Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 12:14

Sevinc el Sevər. Səni öldürəcəklər


Uşaqlar, qorxmayın, sivil adamların arasındayıq... Əkrəm babanın da qulağını kəsməzlər!

Sevinc el Sevər
Sevinc el Sevər
-

Sevinc el Sevər


ŞEİRLƏR


Uşaqlar, qorxmayın qaranlıqlardan

uşaqlar, qorxmayın
işıqlar söndü...
qaranlıq da var dünyamızda
ana bətnində olduğu kimi...
yenə ananız yanınızdadı
uşaqlar, qorxmayın
yanıma gəlin...

uşaqlar, qorxmayın
göy guruldayır
göylərin adəti guruldamaqdı
hədələməkdi adamı
uşaqlar, qorxmayın
yağışdı yağır
qonşudu söyür
yenə arvadını
yenə oğlunu...
gəlmişi-keçmişi
nə varsa onu...

uşaqlar, qorxmayın
ev sahibidi
qapını belə möhkəm döyən
yenə gecikdirmişik kirə haqqını
boş şeydi...
deyinib-deyinib susacaq axır.

qorxmayın
kölgəmdi divara düşən
özümdən yekə
əlimdə də şam
cizgi filmi olmayacaq bu axşam
gəlin kölgə teatrı göstərim sizə
sabah atanız bir yerdən pul tapar
işıqçı əmilər
yandırarlar işığı...
uşaqlar, qorxmayın
ağlaşmayın
səhərə çıxar
akvariumdakı balıqlarımız
gedib-gəlib hava üfürür
sularına atanız...

istəmirəm qorxaq böyümənizi
qorxursuz televizora baxanda
görəndə ki adamları döyürlər
öldürürlər...
uşaqlar, qorxmayın
sivil adamların arasındayıq...
Əkrəm babanın da qulağını kəsməzlər!
böyüklərin cizgi filmidi bu
böyüklərə cizgi filmini belə çəkirlər...
elə şeylər nağıllarda olur
adamı saçından asır
diri-diri qazana basır küpəgirənlər
divlər...
qorxutmasın sizi tarix kitabında yazılanlar
tarixdi, oldu-keçdi...
sizi qoruyacaq əsgər əmilər
təkrar olmayacaq
Xocalı, 20 yanvar!

uşaqlar, qorxmayın
hədiyyə ala bilməmişiksə
qiymətinizi kəsir-kəssin müəllimlər!
qorxmayın evləri
evimizdən hündür adamlardan
onları evlərindən çağırın
görəcəksiz onlar da adam boydadılar...

uşaqlar, qorxmayın qaranlıqlardan
günəş var göylərdə
işığımızı kəsə bilməzlər
ömrümüzün sonunacan çatar!


Səni öldürəcəklər

sənə uca boy verdilər
alçaq tavan
başını çırpa-çırpa keçdin
evinin qapılarından
“bura daş qoyanın...” deyib
başladın amma
dilin gəlmədi ki atanı söyə...

qabarlı əllərlə oxşadın üzün
“əlində tikan var” dedi
hiyləgər qızın
qurtardıqca yağın, çörəyin, duzun
səni sevmədilər
üz döndərdilər
dizinə döydün
divarı vurdun
səksəndi divarda ananın şəkli
əlin gəlmədi arvadı döyə...

ordudan qayıtdın
ailə qurdun
necə sevinirdin sağ qalmağına…
hər gün cəbhədəsən
hər gün döyüşdə
bilmədin yenə
səni öldürəcəklər günün birində
öz əcəlinlə...
barı orda bilirdin düşmənin kimdi
atəşkəs olsa da…
arabir cavab atəşiylə susdururdun düşməni
boşaldırdın hirsini…
qəhrəmanlıq da göstərmədin
bəxtin gətirmədi
qəhrəman adı vermirlər
düşməni
cavab atəşiylə susduranlara…

burda
arxa cəbhədə vallah
vəziyyət pisdən pis
ağırdan ağır
orda arxalanmağa səngərin vardı
burda söykənəcəyin divarı
söküb apara bilər şəhərin meri...

təzə ev tikməli
bağ salmalı
arvada dəbli bir don almalısan
qış çıxır
oğlunun paltosu yoxdu
qonşunun toyuna pul salmalısan
götürüb yerdəki ən böyük daşı
bəlkə də başına
daş salmalısan.
hər an üz-üzəsən mənfur ölümlə
səni öldürə bilərlər
öz əcəlinlə...

hər axşam
üstünə yorğun uzandığın
divan da narazı səndən
soncuxlanır
cırıldayır arvadın kimi
onun da beynini doldurub arvad

televizor qanını qaraldır elə
yenə öldürürlər adamları
yenə ağladırlar uşaqları
bir başqa kanalda şıllaq atırlar
həsrətində olduğun nə çox şeyə...

eh, bu gedişlə
səni iş başında tutacaq infarkt
əlindən düşəcək sonuncu kərpic
ağrısın bilməyəcəksən heç
bədbəxt ayaqlarının da!
kiminlə müharibə edəsən indi
sağ qalmaq uğrunda?!



