Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:16

Feminist yazarın məşhur hekayəsi (Günel Mövludun tərcüməsi)


Charlotte Perkins Gilman
Charlotte Perkins Gilman
-

"Görəsən, niyə onun ürəyi getdi?

Bu qəribə kişi düz divarın dibində, mənim yolumun üstünə uzanmışdı, buna görə də mən hər dəfə onun üstündən sürünüb keçməli olurdum!

Sürünüb keçməli olurdum..."



Bu hekayə görkəmli Amerika sosioloqu və yazıçısı Charlotte Perkins Gilman-ın ən məşhur əsəridir.

Qərarların kişilər tərəfindən verildiyi cəmiyyətdə qadının monoton həyatdan qurtulmaq çabaları haqdadır.

19-cu əsrin sonlarında bu hekayə feminist mediada tez-tez çap edilirdi.



Charlotte Perkins Gilman


DİVARLARIN SARI KAĞIZI

(Günel Mövludun tərcüməsi)


Conla mənim kimi adamlar çox nadir hallarda yay uzunu bütöv bir ailə ərazisinə sahib olmaq imkanı qazanırlar.

Müstəmləkə dövründən qalmış malikanə, miras qalmış mülk, hətta deyərdim ki, içində ruhların dolaşdığı ev – romantik həzzin ən ali mərtəbəsidi axı!

Taledən daha nə istəmək olar ki?

Amma mən tezcənə dedim ki, burada nəsə şübhəli bir məsələ var. Yoxsa evi niyə belə ucuz qiymətə kirayə versinlər ki? Elə burada uzun müddətdir heç kimin yaşamamağı da şübhəli idi.

Əlbəttə, Con şübhələrimə zarafatla yanaşdı – kişi xeylağından başqa nə gözləmək olar axı? Ərim son dərəcə işgüzar adamdır. Onun din və mövhumat kimi məsələlərə heç dözümü yoxdur. Əllə tutula bilməyən, gözə görünməyən, ya da təsvirə gəlməyən şeylərlə Con açıq-aşkar məzələnir. O həkimdir, bəlkə də məhz elə buna görə də (mən bunu heç kimə demərəm, amma kağıza hər şeyi etiraf eləmək olar) mən heç vaxt öz xəstəliyimdən canımı qurtara bilmirəm.

Təsəvvür edin ki, o mənim xəstə olduğuma inanmır! Təsəvvür edisiniz?!

Əgər əriniz adlı-sanlı həkim ola-ola, bütün dostlarınıza və qohumlarınıza sizin xəstə-zad olmadığınızı, sadəcə əsəblərinizin sıradan çıxdığını, özünüzün də isterikaya meylli olduğunuzu deyirsə, gətirə biləcəyiiz istənilən səbəb mənasızdır. İstənilən səbəb!

Mənim qardaşım də adlı-sanlı həkimdir, elə o da mənə eyni şeyi deyir. Buna görə də mən fosfatdı, fosfitdi, nə zəhrimardısa (allah bilir) o möhkəmləndirici vasitələrdən qəbul eləməliyəm, təmiz havada gəzməli və bədən tərbiyəsi ilə məşğul olmalıyam. Sağalana qədər «işləməyi» mənə qadağan eləyiblər. Şəxsən mən bununla razı deyiləm. Mən inanıram ki, özümə uyğun bir işin mənə çox köməyi dəyərdi. Amma neyləmək olar, icazə vermirlər...

Onların qadağalarına baxmayaraq mən yazmaqda davam eləyirəm, bu da mənim bütün gücümü əlimdən alır. Ətrafdakılar yazmağıma ciddi-cəhdlə etiraz elədikləri üçün mən gizli yazmalı oluram. Hərdən düşünürəm ki, mən daha az etiraza və daha çox dəstəyə sahib olsaydım, nələrə nail ola bilərdim? Amma Con mənim sağlamlıq barədə düşüncələrimə elə pis reaksiya verir ki...yox, yaxşısı budu, bu mövzunu bitirək və ev məsələsinə qayıdaq...

Necə də gözəl yerdir! Tamamilə təcrid olunmuş, eyni zamanda əsas yola yaxın və kəndin üç milliyində. Evə baxanda ingilis mülkləri barədə oxuduqlarım yadıma düşür. Burada həmişəyaşıl kollarından çəpər, sürgü ilə bağlanan darvaza və bağbanlar, qulluqçular üçün çoxlu xırım-xırda tikililər var.

İlahi, necə də gözəl parkdı! Hələ heç vaxt belə park görməmişəm – nəhəng, kölgəli, xiyabanları və meynə ağaclarından talvarı olan artırmalar, rahat oturacaqlı külafirəngilər. Burada istilikxanalar da var, amma nədənsə onlar bağlıdı. Yəqin nəsə varis və həmvrislərlə bağlı problem var. Səbəbini bilmirəm, amma ev artıq bir neçə ildir ki, boşdu.

Mən o dəqiqə başa düşdüm ki, burada ruhlar da olmalıdı. Əvvəl bərk qorxdum, sonra qorxularım keçsə də, mən üzərimdə kiminsə canıma soyuq titrəmə salan baxışlarını hiss eləyirəm. aylı gecələrdən birində mən bunu Cona da dedim. O isə soyuq titrəmə məsələsini pəncərənin açıq olmasında görüb, pəncərəni bağladı.

Hərdən səbəbsiz yerə ərimə acığım tutur. Mənə elə gəlir ki, əvvəllər belə həssas deyildim. Bəlkə də səbəb mənim nevroz olmağımdı. Con deyir ki, mən təmkinli ola, özümü ələ ala bilmirəm, buna görə də çalışıram ki, ən azı adam arasına çıxanda özümü təmkinli aparım, amma bu məni çox yorur.

Otağımız mənim heç xoşuma gəlmədi. Mən o biri, birinci mətəbədə, artırmaya bitişik, pəncərəsinin altında qızılgül kolları olan yataq otağının arzusunda idim. O yataq otağında qədimdən qalma, elə sevimli pərdələr var ki! Amma Conun həmin otaqdan zəhləsi gedir. O dedi ki, həmin yataq otağında cəmi bir pəncərə var, ikinc çarpayı üçün yer yoxdur, bir də əgər o tək qalmaq istəsə, yataq otağının yanında boş otaq tapılmayacaq. Ərim olduqca nəvazişli və diqqətli adamdı. Onun icazəsi olmadan mən yataqdan qalxa bilmərəm. Mənim hər saatım proqramlaşdırılıb. Bu da onun xidmətidir! Amma mən özümü ədalətsiz və naşükürcə aparıram – onun himayəsini və qayğısını lazım olduğu qədər qiymətləndirmirəm. O deyir ki, biz bura mənə görə gəlmişik – mən ancaq burda dincələ və bol-bol təmiz hava uda bilərəm. O mənə deyirdi:

- Əzizim, işləyə bilmək üçün sən güc toplamalısan. Sənin həzm sistemin iştahından asılıdır. Amma havanı sən hər saniyə alırsan!

Buna görə də biz düz damın altında, uşaq otağında yerləşdik. Bu, olduqca böyük, geniş, günəşli otaq idi, pəncərələrindən bütün həndəvər ovuc içi kimi görünürdü, özü də demək olar ki, otaq bütün mərtəbəni tuturdu. Məncə, əvvəllər bura uşaq otağı olmuş, sonra da idman, ya da gimnastika zalı kimi istifadə olunmuşdu. Çünki pəncərələrə uşaqları qorumaq üçün ehtiyat barmaqlıqları vurulmuş, divarlara da metal halqalar bərkidilmişdi..

Divar kağızlarına baxanda adama elə gəlirdi ki, uşaqlar buranı qələmlə cızıq-cızıq ediblər. Çarpayının üstündə, mənim əlim çatmayan yerlərdə, qarşı divarın bir çox yerində qoparılmış kağızlardan sonra qalan səliqəsiz ləkələr görünürdü. Mən heç vaxt belə naxış seçməzdim. Naxışlar kobud, zövqsüz, olduqca rəngli, tutqun, eyni zamanda o qədər dəqiq idi ki, adamı qıcıqlandırmaya bilmirdi. Bu naxışlar adamı onu tədqiq etməyə çağırırdı, amma diqqətlə baxan kimi, onlar qəfildən yoxa çıxır, adamı əsəbiləşdirən künclərə çevrilir və ziddiyyətlərdə əriyib gedirdi.

Divar kağızlarının rəngi olduqca xoşagəlməz idi. Demək olar ki, bu rəng iyrənc idi – nəsə elə bil gün işığı altında qəribə şəkildə közərən çirkli, sarı alov. Bəzi yerlərdə kağızın alovlu-narıncı çalarları görünsə də, qalan yerləri xəstəhal, yaşılımtıl-sarılı rəngləri adamın ürəyini bulandırırdı.

Bu kağızların uşaqların xoşuna gəlməməyi heç təəccüblü deyil. Özüm hələ burada yaşamasam da, mənim də artıq bu kağızlardan zəhləm gedirdi.

Oy, deyəsən, ərim gəldi. Mən yazdıqlarımı yarımçıq salxalamalıyam, çünki nə yazmağımdan asılı olmayaraq, yazdıqlarım onun xoşuna gəlmir.

***

İki həftədir ki, buradayıq və mən ilk günlərdəki kimi yazmaq istəyirəm. Bu dəhşətli uşaq otağında, pəncərənin qabağında oturmuşam və indi yaradıcılığıma heç nə mane olmur. Heç nə mənim gücümü əlimdən almır. Con günlərlə, bəzən, işində ciddi vəziyyət yarananda gecələrlə evdə olmur. Sevinirəm ki, mənimki qeyri-ciddi vəziyyətdir. Amma bu əsəb tutmaları məni dəhşətli dərəcədə əzir. Con mənim necə əzab çəkdiyimi təsəvvür eləmir. Onun fikrincə əzab çəkməli heç nə yoxdu, deməli, narahat olmağa da dəyməz.

Əlbəttə, bu nədisə əsəblərlə bağlıdı. Amma nə olursa olsun, mən öz borcumu yerinə yetirməliyəm. Borc deyəndə Cona kömək eləməyi nəzərdə tuturam. Axı o dincəlməli və ailədəki rahatlığın həzzini yaşamalıdı. Amma heç kim başa düşmür ki, bacardığım bu az şey – geyinmək, qonaqları əyləndirmək, xoşbəxt ev sahibəsi kimi görünmək mənə necə başa gəlir.

Sevimli Meri uşaqla elə xoş rəftar edir ki! İlahi, uşaq da necə gözəldir! Heyif ki, mən onun yanında ola bilmirəm. Bu məni özümdən çıxarır.

Nəsə mənə elə gəlir ki, heç Con da heç vaxt belə əsəbi olmayıb. mən divar kağızlarından danışanda o mənə güldü. Əvvəl o divar kağızlarını dəyişmək istəsə də, sonra dedi ki, bu kağızlar mənə yaxşı təsr edir və əsəbləri xəstə olan qadın fantaziyalarını şüuraltından çıxarmaq üçün imkan tapıbsa, burada pis heç nə yoxdur. O hələ gülərək bunu da dedi ki, kağızları dəyişəsi olsa, sonra gərək çarpayını, sonra pəncərənin barmaqlıqlarını, daha sonra qapını və pillələri dəyişə.

- Bilirsən, bu ev sənə yaxşı təsir eləyir – o dedi. – Amma düzünə qalsa, cəmi üç aydan ötrü buranı təmir eləmək istəməzdim.

- Onda gəl, birinci mərtəbəyə köçək. – mən yalvardım. – Axı orda elə gözəl otaqlar var ki!

O məni qucaqadı, dedi ki, mən ərköyün qaz balasıyam və zarafata saldı ki, bu yersiz sövdələşməni bitirmək üçün hətta zirzəmiyə də köçməyə hazırdır.

Yeri gəlmişkən, pəncərə, çarpayı və digər məsələlərdə o yerdən göyə-qədər haqlıdır.

Bu çox geniş və rahat otaqdır. Onun yerinə kim olsaydı, bu otağı seçərdi, mən də elə axmaq deyiləm ki, öz şaltıqlığımla ərimin zəhləsin töküm. Uşaq otağında yerləşən yataq otağımız çox xoşuma gəlirdi. Bu sarı divar kağızları olmasaydı, hər şey çox gözəl olardı.

Birinci pəncərədən baxanda parkı görmək olurdu: sirli külafirəngilər, gözəl klumbalar, kollar və yanı pöhrəli ağaclar. İkinci pəncərədən sellik və əraziyə bitişən balaca tərsanə gözəl bir mənzərə yaradırdı. Dağın altına qədər uzanan xiyaban ora aparıb çıxarırdı. Mən parkın xiyabanlarında və cığırlarda dolaşan adamlar görmək istəyirdim. Amma yetər!

Con mənə xəbərdarlıq eləmişdi ki, fantaziyalarımı çox da işə salmayım. O deyirdi ki, mənim xəstə təxəyyülüm, özümə yalandan zəifliklər tapa bilmək vərdişim asanca isterikaya aparıb çıxara bilər. O məndən xahiş elədi ki, öz iradəm və sağlam düşüncəmin köməyi ilə bu vərdişi aradan qaldırım. Neynək, cəhd eləyərəm. Hərdən mənə elə gəlir ki, yavaş-yavaş öz sərsəmləmələrimin qarşısını alsam, bu məni sakiləşdirər və əzici ideyalardan xilas edər. Amma yazmağa başlayanda, güclü bir yorğunluq mənə hakim kəsilir. Əgər insan öz işi ilə bağlı məsləhətlərdən və xoşgörüdən məhrumdusa, bu hal istənilən həvəsi məhv eləmək üçün kifayət edir. Con mənə söz vermişdi ki, mən doğrudan da sağalmağa başlayanda, əmioğlu Henri ilə Culiyanı evimizə dəvət edəcəyik. Amma o dedi ki, məni bu halda o ekspansiv adamlara yaxın buraxmaqdansa yastığının üstündə fişəng yandırar.

Mən sağalmaq istəyirəm. Amma bu barədə düşünə bilmərəm. Olmaz! Divar kağızları mənə elə baxır ki, elə bil mənə pis təsir etdiklərinin fərqindədirlər. Kağızın üstündə təkrarlanan bir detal var: bükülmüş boyuna oxşayan, iki soğanözəyi gözləri olan naxış daha yaxşı gözə dəyir. Onlar elə bil mənə altdan yuxarı baxır. Təbii ki, onların həyasızlığı və zəhlətökənlyi məni əsəbiləşdirir. Bu qırpılmayan, qorxunc, absurd gözlər altdan, yuxarıdan, hər tərəfdən onlar mənə tərəf sürünür.

Hə, bir də orda bir yer var, iki parça bir-birinə uyğun gəlmir, gözlərin biri aşağıda qalır, biri yuxarı qalxır. Mən hələ heç vaxt cansız əşyaların (hərçənd biz onların bəzən necə canlı ola biləcəyini bilirik) belə ifadəli ola biləcəyini ağlıma gətirməzdim.

Yuxum gəlmirdi, təzə oyuncaq görmüş uşaq kimi, maraq və qorxu ilə boş divarlara və sadə mebellərə qapılaraq, uzanmışdım. Köhnə, iri paltar dolabımızın tutacaqlarının necə mehriban-mehriban parladığı, kürsülərdən birinin isə güclü bir dosta necə oxşadığını xatırladım. Bilirdim ki, hansısa əşyalar qəfildən qəddarlaşsa, ya da xeyirxahını itirsə, mən özümü eləcənə bu kürsüyə ataram və heç kim də mənə toxuna bilməz.

Yataq otağımızın avadanlığı mənə olduqca səliqəsiz görünürdü. Amma neyləmək olardı? Birinci mərtəbədə nə vardısa, hamısını bura daşımışdıq. Burda isə, yəqin ki, doğrudan da gimnastika zalı yerləşib. Hətta təəccüblüdür ki, uşaqlar özlərindən sonra burada necə dəhşətli bir səliqəsizlik qoyub gediblər. Divar kağızlarında o qədər cırıq yerləri var idi ki, onların necə bərk yapışdırıldığını nəzərə alsaq, uşaqların olduqca inadkar və nifrət hissinə malik olduğunu düşünə bilərik. Döşəmə əməlli-başlı cırmaqlanmış, bəzi yerləri qoparılmış, bəzi yerlərdə divarın əhəngi qopmuşdu, otaqda tapdığımız iri, ağır çarpayıya baxanda isə onun ağır döyüşlərdən çıxdığını düşünmək olardı.

Amma mən bu barədə düşünmürəm. Ancaq divar kağızları barədə fikirləşirəm. Conun bacısı gəldi. O çox seviml qızdır, özü də mənə qarşı elə diqqətlidir ki! Gərək elə eləyim ki, o, otağımdan qələm-kağızı tapa bilməsin. Baldızımın əla evdarlığı var, özü də inanır ki, qadın üçün bundan yaxşı peşə ola bilməz. Mənə elə gəlir ki, o xəstəliyimin səbəbini mənim yazmağımda görür. Amma o evdən çıxanda mən yaza blirəm. Budur, indi yazı yazanda onu parkın kölgəli xiyabanında gəzişən görürəm.

Hə, axı bu əraziyə kimsə qulluq eləyir! Xiyabanlara, ağaclara, kollara! Nəhəng çinarlı, məxməri yaşıl talaları olan bu gözəl parka!

Yeri gəlmişkən, tutqunlaşmış yerlərdə məni hər şeydən çox əsəbiləşdirən gizli şəkil var. Bu naxışı ancaq xüsusi işıqlanma vəziyyətində görmək mümkündür – özü də olduqca aydın şəkildə. Amma divar kağızlarının günəşdən yandığı yerdə gözümə nəsə biçimsiz bir naxış dəydi, mənim onu tapdığımı görəndə bu naxış qaşlarını çatır.

İlahi, baldızım gəlir!

***

Budu, Şükran günü də qurtardı. Qonaqlar getdi, mən də yorulmuşam. Con deyir ki, mənə tünlük yaramır, buna görə də anam, Nelli və uşaqlar bir həftəliyə şəhərə gediblər. Mən bekarçılıqdan darıxıram. İndi bütün işləri Cenni eləyir. Yeknəsəqlik məni darıxdırır. Con dedi ki, əgər yaxşılaşsam, o, payızda məni Via Mitçellin yanına göndərəcək. Mən ora getmək istəmirəm. Mənim bir rəfiqəm onun klinikasında olub, o deyir ki, Mitçel Conun və qardaşımın tayıdır. Daha nəyimə lazımdır ki! Buna görə o qədər uzaba getmək nəyə lazımdır? Bu ki, lənət kimi bir şeydir. Mən onlara heç nə sübut edə bilmirəm, çünki onlar mənim sözümə fikir vermirlər. Yəqin mən elə buna görə çox deyingən olmuşam. Bütün günü boş-boş şeylərə görə ağlayıram. Əlbəttə, Con ya da başqa kimsə evdə olanda mən özümü saxlamalı oluram, amma evdə tək qalanda mənə nələr olduğunu bir görsələr!

Mənsə evdə çox vaxt tək qalıram. Conun işdə nəsə problemləri var. Bütün günü şəhərdə itib-batır. Cenni isə elə xeyirxahdır ki, ondan xahiş eləyəndə məni tək buraxır. Mən parkda gəzişirəm, ya da gözəl xiyabanla suya tərəfə düşürəm, qızılgullərlə dolu artırmada otururam və yataqda bol-bol vaxt keçirirəm. Otaq doğrudan da xoşuma gəlir, bircə bu divar kağızları olmasa... Amma nə bilmək olar, bəlkə də bu otaq elə divar kağızlarına görə xoşuma gəlir?

Onlar beynimdə elə möhkəm ilişib qalıb ki!

Charlotte Perkins Gilman-ın (ailə qurmamışdan əvvəl) çap olunan "Divarların sarı kağızı" kitabı
Charlotte Perkins Gilman-ın (ailə qurmamışdan əvvəl) çap olunan "Divarların sarı kağızı" kitabı
Saatlarla bu nəhəng, ağır – deyəsən onu döşəməyə mıxlayıblar - çarpayıda uzanıb qalıram və gözümü divardakı naxışlara zilləyirəm. Sizi inandırım ki, bu otaq gimnastka zalı üçün əla yerdi. Adətən gözümü divara zilləyəndə ən aşağıdakı küncdən, naşı rəssamın əlinin toxunmadığı yerdən başlayıram, amma gözlərim qeyri-ixtiyari gəlib həmin mənasız naxışa ilişir.

Şəkillərin kompozisiyasından elə də başım çıxmır, amma bilirəm ki, bu naxış şüa qanunlarına zidd gedərək özündə ardıcıllıq və simmetriya daşıyır. Təkrar olunan ancaq xətlərdir, vəssalam. Bir tərəfdən baxanda, əyri xətlər və düyünlərlə dolu hər zolaq öz-özlüyündə şaquli vəziyyətdədir. Naxış axmaq quyruqlar buraxa-buraxa yuxarı və aşağı yayılır. Amma başqa tərəfdən baxanda zolaqlar diaqanal görünür və dartılmış formalar sanki doğranmış yosunla dolu əyri dalğalara çevrilir.

Naxışı üfüqi vəziyyətdə də görmək olar. Hər halda əvvəllər mənə belə gəlirdi. Sonra mən naxışı bu vəziyyətdə görmək cəhdlərindən yoruldum. Onlar üfüqi zolağı friz üçün istifadə ediblər və bu da naxışdakı qarmaqırışıqlığı qəribə şəkildə çoxaldıb. Otağın bir tərəfində bu sarı divar kağızları demək olar ki, toxunulmamış qalıb və gün batana yaxın, gün işığı düz o divara düşəndə divarın mərkəzində saysız naxışlar əmələ gəlir və ora-bura qaçaraq, diqqəti bir damcı azaldan kimi boşluğa çevrilirdilər.

İlahi, mən bu kağızlara baxmaqdan yorulmuşam. Yəqin ki, bir az yatmalıyam.

***

Heç bilmirəm, niyə yazıram. bu barədə yazmaq istəmirəm, amma hiss eləyirəm ki, hər şeyi təsvir eləməliyəm. Con deyəcək ki, bu absurddur. Hər halda mən nə hiss elədiyimi və düşündüyümü heç olmasa ağ vərəqlərə deməliyəm. Bu – adamı yüngülləşdirir. Amma gündəlik yazmaq üçün sərf elədiyim güc mənim imkanlarımı aşır.

İndi mən günümün yarısını tənbəlliklə keçirirəm. Əvvəllər mən heç vaxt yataqda belə avaralanmırdım. Con deyir ki, mən özümü çox yormamalıyam. O mənə balıq yağı yedirir, ovuc-ovuc möhkəmləndirici dərmanlar və başqa axmaq şeylər içirir. Pivəni, şərabı, tam qızardılmamış əti mənə qadağan edib. Əziz Con! O məni elə sevir ki, xəstəliyimə dözə bilmir. Dünən onunla ciddi və düşünülmüş şəkildə danışmağa cəhd elədim. Dedim ki, əmioğlu Henri və Culiyagilə qonaq getmək istəyirəm. Amma o dedi ki, sadəcə burada qala bilmədiyimə görə qonaq getmək elə də ağıllı fikir deyil. Bir də o dedi ki, mən hələ də öümə layiqli bir xəstəlik tarixəsi düşünməmişəm, elə buna görə də söhbəti qurtarmamış ağlamağa başlayıram. Axı rahat düşünə bilmək üçün adama o qədər güc lazımdır ki. Məncə bu, əsəb zəifliyindəndir. Sonra Con məni qucağına alıb, ikinci mərtəbəyə apardı, yatağa uzadaraq, başım ağrıyana qədər mənə kitab oxudu. Dedi ki, mən onun sevgisi, sevinci və həyatda ən qiymətli sərvətiyəm. Dedi ki, mən onun xətrinə özümə yaxşı baxmalı və özümü ələ almalyam. O deyirdi ki, özümdən başqa mənə heç kim kömək edə bilməz, dedi ki, mən bütün gücümü toplamalı və axmaq düşüncələrdən xilas olmalıyam.

Hə, bura rahatdı. Uşaq sağlam və xoşbəxtdi. Bir də ki, axı o bu dəhşətli divar kağızları olan otaqda yaşamır. Buranı biz tutmasaydıq, bura uşağın otağı olacaqdı. Nə xoşbəxt təsadüf! İstəmirəm ki, mənim həssas uşağım bu otaqda yatsın! Əvvəllər bu barədə düşünməmişdim, amma indi xoşbəxtəm ki, Con bizi bura köçürüb. Axı siz başa düşürsünüz, belə dəhşətə mən birtəhər dözə bilərəm, uşaq isə bəlkə də dözməzdi.

Əlbəttə, mən bu barədə bir kəlmə də danışmayacam. Özümü həddən atıq ağıllı aparır və müşahidələrimi davam eləyirəm. İndi divar kağızlarında elə dəhşətli şeylər tapmışam ki, hətta istəsə belə, məndən başqa heç kim onları görə bilməz. Hər bir şəklin arxasında hər gün yeni, tutqun formalar əmələ gəlir. bunlar həmişə eyni formalar olur, amma hər gün daha da çoxalırlar. Bu formalar qarnı üstə uzanıb, şəkildəki naxışların üzərində sürünən qadını xatırladır. Bu qadın mənim xoşuma gəlmir. Ona təccüblənirəm. Düşünməyə başlayıram...istəyirəm ki, Con məni burdan aparsın!

***

Conlə xəstəliyim barədə danışmaq necə də çətindir – yəqin o çox ağıllı olduğuna və məni sevdiyinə görə mənə belə çətin olur. Amma ötən gecə buna cəhd elədim.

Ay çıxmışdı. Onun işığı hər tərəfə yayılmışdı – lap günəş kimi işıq salırdı. Hərdən mənim aydan zəhləm gedir. O elə altdan-altdan sürünür, pəncərədən pəncərəyə elə xımır-xımır yaxınlaşır ki...

Con yatırdı. Onu oyatmaq istəmirdim, buna görə də uzanıb, dalğalı divarlara ləkə-ləkə düşən ay işığına baxırdım. Qəfildən canıma bir qorxu düşdü. titrəyən şəklin arxasındakı tutqun fiqur elə bil ordan çıxmaq istəyirdi.

Sakitcə ayağa qalxaraq, ayaq barmaqlarımın ucunda divara yaxınlaşdım ki, divar kağızlarının doğrudan da tərpənib-tərpənmədiyinə baxım. Addımlarım Conu yuxudan oyatdı.

- Nə olub, əzizim? Sənə gəzişmək olmaz axı, soyuqlayarsan.

Mənə elə gəldi ki, onunla danışmaq üçün indi ən uyğun vaxtdı. Ona bu otaqda özümü necə pis hiss elədiyimi danışdım. Ona yalvardım ki, məni burdan aparsın – hara olur-olsun, lap klinikaya da aparsa, gedərdim..

- Axı niyə, əzizim?- o soruşdu. - Ev hələ üç həftə bizimdi. Niyə vaxtından əvvəl gedək ki? Evin təmiri də hələ qurtarmayıb. Mənim də işim başdan aşır, demək olar ki, qospitaldan çıxmıram. Düzdü, burada sənin üçün doğrudan da nəsə təhlükəli bir şey olsa, mən hər şey eləyərdim. Amma sən hss eləməsən də, bura sənə yaxşı təsir göstərir. Əzizim, axı mən həkiməm, belə şeyləri yaxşı bilirəm. Sən burda düzəlmisən, yanaqların allanıb. İştahan qaydasına düşüb. İndə mən də səninlə rahat danışa bilirəm.

- Mən bir qram da çəki artırmamışam! – ağlayaraq dedim. – Ola bilər ki, iştaham yaxşı olsun, amma bu, axşamlar sən mənim yanımda olanda belə olur, sən olmayanda iştaham da olmur!

- Ürəyinə yazığın gəlsin.,- Con məni qucağında bərk-bərk sıxaraq dedi. – Gör, o necə döyünür, necə darıxır! Gəl, bu qiymətli saatları yatmağa sərf eləyək. Səhər hər şeyi danışarıq.

- Sən qospitala getməyəcəksən? – ümidlə soruşdum.

- Sən nə danışırsan? Bəs, kim işləyəcək? Cəmi üç həftə də döz, sonra bir neçə günlük səfərə çıxarıq. Cenni də o vaxta qədər evimizi səliqəyə salar. Mənə inan, əzizim. Sən doğrudan da yaxşılaşmısan.

- Ola bilər ki, bədənim yaxşılaşıb… - deyə sözə başladım, amma tez də susdum. Çünki Conun ayağa qalxıb, ciddi və qanayıcı baxışlarla mənə baxdığını gördüm – sözüm ağzımda qaldı..

- Əzizim! – o soyuq-soyuq dedi, - yalvarıram, mənim və uşağımızın xətrinə, elə öz yaxşılığın üçün də, bu fikri başından çıxart! Özünə psixi xəstəlik uydurma. Sənin temperamentn üçün bu çox təhlükəlidir! Sənin bütün qorxuların və simptomların – hamısı axmaq fantaziyadır, vəssalam! Həkim olduğumu nəzərə alaraq, mənə inana bilərsən!

Əlbəttə, mən daha heç nə demədim. Biz bir-birimizə arxamızı çevirərək, sakitləşməyə çalışdıq. O elə bildi ki, mən yuxulamışam, amma mən yatmamışdım. Mən uzanıb, divar kağızlarına baxır və kağızın üstündəki şəklin, şəklin arxasındakı fiqurun bir yerdə tərpənib-tərpənmədiyini başa düşməyə çalışırdım. Gün işğında şəkildə nəsə bir uyğunsuzluq olur, qrafika qanunları pozulur. Bu məni dəhşətli dərəcədə əsəbiləşdirir! Elə rəng də iyrəncdir! Etibarlı rəng deyil! Naxışlar da, kağızın rəngi də mənə əzab verir. Budur, sanki onu tam öyrənmişəm, amma gözlərimi çəkən kimi o nəsə başqa bir hoqqa çıxarır. Sonra da mən onu başa düşmək üçün ilişib qalıram. O, adama şillə vurur, qarnını təpikləyir və ayağının altına salıb tapdadıqca tapdayır! Yox, bu, sadəcə dəhşətdir!

