Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:10

Qadınları bədbəxt edən, qızının toyuna getməyən - Mirzə Cəlil...


Cavid Zeynallı
Cavid Zeynallı

"Mən ailə həyatı üçün yaranmamışam. Uşaqları tərbiyə edə bilmirəm. Mahiyyətcə dərvişəm, əsəbiyəm".

-

Bizdə “Xatirələrim”ə oxşar kitablar çox azdır. O kitablar ki, insanın, özü də, necə deyərlər, xalqı aydınlığa çıxaran insanın məişətindən tutmuş ali mübarizəsində qədər hər şeyi, hər şeyi yerli-yataqlı, düzü-düz, əyrini əyri göstərir. Bizə yarı mifik, “aydan arı, sudan duru” ideal qəhrəmanlar lazımdırmı?

Mənə qalsa, YOX!

Kim olur, olsun: bizdən ötrü doğrusu-yanlışı gün kimi aydın görünən (göstərilən!) şəxsiyyətləri tanımaq xoşdur. Nəticə çıxarmaq hərənin öz işidir - pis-yaxşı…

Mehriban Vəzir “Xatirələrim” kitabının ərsəyə gəlməsindən yana min zəhmətə qatlaşıb və nə gözəl: bu mənfəətpərəst cəmiyyətin laqeydliyindən usanmayıb, eləcə, qol qoyduğu vicdan işinin dəyərini anlayıb, dönməyib… Həmidə xanım Cavanşirin bizə tanıtdığı Mirzə Cəlili İNSAN kimi görmək, nə xoş…!!!

Böyük yazıçı, naşir, maarifçi; həm də həyatındakı qadınları bədbəxt edən, yeni yaranan demokratik hökumətə hüsn-rəğbəti olmayan, öz qızının toyunda iştirak etməyən, tənbəki almağa pulu olmayan, aclıq çəkən kəndlilərə qapı-qapı un paylayan, ideyaca bolşeviklərin tərəfdarı olan, bir yaşlı qızından canını qurtarmaq üçün onu quyuya atmaq istəyən, nə qonaq gedən, nə qonaq istəyən MİRZƏ… Bu
Mehriban Vəzir
Mehriban Vəzir
siyahını uzatmaq olar, di gəl, ən gözəli Həmidə xanımın nağıl kimi danışdıqlarını dinləməkdir. Mən iki gecə bu “şirin nağıl”a qulaq verəndə altından xətt çəkdiyim sətirləri kiminləsə bölüşmək ehtiyacı hiss etdim. O ehtiyac ki, adına insan oğlunun kürək söykədiyi, sığına bildiyi bir ovuc sevgi deyirlər, sevgi…

Bir gəzintinin tarixçəsi

Oğlumuzun doğumu ilə bağlı Mirzə Cəlilin bacısı və qardaşı Səkinə ilə Ələkbər Naxçıvandan bizə qonaq gəlmişdilər. Səkinənin 23 yaşı vardı, çox gözəl idi, sakit, təmkinli, xoş xasiyyəti vardı. İki uşaq anası idi - 3 yaşlı Cəlal, on aylıq Teymur. Bir dəfə Cəlil Səkinəni uşaqları ilə birgə funikulyorda gəzdirməyə apardı. O, gəzintidən çox dilxor qayıtdı və dedi ki, bir daha Səkinə ilə heç yerə getməyəcək. Küçədə və funikulyorda bu gözəl qadına yaman baxırmışlar, bir yığın adam ardınca gəlirmiş. Səkinə Naxçıvan qaydası ilə geyinmiş, qardaşının istəyi ilə də küçəyə üzüaçıq çıxıbmış".

* * *

Bir dəfə Mirzə Cəlilin bacısı Səkinə ilə ötüb-keçənlərdən söhbət edərkən dedi ki, "qardaşım Cəlilin bütün evliliklərində bəxti gətirib. Onun birinci və ikinci arvadları çox yaxşı qadınlar idi, onu qəlbən sevirdilər, ancaq qardaşım heç vaxt öz xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da bədbəxt edib".

* * *

​Kəhrizlinin hörmətli adamlarından olan Kərbəlayi Cəfərin qızlığının toyu idi. Bütün ailəmizlə onlarda idik. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər də bizimlə idi. Hamıya məlum idi ki, onun yaxşı oxumağı var. Məclis əhli təvəqqe etdi ki, bir ağız desin, ancaq o, boyun qaçırdı. Mirzə Cəlil aşıqlara yaxınlaşdı, dəmçidən zurnasını aldı, onun yerinə oturdu və ovurdlarını gülməli şəkildə şişirdib aşığa dəm tutmağa başladı. O, bu hərəkəti ilə ətrafdakıları yaman təəccübləndirmişdi. Mən onun niyə belə elədiyini anladım və Mirzə Ələkbərdən bir ağız oxumasını təkid elədim. O, həvəssiz-həvəssiz yerindən durub qardaşının yanında oturdu. Ona qaval uzatdılar, alıb oxumağa başladı. Beləliklə, bizim də bəxtimiz gətirdi, Mirzə Ələkbərin gözəl səsini eşitdik. Kərbəlayi Cəfər və qonaqları Mirzə Cəlilin bu məzəli və səmimi hərəkətindən xeyli təsirlənmişdilər, hər iki qardaşa dərin təşəkkürlərini bildirirdilər.

* * *

Doktor Mehmandarov parlamentin sədri Həsən bəy Ağayevdən mənim Şuşadan parlamentə üzv seçilməyimlə bağlı təklif haqqında teleqram almışdı. Mirzə Cəlilin də, mənim də bu hökumətə hüsn-rəğbətimiz yox idi, ona görə də bu təklif cavabsız qaldı.


Uşağı götürdüm ki, həyətdəki quyuya tullayım...


Özü haqqında belə deyirdi: "Mən ailə həyatı üçün yaranmamışam. Mahiyyətcə dərvişəm. Xasiyyətim ağırdır. Əsəbiyəm. Başa düşürəm ki, mənimlə birgə yaşamaq çətindir. Uşaqları tərbiyə edə bilmirəm. Məni ailə adamı edən sən oldun".
Mirzə Cəlil bir dəfə mənə bu sözləri demişdi: "...1898-ci il idi, hələ Naxçıvanda yaşayırdım. Qızım Münəvvərin bir yaşı olardı. Bir gün bərk ağladı, mən çox ciddi bir işlə məşğul idim. Körpənin anası isə xəstə idi, yerdə yatırdı, uşağa baxan yox idi. Mən işimi buraxıb uşağı götürdüm, dayəlik etməyə başladım. Neyləsəm də ağlamaqdan çatlayan çağanı kiridə bilmirdim. Axırda o qədər bezdim və əsəbiləşdim ki, uşağı götürdüm ki, canımı qurtarmaq üçün aparıb həyətdəki quyuya tullayım. Yolda ya fikrimi dəyişdim, ya da kimsə getməyə qoymadı, orası yadımda deyil".

* * *

Həmin yaz, daha doğrusu, 1919-cu ilin yazında Mirzə Cəlilin qızı Münəvvərin İdris Mirzə ilə toyları olmalı idi. Bir neçə dəfə Mirzə Cəlilə teleqram göndərdim ki, toya gəlsin. O, imtina etdi, gəlmədi, ancaq pul və ərzaq göndərdi.

* * *

Mən bir dəftər ayırıb Mirzə Ələkbərin dedikləri əsasında Əhər şəhərində Mirzə Cəlili ziyarət etmək üçün bizə gələn bütün rəsmi nümayəndələrin adlarını və vəzifələrini yazdım:
1.vəziri-maliyyə
2.köməkçisi İftixar və onun xanımı Səkinə Soltan xanım
3.Əsədulla xan (topçu alayının komandiri)
4.Sadiqi-ləşkər Həsən xan qardaşı ilə birlikdə
5.Mir Həbib ağa
6.Məşədi Əli ağa (demokrat kommersant)
7.Mirzə Məhəmmədəli xan (mülkədar)
8.Zərqəm-Zeynal xan (dəstə polkovniki)
9.Müdir (məktəb direktoru)
10.Hacı Xəlil (birinci gildiya tacir)

* * *

Mən Mirzə Cəlillə kəndin içinə gedib kəndliləri bir araya topladım. Onları dilə tutduq ki, ev-eşiklərini qoyub heç yerə getməsinlər və arxayın etdik ki, bolşevik hökumətindən həyatlarına heç bir təhlükə ola bilməz. İzah edirdik ki, bu gələnlər sizin düşmənləriniz deyil, əksinə, dostlarınızdir, fəhlə və kəndlilərdir, siz yoxsullar üçün onların heç bir qorxusu yoxdur.

* * *

Mən taleyə boyun əymiş kimiydim və elə də həyəcanlı deyildim. Umud edirdim ki, bizi geri qaytarmaq üçün arxamızca adam göndərəcəklər. Mirzə Cəlil də umudlu idi, çünki o, mərhum Nəriman Nərimanovla yaxından tanış idi, ümumilikdə isə o, ideyaca bolşeviklərin tərəfdarı idi.

