Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

Azərbaycan Serbiyada akvapark quracaq


Belqradda Heydər Əliyevin heykəli
Belqradda Heydər Əliyevin heykəli
-
Serbiyanın B92 radiosu xəbər verir ki, Serbiya prezidenti Tomislav Nikolić Azərbaycan rəsmiləri ilə qarşılıqlı viza rejiminin ləğvini də müzakirə edəcək. Daha bir məsələ qaz təchizatında əməkdaşlıqdır.

Bakıda serb-amerikalı Nikola Teslanın abidəsinin açılışı ilə yanaşı, «Ivo Andrić - yazıçı və/yaxud diplomat» adlı sərgi də keçiriləcək.

AzadlıqRadiosunun Balkan xidmətinin məlumatına görə, Belqrad qəzetləri Azərbaycanın Serbiyanın spa şəhərciklərinin birində bir akvaparka yatırım qoyacağını yazırlar.

***

AZƏRBAYCANLA SERBİYANIN HEYKƏL BARTERİ

Serbiya prezidenti Tomislav Nikolić-in Azərbaycana iki günlük səfəri zamanı 4 ikitərəfli sənəddən ibarət paket imzalanacaq. Bu sənədlərə dostluq və strateji tərəfdaşlıq haqqında birgə bəyannamə də daxildir. Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ildə Belqradda səfərdə olub.

SERBİYA İLƏ AZƏRBAYCANI NƏ BİRLƏŞDİRİR?

Əvvəla, hər iki ölkə separatçılıqla, bir başqa sözlə, bölücü fəaliyyətlə üzləşib. Serbiyanın Kosovo, Azərbaycanın da Dağlıq Qarabağ problemi var. Bu üzdən Serbiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirir. Kosovonun müstəqilliyi BMT-də tanınanda, Azərbaycan dərhal sülhməramlı qüvvələrini Kosovodan çıxardı.

İLƏ 4 FAİZLƏ 308 MİLYONLUQ KREDİT

Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zoran Vajovic ötən həftə bildirib ki, 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2011-ci ildə bu rəqəm 2 milyon 772 min ABŞ dolları idi.

Ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir.
Bakıda serb əsilli ixtiraçı alim Nikola Tesla-nın heykəli olan park açılacaq
Bakıda serb əsilli ixtiraçı alim Nikola Tesla-nın heykəli olan park açılacaq

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qarşılıqlı siyasi dəstək əvəzində Azərbaycanın Serbiyaya milyonlarla avro yatırımını yersiz sayır:

«Kapitalı o dövlətə qoyarlar ki, ordan daha çox gəlir götürmək mümkün olsun. Ancaq Serbiya iqtisadi baxımdan elə də qüdrətli deyil. İnanmıram ki, qoyduğumuz investisiyanı faydalı şəkildə geri ala bilək».

SERBİYA, «NABUCCO» VƏ TAP

Parlamentdə Azərbaycan-Serbiya dostluq qrupunun üzvü Asim Mollazadə Serbiya ilə münasibətləri iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından vacib sayır. O, keçmiş Yuqoslaviya ölkəsi olan Serbiyanın potensialının böyüklüyünü, onun Azərbaycan qazının Avropaya nəqlinə qatılmaq istəyini vurğulayır:

Asim Mollazadə
Asim Mollazadə
«Serbiya Trans-Adriatik boru sistemində (TAP) fəal rol oynamaq istəyir. Azərbaycan da maraqlıdır ki, həm Adriatik, həm də Balkan ölkələri İtaliyaya qaz nəqlinə fəal qoşulsun. «NABUCCO» ilə yanaşı, TAP da Azərbaycan üçün qaz ixracında diversifikasiya imkanları yaradır. Serbiya da burada çox fəal rol oynamağa can atır».

2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. Həmin parkın bərpasına 2 milyon avro ayrılıb. Serbiya prezidentinin səfəri çərçivəsində də Bakıda serb əsilli ixtiraçı alim Nikola Tesla-nın heykəli olan park açılacaq.

XARİCİ SİYASƏTDƏ HEYKƏL, YOXSA QARŞILIQLI HÖRMƏT AMİLİ?

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın xarici siyasətində heykəlin önəmli yer tutduğuna təəssüflənir. Onun fikrincə, keçmiş prezident Heydər Əliyevin abidəsi qoyulan ölkəyə yatırımlar başlanır. O, Xocalı soyqırımı ilə bağlı addım atan dövlətlə Azərbaycanın əlaqələri sıxlaşdırmasını anladığını deyir, ancaq:

«Bu heykəl dəyiş-düyüşü hesabına həmin ölkələrə pul yatırmağın da problemləri çıxa bilər. Məsələn, bunu Meksikanın timsalında gördük. Orada bağın qurulmasına 5 milyon dollar xərcləndi, indi heykəl götürülüb. O pulu indi bizə kim qaytaracaq, bax, bu, böyük sualdır».

Politoloq xatırladır ki, Azərbaycan Meksikaya milyardlarla dollar yatırım qoyacağına söz versə də, heykəl götürüləndən sonra səfir bu vəsaitin qoyulacağının şübhə altına düşdüyünü deyib. Elxan Şahinoğlunun fikrincə, xarici siyasətdə bu istiqamət yanlışdır.

Deputat Asim Mollazadə isə iki ölkənin qarşılıqlı münasibətlərini heykəl siyasətinə deyil, ortaq maraqlar və qarşılıqlı hörmətə, ümumi Avro-Atlantik inteqrasiya strategiyasına bağlayır. Serbiya da bu inteqrasiyanın astanasındadır, Azərbaycan da Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə bağlarını artırmağa, Gürcüstan, Ukrayna, Moldova ilə birlikdə bu yöndə irəliləməyə çalışır.
XS
SM
MD
LG