Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

11 il əvvəl arxivə atılmış bir ölüm hadisəsi


Arxiv foto
Arxiv foto
-


Bakı sakini Zahid Əliyev «Qaynar xətt»ə 11 il əvvəl avtomobil qəzasında ölən anasının ölüm faktının istintaq orqanları tərəfindən düzgün araşdırılmamasından şikayət edib. Onun sözlərinə görə, anası Cəmilə Əliyeva 2002-ci ilin fevral ayında aeroport yolunda Orxan Şahbazov adlı şəxsin idarə etdiyi avtomobillə vurulub. İstintaq orqanları işi ört-basdır edərək cinayət işinin başlanmasına xitam veriblər.

Zahid Əliyev: «Anam avtomobil qəzasında dünyasını dəyişəndə mən hərbi xidmətdə idim. 2-3 günlüyə yas mərasiminə gəldim və hərbi hissəyə qayıtdığıma görə istintaqı izləyə bilmədim. Hərbi xidməti başa vurub qayıdandan sonra anamın ölüm işi ilə bağlı maraqlananda dedilər ki, cinayət işinə xitam verilib. O vaxtdan anamı vurmuş sürücünün cəzalandırılmasına nail ola bilmirəm».

Azərbaycan Respublikası Prokurorluğu
Azərbaycan Respublikası Prokurorluğu
Baş Prokurorluq isə bildirib ki, 27 fevral 2002-ci ildə Cəmilə Əliyeva aeroport yolunda Bakı sakini Orxan Şahbazovun idarə etdiyi maşınla vurulub. Aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Həmin il fevralın 28-də Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. İstintaq zamanı hadisə yerinə və avtomaşına baxış, müvafiq ekspertizalar keçirilib. Zahid Əliyev zərərçəkmiş qismində tanınaraq dindirilib. İfadəsində və istintaq orqanına təqdim etdiyi ərizəsində sürücü Orxan Şahbazova qarşı iddia və şikayətinin olmadığını bildirib. Bundan başqa, Orxan Şahbazov və hadisə yerinə gəlmiş polis əməkdaşları da dindirilib. İstintaq hərəkətləri zamanı Orxan Şahbazovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib. Bu səbəbdən də həmin ilin aprel ayında cinayət işinə xitam verilib.

QOHUMLARIM SÜRÜCÜNÜN AİLƏSİ İLƏ ALVERƏ GEDİB...

Ancaq Zahid Əliyev razılaşmır:

«Mən hərbi xidmətdə olarkən yaxın qohumlarım anamın ölümü ilə bağlı sürücünün ailəsi ilə alverə gedib, ailədən pul alıb və anamın ölümünü ört-basdır ediblər. Mən sürücüdən şikayətim olmaması barədə heç yerdə ərizə yazmamışam. Deyirəm əgər ərizəni yazan mənəmsə, göstərin görüm hanı o ərizə. Göstərmirlər. Çünki belə bir ərizə yoxdur. O ki qaldı anamın xəstəxanada vəfat etməsi ilə bağlı deyilənlərə, anam xəstəxanaya gətirilərkən artıq ölmüş vəziyyətdə olub. Mən arxivdən onun xəstəxanaya ölmüş vəziyyətdə daxil olması barədə sənədləri də tapıb çıxartmışam».

11 İLDƏN SONRA...

Xalid Bağırov
Xalid Bağırov
Prokurorluq isə Zahid Əliyevin cinayət işinin icraatına xitam verilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək hüququnun olduğunu bildirib.

«Maraqlıdır ki, bu adam anasının ölümü ilə bağlı niyə 11 il ərzində məhkəməyə müraciət etməyib. Hər halda 11 il az müddət deyil və bu müddət ərzində hər hansı vəkillə məsləhətləşib məhkəməyə müraciət edə bilərdi. Əlbəttə ki, qanun xitam qərarından şikayət məsələsində müddət nəzərdə tutmur. Zahid Əliyev xitam qərarından məhkəməyə şikayət edə bilər. Ancaq 11 il əvvəl baş vermiş bir ölüm faktına görə onun şikayətinin təmin olunub-olunmayacağı sual altındadır», bunu isə vəkil Xalid Bağırov deyir.
XS
SM
MD
LG