Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:08

Əvəz Zeynallı: «Siz ömürlük hakimsiniz»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Əvəz Zeynallı (gülə-gülə):

- Ramella xanım, Sizi təbrik edirəm.

Hakim Ramella Allahverdiyeva (könülsüzcəsinə):

- Nə münasibətlə?

Əvəz Zeynallı:

- O xalatdan Sizə də veriblər.

Hakim:

- Leyla Yunusun verdiyini deyirsən?

Əvəz Zeynallı:

- Bəli.

Hakim:

- O, Leyla Yunusun öz fikridir. Mənim 35 illik fəaliyyətim göz qabağındadır. Mən öz işimi bilirəm, onun-bunun qiymət verməyinə də ehtiyacım yoxdur.

Əvəz Zeynallı:

- Düz deyirsiniz, Siz ömürlük hakimsiniz.

Hakim:

- Allah eləməsin ki, ömürlük işləyim.

«BU PROKUROR MƏNİM TƏQSİRSİZLİK PREZUMPSİYAMI POZUB»

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsində hakim Ramella Allahverdiyevanı belə təbrik etdi. Yanvarın 23-də məhkəmə iclası Əvəz Zeynallının vəsatətlərinin müzakirəsi ilə davam etdi.

İlk vəsatət prokurora etirazla bağlı oldu.

Əvəz Zeynallı:

- 16 aydır ki, Ramiz Mehdiyevin əsiriyəm. Bakı İstintaq Təcridxanasında girov saxlanıram. Sevinc Babayevanı zəhərləyib öldürdükləri kimi, dövlət ittihamçısı da məni psixoloji baxımdan zəhərləyib məhv etmək istəyir. Bir dəfə sual verdim ki, məni burda niyə saxlayırsınız? Dövlət ittihamçısı bildirdi ki, törətdiyin əməllərə görə. Bununla da o, mənim təqsirsizlik prezumpsiyamı pozaraq cinayətkar adlandırdı. O zaman da demişdim, indi də deyirəm ki, dövlət ittihamçısı məhkəmənin nəticəsində maraqlıdır, mən onun prosesdən kənarlaşdırılmasını xahiş edirəm.

Hakim:

- Prosesdən kənarlaşdırılmasını xahiş edə bilməzsiniz, ona etiraz edə bilərsiniz.

Əvəz Zeynallı:

- Necə istəyirsiniz, elə olsun. Ona etiraz edirəm.

Hakimin prokurordan vəsatətə münasibət bildirməsini xahiş etməsi Əvəz Zeynallının narazılığına səbəb oldu:

- Sizcə, o, özü-özünə etiraz edəcək? Sizcə, o deyəcək ki, razıyam, məni prosesdən kənarlaşdırın?

Prokuror Ramazan Hadıyev:

- Zeynalov, nə deyəcəyimdən asılı olmayaraq, qanunun tələbidir ki, mən bütün vəsatətlərə münasibət bildirməliyəm.

«BİR DƏ ZƏHMƏT ÇƏKİB MÜŞAVİRƏ OTAĞINA GETMƏYİN»

Sonra prokuror vəsatətlə bağlı danışdı:

- Əvəz Zeynallı iki hüquq təhsili olan, uzun müddət prokurorluq orqanlarında qüsursuz xidmət göstərən bir insana dəfələrlə «sən cinayət işi ilə tanış deyilsən» deyir. Məni təhqir edir, dözürəm. O, mənə etiraz etmir, «zəhər» deməklə təhqir və ittiham edir. Demək istəyirəm ki, mən burda baş prokurorun nümayəndəsiyəm, zəhər deyiləm.

Əvəz Zeynallı:

- Zəhər kimi şeysən.

Prokuror:

- Vəsatətin təmin olunmamasını xahiş edirəm.

Hakimlər müşavirə otağına gedib 10 dəqiqədən sonra məhkəmə salonuna qayıtdılar. Vəsatət təmin olunmadı.

Əvəz Zeynallı:

- Ramella xanım, bir də niyə əziyyət çəkib müşavirə otağına gedirsiniz? Onsuz da bütün vəsatətlərin sonu belə olur, heç biri təmin olunmur. Elə oturduğunuz yerdə vəsatətləri rədd edin, bir də zəhmət çəkib müşavirə otağına getməyin.

Növbəti vəsatət Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ağababa Babayevin məhkəmədə dindirilməsi ilə bağlı oldu.

Əvəz Zeynallı:

- Ağababa Babayev 2005-2007-ci illərdə Nərimanov rayon Məhkəməsinin sədri olanda, «Xural» qəzetinə qarşı bir neçə məhkəmə qərarı çıxarıb.

Hakim:

- Ağababa Babayevin bu məhkəmə prosesi ilə heç bir əlaqəsi olmadığına görə onun şahid kimi bura dəvət olunmasına ehtiyac yoxdur. Vəsatət təmin olunmur.

Əvəz Zeynallı:

- Ay sağ ol, bax belə. Yerinizdən tərpənməyin, onsuz da heç nə müzakirə etmirsiniz, boş yerə əziyyət çəkib müşavirə otağına getməyin. Elə oturduğunuz yerdəcə vəsatətləri təmin etməyin, işiniz yüngül olsun.

Əvəz Zeynallının növbəti vəsatəti «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızının məhkəməyə çağırılması ilə bağlı oldu.

Hakim:

- Nigar Almanqızı ölkədən kənarda yaşayır. Biz onu dəvət edə bilməyəcəyik.

Əvəz Zeynallı:

- Necə yəni dəvət edə bilməyəcəyik, Ramella xanım? Mənə verilən ittiham bu adamın üzərində dayanır. Onun bura gəlməsi vacibdir.

Hakim:

- Sizin əlavə şahidinizdirsə, özünüz gətirməlisiniz.

Əvəz Zeynallı:

- Biz niyə, hökumət gətirməlidir.

Prokuror:

- Nigar Almanqızının məhkəməyə gətirilməsi Sizin marağınızdadır, bizim yox.

Əvəz Zeynallı (üzünü hakimə tutur):

- Ramella xanım, prokuror nə danışdığını bilir? İstintaq Nigar Almanqızını dindirməli idi, dindirməyib. Necə yəni marağımızda deyil? İttiham aktı Nigar Almanqızına görə yazılıb.

Hakim:

- Bəli, istintaq dindirməli idi, dindirməyib. Ancaq indi Siz tələb edirsinizsə, dindirilsin, o zaman özünüz gətirin, dindirək.

Əvəz Zeynallı Gülər Əhmədovanın yazdığı gizli səsyazısının ölkə xaricində ekspertizadan keçirilməsi və daha bir neçə nəfərin də əlavə şahid kimi dindirilməsi ilə bağlı vəsatətlər qaldırdı. Hakim vəsatətlərin heç birini təmin etmədi.

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək.
XS
SM
MD
LG