-
Fransız qoşunları Maliyə daxil olanacan radikal islamçılar artıq ölkənin bir neçə şəhərinə nəzarəti ələ almışdılar.
Onların ilk gördüyü işlərdən biri də sufi məqbərələrini dağıtmaq olmuşdu.
Bunlar sufi şairləri və alimlərinin məqbərələriydi. İslamdakı bu mistik cərəyana tapınanlar onları müqəddəs sayırlar.
Fransız qoşunları ilə yerli hökumətə sadiq qüvvələrin birgə hücumu qarşısında geri çəkilən radikal islamçıların indi də Qərbi Afrikanın İslam elmi, mədəniyyəti və tarixi ilə bağlı qədim əlyazmalarını məhv etdikləri barədə xəbərlər gəlir.
İslamçıların nəzarətində olan Timbuktu şəhərində İslam aləminin ən böyük əlyazma saxlanclarından biri yerləşir.
Timbuktuda yerləşən və orta əsrlər yazarı, alimi Əhməd Baba Məssufinin adını daşıyan institutda 20 minəcən əlyazma saxlanır.
İnstitutun şəhərdən qaçan islamçılar tərəfindən dağıdıldığı deyilir.
ZİDDİYYƏTLİ XƏBƏRLƏR
Mediada və sosial şəbəkələrdə bəzi əlyazmaların məhv edilməsini əks etdirən şəkillər də dövr edir.
Cənubi Afrikanın Cape Town Universitetində Timbuktu əlyazmaları ilə bağlı layihədə çalışan araşdırmaçı Mauro Nobili deyir ki, həmin əlyazmaların məhv edilməsi fəlakət və Qərbi Afrikanın İslam tarixinin böyük bir hissəsinin silinməsi demək olardı.
Amma o deyir ki, bəzi şəkillər yayılsa da, bu, institutdakı əlyazmaların hamısının, yaxud böyük hissəsinin məhv edildiyi anlamına gəlmir:
“Timbuktudan ziddiyyətli məlumatlar gəlir, ora ilə əlaqə saxlamaq mümkün olmur. Əhməd baba Universitetinin əməkdaşları da paytaxta qaçıblar”.
Saxlancda İslam aləminin dahi yazıçılarının əsərlərindən tutmuş bölgənin tarixinə, hökmdarlar arasında yazışmalara, hüquqi və ticari sənədlərə qədər ən müxtəlif əlyazmalar var.
Əlyazmaların bəziləri dərindən öyrənilməyib və tarixləri göstərilməsə də, 13, 14 və 15-ci əsrlərə aid olduğu güman edilir.
QURAN DA YANDIRILIB?
Məhv edilən əlyazmalar arasında Quran nüsxələrinin də olduğu xəbər verilir, amma bu xəbəri də müstəqil mənbələrdən yoxlamaq mümkün deyil.
Nobili deyir ki, Quranı yandırmaq absurd olardı:
“Ola bilər ki, islamçıların hədəfində sufizmə aid hansısa əlyazmalar olub. Amma məsələ burasındadır ki, təxminən 1 həftə əvvələcən şəhərdəki yaraqlılar özlərini əksinə əlyazmaları qoruyan qüvvə kimi təqdim edirdilər”.
Nobili deyir ki, islamçı yaraqlılar təkcə Malidə yox, Somalidə, Qəddafi-sonrası Liviyada da bəzi sufi məqbərələrini söküblər. Tunisdə də belə cəhdlər olub.
“Belə görünür ki, bu, sələfi-meylli təməlçi hərəkatların baş verdiyi hər yerdə törədilir. Təməlçilər düşünürlər ki, insanların müqəddəs saydıqları belə məqbərələri ziyarət etməsi İslama ziddir və onları Allaha inamdan yayındırır".
Qeyd edək ki, vaxtilə Əfqanıstanda hakimiyyəti ələ alan Taliban yaraqlıları da nəhəng Budda heykəllərini partlatmışdılar.