Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

Nazirlik: «Pozuntular Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib»


Natiq Əmirov
Natiq Əmirov
-
«Azərbaycan Kinematoqrafçılar İttifaqında vergidən yayınma ilə bağlı cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sırf vergidən yayınma faktı ilə bağlıdır».

Bunu yanvarın 22-də keçirdiyi mətbuat konfransında vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında baş verən vergidən yayınma faktları növbəti yoxlama nəticəsində aşkarlanıb. Bu qanun pozuntuları qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib:

«Kinematoqrafçılar İttifaqında növbədənkənar deyil, qanuni qaydada növbəti yoxlama aparılıb. Yoxlama başlamazdan 15 gün öncə yoxlamanın keçirilməsi ilə bağlı onlara bildiriş göndərilib. Təklif olunub ki, bütün sənədlərinizi qaydaya salın. 15 gün sonra biz gəlib sizdə yoxlama aparacağıq. İşgüzar şəraitdə yoxlama aparılıb. Yoxlamanın aparıldığı müddət ərzində vergi orqanlarına hər hansı bir şikayət, narazılıq bildirilməyib. Yoxlama bitəndən sonra vergidən yayınma faktı aşkar edilib. Qanundankənar, yaxud qərəzli mövqe yoxdur, ola da bilməz. İndi kimlərsə bu məsələni siyasiləşdirmək, ya da bizi siyasətin içinə çəkmək istəyirlərsə, bu, yanlış yoldur».

«PULLARIN KÖÇÜRÜLMƏSİ SƏNƏDLƏŞDİRİLMƏYİB»

Natiq Əmirovun dediyinə görə, haqqında cinayət işi açılan İttifaqın direktoru Lalə Əfəndiyeva 2009-cu ildə XI «Şərq-Qərb» Bakı Beynəlxalq Kino Festivalının nəqliyyat xərcləri ilə bağlı hansısa şirkətə pul köçürdüyünü desə də, bu məsələ sənədlərlə öz təsdiqini
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
tapmır:

«Həmin şirkətin vəzifəli şəxsləri bunu təkzib edirlər və Lalə adlı adamı görmədiklərini deyirlər. Lalə Əfəndiyeva da istintaqa həmin pulların köçürüldüyünü sübut edən hər hansı rəsmi sənəd təqdim etməyib. Onun təqdim etdiyi sənədlər özlərinə məxsus sənədlərdir ki, biz bunu ödəmişik, amma bununla bağlı onlarda qarşı tərəfin hər hansı sənədi yoxdur».

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov cinayət işinin açılmasını özünə qarşı təzyiq kimi qiymətləndirərək deyib ki, «mən hər dəfə çıxış edəndən sonra belə təzyiqlər edirlər. Mənə mesaj verirlər ki, ya sus, ya da səndən əl çəkməyəcəyik».

RÜSTƏM İBRAHİMBƏYOV AEROPORTDAN BAKIYA GƏLƏNDƏ, BAKIDAN GEDƏNDƏ…

Politoloq Eldar Namazov deyir ki, bu yoxlamanın kökündə Rüstəm İbrahimbəyovun hakimiyyətə qarşı tutduğu mövqe dayanır. O, Vergilər Nazirliyinin yoxlamaları Rüstəm İbrahimbəyovun çıxışlarından sonra aparmasına diqqət çəkir:

Eldar Namazov
Eldar Namazov
«Qanunla 3 il ərzində belə bir yoxlama aparıla bilərdi. Belə bir yoxlama aparılmışdı. Orda hər şey qaydasında idi. Birdən-birə Rüstəm müəllimin müsahibələrindən sonra yenidən yoxlama aparmaq və heç bir əsası olmayan ittihamlar irəli sürməyin arxasında siyasi məqsədlərin dayandığı aydındır. Rüstəm İbrahimbəyov aeroportdan Bakıya gələndə, Bakıdan gedəndə, ona maneələr törədirlərsə, heç bir qüsur tapılmayan yoxlamadan sonra təzədən bu məsələyə qayıdıb ittihamlar irəli sürülürsə, təbii ki, bunun arxasında siyasi məqsədlər dayanır. Hakimiyyət özü belə addımlarla özünü rüsvay edir. Rüstəm müəllim açıq deyib ki, onu bu yollarla susdurmaq mümkün deyil».

Vergilər Nazirliyinin əməkdaşları yanvarın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıb. Cinayət işi təşkilatın 2009-cu ildə keçirdiyi «Şərq-Qərb» Kino Festivalı zamanı sərf etdiyi 30 min manatın Əlavə Dəyər Vergisinin ödənilməsindən yayınması ilə bağlı olduğu bildirilir.

«KİNEMATOQRAFÇILAR İTTİFAQI BİR SIRA VERGİLƏRDƏN AZADDIR»

«Vergilər Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqının 2009-cu ildə olan fəaliyyətində yaranmış vergi öhdəliklərini yerinə yetirməməsi ilə bağlı yaydığı açıqlamasının seçki ilinə təsadüf etməsi siyasi məqsəd güdür».

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyir.

Qubad İbadoğlu
Qubad İbadoğlu
Qubad İbadoğlu deyir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama formasına görə növbəli səyyar vergi yoxlamasıdır:

«Vergi Məcəlləsinə görə, bu yoxlama mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergiödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Bu halda 20 dekabr 2012-ci ildə başlayan səyyar yoxlamanın 2009-cu il iyunun 1-dən 2012-ci il yanvarın 1-dək olan dövrü əhatə etməsinə izahat verilməlidir. Vergi yoxlaması, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, 2009-cu il dekabr ayının 20-dən 2012-ci il dekabrın 20-dək olan müddəti əhatə edə bilər».

Ekspert deyir ki, Kinematoqrafçılar İttifaqı təşkilati formasına görə ictimai birlik, yəni qeyri-kommersiya təşkilatı olduğundan bir sıra vergilərdən, o cümlədən də ƏDV və mənfəət vergisindən azaddır. Ona görə də səyyar yoxlamanın əhatə etdiyi müddətin hüquqiliyi şübhə doğurur.

Yanvarın 22-də hakimiyyətyönlü «Azərbaycan» və «Yeni Azərbaycan» qəzetlərində Rüstəm İbrahimbəyov haqda məqalələr dərc olunub. Həmin məqalələrdə də dramaturq vergilərdən yayınmaqda ittiham olunur.
XS
SM
MD
LG