Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Bir qəzetin iki baş redaktorunun həbsləri arasında paralellər


Hilal Məmmədov
Hilal Məmmədov
-
«HAZIRDA NARKOBARONAM»

Hakim:

- Məmmədov Hilal Əlif oğlu. Neçənci ildə, harada anadan olmusunuz?

Hilal Məmmədov:

- 1959-cu ildə Astara rayonunun Təngərüd kəndində doğulmuşam.

Hakim:

- Ali təhsillisiniz?

Hilal Məmmədov:

- Bəli.

Hakim:

- Haranı bitirmisiniz?

Hilal Məmmədov:

- Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, Moskvada da aspiranturanı bitirmişəm. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoruyam. Hazırda narkobaronam.

Hakim:

- Məhkəmədə belə sözlər demək lazım deyil.

Hilal Məmmədov:

- Hər halda belə ittiham veriblər.

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolişi-Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəməsinə hazırlıq iclası hakim Azər Orucovun təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirməsi ilə başladı.

«HAMIMIZ QƏFƏSDƏYİK»

Vəkillər Yalçın İmanov, Xalid Bağırov və Ramiz Məmmədov vəsatət qaldırdılar ki, Hilal Məmmədov dəmir barmaqlıqlar arasından çıxarılıb onların yanında əyləşdirilsin.

Hilal Məmmədovun vəsatətə münasibəti belə oldu:

- Mənim üçün dünya onsuz da bir qəfəsdir. Hamımız bu qəfəsdəyik. Möhtərəm hakim, elə siz özünüz də «qəfəs»dəsiniz.

Hakim:

- Sən özün bilərsən, ancaq bizimlə işin olmasın.

Hilal Məmmədov:

- Mən bu vəsatəti sizin azadlığınızın intervalına buraxıram.

Hakim:

- Demək istəyirsiniz ki, məhkəmənin mülahizəsinə buraxırsınız?

Hilal Məmmədov:

- Bəli.

Hakim:

- Məhkəmə işə baxır. Azadıq, ya azad deyilik, bunun Sizə aidiyyəti yoxdur. Əyləşin.

Dövlət ittihamçısı Tural Yusifov vəsatətə münasibətini bildirdi:

- Hilal Məmmədovun üzərində kifayət qədər ciddi ittihamlar var, dövlətə xəyanətdə ittiham olunur. Onun dəmir barmaqlıqlardan kənarda oturmasını zəruri hesab etmirəm. Gördüyünüz kimi, dəmir barmaqlıqlar güclü mühafizə olunmur, vəkilləri ilə ünsiyyətə maneçilik yaratmır. Vəkillər hesab edirlərsə, təqsirləndirilən şəxslə rahat danışa bilmirlər, o zaman dəmir barmaqlıqlara yaxın otursunlar.

Məhkəmənin qarşısı, 9 yanvar 2012
Məhkəmənin qarşısı, 9 yanvar 2012
Hilal Məmmədov (prokurora):

- Onda gəl, otur yanımda.

NOVRUZƏLİ MƏMMƏDOVLA HİLAL MƏMMƏDOVUN HƏBSİ ARASINDAKI OXŞARLIQLAR

Vəkillərin növbəti vəsatəti audio-video çəkilişlərin aparılması ilə bağlı oldu. Dövlət ittihamçısı bəzi dövlət sirlərinin yayıla biləcəyini əsas gətirərək vəsatətin də təmin olunmamasını xahiş etdi. Beləliklə, bu vəsatət də təmin olunmadı.

Vəkillər başqa vəsatətlər də verdilər.

Vəkil Ramiz Məmmədov bildirdi ki, müstəntiqlər dövlətə xəyanətdə təqsirləndirilərək 15 il həbsə məhkum olunmuş Səid Dadaşbəylinin, 1993-cü ildə baş vermiş Lənkəran hadisələrinin cinayət işlərindən də çıxarışlar edib bu işə qatıblar.

Ramiz Məmmədov Hilal Məmmədovla həmin qəzetin baş redaktoru olmuş və həbsdə ölmüş Novruzəli Məmmədovun həbsi arasında paralellər apardı.

Vəkil:

- Novruzəli Məmmədovla bağlı Avropa Məhkəməsinə müraciət olunub. Fikir verin, ittihamlar da, işgəncə izləri də, şahid də eynidir. Hilal Məmmədovun üzünə dayanan Elman Quliyev hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Sənədlərdəki qeydlərə görə, müstəntiq Elman Quliyevdən izahatı bu il iyunun 26-da alıb. Ancaq rəsmi sənədlərdə göstərilir ki, Elman Quliyevlə cəzaçəkmə müəssisəsində görüşmək üçün müstəntiqə rəsmi icazəni Penitensiar Xidmətin rəisi Mədət Quliyev iyunun 30-da verib. Ona görə də, Hilal Məmmədovun həbsində əsas rol oynamış Elman Quliyevin ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Bu Elman Quliyev hələ neçə adamın saxta cinayət işində əsas şahid olacaq? Bunlara son qoymaq lazımdır.

Vəkil Xalid Bağırov:

- Hilal Məmmədova verilən ittihamlardan biri «Səhər» kanalına müsahibələri ilə bağlıdır. Ancaq həmin müsahibələr cinayət işində yoxdur. Biz həmin müsahibələri «Youtube»dan köçürüb məhkəməyə təqdim edəcəyik və ekspertiza keçirilməsini xahiş edəcəyik ki, görək, həmin müsahibələrdə dövlətin milli maraqlarına zərbə vuran cümlə var, yoxsa yox.

Xalid Bağırov onu da bildirdi ki, Hilal Məmmədovun üstündə və evində aparılan narkotik vasitə axtarışı məhkəmə qərarına söykənməyib və qanunsuz hesab olunur. Qanunsuz axtarış protokolu cinayət işi başlatmaq üçün əsas sayıla
Xalid Bağırov
Xalid Bağırov
bilməz.

Vəkil:

- Hilal Məmmədovun evində məhkəmə qərarı ilə də axtarış aparılıb. Bu axtarış guya evdəki kompüterdə dövlətçilik əleyhinə yazılmış hansısa materialların olması ilə bağlı imiş. Evdən iki ədəd flaşkart götürülüb. Həmin flaşkartlardakı yazılar da Hilal Məmmədova qarşı cinayət işi başlanmasının əsas səbəblərindən olub. Halbuki, flaşkartlardakı mətnlərin son yenilənmə tarixləri Hilal Məmmədovun həbsindən sonrakı tarixlərə düşür. Hesab edirik ki, mətnlərdəki dəyişikliklər saxtadır. Müstəntiqlər özləri istədiklərini həmin mətnlərə daxil ediblər. Biz həmin mətnlərin də ekspertizadan keçirilməsini tələb edirik.

Vəkillər bildirdilər ki, Hilal Məmmədova verilən ittihamlara görə, o, zəruri məlumatları xarici kəşfiyyata ötürüb. Ancaq bu zəruri məlumatların konkret nədən ibarət olduğu göstərilmir.

Ramiz Məmmədov:

- Bu gün Hilal Məmmədovun 4-5 vəkili olması hələ onun müdafiəsinin lazımi şəkildə qurulması demək deyil. İttiham tərəfi deyir ki, Hilal Məmmədov xarici kəşfiyyata dövlətçiliyə zərbə vuran zəruri məlumatlar ötürüb. Ancaq bu məlumatların nədən ibarət olduğu heç yerdə yazılmır. Müdafiə tərəfi bilmir ki, həmin məlumatlar nədən ibarətdir. Biz bunu bilməyə-bilməyə müdafiəni necə qura bilərik?

Məhkəmə vəsatətlərə yanvarın 10-da münasibət bildirəcək.

Məhkəmə iclasını ABŞ, Fransa və Norveç səfirliklərinin, ATƏT-in Bakı ofisinin nümayəndələri müşahidə edirdi.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. Dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə, narkotik maddə saxlamaqda təqsirləndirilir. Özü isə həbsini siyasi sifariş hesab edir.

İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyə bilər.
XS
SM
MD
LG