* * *

Bir dəfə Mirzə Cəlil gülə-gülə dedi: "Bu gün bir ağsaqqal kürd gəlib ürəkgetmə azarına tutulmuş qızı üçün dua yazmağımı xahiş etdi. Mən onun xahişini rədd etdim. O da elə güman etdi ki duanı müftə yazmaq istəmirəm. Dedi, sən yaz, vallah sənə iki cüt güllü corab gətirəcəyəm".

* * *

Qızının xəstəliyi və pulsuzluq Mirzə Cəlili möhkəm sıxmışdı. Biz pula gedən nə vardısa hamısını satmışdıq. Yalnız xalçaları sata bilmirdik, çünki onlara çox az pul verirdilər. Atlarımızı Mehdi xan kənddə, qardaşının təsərrüfatında yerləşdirmişdi. Geri qayıdacağımıza görə atları satmırdıq. Müzəffər maaşının çox hissəsini bizə verirdi. Biz də bu yeganə məvaciblə birtəhər keçinirdik.

Dekabrın 1-də bərk soyuq oldu. Şaxta iyirmi dərəcəyə düşdü. Uşaqlar dərsdən yarıdonmuş halda qayıdırdılar. Ayaqlarında uzunboğaz çəkmələri yox idi, corabın üstündən çust geyinib gedirdilər. Mirzə Cəlil uşaqların əyin-başına görə sıxılır, fikir çəkirdi. Balaca oğlunun üst paltarlarını özü soyundurur, uşağın buzlamış əllərini və ayaqlarını ovuclarında qızdırır, nəvazişli sözlərlə onu ovutmağa çalışırdı.

* * *

Azerbaijan - Azeri author Jalil Mammadguluzade, undated
Azerbaijan - Azeri author Jalil Mammadguluzade, undated
Düzdür, jurnal bizə müəyyən gəlir gətirirdi, ancaq çıxarımız gəlirimizdən çox idi, xərcimiz xeyli artmışdı. İranlılar hələ ki jurnala ianə etməyə, maddi dəstək verməyə alışmamışdılar.

Bəzən tamamilə pulsuz qalırdıq. Təbrizdə yaşadığımız dönəmdə Mirzə Cəlil yaman tənbəki çəkirdi. Hətta bəzən onun tənbəkisinə belə pulumuz olmurdu. Belə anlarda o, həyəcanlanır, otaqda əsəbiliklə vargəl edirdi. Bir dəfə eynilə belə bir gərgin vəziyyətdə Mirzə Cəlil otaqda var-gəl edir, balaca Ənvər də elə oradaca əyləşib diqqətlə atasına baxırdı. Birdən o, ayağa qalxıb dedi: "Ata, bizim qonşu baqqal səni yaman çox istəyir, mən nə istəsəm ondan ala bilərəm, dostumdur, bax bu saat gedib deyərəm, nisyə tənbəki verər". Oğlan yüyürə-yüyürə gedib atasına tənbəki alıb gətirdi. Mirzə Cəlil oğlunun bu hərəkətindən çox təsirləndi və onun başına sığal çəkdi.


* * *

Əxlaqsız qadınları perik salan məqalə...

Mirzə Cəlilin Təbrizin mərkəzində yerləşən əxlaqsız evlər haqqında jurnalda gedən istehzalı məqaləsi cəmiyyətə və hökumət nümayəndələrinə elə təsir göstəribmiş ki, təcili olaraq onların bağlanması haqqıda göstəriş verilmişdi. Eyni zamanda əxlaqsız evlərdəki qadınların hamısının İran sərhəddindən kənara çıxarılması haqqında əmr verilmişdi. Bəzi qadınlar bizə gəlir və məndən xahiş edirdilər ki, Molla əmiyə dərin təşəkkürümüzü çatdır. Onlar danışırdılar ki, ərləri adətən axşamlar alverləri bitəndən sonra bütün qazanclarını götürüb həmin bu əxlaqsız evlərinə gedir, əyyaşlıq edir, orada kef çəkir, səhərə yaxın onları sərxoş halda sürüyüb evə gətirirlər, bütün ailə isə ac-yalavac dolanır. Sonralar bizə danışırdılar ki, yaxşı çevrədən olan altı nəfər gənc həmin sürgün olunan qızlardan bəzilərinə dəlicəsinə aşıq imiş. Onların ikisi dərdə düşərək tiryəklə zəhərlənmiş, ikisi ayrılığa dözməyərək sevgililərinin ardınca yola düşmüş, o biri ikisi isə bu qadınların islamı qəbul edərək öz sevgililərinə ərə getməsinə ruhanilərdən izin almağı bacarmışdılar. Altı gündən sonra, daha doğrusu, 1921-ci ilin fevralın 27-də Təbrizdən dəmir yolu ilə altı yüz qadın apardılar və onlar Araz çayından keçirib Culfaya ötürdülər. Onların arasında bir nəfər də müsəlman qadını yox idi.

