Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 19:10

«5 ilə çəkdiyim hasarı gəlib 5 dəqiqəyə sökdülər»


Arxiv foto
-

«Mənim torpağım bələdiyyə torpağıdır. 2007-ci ildə etibarnamə ilə almışam. Min zəhmətlə işləyib, yarıac-yarıtox qalıb, birtəhər hasarını çəkdirdim. Mənim 5 ilə çəkdiyim hasarı gəlib 5 dəqiqəyə sökdülər».

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayətlənən Balaxanı sakini Jalə Eyvazlıdır. Deməsinə görə, 3 sot torpağın üzərində ev tikməyə macal tapmamış yerli bələdiyyə, kənd icra nümayəndəliyi və Dövlət Neft Şirkəti əlbir olub torpağa çəkilmiş hasarı söküblər.

«O torpağı balalarımla kirayələrdə qala-qala bankdan 5 min manat götürüb almışam. Hasara alandan sonra əvvəl gəlib rüşvət istədilər. Dedilər, «görüm-baxım»sız daşı-daş üstə qoya bilməzsən. Belə də oldu. Tək mən deyiləm, neçə ailənin başına belə oyun gətiriblər. Hara gedirəmsə, deyirlər narahat olma, prezidentin qərarı var, 1-2 aya sənəd veriləcək. Dövlət Neft Şirkətinə də yazmışam. Cavab yoxdur».

ARDNŞ-İN QANUNSUZ HƏRƏKƏTLƏRİ?

Balaxanı bələdiyyəsindən və icra nümayəndəliyindən isə bildirilib ki, yeni Balaxanı yaşayış massivindəki torpaqlar Dövlət Neft Şirkətinin balansındadır. Keçmiş bələdiyyə sədri Cavanşir Məmmədov həmin əraziləri qanunsuz yolla ayrı-ayrı şəxslərə fərdi ev tikmək üçün satıb. İndi Dövlət Neft Şirkəti satılmış torpaqları adamlardan geri götürür.

Keçmiş bələdiyyə sədri Cavanşir Məmmədov 2010-cu ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. Ona verilən ittihamlardan biri də bələdiyyə sədri işlədiyi dövrdə torpaqları qanunsuz satması olub.

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, məhkəmə qərarı olmadan söküntü aparmaq qanunla yolverilməzdir:

«Dövlət Neft Şirkəti iddia etdiyi torpaqları vətəndaşlardan yalnız məhkəmə yolu ilə geri tələb edə bilər. Ola bilsin ki, məhkəmə Dövlət Neft Şirkətinin iddia etdiyi torpaqların ona aid olmadığını üzə çıxarsın. İndiki vəziyyətdə Jalə Eyvazlı özü Dövlət Neft Şirkətinin qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etməlidir».

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG