Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Siçanlarla, ilbizlərlə baş-başa qalan ailə...


Foto: Arxiv
Foto: Arxiv
-
«İlin 365 günü xırda siçanların, ilbizlərin, uçan qarışqaların arasındayıq. Nəmişlikdən azyaşlı uşaqlarım xəstəliyə düçar olublar. Bizi bu şəraitə salanlarla çarpışmaqdan əsəblərim pozulub».

«Qaynar xətt»imizə gileylənən Bərdə sakini Xalid Cəfərovdur. Deyir, evi dörd bir tərəfdən köhnə sexlər və yeməkxanalarla əhatələnib. Bu obyektlər mənzilə o qədər yaxındır ki, pəncərələri açmaq mümkün olmur. Yağış yağanda isə nisbətən hündürlükdə olan obyektlərin üstünə yığılan sular evə axır:

«Böyrümüzdə Zərifə Əliyeva adına məktəb tikiləndə, sovet dövründən qalmış sexlər söküldü. Sökəndə də dedilər ki, istismara yararlılıq vaxtı keçmiş sexlərdir. Biz də sevindik ki, evimiz azadlığa çıxdı, təmiz hava görəcəyik. Ancaq sonradan soyuducu sexinin rəisi evimin yaxınlığındakı 4 divardan ibarət köhnə tikilinin üstünü örtüb oranı soyuducu sexi etdi. İndi bir tərəfdən, yeməkxana, o biri tərəfdən, həmin sex günümüzü qara edib».

Xalid Cəfərov deyir ki, hara üz tutubsa, cavab alıb ki, məhkəməyə müraciət et. O da son ümidlərlə məhkəməyə yollanıb. Ancaq Bərdə rayon Məhkəməsi bu son ümidlərə işıq salmayıb:

«Hakim özü də gəlib yaşayış şəraitimi gördü. Dedi, ay oğlum, burda insan yaşamaz ki, sən yaşayırsan. Hakimin sözündən ürəkləndim, düşündüm, yəqin, vəziyyəti nəzərə alıb ədalətli qərar çıxaracaq. Ekspert də gəldi, baxdı, ölçdü-biçdi, o da təsdiqlədi ki, həqiqətən də evim ətrafdakı obyektlərdən zərər çəkir».

«EVİN VİRANƏYƏ ÇEVRİLMƏSİNDƏ OBYEKTLƏRİN GÜNAHI YOXDUR»

Nazim Səfixanov soyuducu sexinin rəisidir. O bildirib ki, 27 ildir həmin sexi işlədir. Sexlə Xalid Cəfərovun evi arasında 80 santimetrlik daş hasar, 1 metrdən artıq məsafə var. Sex Məişət Xidməti İdarəsinin balansında olub. Bir neçə il əvvəl evində yanğın baş verərkən sexin sənədləri də yanıb, buna görə obyekti özəlləşdirə bilməyib. O, sahibi olduğu sexin Xalid Cəfərovun evinə maneçiliyi olmadığını bildirib.

Tapdıq Fərəcov isə evin divarına yapışıq olduğu deyilən yeməkxananın sahibidir. O deyir ki, yeməkxana 1967-ci ildə tikilib. Əvvəllər 5 otaqdan ibarət olub, 2004-cü ildə əlavə 4 otaq da tikilib. Xalid Cəfərovun evi ilə yeməkxana arasında 30 santimetr məsafə var. Onun fikrincə, evdəki nəmişliyə səbəb evin dam örtüyünün yararsız olması ilə əlaqədardır.

Elə Bərdə rayon Məhkəməsi də bu cür hesab edib: ətrafdakı obyektlərin Xalid Cəfərovun evinin viranəyə çevrilməsində heç bir günahı yoxdur. Məhkəmə Xalid Cəfərovun iddiasını təmin etməyib. Sex də yerində qalacaq, yeməkxana da. Ancaq Xalid Cəfərovun məhkəməyə ümidləri böyük imiş. Deyir, ən azı ona görə ki, hakim gəlib yaşadığım şəraiti görmüşdü və halıma acımışdı. İndi Xalid Cəfərov ümidini bir başqa hakimə bağlamaq məcburiyyətindədir. O, Bərdə rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verəcək.
XS
SM
MD
LG