Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

Azərbaycan müsəlmanları 2013-cü ildə...


2012-ci il Azərbaycandakı inanclılar üçün nə ilə yadda qaldı? Tolerantlıq və dini etiqad hüquqları baxımından yola saldığımız ildə nələr baş verdi? Və 2013-ci ildən dindarlar nəyi gözləyirlər? Bu suallara “İslam və demokratiya” proqramında müxtəlif ekspertlərin köməyilə cavab verilir.

İƏT Gənclər Forumu Avrasiya üzrə koordinatoru Elçin Əsgərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Elşad İsgəndərovun başçı gətirilməsini yadda qalan hadisə hesab edir. Onun fikrincə, bu 6-7 ay ərzində Azərbaycanda dini sahədə göstərdi ki zəruri olan çoxdan atılmalı olan addımlar atıldı, canlanma başladı.

“2012-ci il həm də beynəlxalq tədbirlər keçirilib. Az-da olan tolerantlığın, dini dözümlülüyün, beynəlxalq miqyasda tanıdılması sahəsində işlər görülüb. Digər tərəfdən bir sıra layihələr – ölkəyə dini kitablar gətizdirilməsi, müvafiq maarifləndirmə, seminarların təşkili istiqamətində yeni təşəbbüslər irəli sürüldü”.

DİNİ KİTABLARI BİR ŞÖBƏ YOXLAYA BİLMƏZ

E.Əsgərov qeyd edir ki, dini hüquqların təmini sahəsində bəzi problemlər həll olunmayıb. Məsələn, Dövlət Komitəsində dini kitablara ekspert rəyi verilməsi ilə bağlı mövcud sistem kifayət qədər işlək və qənaətbəxş deyil.

“Son illərdə nəşr olunan və ölkəyə gətirilən dini kitabların sayı artıb. Ötən il 1400-dən artıq kitaba baxılıb. Bu, bir şöbənin görəcəyi iş deyil. Daha işlək bir mexanizm lazımdır”.

Dini qurumların qeydiyyatı məsələsinə gəlincə, E.Əsgərov bu məsələnin uzanmasını dini icmaların hüquqi biliklərinin az olması ilə əlaqələndirir:

“İcmaya siyahı verilir ki, qeydiyyat üçün hansı sənədlər lazımdır. Bu sənədləri toplamaq 1 həftəyə başa gəlir, amma bu proses bir il çəkir. Adi imzanı da aparıb notariusda təsdiq etdirə bilmirlər. Bəlkə də bu sahədə icmalara hüquqi yardım göstərilməlidir”.

HİCAB MƏSƏLƏSİ HƏLL OLUNMALIDIR

İƏT təmsilçisi hesab edir ki, Azərbaycanda dini icmaların problemləri yalnız dinlə bağlı olur. Onlar cəmiyyətin sosial problemlərinə qarışmırlar:

“İcmaların cəmiyyətdən təcrid olunması bəzən konfliktə götürüb çıxarır. Bu da bəzən onların özlərini istər-istəməz radikallaşdırır. Hicabla bağlı radikal aksiya keçirilməməli idi. Amma bu məsələ də həllini tapmalıdır ki, beynəlxalq təşkilatların əlinə bəhanə düşməsin”.

ŞEYXÜLİSLAM: “AZƏRBAYCAN - DİNİ DİALOQLARIN MƏKANI”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda yüksək dini tolerantlığın mövcud olduğunu söyləyir. Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə Azərbaycanda cəmi 18 məscid var idisə, müstəqillik dövründə onların sayı 2000-ə yaxınlaşıb:

“Azərbaycan hökuməti dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən bir hökumətdir. Artıq bura dini və mədəniyyətlərarası dialoqların keçirildiyi məkana çevrilib.
Müstəqillik dövründə nəinki məscidlər, digər dinlər üçün də kilsələr inşa edilib”.

DİNİ MAARİFÇİLİYƏ EHTİYAC VAR

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev hesab edir ki, dini ekstremizmin Azərbaycanda geniş yayılmasının qarşısının alınmasında hökumətin uğurları var:

“Amma nöqsanlar da var. Dini maarifçilik düzgün təşkil olunmayıb. Dini komitəyə daha yaşlı, həm də din xadimlərinin hamısı tərəfindən qəbul olunan insan qoyula bilərdi”.

İKİ DİNDAR HƏBSDƏ DÜNYASINI DƏYİŞDİ

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu ötən ilin inanclılara qarşı repressiyalarla yadda qaldığını deyir.

“2011-ci ildən başlanılan təzyiqlər dayandırılmadı. Hələ üstəlik, iki nəfər həbsxanada dünyasını dəyişdi. Məscidləri sökənlər cəzalandırılmadı. Azanla bağlı vaxtaşırı cənub rayonlarında problemlər yaradılır. Nəhayət, hicab problemi - bu, çoxlu problemlər yaratdı, çoxlu psixoloji sarsıntıya səbəb oldu. İndinin özündə buna görə 100-ə yaxın insan həbsdədir”.

HİCAB QADAĞASI – LAZIMSIZ PROBLEMDİR

Məktəblərdə hicab qadağasını “lazımsız problem” adlandıran Hacı İlqar hesab edir ki, indiki məqamda yalnız bu məsələlər öz həllini tapandan sonra maarifçilikdən, tolerantlıqdan danışmaq olar:

“Azərbaycanda bu gün dini çoxluğun hüquqları pozulursa hansı tolerantlıqdan danışmaq olar? Aşura öncəsi niyə gərginlik yaşadılmalıdır? Qanunvericilikdə xeyli problemli məqamlar var. 3 milyonluq Bakının mənəvi tələbatını ödəyən məscidlərin sayı yetərli deyil”.

KONFRANSLAR KEÇİRMƏK YOX, PROBLEMLƏRİ HƏLL ETMƏK LAZIMDIR

Hacı İlqar İbrahimoğlunun fikrincə, ilk növbədə həbsdə olan dindarlar azadlığa buraxılmalı, hicab qadağası həllini tapmalıdır. Daha sonra dini etiqadla bağlı digər məsələlərin həllindən danışmaq olar.

DEVAMM sədri “Eurovision” mahnı müsabiqəsi ərəfəsində bir sıra inanclı insanların terror hazırlaması iddiasına birmənalı münasibətin əleyhinədir:

“Azərbaycan müstəqil məhkəmə olmadığından, bu adamların hüquqlarının gerçək müdafiəsi təmin olunmadığından məsələni qiymətləndirmək çətindir. Adətən bu kimi addımlar dövlətə qarşı insan haqları ilə bağlı tənqidləri qabaqlamaq üçün atılır”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Azərbaycanda dini etiqad baxımından ölkədə baş verənləri ümumilikdə mənfi qiymətləndirir:

“Qapanan məscidlərin heç biri açılmadı. İslama münasibət xoşagələn deyil. Bütövlükdə bu istiqamətdə dövlət qurumlarının məqsədyönlü və məntiqli fəaliyyət kimi qiymətləndirilə bilməz”.
XS
SM
MD
LG