiolarını çıxarda bildi. Çünki bunlar ABŞ hökumətinin təşəbbüsü ilə yaradılmış layihələr idi.
Azad Avropa və Azadlıq Radiolarının CİA xətti ilə maliyyələşməsi 1972-ci ilə kimi davam edib.

1973-cü ildə qüvvəyə minən ABŞ qanunu Beynəlxalq Yayım Şurasını yaratdı. O vaxtdan radioları bu Şura idarə edir və maliyyəni birbaşa Konqressdən alır.
1976-cı ildə Azad Avropa və Azadlıq Radioları bir korporasiyada birləşdi və korporasiyanın idarə şurası yaradıldı. 1982-ci ildə bu idarə şurası ləğv edildi və rəhbərlik bütünlüklə Beynəlxalq Yayım Şurasına verildi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG