Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:04

Ünlü türk yazıçısı, yoxsa SS-çi cani?


Çingiz Dağcı
Çingiz Dağcı
-

Krımda tanınmış tatar-türk yazıçısı Çingiz Dağcının muzeyinin yaradılması təşəbbüsü birmənalı qarşılanmayıb. Əsir düşərgələrində saxlanmış şəxslərin xatirəsini əbədiləşdirməklə məşğul olan «Защитник» ictimai təşkilatı Krım prokurorluğu, spikeri və hökumətinə açıq məktub yazaraq buna imkan verilməməsini istəyib.

Məktubda deyilir ki, Ç.Dağcı 2-ci Dünya Müharibəsində sovet ordusundan fərarilik edib və alman ordusunun SS hissələri tərkibində "Krım" şərqi-türk birləşməsinin oberşturmfüreri olub. «Защитник» hesab edir ki, "nasistlərin buruq qulu" olan şəxsin ideallaşdırılmasına muxtariyyətin səlahiyyətli məmurları, sadəcə, göz yumurlar.

Təşkilat narahatlıqla qeyd edir ki, Ç.Dağcının ağırlığı 1,5 ton olan şəxsi əşyaları artıq Türkiyədən Krıma gətirilib, onları Odessadakı Türkiyə konsulluğu "Krım" Fondunun rəhbəri Riza Şevkiyevə təhvil verib.

Həmin əşyalardan muzeyin yaradılmasında istifadə olunacaq.

36 qutuda şairin saatı, əsası, yazı masası, divanı, kreslosu və başqa əşyaları yer alıb.

«Защитник» qeyd edir ki, 2011-ci ildə Ç.Dağcını Krımda qəhrəman kimi dəfn etmişdilər. Tədbirə Türkiyədən nazir səviyyəsində qonaqlar gəlmiş, Krım ruhaniləri qatılmışdılar. Türk qonaqlar Ç.Dağcını "görkəmli türk yazarı" adlandırmışdılar.

Təşkilat tədbirə "aldadılaraq Krım muxtariyyəti və Ukraynanın da bəzi məmurlarının çağrıldığını" qeyd edir.

«Защитник» Krımdakı Qasprinski adına Kitabxananın saytına Y.Kandımın "Çingiz Dağcı. Portret cizgiləri" məqaləsinin daxil edildiyini, orada milli ədavəti qızışdıran, ruslara nifrət aşılayan fikirlərin yer aldığını və yalnız «Защитник» in etirazından sonra saytdan yığışdırıldığını vurğulayır.

Bundan başqa Ç.Dağcının əsərlərinin Krımda çapına təşəbbüslər göstərilir. O, romanlarını Türkiyə türkcəsində yazıb.

Ç.Dağcı 2011-ci ildə Londonda vəfat edib. O müharibədən sonra oraya köçmüşdü. Yazıçı Krım türklərinin Rusiyada (Krım 1954-cü iləcən Rusiyanın tərkibində olub) yaşadıqları fəlakətləri qələmə alıb.

Sovet rəhbərliyi 1944-cü ildə Krımı geri alandan sonra tatarların alman ordusuna kömək etdiyini əsas gətirərək onları Orta Asiyaya sürgün etmişdi.

Hitlerin Krımı almasından sonra yerli tatarlar onlarla əməkdaşlığa başlamışdı. Onlar Krımda Almaniyanın himayəsi altında müstəqil dövlət qurmağa ümid edirdilər.
XS
SM
MD
LG