Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Şahbaz Xuduoğlu. Burada hamı səni aldatmağa çalışır


-

Yalana o qədər vərdiş ediblər ki, heç nə almasan belə yenə aldadırlar. Və bir müddətən sonra sən daha doğru barədə düşünmürsən…


Şahbaz Xuduoğlu


HİNDİSTANIN ƏN CƏNUB ŞTATI KERALADA ÜÇ GÜN

(Ikinci yazi)

əvvəli burda

Hansı ölkəyə gedirsən get, heç zaman vaxtını yatmaqla öldürmə. Daha çox gəz. Gördüklərinin fotosunu çək, qeydlər et.

Bu mənim üçün bir qaydadır, hər yerdə əməl etməyə çalışıram.

Fevralın onu. Günəşli bir hava. Otelin turistlər üçün təkliflərinə baxdım. Əlbəttə, turist dəstəsi ilə harasa getmək daha uyğundur amma vaxtım o qədər azdır ki, turist arxayınçılığına sığmır.

Kanyakumari – bu ad mənə coğrafiya dərsindən tanışdı. Hindistanın ən cənub nöqtəsi. Üç su hövzəsinin qovuşduğu məkan. Kovalamdan Kanyakumariyə iki saat yarım, üç saatlıq yoldur.

Maşın qırx dollara aparıb gətirəcək. Rikşayla (Rickshaw) qiymət yarıya enər. Amma həm vaxt çox aparacaq, həm də çox narahatdır.

Rikşa üstü bağlı kuzası olan üçtəkərli motosikletdır. Adam ilk dəfə minəndə qəlbinə bayram havası dolur, ətrafdan hava vurur, heç nə gözündən qaçmır, elə bil tarlada talvarda oturmusan. Bu bayram yarım saatdan sonra üfunətli və isti hava və üstəlik tuk-tukun atdı-tutdusu, əsl işgəncəyə çevrilir.

Tuk-tuk adamın başına düşür. Yeri gəlmişkən, bəlkə elə buna görədir ki, el dilində Rikşaya tuk-tuk deyirlər.

Hindistanda taksi iki cürdür, çox bahalı ciplər və tuk-tuklar, zənginlər və yoxsullar üçün. Mən tuk-tuk deyil, amma onun qədər kiçik bir maşınla getdim.

Kovalamdan çıxdım, havada 27 dərəcə istilik var, trasda maşınlar sanki buz üstündəki kimidir. Kim necə gəldi sürür.

Burada maşın rulu sağdadır, buna da maşın sürən sərnişin çətin uyğunlaşır. Gərək əsəblərini sığıb hər şeyi taleyin ümidinə buraxasan.

Sürücü söz verdi ki, mən bu yol üzərində olan bütün tarixi yerlərə baş çəkəcəm, üstəlik saat beşdə otelimə qayıdacam.

Təbii, mən inandım. Yolda bizim pulla iyirmi qəpiyə bir kq çəhrayı rəngində banan və on qəpiyə kokos aldım. Sürücü dedi ki, bu rəngdə olan banan həm dadlı, həm də bahadır.

Ərəb dənizinin sahili ilə uzanan yol boyu meşəliklər və tikililərdi. Hündür, yam-yaşıl kokoslar çox arxayın görünürlər. Hər tərəfində tikililər olduğundan trasdan daha çox uzun bir küçəni xatırladır.

Darısqal trası həm piyadalar, həm tuk-tuklar, həm də yekə yük maşınları paylaşırlar.

Yalnız bir yerdə mal əti satılan gördüm. Kerala yeganə ştatdır ki, burada inək kəsməyə icazə verilir.

İnsanlar yollarda qaynaşırlar, kimlərsə nəsə satır, hiss edirsən ki, nə baş verirsə bax elə bu yol kənarında baş verir, nə həyat varsa bax elə bu yola bağlıdır. Ondan kənarda yalnız səfalətdir.

Yollar tez-tez rəngli işıqlarla bəzədilmiş tənəklərin altından keçir. Əgər tənək varsa, yanında hökmən bir Ashram olacaq. Ashram sığınacaq deməkdir. Bizim ocaqlara bənzəyir. Hər bir hindli ən azı gündə bir dəfə bu sığınacaqlara baş çəkib dua etməlidir. Onların alınlarına qoyulan xal da məhz Ashramda qoyulur, orda olmağın nişanı kimi.

İmkan düşdükcə fotolar çəkirəm. Bəzən göz gördüyü kimi fotoya köçürtmək mümkün olmur.

Fokusa düşməyən o qədər fotolar qaldı…

Bir neçə nəfər çayda fili çimdirirdi, fil suda uzansa da, bədənin çox hissəsi çöldəydi, adamlar çöldə qalan hissəsinə qablarla su çırpırdılar…

İkitəkərli motosklietdə bir ailə oturub, ata sürür, ana lap quyruqda, üç uşaq isə arada, başqa bir tuk-tukdan yedii-səkkiz baş baxır mənə…

Yolun kənarında ağ və uzun saçlı bir zahid zikr edir, ətrafı zibillik…

Başqa bir çayda bir neçə adam çimir, kimisi başına qabla su töküb bədənini əlləşdirir, kimisi sudan çıxardığı paltarlarını daşlara çırpır, başqa birisi isə paltarları buruqlayıb suyunu tökür.

