Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Siyəzən sakini polisi ittiham edir


Foto: Arxiv
Foto: Arxiv
-
Siyəzən sakini Qasım Tağıyev «Qaynar xətt»ə həmin rayonun polis şöbəsinin əməkdaşlarından şikayət edib. O deyir ki, Siyəzən rayon polis şöbəsinin əməkdaşları yaşadığı mənzilin qapısını sındıraraq, özbaşına evə giriblər və mənzili qarət ediblər.

«10 MİN MANAT PULUMU VƏ QIZIL APARIBLAR»

Qasım Tağıyev:

«Həmin ev oğluma məxsusdur. Həyat yoldaşım vəfat edəndən sonra ikinci dəfə qeyri-rəsmi ailə qurmuşam. Öz evim darısqal olduğuna görə oğlum evini mənə verdi ki, orda yaşayaq. İkinci arvadımla xasiyyətimiz tutmadığına görə ayrılmalı olduq. Bundan sonra başladı məndən ev tələb etməyə. Polisə şikayət etmişdi, polis işçiləri gəlib-gedirdilər, məni narahat edirdilər. Oktyabrın 15-də mən evdə olmayanda, guya, həmin qadını evə yerləşdirmək bəhanəsi ilə polislər qapımı sındırıb evə giriblər. 10 min pulumu, vəfat etmiş arvadımdan qalmış qızılları götürüblər».

Qasım Tağıyev deyir ki, bu barədə baş prokurordan tutmuş daxili işlər nazirinə qədər hamıya yazıb. Ancaq tədbir görülmür:

«Şikayət edəndən sonra, əksinə, mənə hədələr artdı. Polislər elə vəziyyət yaratdılar ki, mən evimdən didərgin düşdüm, indi də Bakıda qızımın evində qalıram. Qorxumdan evimə gedə bilmirəm, küçəyə çıxa bilmirəm. İndi də telefonuma anonim zənglər gəlir, hədələyirlər, deyirlər cibinə narkotik atıb tutacağıq. Şikayət edirəm, zəng edənlərin kim olduğunu araşdırmırlar».

«BU OLAYIN POLİSƏ AİDİYYƏTİ YOXDUR»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Siyəzən sakininin şikayətini əsassız hesab
Orxan Mansurzadə
Orxan Mansurzadə
edir:

«Qasım Tağıyev Kifayət Binyaminova ilə ailə həyatı qurub, bu evlilikdən 8 yaşında bir qızı var. Ayrılandan sonra Qasım Tağıyev birgə yaşayış dövründə əldə etdikləri evi qadının əlindən almaq üçün müxtəlif vasitələrə əl atıb. Sənədlər də təsdiqləyir ki, ev onların birgə yaşadıqları dövrdə tikilib və keçmiş həyat yoldaşı da həmin mənzildə qeydiyyatdadır. Bir müddət əvvəl Qasım Tağıyev Kifayət Binyaminovanı aldadaraq, mənzili birinci nikahdan olan oğlunun adına keçirdib. Bu yolla da iki nəfəri küçəyə atıb. Qapı-pəncərələri mismarlayıb, qazı, işığı, su xəttini kəsib ki, keçmiş arvadı və qızı orda yaşamasınlar».

DİN sözçüsü polis işçilərinin qapını sındıraraq pul və qızıl əşyalarını oğurlaması ilə bağlı deyir ki, Qasım Tağıyev bu barədə dəfələrlə DİN-ə, rayon polis şöbəsinə və prokurorluğuna şikayətlər göndərib. Hər dəfə onun şikayətləri yoxlanılıb, ancaq təsdiqini tapmayıb.

Şöbə rəisi deyir ki, münaqişəli ailə kimi Qasım Tağıyev və Kifayət Binyaminova dəfələrlə RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilib, onlara hüquqları izah edilib. Mübahisə predmetinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmələri tövsiyə olunub. Məhkəmə Kifayət Binyaminovanın iddiası əsasında onun azyaşlı qızıyla birgə mübahisəli mənzildə yaşamaq hüququnu tanıyıb:

«Əslində mismarlanmış qapını birtəhər açıb evə daxil olan da qalmağa yeri-yurdu olmayan zavallı qadınla qızıdır. Bu olayın polisə ümumiyyətlə heç bir aidiyyəti yoxdur».
XS
SM
MD
LG