Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:15

«Hara gedək?»


Məfkurə Əliyeva
Məfkurə Əliyeva
-

«Bizə 5 gün vaxt verilib. Öz xoşumuzla çıxmasaq, bizi zorla küçəyə tökəcəklər. 3 oğul, 3 gəlin, 6 körpə, bir də mən. Hara gedək?».

Məfkurə Əliyeva deyir ki, 1993-cü ildə Füzulidən məcburi köçkün düşəndən sonra Bakıda Yasamal rayonu ərazisindəki bir ünvana ailəlikcə yaşayış qeydiyyatına düşsələr də, 1996-cı ildən faktiki Suraxanı rayonu ərazisindəki bir yarımtikilidə məskunlaşıblar. 16 ildən sonra bir məhkəmə qərarı ailəni küçədə qalmaq təhlükəsi ilə üz-üzə qoyub.

«2007-ci ildə bir şirkət bu ərazini aldı. Şirkət işçiləri bizi burdan çıxara bilməyəndə, bir nəfər bizi məhkəməyə verdi ki, guya onun sahəsinə girmişik».

Məfkurə Əliyevanın və onun ailə üzvlərinin məskunlaşdıqları ünvandan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edən isə Rəcəb Abbasov adlı şəxs olub. O, iddia qaldırıb ki, köçkün ailələrinin məskunlaşdığı tikili və torpaq sahəsi ona məxsusdur. Suraxanı rayon Məhkəməsi iddianı təmin edib. Məhkəmə hesab edib ki, Rəcəb Abbasovun iddiası əsaslıdır. Məhkəmə beynəlxalq konvensiyaya istinad edərək nəzərə alıb ki, hər kəs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, başqa şəxslərin hüquqları və maraqları pozulmasın.

5 GÜNDƏN SONRA ZORLA ÇÖLƏ TÖKƏCƏKLƏR...

Bunu əsas götürən məhkəmə iddianı təmin edib. Məhkəmə köçkün ailəsinin başqa yaşayış yeri ilə təmin olunmasını öhdəlik kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin üzərinə qoyub.

Məfkurə Əliyeva qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti versə də, təmin olunmayıb.

«Yanvarın 22-də icra məmurlarından bildiriş aldıq ki, 5 gün ərzində evi boşaltmasaq bizi zorla çölə tökəcəklər».

Suraxanı rayon İcra şöbəsindən isə «Qaynar xətt»ə bildiriblər ki, Məfkurə Əliyevaya 5 gün ərzində ünvanı boşaldaraq, öz sahibinə təhvil verməsi ilə bağlı bildiriş göndəriblər. Vaxt bitsə də, Məfkurə Əliyeva ünvandan çıxmayıb. İcra şöbəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Məfkurə Əliyevanın və ailə üzvlərinin başqa yerə yerləşdirilməsi ilə bağlı məktub göndərib və ailənin evdən çıxması üçün daha 5 gün vaxt verib.
XS
SM
MD
LG