Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Avropadan Xaçmaz hadisələrinə etiraz bəyanatı




Demokratik Seçkilər naminə Avropa Platforması (DSAP) Azərbaycanın Xaçmaz rayonunda vətəndaş cəmiyyəti fəallarının saxlanmasına etiraz bəyanatı yayıb.

Sənəddə bildirilib ki, fevralın 12-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Xaçmaz rayonunda keçirdiyi təlimə polis müdaxilə edib: “Bu hadisə oktyabrın 16-da keçiriləcək prezident seçkisi ərəfəsində Azərbaycanda vəziyyətdən bizim narahatlıqlarımızı daha da artırır. Seçki prosesində vətəndaşların fəallığı, onların təlimləndirilməsi demokratik seçkilərin vacib elementləridir. Bu cür təhdidlər yolverilməzdir” – DSAP-ın koordinatoru Stefanie Schiffer bildirib.

Fevralın 12-də Xaçmazda vətəndaşların siyasi proseslərdə iştirakının fəallaşdırılması mövzusunda təlimlər zamanı polis SMDTM-nin nümayəndələri olan Günay İsmayılova və Cavid Nəbiyevi saxlayıb. Onlar təzyiqlərə məruz qalıblar, sonradan azad olunsalar da barələrində araşdırmalar hələ davam edə bilər.

Bəyanatda REAL Hərəkatının sədri və prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun da İsmayıllıda baş verən qarşıdurmaya görə saxlandığı xatırladılır. Sənəd müəllifləri Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyəti fəalları və siyasətçilərə qarşı bu cür təzyiqlərə son qoyulmasını və ölkədə toplaşma azadlığının təmin edilməsini tələb edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Xaçmazdakı hadisə ilə bağlı bildirib ki, Bakıdan gedən bir qrup şəxs əvvəlcə “Sahil” otelində otel rəhbərliyinin icazəsi olmadan tədbir keçirməyə cəhd edib. Otel rəhbərinin müraciəti ilə polis həmin adamları oradan uzaqlaşdırıb.

Bundan sonra onlar rəhbərliyi ilə razılaşdırmadan rayondakı dil kurslarının ofisində tədbir keçirməyə cəhd ediblər. Həmin kursların rəhbərinin müraciəti əsasında ərazidən uzaqlaşdırılarkən polislə qarşıdurma yaranıb: “İnsident zamanı tədbir iştirakçısı Cavid Nəbiyev Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Amil Tahirliyə xəsarət yetirib. C. Nəbiyev saxlanılaraq Polis Şöbəsinə aparılıb.

Faktla bağlı Polis Şöbəsində toplanmış materiallar Rayon Prokurorluğuna göndəriləcək.”
XS
SM
MD
LG