Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Ölümə məhkum edilənin yaşantıları... (Günel Mövludun tərcüməsi)


Amerika yazıçısı Ambrose Bierce
Amerika yazıçısı Ambrose Bierce

-

- Hər tərəfə elan yazıb yapışdırılıb ki, dəmir yolu xəttinin yanında gözə dəyən bütün mülki şəxslər məhkəməsiz edam olunacaqlar. Elanı gözümlə görmüşəm...


Ambroz Birs


BAYQUŞ ÇAYI ÜZƏRİNDƏKİ KÖRPÜDƏ HADİSƏ

(Günel Mövludun tərcüməsi)


1

Alabamanın şimal tərəfindəki dəmiryol körpüsündə dayanan adam iyirmi fut aşağıdan axan sulara baxırdı.

Adamın qolları kürəyinə burulub sarınmışdı. Boğazında kəndir vardı.

Kəndirin bir ucu adamın başının üstündəki çəpəki dirəyə bərkidilmişdi, o biri ucu isə dizlərinə qədər sallanırdı.

Şpalların üstündəki bir neçə taxta parçası bu adam və onun qatilləri – federal ordunun iki əsgəri və onlara əmr verən, dinc vaxtlarda şerif köməkçisi işləyən serjant – üçün körpücük funksiyasını yerinə yetirirdi.

Bir az aralıda, buna oxşar, improvizə olunmuş eşafotun üstündə əlisilahlı, kapitan rütbəli zabit dayanmışdı.

Körpünün hər iki başında bir nəfər qarovul silahlarını sol çiyinlərindən aşırıb, əllləri ilə yapışaraq, şaquli halda saxlamışdılar – bu, olduqca gərgin, bədənin qeyri-təbii dikliyini tələb edən bir vəziyyət idi.

Sanki körpünün üstündə baş verənlərdən xəbərdar olmaq onların vəzifəsinə daxil deyildi.

Qarovullardan birinin arxasında heç kim görünmürdü: yüz yarddan sonra relslər meşənin içinə uzanır, sonra döngədə burulub itirdi.

Böyük ehtimalla o tərəfdə gözətçi məntəqəsi yerləşirdi.

O biri sahildə ərazi açıqlıq idi - şaquli şəkildə yerə basdırılmış uzun, hamar tirlərdən ibarət hasarın mazğalından mis topun lüləsi boylanırdı.

Körpü ilə barrikadanın arası boyu tamaşaçılar – «azad» əmri almış piyada bölüyünün əsgərləri düzülmüşdülər.

Silahların qundanqları yerə dayanmış, lülələri azacıq sağ çiyinlərə tərəf əyilmiş, əllər belllərdə çarpazlanmışdı.

Əsgərlərdən sağda bir leytenant dayanmışdı, onun qılıncı yerə sancılmış, əlləri sinəsində çarpazlanmışdı.

Körpünün ortasındakı dörd adamdan savayı heç kim tərpənmirdi.

Bölük cinah istiqaməti boyu körpüyə tərəf dayanmışdı, əsgərlər qarşılarına baxa-baxa sanki yerlərində donub qalmışdılar.

Hərəsi öz sahilinə tərəf baxan qarovullar körpünü bəzəmək məqsədilə bura qoyulmuş heykəllərə oxşayırdılar.

Qollarını çarpazlamış kapitan, tabeliyindəki əsgərlərin işini seyr edir və heç bir göstəriş vermirdi.

Ölüm – kübar qadın kimidi, əgər o gələcəyi barədə əvvəlcədən xəbərdarlıq edirsə, gərək onu məxsusi, rəsmi hörmət-izzətlə qaşılayasan: bu, ölümlə arası yaxşı olanlara da aiddir.

Hərbi etiket kodeksinə görə, susqunluq dərin ehtiram ifadəsidir.

Edama hazırlanan adamın otuz beş yaşı olardı. Paltosuna baxanda – beləsini adətən plantasiya sahibləri geyinirdi – onun mülki həyatdan olduğunu düşünmək olardı.

Düzgün üz cizgiləri – hamar burnu, hissiyyatlı ağzı, geniş alnı vardı, qulaqlarının arxasına daranmış qara saçları məharətlə tikilmiş arxalığın yaxalığına düşürdü.

Adamın burma bığları və topa saqqalı vardı, amma birçəkləri təmiz qırxılmışdı, iri, parlayan ala gözlərindən yağan xeyirxahlıq heç boynundakı ilgəklə uyğun gəlmirdi.

Bu adamın heç nəyi onu sıradan cinayətkara oxşatmırdı. Hərbi vəziyyət olanda, qanun centlmenləri də istisna etmədən sıradan adamlara ölüm hökmü çıxarmağa xəsislik eləmir.

Hazırlıq qurtarandan sonra, hər iki əsgər bir addım kənara çəkildi və ikisi də dayandıqları taxta parçasını özləri ilə geri sürüdülər.

Serjant kapitana tərəf çevrildi, hərbi salam verib tez də onun arxasında dayandı. Kapitan da bir addım kənara çəkildi.

Bu yerdəyişmələrin nəticəsində edama məhkum olunmuşla serjant körpünün üç layını tutan taxta parçasının müxtəlif uclarında dayanmış oldular.

Mülki paltarda dayanmış adamın dayandığı tərəfdən taxta parçası azacıq da olsa, dördüncü laya çatırdı. Bir az əvvəl bu taxtanı kapitanın ağırlığı saxlayırdı, indi onu serjant əvəz eləyirdi.

Kapitanın işarəsi ilə serjant kənara çəkilməli, taxta qalxmalı, edama məhkum olunmuş iki layın arasında asılı qalmalı idi.

O, bu üsulun sadəliyi və rahatlığını qiymətləndirdi. Edama məhkum olunmuş adamın üzünü və gözlərini bağlamamışdılar.

O özünün laxlayan ayaqaltısına, ayaqları altından dəli kimi axıb gedən çılğın çaya baxdı. Sonra suda yırğalana-yırğalana üzən tiri gördü və baxışları ilə onun axın istiqamətini izlədi.

Tir necə də ləng üzürdü! Çay necə də tənbəl idi!

O son fikirlərini arvadının, uşaqlarının yanında cəmləmək üçün gözlərin yumdu.

Bu vaxta qədər səhər günəşinin şüalarına boyanmış su, sahillərə çökən duman, axının aşağısındakı qalaça, əsgər bölüyü, üzən tir – hamısı onun fikrini yayındırırdı.

Zəhlətökən və inadkar bir səs – bu kəskin, çəkic səsi kimi aramlı metal taqqıltısı idi, bu səsdə nəsə bir dirilik vardı – onun yaxınları barədə düşünməsinə mane olurdu. O bu səsə qulaq kəsilərək, səsin hardan gəldiyini, nəyin səsi olduğunu müəyyən etməyə çalışırdı.

Səs eyni zamanda həm olduqca uzaq, həm də çox yaxın idi. Zərbələrin arasından dəqiq hesablanmış bir vaxt keçirdi, amma səs dəfn musiqisi kimi ləng idi. Adam səbəbini özü də bilmədən, hər zərbəni qorxu və səbirsizliklə gözləyirdi.

Getdikcə zərbələrin arasındakı vaxt kəsiyi uzanır, pauzalar daha dözülməz olurdu. Səs ləngidikcə, daha güclü və aydın olurdu. Adam gözlərini açdı və yenə ayaqlarının altından axıb gedən suya baxdı. "Bircə əllərimi aça bilsəydim – adam düşündü – ilgəyi atıb, suya tullanardım. Dərinə batsam, mənə güllə çatmazdı, sahilə qədər üzüb, ordan da özümü meşəyə verər, sonra evə gedərdim. Şükür, mənim evim cəbhədən çox uzaqdı, hucum edənlərin hələ ki, arvadımla uşaqlarımı ələ keçirməyi mümkün deyil".

Burda sözlərlə ifadə elədiyim fikirlər onun beyninə dolanda, daha doğrusu beynindən ildırım sürətilə keçəndə, kapitan serjanta işarə elədi. Serjant kənara çəkildi.


2

Peyton Fakuer, qədim və şərəfli Alabama ailəsindən olan varlı plantasiya sahibi, bir çox başqa qul sahibləri kimi, cənub ştatlarının ayrılması uğrunda siyasi müharibənin iştirakçısı, cənubluların ən çılğın tərəfdarlarından idi.

Özündən asılı olmayan, barəsində danışmağa luzum görmədiyimz səbəblər üzündən, o, uğursuzca döyüşən və Korinf yaxınlığında məğlub olan cəsur qoşunların sırasına qoşula bilməmişdi.

Buna görə də o, adsız-sansız, darıxdırcı rifahını yaşayır, öz gücünü toplamaq, ecazkar döyüşçü həyatı arzusu ilə yaşayır və fərqlənmək üçün fürsət güdürdü.

O inanırdı ki, müharibə dövrü hamının əlinə düşən bu fürsət bir gün ondan da yan keçməyəcək. Hələ ki, o ancaq bacardığını edirdi. Elə bir xidmət yox idi ki – hətta ən xırdası belə – o, Cənub üçün etməyə hazır olmasın. Elə bir riskli tədbir yox idi, o ürəklə getməsin. Təki onun vətəndaş vicdanı içindəki təmiz ürəklə və sadəlövhcəsinə, çox düşünmədən müharibədə və sevgidə bütün üsulların yaxşı olmağı kimi murdar prinsipə inanan hərbçiyə qarşı çıxmasın.

Bir axşam Fakuer arvadı ilə birlikdə həyət qapısının ağzındakı daş skamyada oturmuşdu ki, onlara bir əsgər yaxınlaşıb su istədi. Missis Fakuer həvəslə evə keçdi ki, əsgərə öz əli ilə su gətirsin. O uzaqlaşan kimi, əri toz içindəki atlı əsgərə yaxınlaşaraq, cəbhə barədə suallar verməyə başladı.

- Yankilər dəmir yollarını bərpa eləyirlər, - əsgər dedi, - özləri də növbəti hücuma hazırlaşırlar. Onlar Sovin çayına çatıb, körpünü təmir edib, öz sahillərində möhkəmləniblər. Hər tərəfə elan yazıb yapışdırılıb ki, dəmir yolu xəttinin yanında gözə dəyən bütün mülki şəxslər məhkəməsiz edam olunacaqlar. Elanı gözümlə görmüşəm.
- Körpü burdan çox uzaqdı? – Fakuer soruşdu.
- Otuz mil olar.
- Bizim sahil müdafiə olunur?
- Çayın yarımmilliyində xəttin yanında bir gözətçi qoyublar, bir də körpünün üstünə bir nəfər qarovul, vəssalam.
- Yaxşı, deyək ki, asılma elmləri namizədi olan mülki şəxslərdən biri gözətçinin yanından keçib, qarovulun da öhdəsindən gəldi, sonra nə edəcək – Fakuer gülümsəyərək soruşdu?
Əsgər fikrə getdi.
- Bir ay əvvəl mən orada idim, - əsgər dedi, - yadımdadı ki o vaxt qış seli gələndə, körpünün taxta aşırımına xeyli tir bərkitmişdilər. İndi tirlər quruyub, bir kibrit çəksən, o dəqiqə alışar.

Bu vaxt missis Fakuer su gətirib, əsgərə verdi. Əsgər suyu içib, qadına təşəkkür elədi və ev sahibinə ehtiramla təzim edərək, atını minib getdi. Bir saatdan sonra, artıq hava qaralanda, əsgər yenə həmin plantasiyanın yanından, əks tərəfə yol aldı. Bu, federal qoşunların gözətçisi idi.

3

Körpünün arasından düşəndə, Peyton Fakuer huşunu itirmişdi və demək olar ki, artıq ölü idi. Gözlərini açanda ona elə gəldi ki, aradan min il keçib.

Sıxılmış boğazında sonradan boğulma hissinə çevrilən iti ağrı var idi. Əzablı, iti ağrılar sanki boğazından ayrılıb, bütün bədəninə yayılırdı. Ağrılar ölçülyəgəlməz sürətlə döyünərək, sistemli şəkildə şaxələnirdi.

Bu elə bir hiss idi ki, elə bil, odlu, qaynar bizlə bədənini deşib yandırırdılar. Ağrı baş tərəfə çatmırdı, baş güclü qan təzyiqindən aramsız uğuldayırdı. Bu hisslərin arasında fikir yox idi.

Onun varlığının şüurlu hissəsi artıq məhv edilmişdi, o ancaq hiss edə bilirdi ki, bu hiss də əzabdan ibarət idi.

Amma o bilirdi ki, hərəkət edir. Maddi substansiyadan məhrum olmuş, göydə görünən buludun odlu mərkəzinə çevrilmiş bu adam, tərəddüdlərin ağlagəlməz çalxanışında hərəkət edən nəhəng rəqqas idi.

Gözlənilmədən, onu qəfil və qorxunc şəkildə əhatələyən işıq çalxanıb, yuxarı qalxdı; qulaqlarını batıran dəli bir çığırtıdan sonra soyuq və qaranlıq çökdü. Beyni təzədən işləməyə başladı, o, kəndirin qırıldığını və suya düşdüyünü anladı. Amma o boğulmamışdı, boğazını sıxan kəndir suyun ciyərlərinə dolmağının qarşısını almışdı.

Suyun altında asılaraq ölmək! Bundan daha naqolay ölüm ola bilərdimi? O, gözlərini açaraq, həndəvərindəki qaranlığın içində, başından yuxarıda uzaq, olduqca uzaq, zəif bir işıq gördü! Görünür, o hələ batmaqda davam edirdi, çünki işıq bir ucdan azalırdı və axırda bu işıq güclə sezilən işıltıya çevrildi. Sonra işıq daha aydın və gur olmağa başladı, adam başa düşdü ki, suyun üzünə qalxır. O buna bərk təəssüfləndi, çünki suyun altında artıq özünü yaxşı hiss eləməyə başlayırdı. "Asılmağa və suda batırılmağa – o düşündü – yenə birtəzər dözmək olardı, amma güllələnmək istəmirəm ".

O şüurlu şəkildə cəhd eləməsə də, biləklərindəki iti ağrıdan başa düşdü ki, əllərini açmağa çalışır. O fokus göstərən aktyorun hərəkətlərinə baxan əhlikef tamaşaçısayaq, mübarizənin nəticəsənə qarşı olduqca laqeyd halda öz cəhdlərinə fikir verməyə başladı.

Bu nə heyrətamiz cəldlik idi! Bu nə möhtəşəm güc idi! İlahi, sadəcə əla! Eşq olsun! Kəndir açıldı, əlləri bir-birindən ayrılıb, üzməyə başladı, o, güclə sezilən işıqda ələrini demək olar ki, görə bilmirdi. O get-gedə artan bir diqqətlə əvvəlcə bir, sonra o biri əlin boynundakı ilgəkdən yapışıb, onu açmağına baxdı. Əllər ilgəyi açıb, qəzəblə yana atdı.

"Keçirin, ilgəyi təzədən keçirin!" Ona elə gəldi ki, bu sözləri o öz əllərinə qışqırdı, çünki ilgək açılandan sonra başlayan ağrılar bayaqdan hiss etdiklərindən daha əzablı idi. Boynu dəhşətli dərəcədə ağrıyırdı, bayaqdan ölgün-ölgün döyünən ürəyi köksündən sıçrayıb, az qala boğazına dirənmiş, elə bil çölə çıxmağa çalışırdı.

Bütün bədəni ağrıdan qovrulurdu. Amma sözəbaxmaz əllər onun əmrini eşitmədi. Onlar aşağıdan yuxarı çabalayır və bədəni itələyərək suyun üstünə qaldırmağa cəhd edirdilər.

O, başının suyun üzərinə çığdığını hiss elədi: gün işığı gözlərini qamaşdırdı, sinəsi xəstəhalcasına genişləndi, ağrının ən dözülməz anında ciyərləri hava ilə doldu.
İndi o öz hisslərinə tamamilə hakim idi. Hətta demək olar ki, hissləri indi qeyri-adi dərəcədə itiydi, hər şeyi daha tez qəbul edirdi.

Orqanizminin keçirdiyi dəhşətli sarsıntı hisslərini elə gücləndirmiş və elə itiləşdirmşdi ki, adam əvvəl ona yad olan şeyləri belə hiss edirdi.

İndi ona doğru üzən hər balığı, suyun hər təkanını aydınca hiss edirdi. O, meşə örtüklü sahilə baxır, hər ağacı, hər yarpağı, yarpaqlardakı damarları, hətta hər yarpağın üstündəki həşaratları – mığmığaları, kürəyi parıldayan milçəkləri, torlarını budaqdan-budağa atan boz hörümçəkləri belə görə bilirdi.

O milyonlarca ot saplağının üstündəki şeh dənələrində göy qurşağının rənglərini görə bilirdi. Suyun aşağılara axıb töküldüyü yerlərdə mığmığaların səs-küyü, cırcırama qanadlarının tərpənişi, avarlarını çəkib, suyun üzərində dikəlmiş qayığa bənzəyən üzgüçü böcəklərin suya dəyən əl-ayaqlarının güclə eşidilən şappıltısı sanki musiqi idi.

Gözünün qabağından bir balıq üzüb keçdi və o balıq dönəndə suyun çıxartdığı səsi eşitdi. O, kürəyi körpüyə tərəf, üzüb suyun üstünə çıxdı; ilk anlarda görünən dünya öz oxu ətrayında fırlanırmış kimi, onun ətrafında fırlanmağa başladı. Körpünü, silah dayalı divarı, kapitanı, serjantı, öz qatillərini – iki əsgəri gördü.

Onların siluetləri mavi səmada aydın görünürdü. Bu adamlar onu göstərərək, əllərini yırğalayır, qışqırır və ona işarə edirdilər; kapitan tapançasını çıxartdı, amma atəş açmadı, qalanlarının əlində isə silah yox idi.

Birdən onun qulağına möhkəm atəş səsi gəldi, başının beş düymlüyünə nəsə zərblə suya dəyib, suyu onun üzünə sıçratdı. Yenə atəş səsi gəldi və o qarovullardan birini gördü - silah yuxarı doğrulmuşdu, lüləsindən zəif tüstü qalxırdı. Sudakı adam körpüdə dayanıb, hədəf çərçivəsindən ona baxan adamın gözlərini gördü.

O, adamın boz gözlərinə baxıb xatırladı ki, boz gözlər ən yaxşı görən gözlər hesab olunur. Amma atıcı hədəfə dəyə bilmədi.

Əks axın Fakueri ağuşuna alıb, onu təzədən meşəli sahilə apardı. O arxasınca aydın və cingiltili bir səs eşitdi. Bu səsin boz cingiltisi suda elə əks-səda yaratdı ki, qalan bütün səsləri, hətta adamın qulaqlarındakı su uğultusunu da batırdı.

Fakuer hərbçi olmasa da, hərbi düşərgələrə kifayət qədər baş çəkmişdi və bu qəsdən uzadılan, aram səsin dəhşətli mənasını anlayırdı: sahildə düzülmüş bölüyün komandiri hadisəyə müdaxilə eləmişdi.

Bu qəddar sözlər necə də soyuq, yalvarışa məhəlsiz, dəqiq düşünlmüş tərzdə və əsgərləri sakitləşdirmək üçün arxayınca səsləndi::

- Bölük, düzlən!.. Silahlar yuxarı!.. Nişan al... Atəş!

Fakuer bacardığı qədər suyun dibinə endi. Su onun qulaqlarını elə batırdı ki, elə bil o, Niaqara şəlaləsinin altına girmişdi. Amma yenə də atəşin suyun bir az boğduğu uğultusunu eşitdi və təzədən suyun üstünə çıxanda o, yırğalana-yırğalana çayın dibinə enməkdə olan parıltılı metal parçalarını gördü.

Metal parçalarından bəziləri onun əlinə, üzünə dəyərək, aralandı və suyun dibinə endi. O artıq boğuldğunu görüb, çayın üzünə çıxanda, bu dəfə suyun altında çox qaldığını başa düşdü; axın onu təhlükədən çox uzağa aparmışdı.

Əsgərlər silahlarını ikinci dəfə doldurmuşdular, lülələrdən çıxmış polad şompolllar hamısı birdən günəşdə parlayıb, havada dönərək, təzədən yuvalarına girdilər. Bu müddət ərzində hər iki qarovul özbaşına atəş açdılar və hədəfdən yayındılar.

Çevrilib çiyninin üstündən baxan qaçaq bunu gördü və axın boyu daha əminliklə üzməyə başladı. Beyni də əl və ayaqları kimi enerji ilə işləyirdi – fikirlər başından ildırım sürətilə keçirdi. "Leytenant, - o düşünürdü, - ona görə səhv elədi ki, şablona riayət elədi, ikinci dəfə o bunu eləməyəcək. Yaylım atəşindən yayınmaq, bir güllədən yayınmaq qədər asandır. İkinci dəfə o yəqin ki, kimə hara gəldi atəş açmaq əmri verib. Həə, bu pisdi, hamısından yaxanı qurtarmaq çətin olacaq".

Budur, ondan iki yard aralıda dəhşətli çaxnaşma və elə həmin an da bərkdən, inadla səslənib, sonradan səngiyən və deyəsən, havada dövrə vurub qalaya dönərək, çayı dərinliklərinə qədər silkələyən qulaqbatırıcı partlayışla nəticələnən uğultu!

Onun başı üzərində bir su divarı peyda oldu. Su divarı əyilib onun üstünə çökərək, gözlərini qapadı, qulaqlarını batırdı və boğdu. Oyuna top girmişdi. O köpüklü su divarından azad olub, silkələnənə qədər başının üstündən bir uğultu keçdi və bir an sonra meşədən şaqqıltı ilə qırılan budaqların səsi gəldi.

"Onlar ikinci dəfə bunu eləməyəcəklər, - Fakuer düşündü, - indi onlar karteçi işə salacaqlar. Topa diqqət eləmək lazımdı; tüstü məni qoruyar, səs gecikir, atəşdən bir az dala qalır. Top isə rahatdı".

Qəfildən o fırlandığını, qıvrıldığını hiss elədi. Su, hər iki sahil, uzaqda qalmış körpü, əsgər bölüyü – hamısı bir-birinə qarışıb, yayxandı.

Əşyaların ancaq rəngini ayırd edə bilirdi. Onun görə bildiyi üfüqi, rəngli zolaqların çılğın fırlanmasıydı. O, su axınına düşmüşdü və axın onu sahilə elə sürətlə aparırdı ki, adamın başı fırlanır və ürəyi bulanırdı. Bir neçə saniyədən sonra axın onu soldakı qumlu sahilin onu düşmənlərinin gözündən qoruyan təpəciyinin o tayına atdı.

Qəfil hərəkətdən qalma, daşa dəyib yaralanmış əlindəki çapığın ağrısı onu gözünə gətirdi və adam sevindiyindən ağladı. O, əllərini quma batırır, qumu ovuclayıb başına səpə-səpə dua edirdi. İri qum dənələri almaz, rubin, zümrüd, bir sözlə dünyadakı bütün qiymətli cəvahirat kimi parlayırdı.

Sahildəki acaclar nəhəng meyvə ağacları idi, o bu ağacların səliqə ilə əkilməyinə baxır, çiçəklərinin qoxusunu ciyərinə çəkirdi. Ağacların başı üzərindən görünən sirli çəhrayı işıq süzülür, yarpaqları xışıldadan külək isə qızıl arfa kimi səslənirdi.

Onun xəyallarını yarımçıq qoyan, ağacların üstündən eşidilən fit və karteç səsi oldu. Qəzəblənmiş komandir ona vida salamı göndərmişdi. O yerindən sıçrayıb, sahil boyu qaçaraq, meşədə gizləndi.

Bütün günü o günəşə doğru yeridi. Meşənin elə bil ucu-bucağı yox idi, heç yanda da bir yol, hətta bir ovçu cığırı da gözə dəymirdi. Onun ağlına da gəlməzdi ki, yaşadığı yerin yaxınlığında belə adamsız yer var.

Axşama yaxın o aclıq və yorğunluqdan heysiz düşmüşdü. Amma arvadı və uşaqlarını düşənəndə, yoldan qalmaq istəmirdi. Nəhayət, o yola çıxdı və bu yolun onu evinə aparacığını düşündü.

Yol şəhər küçələri kimi enli və hamar idi, amma deyəsən, buradan heç kim keçmirdi. Heç bir tərəfində tarla, əkin yeri, tikili gözə dəymirdi. Buralarda insanların yaşadığına işarə edən heç bir nişan yox idi, hətta it hürüşü də gəlmirdi.

Əzəmətli ağacların qara gövdələri yolun hər iki tərəfində göz işlədikcə uzanan divar kimi uzanırdı. O başını qaldırıb, yuxarı baxdı və göy üzündə dənəvər, qızılı ulduzlar gördü. Ulduzlar qəribə şəkildə birləşir və ona çox yad görünürdülər.

O hiss edirdi ki, bu ulduzların birləşməsinin nəsə sirli və qorxulu bir mənası var. Həndəvərindəki meşə əcaib səslərlə dolu idi, bu səslərin arasında onun qulağına – artıq bir neçə dəfə - nəsə yad dildə bir pıçıltı da dəymişdi.

Boynu bərk ağrıyırdı, o, əlini boynuna vuranda, bərk şişdiyinə əmin oldu. Başa düşürdü ki, bu şişən yer həmin qara halqa, kəndir izidi.

Gözləri elə bərəlmişdi ki, yuma bilmirdi. Susuzluqdan dili şişmişdi, o dilinin yanğısını bir az yatırsın deyə, onu ağzından soyuq havaya çıxartdı. Gediş-gəlişsiz yolda olduqca zərif yaşıl ot bitmişdi. Ot elə zərif, elə yumşaq idi ki, onu ayağının altında hiss eləmirdi!

Görünür, bütün ağrılarına baxmayaraq, o yeriyə-yeriyə yuxulamışdı. Çünki indi onun gözü qarşısında tamam başqa bir mənzərə vardı – bəlkə də, o sadəcə sayıqlayıb, ayılmışdı.

O, evinin qarşısında dayanmışdı. Evi o buraları qoyub gedəndə olduğu kimi idi, hər şey səhərin gün işığında həvəslə parlayırdı. Bəlkə də bütün gecəni yağış yağmışdı. Həyət qapısını açıb, geniş cığırla bir neçə addım atandan sonra o enli ətəkləri olan qadın donu gördü – onun təravətli, sakit, gözəl arvadı pilləkənlərlə onun yanına enirdi. Qadın birinci pilləyə çatıb, dayanır və görünməmiş xoşbəxtliklə gülümsəyəək, onu gözləyir – qadın təpədən-dırnağa qədər zəriflik və ağayanalıq mücəssəməsidir!

İlahi, o necə də gözəldir! O qollarını açıb, arvadına tərəf atılır. Qadını bağrına basmaq istədiyi anda boynunu arxasından qəfil zərbə alır; atəş səsinin fonunda gözqamaşdırıcı dərəcədə ağappaq bir işıq onun başına hərlənir və hər tərəf sükuta, qaranlığa qərq olur!

Peyton Fakuer ölmüşdü; boynu sınmış bədən Sovin çayının üstündəki körpüdən sallanaraq, aramla yellənirdi.


Yazıçı haqda ətraflı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG