Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

Milli Məclisdə Abdullah Gül tənqid olundu


Milli Məclis
Milli Məclis
-
Milli Məclis 22 fevral iclasına Xocalı hadisələrinin 21-ci ildönümünü 1 dəqiqəlik sükutla yad etməklə başladı.

İlk çıxış edən deputat, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı oldu. O, Türkiyə prezidenti Abdullah Gül-ün Ermənistanın yeni seçilən dövlət başçısı Serzh Sarkisian-ı təbrik etməsinə münasibət bildirdi. O, bu təbrikin təəssüfdoğurucu olduğunu söylədi.

Deputat Qüdrət Həsənquliyev dedi ki, Abdullah Gül-ün Sarkisian-ı təbrik etməsinə şükür etmək lazımdır:

«Bundan əvvəl Gül Türkiyədə futbolu izləmək üçün stadionda Sarkisian üçün xüsusi kreslo qoydurmuşdu və xüsusi yeməklər hazırlatmışdı».

«BU MƏSƏLƏNİ KAMPANİYAYA ÇEVİRMƏK YAXŞI HAL DEYİL»

Deputat Fazil Mustafa isə belə çıxışların yersiz olduğunu bildirdi və bu məsələni kampaniyaya çevirməyin yaxşı hal olmadığını qeyd etdi:

«Bu, Türkiyə ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərə bilər. Bu il Bakının işğaldan azad olunmasının 90 illiyidir, yaxşı olar ki, bununla bağlı Bakıda Nuru Paşanın və Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir iş görülsün».

«BİZİ ÇOX İZLƏYİRLƏR , ÇIXIŞLARIMIZA, HƏRƏKƏTLƏRİMİZƏ FİKİR VERMƏLİYİK».

Oqtay Əsədov
Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov da Abdullah Gül-ün təbriki ilə bağlı söylənənlərə münasibət bildirdi. O, bu məsələdə Mübariz Qurbanlının fikirləri ilə şərik olduğunu söylədi:

«Bu məsələ bizi incitdi, amma bunun üstünə getmək lazım deyil. Qaldı ki, Ermənistanda keçirilən seçkilərə, biz bu seçkiləri diqqətlə izləyirdik. Bir beynəlxalq təşkilat oradakı pozuntularla bağlı bir söz belə demədi. Orda prezidentliyə namizəd güllələndi və digər hadisələr oldu. Biz ikili standartlar gözləyirdik və beynəlxalq təşkilatların yüksək qiymət verməsi bizi çox narahat etdi. Bütün dünya dağılır, amma dünyanın diqqəti ancaq Azərbaycandadır. Bizi çox izləyirlər, biz öz çıxışlarımıza, hərəkətlərimizə fikir verməliyik».

«KHAMENEI TÜRKDÜR, AMMA SAQQALLIDIR, GÜL DƏ TÜRKDÜR, AMMA SAQQALSIZDIR...»

Yenidən Abdullah Gül-ün Sarkisian-ı təbrikinə münasibət bildirən Qüdrət Həsənquliyev qeyd etdi ki, Ermənistanın ayaqda durmasında iki müsəlman ölkəsinin payı var:

«Bunun biri Türkiyə, digəri də İrandır. Khamenei türkdür, amma saqqallıdır, Gül də türkdür, amma saqqalsızdır. Amma hər ikisi Ermənistana yardım edir. Mən hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatında bu məsələni qaldırmalıyıq. Sarkisian deyir ki, hərbi əməliyyatlara mən özüm rəhbərlik etmişəm. Onu Türkiyə prezidenti niyə təbrik etməlidir? Rusiya prezidenti təbrik edir, bu, aydındır, amma Türkiyə niyə belə etməli idi?».

Zahid Oruc
Zahid Oruc
Spiker Oqtay Əsədov Qüdrət Həsənquliyevin bu fikirlərinə etiraz etdi:

«Mən hesab edirəm ki, Türkiyə bizim bir nömrəli dayaqlarımızdan biridir, belə məsələlər danışmaq düzgün deyil».

