Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

Bağça təmirə dayanıb!


Foto: Arxiv
Foto: Arxiv
-
Aylin Səidi dünənədək Xətai rayonundakı 236 saylı bağçaya gedirmiş. Yanvarın 30-dan daha həmin bağçaya getmir. Niyə? Bir gün öncə anası Dilbər Səidiyə deyiblər ki, bundan sonra bağça bağlanacaq:

«Dünən uşağı bağçadan götürəndə dedilər ki, gəlin əşyalarınızı aparın, bəs, bağça təmirə dayanır. Bu sözlərdən sarsıldım, necə yəni bağça təmirə dayanır? Bunu ya, heç olmasa, 1-2 ay əvvəl xəbər verəydiniz, ya da başqa bağça ilə təmin edəydiniz bizi. Dedim, bu nə deməkdir, qışın günü uşaqları çıxardıb atırsınız bayıra. Yaxınlıqdakı 257 saylı bağça var, ora getdim. Onlar da deyir bizdə yer yoxdur. İndi qalmışıq ortalıqda».

MÜDİR: «UŞAQLARIN BAŞQA BAĞÇALARDA YERLƏŞDİRİLMƏSİ MÜMKÜN DEYİL»

236 saylı bağçaya 155 uşaq gedir. Bağçanın müdiri Lyuba Hümbətova deyir ki, təmir haqda valideynlərə bir neçə ay əvvəldən məlumat verilib. Uşaqların başqa bağçalarda yerləşdirilməsi isə mümkün deyil:
Nazir Quliyev
Nazir Quliyev
«Valideynlərin xəbəri vardı. Bağçanın əşyalarını, qrup vəsaitlərinin hamısını valideynlərə vermişik ki, aparıb evlərində saxlasınlar. Təmirdir də, prezidentin sərəncamı ilə olan şeydir. Dövlət proqramıdır, həyata keçirilməlidir. Təmir olan bağçaların uşaqlarının heç birisini heç yerdə yerləşdirmirlər. Axı o biri bağçalarda da norma var. Hərə öz normasını sentyabr ayından götürüb. Artıq uşaq götürməyə də icazə verilmir. Qrupda 20 uşaqdan artıq ola bilməz. Ona görə də heç kim götürmür. Bizdən qabaq o qədər bağçalar təmir olunub. O bağçaların heç birinin uşaqları heç yerdə yerləşdirilməyib».

Müdir təmirin nə vaxt başa çatacağını da bilmədiyini söyləyir.

UŞAQLARIN HÜQUQLARI POZULUR

Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyev deyir ki, uşaqlar yerləşdirilmirsə, bu, uşaq hüquqlarının pozuntusudur:

«Valideynə demək ki, sabahdan uşaq bağçaya gəlməsin, çox yanlış yanaşmadır. Özü də qış ayında problemi daha da artırır. Düzdür, bağçalar təmir olunmalıdır, müasir dövrə uyğunlaşdırılmalıdır. Ancaq bunun üçün alternativlər olmalıdır. Ən azı o bağçanın uşaqları müvəqqəti olaraq başqa bağçalarda yerləşdirilməlidir. Əks halda, həm uşağın, həm də ailənin hüquqları pozulur».

AzadlıqRadiosunun müxbiri Bakı şəhər İcra Hakimiyyətinin məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi ilə əlaqə saxladı. Günboyu nə idarənin rəhbəri Eldar Yunusovla, nə onun müavinləri, nə də başqa səlahiyyətli şəxslərlə görüşmək, ya da danışmaq mümkün olmadı.

İdarənin kimliyini açıqlamayan əməkdaşı 236 saylı bağçanın hələ keçən ildən təmirə dayandırılacağı barədə qərar olduğunu dedi. Ancaq təmir 1 il idi uzadılırdı:

«Bu da valideynlərə imkan verirdi ki, uşaqlarına bağça tapsınlar. Uşaqları müəssisə yerləşdirmir, çünki bütün bağçalarda uşaq çoxdur».

İndi Aylin bağçaya getmədiyindən anası da işə gedə bilmir. Dilbər Səidi deyir ki, artıq neçə dəfədir bu problemlə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə gedib. Ana deyir, tamam başını itirib. Nə uşağını başqa bağçaya götürürlər, nə də onu şəhər icra hakimiyyətində qəbul edirlər.
XS
SM
MD
LG