Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

«KQB» agenti vəzifə tutsunmu?


Foto: Arxiv
Foto: Arxiv
-
«Baxın, Azərbaycan hakimiyyətinin kimlərə məxsus olunmasına, sonra da Lüstrasiya Qanunundan danışın. Baş nazir, MM, DİN, MTN, nazirlər Azərbaycanda bütün cinayətlərin başında dura-dura necə Lüstrasiya qanunu ortaya gələ bilər? Siz nədən danışırsınız? Bir baxın P.A.-da kimlər məskən salıb. Yaxşı olar bu mövzu bir 5 ildən sonra müzakirəyə çıxarılsın».

Bunu AzadlıqRadiosunun «İnananlar» imzalı oxucusu yazır. «Kommunist keçmişindən necə qurtulmalı» yazısını şərh edərkən.

KİMLƏR VƏZİFƏSİNİ İTİRƏRDİ?

Bəzi ölkələr, eləcə də qonşu Gürcüstan lüstrasiya qanunu qəbul etməklə kommunist keçmişlərindən üzülüşmək yolu tutublar. Məqsəd keçmiş rəsmilərin dövlət, yaxud ictimai fəaliyyətini ya məhdudlaşdırmaq, ya da yasaqlamaqdır.

Azərbaycanda bənzər qanun olmasa da, vaxtaşırı sovet arxivlərinin açılmasına dair təkliflər səslənib. Bəzi mütəxəssislərin fikrincə, cəmiyyət kimin keçmiş rejimdə özəl xidmətlərə çalışdığını bilməli, ədalət yerini tapmalıdır. Digərləri buna qarşı çıxır, arxivlərin açılmasının sabitliyi pozacağını, cəmiyyətdə qarşıdurmaya gətirəcəyini iddia edir. Ellikcə-hamılıqca, bütün cəmiyyət olaraq, aramsız polemika-dartışma-diskussiya-müzakirə və debatlara da ya qarşılıqlı həvəs-istək-canatım yoxdur, ya da imkan-şərait-meydan. Olsaydı, bənzər sual mütləq səslənərdi: Görəsən, Azərbaycanda Lüstrasiya Qanunu gerçəyə çevrilsə, kimlər vəzifəsini itirərdi?

Çex təcrübəsini yada salaq: hətta ictimai yayım sahəsində vəzifə tutmaq üçün DİN-dən arayış gətirməlisən ki, kommunistlərlə bağlılığın yoxdur. Azərbaycanda isə hər şey göz önündədir. Təkcə dövlət mediası və ictimai yayım sahəsində deyil, bütün dövlət qurumlarında, o sıradan Prezident Administrasiyasında yüksək post tutanların kommunist keçmişi çoxlarına bəlli olsa da, bu şəxslər illərdir vəzifələrində qalırlar. Onların mentalitet baxımından
Əvəz Temirxan
Əvəz Temirxan
«post-kommunist» bir yana, sadəcə, «postsovet» olub-olmamasına kim təminat verə bilər?

YALNIZ PREZİDENTLİYƏ VƏ DEPUTATLIĞA NAMİZƏDLƏR

2010-cu ildə Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ictimai müzakirəyə təklif verib ki, Sovet KQB-si, Baş Kəşfiyyat İdarəsi və SSRİ DİN-in xüsusi idarəsi keçmiş agentlərinin deputatlığa və prezidentliyə namizədliyinə qadağa qoyulsun. Əvəz Temirxan AzadlıqRadiosuna deyir ki, kütləvi repressiyanı önləmək üçün o, yalnız deputatlığa və prezidentliyə namizədlərdən danışıb və bu çağırışı heç də keçmiş agentlərə qarşı səlib yürüşü anlamına gəlməməlidir.

O, təklifini ölkənin suverenliyinə təhdidlərlə izah edir. Deyir ki, bu gün ölkə siyasətində xeyli fəal olan keçmiş sovet agentləri ictimai rəy yaradırlar. Belələrinin deputat seçilməsi ölkənin təhlükəsizliyinə ağır zərbə deməkdir:

«Təsadüfdürmü ki, Ermənistandan qovulmuş Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində doğulduqları kəndin adı göstərilmir? Bu o deməkdir ki, Ermənistanda Azərbaycan etnonimlərinin, toponimlərinin olması unutdurulur. Yəni Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtma hüququndan imtina edilir. Kim təminat verər ki, SSRİ «KQB» və «QRU»su keçmiş agentlərinin bu işdə əli yoxdur?».

«DÖVLƏTÇİLİYƏ TƏHLÜKƏ YOXDUR»
Fərəc Quliyev
Fərəc Quliyev

Azərbaycan dövlətçiliyinə təhlükə yoxdur ki, bu qanun qəbul olunsun və icrası mexanizmi yaradılsın. Bunu AzadlıqRadiosuna parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Fərəc Quliyev deyir. O, bənzər təklifləri 1991-92-ci illərdə dilə gətirdiyini xatırladır. Keçmiş imperiyanın qurduğu təhlükəsizlik sisteminin Azərbaycanın əleyhinə işləyəcəyini düşündüyü üçün. Ancaq deputat indi bu məsələni elə də aktual saymır. Fərəc Quliyev deyir ki, imperiyanın bir hissəsi olmuş şəxslər müəyyən postlar tutublar, indi bundan onlara qarşı yararlanmaq düzgün deyil, əksinə, vaxtilə təhlükəsizlik orqanlarında işləmiş şəxslərin təcrübəsindən faydalanmaq gərəkdir.

Üstəlik, ölkənin təhlükəsizlik qüvvələrinin hər kəs üzərində nəzarət etmək, əlaqələri izləmək imkanı var:

«Məncə, belə bir sistem qurulub ki, hər kəs işə götürüləndə kimliyi öyrənilir. Mən kimlərə qarşısa şübhə toxumu səpməyin əleyhinəyəm. Keçmişdə hansısa postlarda olmuş adamlara, onların ətraflarına qarşı bu cür davranışdan sui-istifadə oluna bilər. Ona görə də, fərdi münasibət olmalıdır».

REPRESSİYA QURBANININ HÜQUQU
Rais Rəsulzadə
Rais Rəsulzadə

Lüstrasiya qanununun bir hədəfi də keçmiş rejim qurbanlarının hüquqlarının bərpasıdır. Azərbaycanda təxminən 200 minə yaxın birbaşa siyasi repressiya qurbanı və övladlarının olduğu bildirilir. Ancaq bu say getdikcə azalır.

Siyasi Repressiya Qurbanları Assosiasiyasının rəhbəri Rais Rəsulzadə diqqəti repressiya qurbanlarının hüquqlarının tanınmasına, ancaq müharibə veteranları ilə müqayisədə imtiyazlarının azlığına çəkir. O deyir ki, repressiya qurbanlarının yeganə imtiyazı təqaüdün baza hissəsinə 10 faiz əlavədir:

«1996-cı ildə keçmiş prezident Heydər Əliyev bu məsələyə baxacağına söz vermişdi. Sərəncam da vermişdi. İmtiyazlara da baxılasıydı, ancaq müəyyən səbəblərdən bu məsələ qaldı».

Rais Rəsulzadə deyir ki, siyasi repressiya qurbanlarının problemlərin həllini tapması üçün müraciət hazırlamaq istəyirlər:

«Heç olmasa, repressiya qurbanlarına bir abidə qoyulsun. Moskvada Dzerzhinski-nin heykəlinin yerinə adicə bir daş qoyublar. Mən də orada çıxış etmişəm. Kiminsə atasının, anasının, övladlarının qəbri yoxdursa, gəlib oraya bir dəstə gül qoya bilər».
XS
SM
MD
LG