Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair sərəncam verilib


Prezident İlham Əliyev yol nəqliyyat hadisələri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı sərəncam imzalayıb.

AzərTac-ın məlumatına görə,Prezident Administrasiyasına tapşırılıb ki, iki ay müddətində sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etsin.

Yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyəti sərtləşdirilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını prezident ilə razılaşdıraraq təsdiq etsin.

Daxili İşlər Nazirliyinə tapşırılıb ki, bir ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini prezidentə təqdim etsin.

Ədliyyə və Səhiyyə nazirliklərinə tapşırılıb ki, müvafiq olaraq məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları və məhkəmə-tibb ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirsin, bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görsün.

Baş Prokurorluğa tapşırılıb ki, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etsin.

Yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.

Ali Məhkəməyə tövsiyə edilib ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini ümumiləşdirsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsini formalaşdırsın.
XS
SM
MD
LG