* * *

Mirzə Cəlilə eləcə, çırtma vursaydın qanı damardı. Evimizdə yaman qanqaralıqdı.
Bir yandan da çörək qıtlığı aman vermirdi, camaat aclıq çəkirdi. Səpmə yatalaq aləmi bürümüşdü. Mirzə Cəlil, demək olar ki, bütün gününü dəyirmanda keçirir, aclıq çəkən kəndlilərə un paylayırdı. Evə yalnız ailə üçün çörək bişirməyə yetəcək qədər un gətirə bilirdi. Bəzən buğda unu olmurdu, biz də məcbur qalıb arpa, ya darı çörəyi yeyirdik. Hətta olurdu ki bəzi kəndlilər çörək tapmadığından yalnız ət yeyirdilər.

* * *

"Mirzə Cəlil başını tamam itirmişdi. Bir otaqda vərəmdən umudsuz halda əriyən qardaşı, obiri otaqda isə səpmə yatalağa yoluxan yoldaşı yatırdı. Uşaqlar bassız, yarıac idilər. Hamı çörək istəyirdi. Çörək, çörək, çörək!

* * *

Yayın ən cırhacır vaxtında üç həftəliyinə Turşsuya qalxıb alaçıqda yaşadıq. Oralar elə soyuqdu ki, ocaq qalamaq lazım gəlirdi. Ancaq meşədən odun gətirməyə nökərimiz yox idi. Mirzə Cəlil çox götür-qoy etmədən bir çuval, bir qaytan götürüb uşaqlara üz tutdu ki, gəlin meşəyə odun gətirməyə gedək. Uşaqlar da elə himə bənd imişlər kimi göydə getdilər. Hamısı da ayaqyalın yola düzəldi. Aradan bir az keçəndən sona bir də gördük budur, Mirzə Cəlil çiynində bir cuval qamqalaq, uşaqlar isə hərəsinin kürəyində bir şələ odun gəlirlər. Qonşularımız əvvəlcə bu mənzərəyə çaş-baş qaldılar, sonra özlərinin də oduna ehtiyacları olduğundan yekəxanalığı buraxıb meşəyə oduna getdilər

* * *

Həmidə xanım və övladları Mirzə Cəlilin tabutu başında
Həmidə xanım və övladları Mirzə Cəlilin tabutu başında
İnsanlar onu sevmir, lovğa sayırdılar...

Hətta mənim qonaqlarım gələndə belə onun acığı tuturdu, çünki səs-küy, taqqıltı-gurultu onu düşünməkdən və yazmaqdan qoyurdu. Tərs kimi, son dərəcə iti eşitmə qabiliyyəti vardı. Ən zəif səsləri belə eşidir, fikri yayınır, bundan da əsəbiləşir və hövsələdən çıxırdı. Ona görə də Mirzə Cəlil nə qonaq gedirdi, nə də qonağın gəlməyini istəyirdi. Ziyafətlərdən, iclaslardan və bu kimi tünlüklərdən zəhləsi gedirdi. Onun belə qaradinməzliyi, adamayovuşmazlığı ətrafdakı insanlara qəribə gəlirdi. Bu vəziyyət çox vaxt onun xeyrinə olmurdu. İnsanlar onu sevmir, davranışına əsəbləşir, onu lovğa sayırdılar.

* * *

Aprelin əvvəllərində Bakıya gəldim. Mirzə Cəlil çox dəyişilmişdi, arıqlamış, qocalmışdı. Çox az danışırdı. Dalğın idi. Öz xəstəliyindən əlavə, sevimli oğlunun uzun müddətə uzaq, sərt iqlimli şimala göndərilməsi onu son dərəcə məyus etmişdi. Mirzə Cəlili oğlunun kövrək səhhəti və xəstələnmə ehtimalı qəm-qüssəyə salmışdı. Bir tərəfdən də, Midhətə isti palto almağa pulu da yoxdu. Bu, ona əzab verirdi. Mən isə yenə öz növbəmdə ona toxtaqlıq verirdim. Təklif etdim ki, Midhətin köhnə paltosunun içinə pambıq qoyub isti astar tikək. Sonra şalvarının üzünü astarına çevirib isti adyaldan içlik tikdim və bu yolla başqa isti paltarlar hazırladım.

* * *

1931-ci ilin dekabrında havalar çox sərt keçirdi, odunumuz yox idi. Mirzə Cəlil bir gecə mənim bütün etirazlarıma baxmayaraq evi isitmək üçün bir çox əlyazmalarını sobaya atıb yandırdı.
XS
SM
MD
LG