Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:19

İş yerləri açılırsa, mən niyə işsiz qaldım?


Arxiv foto: Prezident İlham Əliyev Suraxanıdakı Heydər Əliyev Muzeyinin açılışında
Arxiv foto: Prezident İlham Əliyev Suraxanıdakı Heydər Əliyev Muzeyinin açılışında
-
«Suraxanı rayon İcra Hakimiyyətinin qarşısındakı parkda mülki mühafizəçi idim. Həm də icra hakimiyyətinin binasının qapısına nəzarət edirdim. Mənimlə eyni növbədə olan mühafizəçi iş vaxtı yatdığına görə narazılığımı bildirdim, xahiş etdim ki, məni yatan işçi ilə eyni növbəyə salmasınlar, iş qrafikimi dəyişdirsinlər. Mənim özümü işdən çıxartdılar».

«Qaynar xətt»ə şikayət edən Füzuli köçkünü Pərviz Həsənov deyir ki, Suraxanı rayon İcra Hakimiyyətində mülki mühafizəçi işləyib. Ötən il işə çıxma qrafikinin dəyişdirilməsi ilə bağlı müraciət etdiyinə görə, ona ərizə yazdırıb işdən çıxarıblar.

ƏRİZƏNİ QAPIDA YAZDIRIBLAR?

«İşə gələndə mənə ərizəni elə İcra Hakimiyyətinin qapısında dayanan mühafizəçi polis yazdırdı. Dedi ki, səni işdən çıxarıblar, binaya buraxa bilmərəm. Mənə ərizə yazdırdı. Dedi rəhbərliyin tapşırığıdır. Mən ərizəmi yazıb evə qayıtdım, sonra anamla başçının müavininin qəbuluna getdim. Müavin dedi ki, hələlik bizdə sənin üçün iş yoxdur, gələcəkdə iş olanda səni mütləq çağıracağıq. Sonra eşitdim ki, mənimkimiləri işdən çıxarıb, yerinə öz yaxın adamlarını götürürlər».

Pərviz Həsənov deyir ki, işə bərpa olunmaq üçün yazmadığı yer qalmayıb.

Arxiv foto
Arxiv foto
Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Pərviz Həsənov 1 il 6 ay əvvəl özü kadrlar şöbəsində könüllü ərizə yazaraq işdən çıxıb. Yerinə başqa işçi götürüldüyünə görə, sonrakı müraciətində onu işlə təmin etmək mümkün olmayıb. İşdən çıxarılması ilə bağlı əmrini Suraxanı rayon İcra Hakimiyyətinin kadrlar şöbəsinə yaxınlaşıb götürə bilər. Əgər hansısa narazılığı varsa məhkəməyə müraciət edə bilər.

Hüquqşünas Vüqar Səfiyev isə bildirir ki, Pərviz Həsənov işdən çıxarılması barədə əmri əldə etmək üçün əvvəllər işlədiyi icra hakimiyyətinə məktubla müraciət etməlidir. Aldığı cavabı şikayət ərizəsinə əlavə edib, icra hakimiyyətinin yerləşdiyi ərazi üzrə inzibati-iqtisad məhkəməsinə müraciət edə bilər.

Hüquqşünas: «Əgər müraciətindən sonra əmrin surəti ona verilsə, onu əldə edəndən sonra 10 gün ərzində məhkəməyə müraciət etməlidir. Hətta ona icra hakimiyyətindən istədiyi sənədi verməsələr də yenə məhkəmə perspektivi var. Bu zaman o, əmrin surətini almaq üçün məktub göndərdiyi gündən 1 ay sonra məktubun qəbzini şikayət ərizəsinə əlavə edib, məhkəməyə təqdim etməlidir. Ancaq Pərviz Həsənov işdən çıxma ilə bağlı ərizənin ona hansı şəraitdə yazdırıldığını məhkəmədə sübut etməlidir».
XS
SM
MD
LG