«BİR NAMİZƏD GÜLLƏLƏNİB, DEYİRLƏR SEÇKİ SÜLH ŞƏRAİTİNDƏ KEÇİB»

Zahid Oruc beynəlxalq təşkilatların Ermənistandakı prezident seçkilərinə göstərdiyi yanaşma haqda danışdı:

«Beynəlxalq təşkilatlar deyir ki, seçki sülh şəraitində keçib. Amma bir namizəd güllələnib, xərəkdə məntəqəyə gətirilib. Digər namizədlər deyir ki, səs vermədə hətta ölülər də «iştirak» edib. Bu seçkilər erməni xalqının nifrətini əks etdirən seçki olub. Abdullah Gül belə addım atmaqla həm də erməni xalqının nifrətini özünə tərəf yönəltdi».

BƏZİ VƏTƏNŞÜVƏNLƏRİN HAY-KÜYÜ

İqbal Ağazadə isə bildirdi ki, Türkiyə Cənubi Qafqazda söz sahibi olmaq istəyini dəfələrlə bəyan edib:

«Bu ölkə hansısa addım atmağa başlayanda, bəzi vətənşüvənlər hay-küy salmağa başlayıb ki, bu, olmaz».

Siyavuş Novruzov
Siyavuş Novruzov
Deputat daha sonra hər seçki ilində müxalif KİV-in üstünə məmur və işadamlarının hücumuna diqqət yönəltdi. Qeyd etdi ki, KİV-i məhkəmə ilə susdurmaq presedentinə son qoyulmalıdır.

SİYAVUŞ NOVRUZOV TÜRKİYƏNİ TƏNQİD EDƏNLƏRƏ: «BİR SÖZ DANIŞANDA, TARİXƏ BAXMAQ LAZIMDIR»

Deputat Siyavuş Novruzov da Türkiyənin tənqidi ilə bağlı çıxışlara münasibət bildirdi:

«Yaddan çıxarmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra sərhədi ilk bağlayan Türkiyə olub. Bir söz danışanda, tarixə baxmaq lazımdır. Mənim işim beynəlxalq təşkilatlarla bağlıdır. Bu gün Ermənistanda keçirilən seçki ilə bağlı bir bəyanat da verilməyib. Beynəlxalq təşkilatlar Ermənistanda seçkiöncəsi və seçki zamanı baş verən hadisələrə niyə real qiymət vermir? Bütün Ermənistan video əlində ayaq üstə dayanmışdı ki, belə saxtakarlıqlar olub. ATƏT nümayəndələri dedi ki, biz onları görmədik».

Oqtay Əsədov bildirdi ki, bu ölkələrin Ermənistanda heç bir iqtisadi marağı yoxdur. Ona görə də Ermənistanı Şərq də dəstəkləyir, Qərb də:
Elman Məmmədov
Elman Məmmədov

«Bu məsələdə Azərbaycanla Ermənistanı eyni tutmaq olmaz. Azərbaycan heç kimin tərəfində deyil və öz yolu ilə gedir. Ona görə də Azərbaycanla bağlı tənqidlər başadüşüləndir».

«ABDULLAH GÜL GƏLİB-GEDƏRDİR, ƏSAS TÜRKİYƏDİR»

Deputat Elman Məmmədov Abdullah Gül-ün Sarkisian-ı təbrik etdiyi üçün narahatlığa əsas görmədiyini bildirdi:

«Abdullah Gül Türkiyə deyil, o, gəlib-gedərdir, əsas Türkiyədir. Bütün məsələlərdə Azərbaycanın yanında dayanan yeganə ölkə Türkiyədir».

Daha sonra deputat «Xocalı» abidəsinin ziyarətinin rəsmi görüş protokoluna salınmasını təklif etdi:

«ABŞ-ın iki ştatında və bir sıra digər ölkələrdə Xocalı faciəsi tanınıb. Məncə, artıq Şəhidlər, Fəxri Xiyaban kimi Xocalı abidəsinin ziyarəti də Azərbaycana gələn xarici qonaqların rəsmi görüş protokoluna salınsın».

OQTAY ƏSƏDOV: ABŞ-IN 2 YOX, 6 ŞTATI

Oqtay Əsədov isə qeyd etdi ki, Xocalı faciəsi Amerikanın iki yox, altı ştatında tanınıb:

«Bundan başqa, bir sıra ölkələr də bunu tanıyıb. Bu işlər öz yolu ilə gedir, qoy, bu işlər getsin, sonra baxarıq».

Daha sonra deputatlar gündəliyə salınan 17 məsələnin müzakirəsinə başladılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG