Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:01

Naxçıvanda işadamının maşını və sənədləri yandı


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Həbsdəki işadamı Məhəmməd Qurbanova məxsus və Sədərək rayon Polis Şöbəsində saxlanan «Toyota» markalı avtomobilin yararsız hala salındığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna işadamının qızı Elnurə Məmmədova məlumat verib . Onun dediyinə görə, avtomobildə olan 500 manat pul, bahalı əşya və müxtəlif sənədlər oğurlanıb:

«Dəfələrlə müraciət etsək də, iki aydan artıq idi ki, nə mallarımızı, nə də ki, avtomobilləri qaytarmaq istəmirdilər. Fevralın 19-da zəng elədilər ki, gedin Sədərək polisindən maşınlarınızı, gömrükdən də mallarınızı götürün. Sevindik ki, yəqin, düşmənçiliyə son qoyaraq, hər şeyi qaytarmaq fikrinə düşüblər. Ancaq sonradan məlum oldu ki, avtomobilləri də, malları da düşmənçiliklə qaytarıblar. Sədərək polisində saxlanılan «Toyota» markalı avtomobil bölmədən ayrılandan 100 metr sonra motor qəfildən dayanıb, sonra da od tutub. Zəng elədim Sədərək polisinə, dedilər ki, biz sizə təhvil vermişik, nə olubsa, artıq biz cavabdeh deyilik. Yanğını birtəhər söndürüb, maşını ustaya gətiriblər. Məlum olub ki, motor dağılsın deyə, içərisinə alüminium tozu töküblər. Maşının içərisində olan 500 manat, üç ədəd bahalı telefon, atamın sürücülük vəsiqəsi, Türkiyədən gətirilən malların fakturası və digər sənədlər də polislər tərəfindən oğurlanıb. Polislər oğurluğu boyunlarına almaq istəmirlər».

«BİZ QADINLARDAN NƏ İSTƏYİRLƏR?»

Elnurə Məmmədova deyir ki, Sədərək Gömrüyündə saxlanılan malları qaytarmaq üçün həmin malların fakturaları tələb olunub. Digər sənədlər kimi, qaimələr də avtomobildən oğurlandığından malların bir hissəsi müsadirə edilərək yandırılıb:

«Bu, bizə qarşı əvvəldən hazırlanmış, düşünülmüş təxribatdır. Sənədləri polislər qəsdən oğurlayıblar ki, mallarımızı gömrükdən geri ala bilməyək. Gömrükdə sənədlərinin olmadığını bəhanə gətirərək malların bir hissəsini qaytarmayıblar, elə gömrükdəcə yandırıblar. Təxminən 5 min manat malımızı məhv ediblər, 5 min manat da avtomobilə ziyan dəyib. Bu, artıq düşmənçilikdir. Atamgil hakimiyyətin qarşısında sınmadığına görə, əllərindən gələn pisliyi etməyə çalışırlar. Əsassız olaraq 5 il iş veribsiniz, daha biz qadınlardan nə istəyirsiniz? Haqqımızı tələb etməkdə israrlıyıq deyə, bizdən bu cür – maddi ziyan vurmaqla qisas alırlar. Bir kişidən qisas almaq üçün onun qadınına sataşmaq heç kimə başucalığı gətirməz. Bu bir daha göstərir ki, atam və həyat yoldaşım siyasi sifarişlə həbs olunublar».

Sədərək rayon Polis Şöbəsindən onlara qarşı səsləndirilən bütün ittihamları rədd etdilər.

Sədərək Gömrük İdarəsinə verilən suallar da cavabsız qaldı.

4 İL VƏ 5 İL

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də Türkiyədən ərzaq məhsulları gətirmək istərkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər.

Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunurdu.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılmışdı.

Fevralın 13-də Sədərək rayon Məhkəməsi Məhəmməd Qurbanovu 4, Nadir Məmmədovu isə 5 il azadlıqdan məhrum edib.
XS
SM
MD
LG