Ashramın qarşısında sinələrindən gül çələngi asılmış adamlar dua edirlər…

Padmanabhapuram Palace
Padmanabhapuram Palace


Kanyakumaridə Padmanabhapuram Palace

Kanyakumariyə gedəndə bura baş çəkin. Maxaqon ağacından 17-ci əsrdə tikilmiş bir xan sarayıdır.

Xaricilərə bileti baha satırlar. Təsadüfən məktəblilərin də gəldikləri vaxta düşmüşdüm. “You are welcome”, “Hello Sir”, “hi, how are you” bu kimi sözlərlə mənə sataşırlar…

Doğrusu, belə sarayları sevmirəm. Hətta Şəki xan sarayının qarşısındakı qoşa çinar mənə daha doğmadır, nəinki onun içi. Bu saray da eynən.

Həmişə belə yerlərdən çıxanda başımda dəhşətli ağrılar başlayır.
Saraya girən kimi özündən asılı olmadan gözlərin insanlara işgəncə verilən yerləri axtarır. Mənə elə gəlir ki, bu möhtəşəm görünən abidənin içində o qədər haqsızlıqlar olub ki, hələ indi də iztirab və işgəncə halı oranı tərk etməyib.

Ayaqqabı ilə girmək qadağandır. Ümumiyyətlə Hindistanda heç yerə ayaqqabı ilə girmək olmaz. Hətta dükanlara da.

Çox sürətlə otaqlara baxıram və çıxıram.

Şair heykəli

Benqal və Ərəb dənizlərinin Hind okeanı ilə birləşdiyi bir nöqtəyə gəlirəm. Və açıq mavi su üzündən başqa heç nə görmürsən, sular necə birləşir, bu birləşmə nöqtəsini kim müəyyən edib?..

Amma əmin olun, gözlə görünməyən o birləşməni adam necəsə hiss edir. Və orda, məhz həmin nöqtədə 29 metr hündürlüyü olan bir şair heykəli ucaldılıb.

Şairin adı Trivalluvardı, TRİKURAL əsəri tamillilər üçün müqəddəs kitab hesab olunur. Etimal olunur ki, bu şair eradan əvvəl yaşayıb. Onun həyatı ilə bağlı qalan heç nə heç kimə bəlli deyil.

Unutdum deməyə, bu yerlərin əhalisi tamilcə danışır, ümumən Hindistanda bir-birindən tam fərqlənən 17 yerli xalqa mənsub dillər var.

Suvenirlər satılan dükanlar, kimsəsizlər, dilənçilər, zibilliklər, dəniz havasını udan üfunət…

Mənim yarım saat vaxtım var, şair heykəlinə getmək üçün qayığa minməlisən. Bilet aldım, amma növbə o qədər uzun idi ki, yalnız iki saatdan sonra növbəm gələçəkdi. Az sonra növbədən çıxdım…

Uzun yolu gəlmək və burda ürəyin istəyən qədər qalmamaq, günün batmasına bu quru səthin bitdiyi yerdən tamaşa etməmək, müəmmalı şair haqqında söz söhbət dinləmədən, yerli adamlarla heç bir ünsiyyət imkanı olmadan geri dönmək… dilxor oldum.

Suchindram məbədi

Sizə maraqlı olsa, bu məbədin adını yazıb internetdə haqqında məlumat alın. Xan sarayının ağır havası, Konyakumarinin məyusluğunu üstümdən atıb bu məbədə
Suchindram məbədi
Suchindram məbədi
girdim.

Bütün məbədlərdə dualar saat 16-da başlayır.

Düz məqamına gəlmişdim. Hamıyla birgə məbədə girdim, içəridə foto yasaqdır.

Qurşaqdan yuxarı çılpaq və təbii, ayaqyalın olmalısan.

Bu məbəd həqiqətən möcüzədir. İçində min ədəd kamasurta heykəli var.

Xüsusi səs çıxaran daş sütunlarda istənilən musiqini ifa edə bilərsən…

Bir fırıldaqçı məni məbəd boyu gəzdirdi, məbədin özəlliklərini izah etdi.

Və sonra xidmətinin müqabilində bir miqdar para istədi. Mən də onun dediyinin yarısını verdim. O da razılaşmaya bilmədi.

Məbəddən xoş hisslərlə, məyusluğu və yorğunluğu itmiş, xəyallar qurmağa çalışan adam kimi ayrıldım. Yolda bir kq banan aldım, yarısını sürücüyə verdim.

Sürücünün dediyindən iki saat gec, yeddidə otelə çatdım.

Hindistanda bir müqəddəs qayda müəyyən etdim, ünsiyyətə girdiyin hər kəs səni aldatmağa çalışır… Yalana o qədər vərdiş ediblər ki, heç nə almasan belə yenə aldadırlar. Və bir müddətən sonra sən daha doğru barədə düşünmürsən…
Suchindram məbədi
Suchindram məbədi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG