Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:48

Fermerin kefinə soğan doğranıb


Fermerin kefinə soğan doğranıb
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Fermerin kefinə soğan doğranıb

-

«Soğan yeməmisən, için niyə göynəyir?» məsəli Füzulu köçkünü olan bir fermerin başına gəlib. Sözün birbaşa mənasında soğan əkib qazanmaq istəyib, amma indi xəstəxanada içi də göynəyir, bədəni də. Olay yanvarın 26-da Füzuli rayon Polis İdarəsinin qarşısında baş verib. Özünü məhz orada yandıran Dünyamin Adıgözəlov qurtarılıb və 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Atası Çoban Adıgözəlovun sözlərinə görə, oğlu polis idarəsinin rəis müavini Rahim Mirzəyevlə sözü tərs gəldiyindən intihar fikrinə düşüb:

«TOXUMLUQ SOĞAN XARAB ÇIXDI...»

«Bizim torpaq sahəmiz var. Bir il öncə Ağdam sakini Zahid Quliyev təklif etdi ki, həmin sahədə şərikli soğan əkək. Zahid 3 min 500 manat verib toxumluq soğan aldı. İş elə gətirdi ki, toxumluq soğan xarab çıxdı və heç məhsul götürə bilmədik. Toxumun xarab çıxmasını Yasamal Rayon Məhkəməsi də təsdiqlədi. Qərara görə, Zahidə dəymiş ziyanı toxumluq soğanı satanlar ödəməli idi. Amma Zahid pulunu bizdən istəyirdi. Beləcə, Dünyaminlə aralarında dava düşdü. Rəis müavini Rahim Mirzəyev gəldi, davanı yatırdı və Zahidə dedi ki, narahat olma, mən həmin pulu Dünyamindən alıb sənə verəcəyəm».

«MƏHSUL YIĞIMINDA RƏİS MÜAVİNİ GƏTİRİB STULUNU QOYDU SAHƏMİZƏ»

Çoban Adıgözəlov
Çoban Adıgözəlov
Çoban Adıgözəlovun sözlərinə görə, digər torpaq sahəsində məhsul yığımı başlayanda Rahim Mirzəyev əkin yerinə gəlib və pulu almaq üçün qəribə üsula əl atıb:

«Məhsul yığımında rəis müavini gətirib stulunu qoydu sahəmizə, təxminən 30 min manatlıq soğanı satdırıb, pulunu götürdü. Bizə də cəmi 2 min manat pul verdi. Düşündük ki, o, həmin pulla Zahidlə aramızdakı problemi çözəcək. Sən demə, Rahim Mirzəyev o pulu mənimsəyibmiş. Məhkəmə də Zahid Quliyevin iddiası əsasında qərar çıxardı ki, biz Zahid Quliyevə 3500 manat ödəməliyik. Bu qərardan yuxarı instansiyalara şikayət etsək də, məhkəmədən pulu ödəməyimiz barədə kağız gəlib. Dünyamin də getdi polis idarəsinə Rahim Mirzəyevdən satdığı soğanın taleyi ilə maraqlansın. Ona deyib ki, ya soğanın pulunu qaytar, ya da Zahidlə məsələni həll et. Rahim Mirzəyev nə pulu qaytarıb, nə də ki, məsələni həll edib. Buna etiraz edən oğlum deyib özümü yandıracağam, müavin də deyib get yandır. Oğlum onun kabinetindən çıxıb, idarənin qarşısında özünü yandırıb. Onu polislər yanğınsöndürən balonla söndürüblər».

«BUNDAN ARTIQ MƏLUMAT VERƏ BİLMƏYƏCƏYİK»

Bakı şəhər 5 saylı klinik xəstəxananın yanıq şöbəsi
Bakı şəhər 5 saylı klinik xəstəxananın yanıq şöbəsi
Fizuli Rayon Polis İdarəsindən hadisəni təsdiqlədilər:

– Dünyamin adlı şəxs idarənin qarşısında özünü yandırıb, onu xəstəxanaya göndərmişik. Bu haqda DİN-ə də məlumat vermişik.

– Atası deyir ki, o polis idarəsində rəis müavini ilə mübahisə etdikdən sonra özünü yandırıb...

- Yox. Bunun bizə aidiyyatı yoxdu.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun məlumatına görə, faktla bağlı cinayət məcəlləsinin 125-ci (özünü öldürmək həddinə çatdırmaq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bakı şəhər 5 saylı klinik xəstəxananın yanıq şöbəsinin həkimi Vüqar Zeynalov Dünyamin Adıgözəlovun xəstəxanada olduğunu təsdiqlədi. Həkim onu da bildirdi ki, vəziyyəti ağır olduğundan xəstə hazırda reanimasiyadadır. Ona 3-cü «b» dərəcəli yanıq diaqnozu qoyulub.
XS
SM
MD
LG