Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:10

Kulevi terminalının direktoru: «Tətil edənlərin tələbləri o qədər də əsaslı deyil»


Arxiv foto
Arxiv foto
-

«Gürcüstan vətəndaşlarının maaş, sığorta, yemək və s. məsələlərinə çəkdiyimiz aylıq xərc 799 dollardır. Bu az deyil, çox böyük rəqəmdir». Bunu AzadlıqRadiosuna müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi neft terminalının baş direktoru Kərim Quliyev deyib.

- Seçkilərdən sonra bizə də təzyiqlər başladı. Demək olmaz ki, tələblər əsaslı idi. Tətil edənlər tələb edirdilər ki, maaşları 100 faiz artırılsın, 13 aylıq maaş verilsin. Bir də xırda məişət problemlərinin həllini istəyirdilər.

- Xırda məişət tələbləri nə idi?

- Bizdə başqa bir şirkətin müqavilə ilə işləyən bir neçə əməkdaşı var idi, onlar işdə qüsurlara yol verdikləri üçün işdən çıxarılmışdı. Bundan sonra bizim terminaldakı işçilər onları müdafiə etməyə başladılar. Elə hər şey də burdan başladı.

- Bəs sizdə maaşlar nə qədərdir ki, onun qaldırılmasını tələb edirdilər?

- Bu müxtəlif iş dərəcələri ilə bağlıdır. Misal üçün onu deyim ki, bizdə ən aşağı maaş xidmətçiyə verilir, 330 lari. Bir araşdırılsın bu maaşa Gürcüstan bazarında kimlər işləyir. Bağbanlar bizdə 400-500 lari alır. Gürcüstan vətəndaşlarının maaş, sığorta, yemək və s. məsələlərinə çəkdiyimiz aylıq xərc 799 dollardır. Bu, çox böyük rəqəmdir. Buna baxmayaraq onlar yenə maaşlarının qaldırılmasını tələb edirlər.

- Terminalda çalışanların hamısı Gürcüstan vətəndaşlarıdır, yoxsa Azərbaycan vətəndaşları da var?

- İşçilərin 93 faizi gürcülər, qalanları azərbaycanlılardır.

- Terminalın azərbaycanlı işçiləri də bu aksiyaya qoşulmuşdumu?
- Xeyir, qoşulmamışdı.

- Məlumatlar var ki, tətilçilərin şərtləri ilə razılaşmısınız və bundan sonra tətil dayandırılıb?
- Vallah, mən orda fundamental heç bir şeylə razılaşmamışam. İşdən çıxardığım 7 nəfər bizimlə müqavilə şərtləri ilə işləyən başqa bir şirkətin əməkdaşları idi. Həmin şirkət onları işə qaytardı və deyildi ki, yenə qaydaları pozsalar, işdən kənarlaşdırılacaqlar. Maaşın qaldırılmasında da mən onlarla heç bir razılığa gəlməmişəm. Onlara deyildi ki, gələcəkdə keçirəcəyimiz görüşlərdə maaş məsələsinə baxacağıq.

- Birdən yenidən tətillər başlasa?

- Gəlir-çıxarımızı hesablayandan sonra baxacağıq, əgər imkan olsa, maaşları artırmaq istəyirik. Amma hələlik belə bir plan yoxdur.

- Nə qədər artırmaq imkanınız var?

– Bu barədə hələ hər hansı qərara gəlməmişik, amma bu artım 1, 2, 5 və ya 10 faizə qədər ola bilər.

Ötən həftəsonu Gürcüstanın Kulevi neft terminalının 200 fəhləsi işi 3 günlüyə dayandıraraq, əmək haqlarının 2 dəfə qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edib. Kulevidə fəhlələr ilk xəbərdarlıq tətillərini iki həftə əvvəl keçiriblər və həmkarlar birliyi yaradıblar.

Gürcüstanın Qara Dəniz sahilindəki Kulevi neft terminalını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildə alıb. Şirkət terminalın tikintisi və modernləşməsinə 350 milyon dollar investisiya qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG