Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Oteldən işdən çıxarılanlar kompensasiya tələb edirlər


Foto: Arxiv
Foto: Arxiv
-
«Excelsior» otelinin işçiləri Tərxan GözəlovCoşqun Məhərrəmov «Qaynar xətt»ə şikayət ediblər. Onların dediyinə görə, 7 aydır oteldə şirniyyatçı işləyirlər. Ötən ayın sonunda otelin Türkiyə vətəndaşı olan meneceri onlara və başqa işçilərə təklif edib ki, işdən çıxmaq barədə könüllü ərizə yazsınlar.

Tərxan Gözəlov:

«10 nəfərdən artıq işçi menecerlə razılaşıb ərizəsini yazdı. Ancaq biz yazmadıq, tələb etdik ki, bizə kompensasiya ödəsinlər, sonra ərizəmizi yazaq. Fevralın 1-də işə gedəndə bizi otelin qapısından içəri buraxmadılar. Dedilər rəhbərliyin göstərişi var. Dünən isə zəng vurub dedilər ki, bazar ertəsi işə çıxın. Biz də şübhələndik və qorxuya düşdük ki, birdən işə çıxarıq, bizi işdən qovmaq üçün üstümüzə böhtan atarlar. İndi işə getməyə qorxuruq. Çünki sığortalı deyilik ki, bizə şər atmayacaqlar».

Tərxan Gözəlov deyir ki, son vaxtlar oteldəki yerli işçilərə işdən çıxmaq barədə ərizələr yazdırılır, onların yerinə Türkiyə vətəndaşları işə götürülür.

Otelin meneceri Turxan bəy (soyadını bildirməkdən imtina etdi) «Qaynar xətt»ə hər iki şirniyyatçı ilə bağlı bunları dedi:

«Biz onların əmrlərini bu gün imzaladıq. Çünki onlar bu gün üzrsüz səbəbdən işə gəlməmişdilər. Ümumiyyətlə isə, onlar barədə müştəri şikayətləri vardı, ikincisi, işləri keyfiyyətsiz idi. Üçüncüsü isə, dediyim kimi, üzrsüz yerə işə gəlməyiblər».

Menecer işdən çıxarılan işçilərin yerinə Türkiyə vətəndaşlarının işə götürülməsi barədə deyilənləri təkzib edir:

«Onların yerinə elə azərbaycanlılar götürülüb».

Menecer bildirdi ki, Tərxan Gözəlov ilə Coşqun Məhərrəmov qeyd etdiyi səbəblərdən işdən çıxarıldıqlarına görə, onlara kompensasiya ödənilməyəcək.
XS
SM
MD
LG