Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Turizm zonasına çevriləcək uzaq ada – Pirallahı


Pirallahıda körpü tikintisi
Pirallahıda körpü tikintisi
-
Neft Daşları, Çilov və Pirallahı adaları. Aralarında kilometrlərlə məsafə olsa da, bundan sonra bu üç adanı bir ad, bir ünvan birləşdirəcək. Bu üç ada bir rayonda birləşəcək - Pirallahı rayonunda. Bu haqda Milli Məclis dekabrın 21-də qərar verib. Uzaq ada sakinlərinə bu qərarın faydası nə olacaq?... Bunu bilmək üçün yol alırıq Pirallahıya.

PİRALLAHI TURİZM MƏRKƏZİ OLACAQ?

Adətən, neftçi qəsəbəsi kimi tanınan Pirallahı bundan sonra turizm zonasına çevriləcək. Bunu qəsəbənin icra nümayəndəsinin müavini Royal Sarıməmmədov deyir:

«Pirallahı Abşeron arxipelaqında ən böyük adadır. Turizmin inkişafı üçün məqsədəuyğun yer sayılır. Ona görə də burda istirahət zonası təşkil olunacaq. Yəni otellər, restoranlar tikiləcək. Yeni buxta salınacaq. Sonra kiçik təyyarələr üçün hava limanı yaradılacaq. Məqsəd – kiçik ölçülü təyyarələrin adaya enişini təmin etməkdir».

Bəs turizm zonası nə vaxtdan yaradılacaq? İcra nümayəndəsinin müavini deyir ki, hələlik, bu haqda dəqiq məlumat yoxdur: «İndilik Pirallahıya nə qədər məbləğ ayrılacaq, turizm zonası nə müddətə tikiləcək, bu haqda rəsmi məlumat yoxdur. Hər şey prezident fərmanından sonra bəlli olacaq».

GƏMİ VƏ BALIQLARIN «TORPAQ YOLU» DAĞILIR

Pirallahıda tikinti
Pirallahıda tikinti
Pirallahıya çatar-çatmaz, adanı böyük torpağa birləşdirən torpaq yolda fəhlələrin həvəslə işlədikləri görünür. Nə vıyıldayıb sağdan-soldan hücuma keçən güclü külək, nə də sulu qar əngələ çevrilir. Onlar adanı Abşerona birləşdirəcək yeni körpü tikirlər. Uzunluğu min metrə yaxın, hündürlüyü 17-18 metr olacaq.

«Azərkörpü» rəsmilərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, körpü təxminən iki ilə istifadəyə verilməlidir.

Pirallahını Bakıya birləşdirən, ötən əsrin 44-cü ilində salınan torpaq yol alternativ kimi saxlansa da, onun bir hissəsi – 165 metri dağıdılacaq. Həmin yerdən – körpünün altından gəmilər keçəcək. Körpünün bu hissəsi bir qədər fərqli - tağvari inşa ediləcək.

Adanı yarımadadan ayıran yerdən təkcə gəmilər keçməyəcək. Yerli balıqçıların dediyinə görə, adətən, «damba» deyilən torpaq yol uzun illər bu yerlərə kürü tökməyə gələn balıqların yolunu dəyişdirib. Torpaq yol dağılandan sonra balıqlar yenidən «əcdadlarının izi ilə» - köhnə axında üzəcəklər...

KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK

Böyük əksəriyyəti neftçi olan ada sakinlərinin çoxu hələ də sovetlər zamanında tikilən sadə binalarda, qəsəbənin dərinliklərindən boylanan, 1940-50-ci illərdən qalma taxta daxmalarda yaşayırlar.

Pirallahı sakini Dilarə Rəsulova: «XXI əsrdə orda elə evlər qalıb ki... Köhnə, uçuq-sökük... O həyət evləri də sökülməlidir. Deyirlər onların yerində Antaliya kimi turizm zonası yaradılacaq. Təki olsun».

Pirallahı icra nümayəndəliyi
Pirallahı icra nümayəndəliyi
İcra nümayəndəsinin müavini Röyal Sarıməmmədov köhnə evlərin sökülməsi haqda gəzən məlumatları təsdiqləyir:

«Tarxan» deyilən yerdə - Bağırov küçəsində köhnə, yararlılıq müddəti bitən evlər var. Həmin evlər sökülməlidir. Vətəndaşlara ya təzminat veriləcək, ya da başqa evlərə köçürülməlidirlər».

PİRALLAHININ ƏCƏB SEYRANGAHI VAR

Röyal Sarıməmmədov deyir ki, adada balıqçılıq, quş ovlamaq üçün də gözəl imkan var. Adayla bağlı planlarda bunlar da nəzərə alınacaq.

Yeri gəlmişkən, güclü qar və külək olsa da, sahildə cürbəcür, alabəzək quşlar gözə dəyirdi. Bəziləri soyuqdan büzüşüb dalğaların üstündə yırğalanır, bəzilərinin başı yem axtarışına qarışmışdı. Yerli sakinlər, ara-sıra, bəzi məmurların buralara quş ovlamağa, balıq tutmağa gəldiyini də deyirlər. Burdakı dəyişiklikləri onların zövqi-səfasına bağlayanlar da az deyil.

UZAQ ADA SAKİNLƏRİ GÜNÜ

Ada ilə bağlı planlardan söz açdıq. Bəs adada yaşayanların güzəranı necədir? Pirallahı sakinlərinin adi, kasıbyana dolanışığı dərhal diqqət çəkir. Dükan-bazarda nə çeşid-çeşid mal var, nə də bol müştəri. Qalın-qalın nisyə dəftərləri də yoxsul dolanışığın xəbərçisidir. Dükan işlədən Süleyman kişi deyir ki, alıcı yoxdur:

«Vəziyyət pisdir. Maaşdan-maaşa əlimizə pul dəyir. Dükana gələn nisyə alır».

Pirallahı adası
Pirallahı adası
Bu mağazanın yaxınlığında nərd oynayan, adını bizə söyləməyən bir yetkin yaşlı kişi də dilə gəlir:

«Bu qəsəbədə heç nə yoxdur. Bura xarabadır... Cavanlara işləmək üçün yer yoxdur. Bəzisi neftdə işləyir, maaş alır. Yerdə qalan da belə... Yaxşı ki mən təqaüd alıram».

75 yaşlı Məmməd Rəsulov da təqaüdün azlığından gileylənir:

«200 manata necə dolanım? 55 il obaşdan durub işə getmişəm, indi ayda iki kilo ət almağa gücüm çatmır. Yaxşı ki, mağazalar nisyə mal verir...».

Pirallahıda həyatından məmnun olanlar da var. Bunlar neft sahəsində çalışanlar, özlərinin dediyi kimi, alababat maaş alanlardır.

Adada qazdan, işıqdan şikayətlənən gözə dəymir, ancaq «su» deyib dad döyürlər. Hamının yaralı yeri içməli suyun olmamasıdır. Məmməd Rəsulov:

Hər gün su alırıq. Vedrəsi 20 qəpiyə. Bütün qabları su ilə doldurmuşuq. Susatan gəlməsə, məcburuq şor suyu qaynadıb içək...

PİRALLAHI RAYON OLANDAN SONRA...

Pirallahıda yeni buxta salınacaq
Pirallahıda yeni buxta salınacaq
Parlamentin 21 dekabr qərarından sonra Pirallahıda yaşayanlar bir şeyə sevinirlər. Daha sənəd almaq üçün uzağa getmək lazım gəlməyəcək.

Hüseyn Nurullayev: Bütün idarələr burda olacaq. Əvvəl bir arayış üçün Mərdəkana, Zirəyə gedirdik. Nə lazımdır? Daha icra hakimiyyəti də, polis də, məhkəmə də, xəstəxana da burda olacaq...

Səadət İbrahimova: Məncə, su problemimiz həll olunacaq. Şollar suyu çəkiləcək. Məktəblər, bağçalar təmir olunacaq.

Solmaz Əmirova:İş yerləri yaranacaq. Xüsusən də gənc qızlar üçün iş yerləri açılacaq.

Sevinc Haşımova: Bizə nə xeyri olacaq, bilmirəm. Bəlkə də olacaq? Öz polisimiz olacaq, yəqin...

Ayrıca rayonun öz polisi, təbii ki, olacaq. İdarəçiləri, məmurları da olacaq. Amma əsas suallar: Dolanışıq yaxşılığa dəyişəcəkmi? Sağlam içməli su olacaqmı? Yeni iş yerləri açılacaqmı? Və sakinlər demiş, «alababat maaş» almaq adi gerçəyə çevriləcəkmi? Pirallahıda yaşayan 16 min sakinin dilinə gətirməsə də ağlından keçən həmin suallardır. Yeni rayon köhnə qəsəbənin suallarına cavab tapmalıdır...
XS
SM
MD
LG