Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:46

Vətəndaş Yol Polisi İdarəsini məhkəmədə uddu


-
Məhkəmə vətəndaşın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) qarşı iddiasını təmin edib.

Yol polisi sürücünü əsassız olaraq saxladığına görə, BDYPİ 500 manat cərimələnib

1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsində Ruslan Abdullanın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmə qərtarı haqda APA-ya məlumat verən Ruslan Abdulla bildirib ki, məhkəmə iddianı qismən təmin edərək, idarənin R. Abdullaya dəymiş maddi ziyana görə 500 manat ödəməsi barədə qərar qəbul edib.

İddianın mənəvi zərərə görə 500 manat ödənilməsi barədə olan hissəsi isə məhkəmə tərəfindən rədd olunub.

1 saylı Bakı Yerli İnzibati - iqtisad Məhkəməsindən də belə bir qərarın verilməsini təsdiqləyiblər.

Ötən il iyun ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müfəttişi Habil Qarayev R. Abdullanı saxlayaraq yol hərəkəti qaydasını pozduğunu bildirib, onun 40 manat və 3 bal cərimə olunması haqqında protokol tərtib edib.

Bununla razılaşmayan R. Abdulla daxili işlər naziri Ramil Usubova müraciət edib, R. Usubov isə həmin məsələnin araşdırılması ilə bağlı BDYPİ-nə tapşırıq verib.

Bundan sonra R. Abdulla idarəyə çağırılıb. Orada şəhər təhlükəsizlik kamerasına baxılıb və müfəttişin avtomobili əsassız olaraq saxladığı məlum olub.

Bundan sonra idarədə R. Abdullaya bildirilib ki, həmin cərimə ödəniləcək, 1 il keçəndən sonra yazılan cərimə balları silinəcək.

Lakin bununla razılaşmayan R. Abdulla Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə idarə tərəfindən yazılan cərimələrin silinməsi barədə qərar qəbul edib. Lakin Bakı şəhər Dövlət Yol Polis İdarəsi qərarı icra etməyib.

Bundan əlavə, cərimə yazılandan sonra müəyyən müddət keçdiyindən cərimənin məbləği artaraq 112 manat olub və R. Abdullaya məxsus avtomobilə həbs qoyulub. R. Abdulla isə 1 saylı Bakı Yerli İnzibati İqtisad Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyana görə, 1000 manat təzminat ödənilməsini istəyib.
XS
SM
MD
LG