Zahiri naxışlar, o rəngli arabesklər mənə çıxıntı göbələkləri xatırladır. Kötüklərin üstündə cücərən göbələkləri yadıza salın. Yorucu, uzun dolaşıqlar boyu yuxarı uzanan, şişmiş zəhərli göbələk ləkləri....naxış bax, nəsə belə bir şeyə oxşayır. Amma hərdən oxşayır. Özü də bu divar kağızlarında nəsə təkcə mənim görə bləcəyim bir şey var. Bu – onların dəyişlməyidir. Onlar yavaş-yavaş dəyişirlər!

Günəş şərq tərəfdəki pəncərədən işıq salanda - mən onun uzun, düz şüalarına diqqətlə baxıram – dəyişilkliklər elə sürətlə baş verir ki, onları tuta bilmirəm. Amma mən daima onları müşahidə elyirəm. Ay işığında – ay bütün gecəni buludsuz səmada parlayır – divar kağızları nəsə başqa bir şeyə çevrilir! Gecə istənilən işıqlanmada (alaqaranlıqda, şam və ya lampa işığında, ən pisi isə ay işığında) naxış barmaqlıq şəkli alır.

Barmaqlıqların o tayında isə bir qadın vurnuxur. İndi mən onu aydın və dəqiq görürəm. Uzun müddət mən barmaqlıqların o tayında kimin, ya da nəyin olduğunu ayırd edə bilmirdim. Əvvəl-əvvəl bu, tutqun bir forma idi. Amma indi dəqiq bilirəm ki, bu qadındır. Gün işığında o, üzüyola və sakit olur. Divar kağızlarının naxışları onu hərəkətsiz saxlayır. Əslində, elə də təəcccüblü deyil. Bu naxış elə məni də saatlarla hərəkətsiz qalmağa məcbur edir.

Əvvəllər mən heç vaxt belə çox uzanıb qalmırdım. Con deyir ki, bu çox xeyirdi, mən bacardığım qədər çox yatmalıyam. Ərimin axmaq bir vərdişi yaranıb, yeməkdən sonra o məni bir saat uzanmağa məcbur edir. Amma mən gözümü də yuma bilmirəmsə, uzanmağın nə mənası var? Bunların hamısı aldatmağa gətirb çıxarır. Mən yatmadığımı onlara deyə bilmirəm. Yox, bircə bu olmasın!

Mən Condan qorxmağa başlayıram. Hərdən o mənə çox şübhəli görünür. Hətta Cenninin də baxışları şübhəlidir. İlahi, başa düşürəm! Hər şeyin səbəbi bu sarı divar kağızlarıdır. Niyə mən əvvəllər bunu başa düşməmişəm?

Mən gizlincə Conu müşahidə eləyirəm, özü də bunu elə eləyirəm ki, heç kim heç nə başa düşməsin. Məsələn, boş, amma sadəlövh bir bəhanə ilə qəfildən otağa girirəm. Bilirsiniz, bir-iki dəfə mən deyəsən onu divar kağızlarına baxan yerdə yaxalamışam. Elə Cenni də baxırdı! Bu yaxınlarda mən onu iş üstündə tutmuşam. O mənim otağa girməyimdən xəbərsiz idi. Amma mən qəfildən ona yaxınlaşıb, divar kağızlarından xoşlanıb-xoşlanmadığını soruşanda, o, oğurluq üstə tutulmuş adamlar kimi qızardı. Cenni özünə bəarət qazandıraraq, dedi ki, mən onu çaşdırıram. Dedi ki, divralarda çirkli əl izləri var. Dedi ki, paltarımda sarı ləkə tapıb, mən daha səliqəli olsam, yaxşı olar.

Çox səmimi səslənir, eləmi? Amma mən bilirəm ki, o, divar kağızlarına baxırdı. Düzdü, həmin qadını o onsuz da görə bilməyəcək. Mənsə o qadın barədə heç kimə heç nə deməyəcəm.

***

Yaşamaq daha maraqlı olub. Başım gözləntilərimə, tapıntılarıma, müşahidələrimə qarışıb. Doğrudan da, daha yaxşı qidalanmağa və özümü sakit aparmağa başlamışam. Con buna elə sevinir ki! O dünən hətta gülüb, dedi ki, sarı divar kağızlarına baxmayaraq, mən qızılgül kimi pardaxlanıb açılıram. Təbəssümümü gizləmək üçün üzümü yana çevirdim. Ona bütün bunların divar kağızları sayəsində baş verdiyini demək istəmədim. O yenə mənə güləcəkdi. Ya da, ən pisi, məni o otaqdan başqa yerə köçürəcəkdi. Mənsə hər şeyi bilməmiş burdan getmək istəmirəm. Cəmi bir həftə qalıb, amma mənə elə gəlir ki, bir həftə də kifayət eləyər.

***

Özümü heç vaxt olmadığım kimi yaxşı hiss eləyirəm. daha gecələr yatmıram. Başım büsbütün müşahidələrimə qarışıb. Amma indi gündüzlər yatıram, çünki gündüzlər divar kağızlarının üstündəki naxışları izləmək çox çətin və yorucu olur.

Çıxıntıların üstündə daima cücərtilər əmələ gəlir, naxışın üstündə isə elə hey sarı rəngin yeni çalarları və qəribəlikləri peyda olur. Bir dəfə buna cəhd eləsəm də, onları uzlaşdıra bilmədim. nəsə qəribə bir sarı rəng əmələ gəlib. Bu rəng məni nə vaxtsa gördüyüm, sarı rəngdə olan bütün şeylər – o qədər də gözəl olmayan, köhnə, çirkli və pis şeylər – barədə düşünməyə vadar edir. Bir də divar kağızlarında təzə bir şey peyda olub – qoxu! Hiss eləmişəm ki, otaq işıqlı və havalı olanda, bu qoxu elə də bilinmir. Amma bütün həftəni yağış yağırsa, duman olursa, pəncərəni nə qədər açıq saxlayırsan, saxla, bu qoxu çəkilib, getmir.

Qoxu bütün evə yayılır. O gah yemək otağında ilişib-qalır, gah sürünüb, qonaq otağına soxulur, gah girişdə gizlənib, pillələrin altında məni gözləyir. Bu qoxu saçlarıma ilişib, qalıb. Hətta mən açıq havada gəzməyə çıxanda belə, hərdən başımı arxaya çevirir və bu qoxunu hiss eləyirəm!

Bu elə xüsusi qoxudur ki! Saatlarla onu öyrənib, bu qoxunun nəyi xatırlatdığını anlamağa çalışıram. Amma tez deyim ki, bu, pis qoxu deyil. Zərif, güclə duyulan, eyni zamanda indiyə qədər tanıdığım bütün qoxulardan ən qalıcısı.

Rütubətli havada bu qoxu dözülməz olur. Mən gecələr oyanır və onun üzərimdə ilişib qaldığını hiss eləyirdim. Əvvəl-əvvəl bu məni narahat edirdi. Onu hiss eləyəndə, ciddi-ciddi yanğın barədə düşünürdüm. Amma indi bu qoxu xoşuma gəlir. bircə bunu bilirəm ki, bu qoxu divar kağızlarının rənginə oxşayır – sarı qoxu!

Divarda, lap aşağıda, plintusun yanında yeni, maraqlı naxışlar peyda olur. Elə bil otaq boyu bir zolaq dolanır. O mebelin arxasında gizlənir. Zolaq elə düz və uzundur ki, elə bil kimsə uzun müddət kürəyin divara sürtüb. Maraqlıdır, bunu kim və nə vaxt eləyib? Bir də ki, o nəyə lazımdır? O mənim ətrafıma dolanır, ətrafıma – dolanır, dolanır, dolanır! Onun həndəvərimə dolanmağından başım hərlənir!

***

Nəhayət, mən doğrudan da vacib bir şey tapdım. Hər gecə dəyişiklikləri müşahidə edərək, axırda gördüm ki, qarşıdakı naxış hərəkət eləyir! Buna sözünüz nədi? Onun arxasınakı qadın isə səbirsizlikdən titrəyir!

Hərdən mənə elə gəlir ki, naxışın arxasında çoxlu qadın var. hərdən də bircə qadının olduğunu görürəm və o qadın həndəvərimdə sürünür. Onun o yan-bu yana hərəkət eləməyindən otaqdakı mebellər titrəyir. İşıqlı zolaqlarda o sakit olur, amma kölgəyə rast gələn kimi, şəkildəki barmaqlıqlardan yapışıb, onları möhkəm silkələyir.

O elə hey ordan çıxmaq istəyir. Amma heç kim onu şəklin içindən çıxara bilməz. Bu şəkil hamını əzir. Buna görə onun üstünə elə çoxlu başlar var. onları rəngləmək və ya ləğv eləmək mümkün olsaydı, şəkil olduqca yaxşı görünərdi.

***

Mənə elə gəlir ki, gündüzlər qadın ordan çıxır. Gizlicə sizə br söz deyim – mən onu görmüşəm! Hə, mən onu pəncərədən görmüşəm.

Bu həmin qadındır, buna heç bir şübhəm yoxdur. O torpaqda sürünür, qadınların çoxu isə adətən gündüün günorta çağı torpaqda sürünmürlər. Mən onu uzun, kölgəli artırmada o yan-bu yana sürənən yerdə görmüşəm. Sonra mən onu qaranlıq, meynə budaqları dolaşmış külafirəngilərdə görmüşəm. O bizim parkımızın hər tərəfindən istifadə edir!

Mən onu ağacların altı ilə uzanan cığırda görmüşəm. O it kimi çəmkirir, yaxından maşınlar keçəndə isə böyürtkən kolunun arxasında gizlənirdi. Mən onu günahlandırmıram. Yəqin ki, gündüzün günorta çağı torpaqda sürünmək olduqca təhqiramizdir! Mən sürünəndə həmişə qapını içəridən bağlayıram. Gecələr sürünə bilmirəm, çünki Con şübhələnə bilər.

Con isə indi çox tədbirli olub! Mən onu əsəbiləşdirmək istəmirəm. O başqa otağa köçsəydi, nə yaxşı olardı! Bir də ki, məni gecələr kiminsə görməsini istəmirəm.

Bir sual mənə çox əzab verir: o qadını bütün pəncərələrdən eyni zamanda görmək olarmı? Hər necə olsa, ax mən onu təkcə pəncərədən görə bilirəm. Onu həmişə görə bilsəm də, çox müşahidə eləyə bilmirəm – o sürünüb, gedir. Hədən onun açıq yerlərdə necə süründüyünü görürəm – elə bil, güclü külək zamanı buludlardan qopan kölgədir.

***

İlahi, bu üstdək naxışı aşağıdakından ayırmaq mümkün olsaydı! Yavaş-yavaş bunu eləməyə çalışıram. Mən bir maraqlı şey də kəşf eləmişəm, amma bu dəfə sussam yaxşıdı. İnsanlara belə çox inanmaq olmaz.

İki gün qalıb və mənə elə gəlir ki, Con yavaş-yavaş nəsə hiss eləyir. onun gözlərinə baxmaqdan xoşum gəlir. Onun Cenniyə mənim davranışım barəmdə bir yığın peşəkar suallar verdiyini eşitdim. Cenni məndən elə yaxşı danışdı ki! O dedi ki, mən gündüzlər yaxşı yatıram.

Con mənim gecələr pis yatdığımı bilir. o sevimli və mehriban bir sifət alaraq, mənə də xeyli sual verdi. Guya ki, mən onun məqsədini ovcumun içi kimi görmürəm! Amma onun davranışı mənə qəribə gəlmir – axı o düz üç ay bu sarı divar kağızlarına baxa-baxa yatıb! Əminəm ki, bu divar kağızları Con və Cenniyə də təsir edib..

***

Ura! Bu axırıncı gündü, vəssalam. Con gecəni şəhərdə qalıb və ancaq bu axşam qayıdacaq. Cenni mənimlə yatmaq istəyirdi – yaman zəhlətökəndi. Amma mən dedim ki, tək qalsam, daha yaxşı dincələ bilərəm. Hərçənd, gecə tək qalmadığım o dəqiqə bilinir. Tezliklə ay parladı və o qadın naxışın o tayında sürünərək, barmaqlıqları silkələməyə başladı. Mən qalxıb onun köməyinə qaçdım.

Mən itələyirdim o isə silkələməkdə davam edirdi. Səhərə qədər biz divar kağızlarının xeyli hissəsini cırıb tökdük. Cırılmış yerlər başımdan yuxarıya qədər uzanır və otağın ortasına qədər gedib çıxırdı. Amma sonra gün çıxdı və bu dəhşətli naxış mənə qəhqəhə çəkib gülməyə başladı. Mən elə bu gün bu məsələyə son vermək qərarına gəldim!

Biz sabah səhər getməliyik. Onlar bütün mebeli aşağı endirib, əşyaları yerbəyer eləyiblər. Cenni divarları görəndə çox təəccübləndi. Amma mən gülərək dedim ki, bu murdar kağızları qoparmalı idim. O gülüb dedi ki, belə bir şey onun heç ağlına da gəlməzdi – adam da belə işə güc sərf eləyər?

Bu dəfə o özünü necə ələ verdi!

Amma nə qədər ki, mən burdayam, bir adam da bu divar kağızlarına toxuna bilməz! Heç bir canlı insan!

O məni otaqdan çıxartmağa çalışırdı – bu, gün kimi aydın idi! Amma mən dedim ki, bura elə sakit və boşdur ki, burada bir az yatmaq pis olmazdı. Ondan xahiş elədim ki, məni nahara oyatmasın – dedim ki, oyananda özüm onu səsləyəcəm.

Cenni getməli oldu. Qulluqçu da getdi, hamı getdi və ayaqları döşəməyə mıxlanmış çarpayıdan, üstündəki parusin döşəkdən başqa heç nə qalmadı. Bu gecə biz aşağıda yatmalı idik, səhərə isə Con kater çağırmışdı.

Bu otağın boşalmağına elə sevinirəm ki! O uşaqlar necə qorxmuşdular! Onların çarpayısı necə gəmirilibmiş! Amma mən işimi axıra çatdırmalı idim.

Qapını arxadan bağlayıb, açarı evin qarşısındakı cığıra atdım – qorxurdum ki, Con gələnə qədər bura kimsə girər. Mən onu görmək istəyirdim. Dünən kəndir əkişdirib, Cenni görməsin deyə, qapının üstünə gizlədə bilmişdim. Əgər şəklin altındakı qadın ordan çıxsa mən onun əl-qolunu bağlayacam!

Amma tamam unutmuşdum ki, kətil olmadan kəndirə əlim çatmaz. Masanı qapının yanına itələməyə çalışdım, ayağımı əzdim. Bu məni elə əsəbiləşdirdi ki, masanın bir qırağını gəmirdim. Dişim ağrıdı! Əlim çatan yerlərdə divar kağızlarını qoparmağa çalışdım. Onları elə möhkəm yapışdırmışdılar ki, şəkil bundan lap həzz alırdı. Onun bütün aşağı əyilmiş başları, bərəlmiş gözləri, çıxıntı göbələkləri qəhqəhə çəkib gülürdülər!

Kefim elə pozulmuşdu ki, hər şeyə hazır idim. Ən yaxşı çıxış yolu pəncərədən atılmaq idi – amma barmaqlıqlar elə möhkəm idi ki, bu mümkün deyildi.

Yox, mən belə eləməli deyiləm. Əlbəttə belə eləməli deyiləm. Bilirəm ki, Con bunu yanlış başa düşəcək.

Mən hətta pəncərədən də baxmaq istəmirəm – orda bu sürünən qadınlardan elə çox var ki. Özü də onlar elə tez-tez yer dəyişirlər ki. yəni doğrudanmı onlar hamısı divar kağızlarından çıxıb? Mən onlardan birini gizlətdiyim kəndirlə bağlayacam. O əlimdən qaçıb, o uzun xiyabanlarda gizlənə bilməyəcək!

Mənə elə gəlir ki, gecə düşəndə o şəklə qayıtmalıyam. Hərçənd, bunu eləmək çox çətin olacaq. Amma hər halda, belə geniş otaqda kefin istədiyi qədər sürünmək imkanının olduğunu bilmək çox xoş hissdir!

Mən bayıra çıxmaq istəmirəm. İstəmirəm, qoy Cenni nə qədər deyir, desin. Bayırda gərək torpağın üstü ilə sürünəsən, orda isə hər yer yaşıldır, sarı heç nə yoxdur. Burada isə mən düz döşəmənin üstü ilə sürünə bilərəm, çiynim də divarlar boyu çəkilmiş yumşaq zolağa dəyir. Buna görə də mən heç vaxt yolumu çaşmıram.

Deyəsən, Con qapıya yaxınlaşdı!

Cavan oğlan, özünü yorma sən bu qapını aça bilməzsən!

İlahi, o necə də qışqırır, qapını döyəcləyir!

Belə gözəl qapını sındırmaq günahdır axı!

- Con, əzizim, - mən ona səsləndim,- açar aşağıda, pilləkənlərin üstündədi.

O bir neçə saniyə susub, sonra yavaşdan dedi:

- Əzizim, aç qapını.

- Aça bilmirəm, - dedim. - Açar aşağıda, pilləkənin üstündə, qıcagülü yarpaqlarının altındadı!

Mən yavaş-yavaş, sakitcə bu sözləri təkrarlayırdım. Bu sözləri elə tez-tez təkrarlayırdım ki, Con aşağı getdi, açarları tapdı, yuxarı qalxıb, otağa yaxınlaşdı. O otağa girib, qəfil dayandı.

- Nə olub?- o qışqırdı.- İlahi, sən neynirsən?

Mənsə sürünməkdə davam edir və ancaq hərdən başımı çevirib, çiyinlərimin üstündən ona baxırdım. Ancaq bunu pıçıldaya bildim:

- Mən ordan sürünüb çıxdım! Sənin və Cenninin acığına! Özüm də bütün kağızları qoparmışam, sən daha məni ora sala bilməyəcəksən!

Görəsən, niyə onun ürəyi getdi? Bu qəribə kişi düz divarın dibində, mənim yolumun üstünə uzanmışdı, buna görə də mən hər dəfə onun üstündən sürünüb keçməli olurdum! Sürünüb keçməli olurdum...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG