Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

Müsavatın Lənkəran təşkilatı ofisindən çıxarılır


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Fevralın 13-də Müsavat Partiyasının Lənkəran təşkilatı qərargahdan çıxarılıb.

Bu barədə AzadlıqRadiosuna təşkilat sədri Yadigar Sadıqov məlumat verib:

«Müsavat başqanı İsa Qəmbərin Lənkərana ilk səfərindən sonra baş verən hadisələrlə əlaqədar bir müddət qərargahı bağlı saxlayırdıq. Bu gün dörd müsavatçı ilə gəldik qərargaha. Bir müddət oturduq. Evlər İdarəsinin müdiri Məcid Seyidov gəldi və dedi ki, siz qərargahı boşaltmalısınız. O, göstərişin İcra Hakimiyyətindən verildiyini dedi».

Y.Sadıqovun dediyinə görə, daha sonra qərargaha elektrik enerjisinin verilişi dayandırılıb:

«Sabah da qərargahın qapısının daşla hörüləcəyi gözlənilir. Bizə elə gəlir ki, onlara bizim qərargah lazım deyil. Sadəcə, bizi burdan çıxarmaq, fəaliyyətimizə mane olmaq istəyirlər».

«BİZİM İDARƏNİN İÇİNDƏN KEÇİRLƏR, İŞIĞIMIZI İŞLƏDİRLƏR»

Evlər İdarəsinin müdiri Məcid Seyidov deyir ki, müsavatçılardan onlara məxsus otağı boşaltmalarını çoxdan xahiş ediblər, amma buna əməl olunmayıb:

«Bu otaq bizim Evlər İdarəsinindir, əvvəl şəhər polisi də burda yerləşirdi, onlara dedik çıxıb getdilər. İndi bunlar çıxmaq istəmirlər. Bir də binanın arxa tərəfindən qərargahlarına yol olduğu halda bizim idarənin içərisindən gəlib keçirlər, bizim idarənin elektrik enerjisindən istifadə edirlər».

Müsavat Partiyasının Lənkəran təşkilatı bundan əvvəl də - 2010-cu ilin aprelində şəhərin mərkəzindəki qərargahından çıxarılıb. Sonradan həmin yer Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin regional idarəsinə verilib.
XS
SM
MD
LG