Eşq

qızlarım üçün...

nə qədər uzaq tutmağa çalışsalar da
eşq əfsanələrindən
nə qədər qorumaq istəsə də
anamız-atamız bizi
eşq acılarından
atacağımız səhv addımlardan
yalnış adamları sevməkdən
yenə qoruya bilmədilər
biz yenə sevdik!
anamızdan-atamızdan çox acılar çəkdik
eşq yolunda...

içimizə çəkilməyimizdən
gözlərimizi gizləməyimizdən
süfrəyə-yeməyə küsməyimizdən
anladılar...
səhərlər balışlarımızın
üzlərini dəyişəndə
gecələr boyu tökdüyümüz
göz yaşlarımızın izlərini
yudular analarımız...
gecikdiklərini
bizi sevginin pəncələrinə
qapdırdıqlarını anlayaraq...

sevəcəksən sən də, qızım...
saçının uzanmağı
boyunun artmağı kimi
bir şey olacaq bu da
qarışa bilməyəcəm ürəyinin işinə...
gecələr boyu yuxusuz qaldım mən
gah qollarımda
gah ayağımda yellədim ki sən
qarın sancısından belə
göz yaşı tökməyəsən...
üskük tax barmaqlarına, qızım
sevgilinə köynəklər tikəndə...
barmaqların yalın olmasın!

nə qədər ki, uşaqdın
istədiyin hər şeyi ağlamaqla aldın...
eşqi ala bilməzsən göz yaşıyla, acıyla
eşq adamın göz yaşına baxmaz...
ağlamaq istəsən anana gəl
çocuqluğundakı kimi
səni ancaq anan kiridər.

nə qədər uzaq tutmaq istəsələr də
sevgi romanlarından
qonşumuz Əliylə Leylanın
sevgi əhvalatından
bacarmadılar
Leylanı Əliyə verməmişdilər
özünü asmışdı Əli
bütün analar
atalar qorxmuşdular
qadağan olunmuşdu eşq kəlməsi
məhəllədə illərcə...
barmaqlarına üskük tax, qızım
sevgilinə köynəklər tikəndə
barmaqların yalın olmasın!
ağlamaq istəsən
üstümə qaç

eh...!
sanki
eşq bir adamyeyəndi də
gəlib səni axtaracaq
mən arxamda gizləyəcəm
qurtarıb gedəcək hər şey...


Eşq mesajları

hərdən darıxır
uzun-uzadı axtarmalı olur
arvadından gələn eşq mesajlarını
telefonunun mesaj qutusundakı
ərzaq və dərman siyahıları arasında...
tapdıqca sevinir
mesajlar təzədən gəlmiş kimi.


Vida gecəsi

pırtlaşıq saçları
tələm-tələsik daranan
saçları yolunduqca
darağa düşmən olmuş
balaca qız kimi inciyəm indi
güzgünün önünə keçib
ordakı özümə
gülümsəyənə qədər çəkər
bu düşmanlığım
sevgi yaşamaq öyrədir
yıxılanda durmaq öyrədir adama
anasının-babasının köməyi olmadan
sevgiləri daşa dəydikcə böyüyür adam

bir qəfəs quşu kimi
kədərli oxumağıma baxma
özümü sevdirməkdi istəyim həm
bu qəfəs sahibinə bəlkə

bəzən qəm yeyə-yeyə böyüyür adam
çörəkdən daha çox vitamin verər
saçları uzadar
yaddaşı möhkəmlədər qəm
adamları tanımağı öyrənərsən həm
qəm çəkdikcə

sən bir səhifəydin oxuduğum kitabda
çevirdim getdi
olmasaydın səhifələr arasında
boş görünərdi yerin
öldürərdi marağı məni
kitabdan düşüb itən səhifələrin
bu qədər bəsitdi hər şey
bu qədər aydın

sevmək vaxt ötürməkdi
vaxtı sevə-sevə ötürmək, yəni
vaxtı ötürdükcə
arxasınca darıxmaq nədi bilməməkdi
zamanın axınında boğulanda
bir saman çöpü kimi
kiminsə əlindən tutub sahilə çıxmaqdı
zamanı unutmaqdı

anasının küncə qoyduğu
balaca uşaq kimi qızğınam
cəzam bitincə unudacam...

sevgilər üçün kimsə ağlamır indi
əvvəlki tək
insanlar bir az daha qürurlu
saflığa gülürlər ancaq
uşaqkən atamın sürdüyü Zaparojesdə
məni məktəbə aparmağından
necə utanırdımsa
elə utanaram
göz yaşımı görsələr...
ölümündən qorxsa da
qışqırmaqdan ar eləyən qoca nənəm
ölümü üzüyola qarşıladığı kimi
dişimi-dişimə tutub qarşılayacam tənhalığımı
səssiz-səmirsiz...
balıq kimi hayqırır ağrılarını
qürurlu ürəklər
heç nə eləmirlər
sadəcə bir az daha şiddətlə çırpınırlar
kimsəyə sezdirmədən...

yekə adamam,
ilk dəfə sevilmədim
ilk dəfə unudulmadım ki...
sevgidən öldü deyə
kimsəni özümə güldürmərəm...
XS
SM
MD
LG