Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Dini komitə: «Xristian icmalarının qeydiyyatı ləğv edilməyib»


-
«Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur».
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov APA-ya belə deyib. Komitə sədri «Open doors» təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Elşad İskəndərovun sözlərinə görə, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir: “Təşkilat Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınıb. Ona görə də “Open doors” bu faktlara gözlərini açsa, öz adına daha uyğun olar”.
Dövlət Komitəsindən APA-ya verilən məlumatda deyilir ki, 2010-cu ildən sonra heç bir xristian icmasının qeydiyyatı ləğv edilməyib.
Bundan başqa, Dövlət Komitəsi ötən il digər müqəddəs kitablar kimi Bibliyanın da ölkəyə idxalını sərbəstləşdirib. Bunlarla yanaşı, son on ildə Bakıda katolik kilsəsi inşa olunub, Azərbaycanla Vatikan arasında katolik kilsəsinin hüquqi statusuna dair saziş imzalanıb, Lüteran kilsəsi dövlət hesabına təmir olunub, Qax rayonunda gürcü pravoslav, Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi, Bakıdakı rus-pravoslav kilsələrində bərpa işləri aparılıb.
XS
SM
MD
LG