Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:48

Sevinc Babayevanın oğlu prezidentə müraciət edir


Sevinc Babayeva
Sevinc Babayeva
.


“Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur. O anama dedi ki, 3 günlük gedirsən, Ramiz Mehdiyevlə danışacağam, hər şey yaxşı olacaq. Sonra gələcəksən, elə olacaq, belə olacaq.

Anam orada olarkən mən dəfələrlə Gülərə zəng vurmuşam. Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.

Bunu AzadlıqRadiosuna adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya videosu qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib:

“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər Əhmədova çıxardıb. Fakt budur ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”.

Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı videoda Sevinc Babayeva kimi təqdim olunan şəxs deputat mandatının alınmasında vasitəçi kimi göstərilir. Videoda göstərildiyinə görə millət vəkili Gülər Əhmədova Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan bir milyon dollar alıb prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə çatdırır. Ramiz Mehdiyev bu iddiaları rədd edib.

Bu videonu montaj adlandıran Gülər Əhmədova istintaqın gedişinə mane olmamaq üçün mandatdan imtina edib.

Ayxan Məmmədov AzadlıqRadiosuna onu da deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.

Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.

Ayxan Məmmədov yanvarın 1-də azpolitika.info saytına məktub yazıb. Anasının ölümünün səbəbkarının keçmiş millət vəkili Gülər Əhmədova olduğunu bildirmişdi.

Gülər Əhmədovanın telefonuna zənglərimiz cavabsız qaldı. Amma o, moderator.az saytına bildirib ki, Ayxan Məmmədov Elşad Abdullayevin təhdidlərindən qorxaraq belə ittihamlar səsləndirir:

“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədir. Belə bir vəziyyətdə olan insanı təhdid edib ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır. Oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyəm var ki, təmkinli olsun”.

Gülər Əhmədova həmçinin Sevinc Babayevanı ölkədə çıxarması barədə Ayxan Məmmədovun iddiasına bu cür cavab verib: “Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: “Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.

Hələlik Elşad Abdullayevin Sevinc Babayevanın özünə və oğluna təhdidlər etməsi barədə iddialara bir cavabı məlum deyil. Yalnız Sevinc Babayevanın ölümündən sonra keçmiş rektor bildirib ki, çox şey bildiyi üçün onun həyatına təhlükə olması barədə xəbərdarlıq edibmiş.
XS
SM
MD
LG