Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:47

Güntayın Türk xalqına qarşı yağılığı


İşıqlı Atalı
İşıqlı Atalı
-

Polemika

Güntay Gəncalpın Asif ata haqda yazdıqlarına cavab:

"Bu adam Avropaya sığınıb öz yurduna, millətinə, dəyərlərinə qarşı çirkin oyunlar aparır.

Ata necə Nəimini oxumaya bilərdi ki, Hürufilik haqqında ən bənzərsiz, yaddaqalan fikri elə o deyib".



İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü


MƏNUÇEHRİN TÜRK XALQINA QARŞI YAĞILIĞI


Bu günlərdə Azadlıq Radiosunun saytında Finlandiyada yaşayan Mənuçehr Cavanşirin (Güntay Gəncalp) «Nəsimidən bixəbərlər: Asif Ata, İsa Hüseynov, Qabil, Bəxtiyar Vahabzadə» adlı yazısı yayınlanıb.

Mənuçehr sözügedən yazısında iddia edir ki, İnam Ata Hürufiliyin yaradıcısı Nəimini oxumayıb.

Ata necə Nəimini oxumaya bilərdi ki, Hürufilik haqqında ən bənzərsiz, yaddaqalan fikri elə o deyib.

Üstəlik, İnam Atanın “25 Söz” adlı içsəsində bəşərin 25 ən dəyərli əsərinin adı yer alır. Onlardan biri Nəiminin “Cavidannamə”si, o birisi isə Nəsiminin yaradıcılığıdır.

Özünəqədərki bütün dünya fəlsəfəsini, irsini öyrənən, bir sözlə, ömrünün yarıdan çoxunu kitabxanada keçirən İnam Ata “Cavidannamə”ni oxumasaydı, “25 Söz”də onu başqalarına oxumaq üçün necə tövsiyə edə bilərdi?

Əslində Mənuçehrin ardıcıl olaraq öldürmək, gözdən salmaq istədiyi dəyərlər (Babək, Nəimi, Nəsimi, Xətayi...) İnam Atanın ulusumuzun varlığı üçün müəyyənləşdirdiyi dəyərlərdir, fərəhlərdir. İnam Ata Azərbaycanın Zərdüştdən Saza kimi olan dəyərlər sistemini bəlirləyərək xalqa təqdim edib, hər biriylə bağlı yazılar yazıb, görüşlər keçirib.

Hürufilik haqqında da ən uca fikri, dəyəri İnam Ata verib, deyib. Onları bəyənməmək, qəbul etməmək olar, ancaq yoxa çıxartmaq mümkün deyil.

Atanın Hürufiliklə bağlı yazılarını oxumaq istəyənlər onun «İnam və Şübhə» (1988) kitabına («Nəsimilik – Vəcdli idrak» yazısı), «Uluyurd Aqibəti – Bütöv Azərbaycan» kitabına (Bakı, 2007, «Hürufiliyimiz – Ənəlhəqliyimiz», «Tarixə Çatmaq» yazıları) baxa, Ocaq TV-dəki, Youtube-dakı çıxışlarına və s. qulaq asa bilərlər. Eləcə də İnam Ata başqa əsərlərində sözügedən mövzu ilə bağlı düşüncələrini bildirib.

Mənuçehrin farsca bilməsi kimi gizli eyhamına gəlincə, qoy o, Nəiminin başlıca əsəri «Cavidannamə»ni türkcəmizə çevirsin. O zaman bəlkə millətimizə yarar nə isə bir iş görər...

İnkar etmək çox asandır, ancaq inkar etdiyinin yerinə nə isə qoymaq çətindir. Belə olmayanda hər cür inkar və imtinalar gülünc görünür.

Azərbaycanda İnam Atanın yazdıqlarına dodaq büzənlər tapılır, ancaq hələ ki, onun vergülünü belə tərpədən olmayıb. Səbəb aydındır: Ata həqiqəti mütləqcəsinə görən və ifadə edəndir. Ata mahiyyəti deyir və fikrini dərin idrakla sübuta yetirir. Mənuçehrsə guya sübut etməyə çalışır ki, hürufilik tamam başqa şeydir: nədir, bu haqda əsaslı, fərqli heç nə demir…

Nəiminin ən ləyaqətli təsdiqinin Nəsimi olmasını kimsə inkar edə bilməz. Əslində Nəsimi kimi bir aşiq olmasaydı, Nəiminin varlığı bu dərəcədə dünyada tanınmazdı. Yeri gəlmişkən, Ocağımızda buna bənzər halı İnam Ata – Safruh birliyində görə bilərik. Ocağın Ruhani Başçısı Safruh 40 ilə yaxındır ki, İnam Atayla birdir, onun yolundadır. Safruhun bütün yazıları, kitabları Ata ideyalarının öyülməsinə, sevilməsinə, yayılmasına həsr olunub.

Mənuçehr isə yolunda öləcəyinə and içdiyi İnam Ataya dönük çıxdı. İllərdir türk xalqının ruhundan doğan uca ideala, böyük bir baxışa dodaq büzür, qarşı çıxır. Sübut etməyə çalışır ki, sən demə, «Hürufizm şiə fanatizmi istiqamətində ortaya çıxmış olan ifratçı bir cərəyan»mış. Belə isə hürufilər niyə yox edilirdilər?

Nəsiminin şeirlərində insanın Allahlığı öyülür. Bu öygünün, sevginin Nəimiyə ünvanlanması aydındır. Mənuçehr isə özünü bilməzliyə qoyur, hürufiliyin başlıca müddəasını (insanın Allah sayılmasını) pərdələməyə çalışır, özəlliklə, bunun türkə xas olmadığını göstərmək istəyir. Hürufilərə kimi hər bir insan Allah sayılmışdımı?

İnam Atanın «Azərbaycanımız –Azərbaycanlığımız» silsiləsindən olan dəyərlər sistemi mütləq bir ardıcıllığa, mənaya əsaslanır. Mənuçehr İnam Atanın «Zərdüştlük, Babəklik, Dədə Qorqudluq, Hürufilik, Füzulilik, Muğamat və Saz» adlı yeddi mənəvi sərvətimizi milli dəyər olaraq təqdim etməsindən bərk qıcıqlanır, ayrıca olaraq bu yazısında İnam Atanın Nəsimi haqqında yazdıqlarından əndişələnir, hər vasitə ilə çalışır ki, onu inkar etsin. Keçməz! Lap tutalım ki, inkar etdin, sonra? Mənuçehri narahat edən odur ki, «hürufiliyi bu qədər humanist, tərəqqipərvər, fəlsəfi dərinliyi olan bir dünyabaxış kimi təqdim etmək Azərbaycan xalqının mənəviyyatı üçün zərərli ola bilər». Narahatlığa bir bax! Mənuçehr xalqın azdan-çoxdan yaranan milli duyğularını korşaltmağa, tamam gözdən salmağa çalışır. İnam Atanın sarsılmaz halı, fikirləri müəllifi elə dəhşətə gətirir ki, onları təhrifə uğradır, istədiyi kimi yozur.

Beləliklə, özünü insanlara “Güntay Gəncalp” (əslində isə Mənuçehr İbsər oğlu Cavanşir,
Güntay Gəncalp
Güntay Gəncalp
yaxud Qocabəyli, Ərdəbilli) kimi təqdim edən bu adamın yolsuz, yönsüz, əqidəsiz, sabahsız, təbli şübhəçi, bilikli həqiqətsiz, kinli olduğu açıqca görünür. Bu adam vaxtilə gah kommunist oldu, gah demokrat oldu, gah Ocaqçı – Asif Ataçı oldu, gah dinçi oldu, gah millətçi, Bütöv Azərbaycançı oldu, sonradan avropaçı, qərbçi oldu...

İndi o, Azərbaycan adına yaradılan, yaşanılan, ömürləşən bütün uca dəyərləri kinlə çeynəyib tapdalayır. Tanıdığım sürəcə bu adamda dəyişməz bir sifət, hal görmədim. O, özünə, mənsub olduğu türk millətinə, onun dəyərlərinə, gələcəyinə inanmır, ona görə var gücüylə bu dəyərləri baltalamağa çalışır. Yuvasız-yurdsuz, hərcayi, şöhrətpərəst, antiinsançıdır. Bir damcı qaradır, səylə dünya boyda ağı qaraltmaq istəyir, bacarmır, ona görə sevilmir, sayılmır, hikkəsindən boğulur.

Onun Ocaqdakı 3 illik dönəmini yaxşı xatırlayıram. Güney Azərbaycandan gəlmişdi, Quzey Azərbaycanda – Bakıda qərib idi deyə, hamının ona güneyli soydaşımız olaraq sayğısı, şəfqəti vardı. Ocağa gələnə kimi Bakıda bir çox tanınmışların yanına getmiş, onların evlərində də qalmışdı. Nəhayət, sonda gəlib İnam Atanı tapdı. Həmişə böyük şövqlə, eşqlə danışırdı. «Ölərəm, Ocaqdan getmərəm, hətta Ata məni Ocaqdan çıxartsa da, çıxmaram» deyirdi. Getdi və əslində öldü. Cismən sağ görünsə də.

Bir dəfə Ocaq mərasimində – Güney Azərbaycandan qayıdandan sonra necə vəcdə gəlmişdisə, Atanın qarşısında diz çökərək dedi: “Güneydə olanda bir daha dərk etdim ki, Atadan başqa həqiqət ünvanı yoxdur.”

Neçə illərdir o, İnam Atanın dünyabaxışına qara yaxır, yaratdığı mənəvi dəyərlər sistemini sökməyə girişir. Bu adam necə yazıq, inamsız, ümidsiz, özündən ayrılmış durumdadır.

Yüzillərdir ki, Türk ulusunu özgə və öz içindən çıxan yağılar səylə sökməyə, mənəvi dəyərlərini yox etməyə çalışıblar. Bu Mənuçehr də səylə yağı dəyirmanına su tökənlərin sırasına qoşulur, çirkli yazı-pozularıyla türkün düşməninə çevrilir. Guya ki, hamı yalan imiş, bircə bu doğruymuş.

Bu adam Avropaya sığınıb öz yurduna, millətinə, dəyərlərinə qarşı çirkin oyunlar aparır. Doğrudan da o, Yurd duyğusunu çoxdan itirib. Yoxsa bir belə antimilli olmaqmı olar? Onun Vətən adlı müqəddəs ünvanı yoxdur, ona görə də mənsub olduğu xalqa, torpağa qarşı yağılığında səylidir, ardıcıldır.

Mənuçehr Azərbaycana yönəlik nə yazır-yazsın, onun başlıca hədəfi İnam Atadır. Çünki yaxşı bilir, Ata və onun Mütləqə İnam dünyabaxışı gələcəkli hadisədir. Heç nə yaratmayasan, insanlığa, dünyaya sözün olmaya, özün də mənasız, böyük iddialarla yaşayasan. Gülünclüyə bax, bir çağlar (Ocaqdan gedəndən sonra) bu adam hər iki Azərbaycanı birləşdirib onun prezidenti olacağını deyirdi – olaydı kaş.

Hərdən düşünürəm: görəsən, Mənuçehr niyə belə əl-ayaq açır, özünü həyasızlıqda sərbəst hiss edir? Çünki dünyada, ictimai çevrədə ona qarşı dirənişin olmayacağını, çoxbilmişliyi ilə adamların gözünə kül üfürəcəyini düşünür. Dünya Mənuçehrin əhvalına çox uyğundur. Minsifətlilik çağımızın böyük bəlasıdır. Bu da fürsətcillik eləyir, özgələrin sökdüyü nöqtələrdən öz ulusunun dəyərlərini sökməyə girişir.

Əslində Mənuçehrin biliyi əzbərçilikdən başqa bir şey deyil. Onun içində Azərbaycan obrazı yoxdur. Dağıtmaq istədiyinin yerində isə heç nə qura bilmir. Dünya milliliyə qarşıdır, əslində insaniliyə, deməli, bəşəriliyə qarşıdır. Bu adam da Azərbaycana qarşı durmaqla özünə şöhrət qazanmaq istəyindədir.

Asif ata
Asif ata
Mənuçehrin yazılarında yurd sevgisi, həsrəti, yanğısı yoxdur, əksinə yurda, dəyərlərə anlaşılmaz nifrət, acıq var. Belə adam gücsüz, inamsız olur, mənəvi-ruhani problemlər içində qovrulur, özünü tapa bilmir, sözünün önü ilə sonu düz gəlmir, həmişə özündən qaçır...

Düz 50 ildir İnam Atadan qorxduqları, çəkindikləri dərəcədə ona böhtan atırlar. İndi bu işi Mənuçehr səylə davam etdirir. Mənuçehr öncə Atanın dünyabaxışını “sökməyə” girişdi, bir şey alınmadı. İndi də Atanın müəyyən etdiyi dəyərləri sökməyə girişib. Bu adam başa düşmür ki, yazdıqları mənsub olduğu xalqı təsdiq etmirsə, etməyəcəksə, kimsə onun cızma-qarasına inanmayacaq. Onsuz da türkün düşmənləri tarixən belə murdar böhtanlar çox yazıblar, yenə də yazmaqdadırlar.

Mənuçehr İnam Atanın ünvanına nalayiq ifadələr işlətməklə riyakarlığını ortaya qoydu. Burada İnam Atanın Mənuçehri 1991-ci ildə Ocağa evlad qəbul edərkən ona “Güntay” adını verməsiylə bağlı yazdığı ruhani sənədi təqdim edirəm.


«İnam Ata

EVLADIM GÜNTAYA

İnamsızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İnam İşığı gərək – Qaranlıqları Yaran.
İdraksızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İdrak İşığı gərək – Qaranlıqları Yaran.
Mənəviyyatsızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
Mənəviyyat İşığı gərək – Qaranlıqları Yaran.
İradəsizlik Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İradə İşığı gərək – Qaranlıqları Yaran.
Gün gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Günə tay olmalıyıq.
Güntay adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!


7 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(7.11.1991)»


Mənuçehr isə həyasızlıq edib deyir ki, guya Ocaqda 8 ay olub. Yalan deyir. O, 1991-ci ilin noyabrında Ocağa gəlib, 1994-cü ilin sonlarında Ocaqdan üzqaralığıyla gedib. Bunlar hamısı Ocağın arxivində qorunmaqdadır. Və Ocaqda olduğu sürədə İnam Atanın əlini yüz dəfələrlə öpüb, qarşısında diz də çöküb, yalvarıb, lap ağlayıb da. Ləyaqətli çağlarında İnam Atayla, Ocaqla bağlı öyücü yazılar da yazıb – bunu unutmuruq.

Mənuçehr utanmazcasına deyir ki, guya “Güntay” adını hələ Güneydə olarkən özünə ad kimi seçibmiş, yəni bu adı İnam Ata ona verməyib. Yenə yalan danışır. Birinci, Ocağa gələn adama yeni milli, ruhani adın verilməsi indi də dəyişməz qaydadır. Və Ocağa gələn adam adı verənə – İnam Ataya deyə bilməzdi ki, mənim filan addan xoşum gəlir, bu adı ver. Bu, mümkün deyildi. Yalnız adla bağlı yazılan ruhani sənədi İnam Ata oxumayınca yeni Ocaqçı bilməzdi ki, onun ruhani adı nədir. Və kimsə də ona verilmiş ada qarşı çıxa bilməzdi, gərək onda Ocaqdan gedəydi.

İkincisi və ən başlıcası, “Güntay” adını bir çox adlar kimi İnam Ata yaradıb. Üstəlik, İnam Ata Mənuçehrdən öncə bu adı başqa bir Ocaqçıya (Xalid Əfəndiyevə) vermişdi. Həmin şəxs Ocaqdan çıxdığına görə, ad ondan alınmışdı. Belə hallarda Ata həmin adı yeni gələn ardıcıllara verirdi, ancaq hər dəfə adla bağlı yeni ruhani sənəd yazırdı.

Mənuçehrin ən böyük mənəvi eybəcərliyi ondadır ki, İnam Atanın ona verdiyi “Güntay” adını 20 ildən çoxdur dədə malı kimi işlədir, lakin bu qulağayatımlı, gözəgəlimli milli adla antimili fəaliyyət göstərir, adı verənin – İnam Atanın ucalığını danmaqla, içinin çirkinliyini ona qarşı qoymaqla...

Böyüklüyün, bənzərsizliyin bir yolu var: özünü mənsub olduğun ulusun varlığına, özülünə çevirmək, xalqı təsdiq etməklə xalqda təsdiq olunmaq, beləcə var olmaq! Xalqı, onun varlığını, dəyərlərini təsdiq etməyəni – xalqı təsdiq etməz, xalq ünvanına çevrilə bilməz!

Bu baxımdan Mənuçehrin gələcəyi yoxdur. O, xalqımızın uca dəyərlərinə, şəxsiyyətlərinə üzdəniraq yanaşmalarıya xalq kimi böyük bir gücü, arxanı, dəyəri, imkanı çoxdan itirib, əldən çıxarıb. O, əmin olsun ki, yazdıqlarının heç birinin yiyəsi Türk xalqı olmayacaq. Mənuçehrin yazdıqları yalnız düşmənlərimizə yarayan gözəl qaynaq olacaq və onlar da zaman-zaman bunu xalqımıza qarşı çevirəcəklər.

Bir çağlar Quzey Azərbaycanda Mənuçehri tanıyanlar ona əsarətdə olan Güneyimizin obrazı, təmsilçisi, imidi kimi baxmış, ona bacardığımız qədər sayğımızı bildirmişik. Ona olan sevgi və sayğıdan isə Mənuçehr sui-istifadə etməyə çalışdı, həmin sayğıya layiq olmadı. Vaxtilə Güneyimizi onun örnəyində sevənlər Mənuçehrin dönüklüyündən sarsılmamalıdırlar.

Beləliklə, Avropada oturub öz millətinə, yurduna qarşı yağıya çevrilmiş Mənuçehri əsl sırıqlı saya bilərik. Sırıqlının nə olduğunu Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun «Sırıqlılar» adlı yazısından öyrənəcəyik: «Sırıqlı – İdrakı topal, ləyaqəti çolaq, palandöyən; hər kəsdən eşitdiyi sözə inanan və «inanan» (bunlar ayrı-ayrı fellərdir); yaxşıya inamı sürçək (etibarsız), yamana «inamı» həyasız; həqiqət və ərdəmlik sarıdan gözünün biri Aya baxan, biri çaya; daim səksəkəli, büdrək (tərəddüdlü); yüyürəndən yumaq asan; öz üzü olmayan, adətən çənəsi boş, daldada insan gözəlliyinə, gözəl insana göz qırpmadan qıyan, üzdə onu sanki öyən; içində əqidəsiz; çölündə ömür boyu çözə bilmədiyi «əqidə» çərənçiliyi; öz içinin əyriliyini başqasını «tanıma» meyarı sayan; yediyi qaba tüpürən; İnama inanmayan; insan (fərd) ucalığına qarşı dargöz, paxıl, xudbin, amansız…

Bir sözlə, sırıqlılıq daxili (mənəvi) aləm ayıblarının ümumiləşmiş adıdır».

Atamız var olsun!

18 Bölək günü, Qar ayı 34-cü il.
Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin Inam Evi. Atakənd.
(18.1.2013. Bakı)

"Oxu zalı"ndan: Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG