Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

İlham Əliyev: «Biz hər şeyi «lehinə» və «əleyhinə» götür-qoy edirik»


İlham Əliyev
İlham Əliyev
-

İlham Əliyev: «Yaxşıdan yaxşısını axtarmağa dəyməz»


Prezident İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib. AzərTAc həmin müsahibəni dərc edib. Dövlət başçısı Rusiya-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsi ilə əlaqədar bir sıra suallara cavab verib.

- Rusiya-Azərbaycan münasibətlərinin, iqtisadi münasibətlərin bugünkü vəziyyətini qısaca necə ifadə edərdiniz? İki ay bundan əvvəl ölkələrimiz azad ticarət haqqında saziş imzalanmasının 20 illiyini qeyd etdi. Bu, bizim müstəqil ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra imzalanmış ilk diplomatik, hüquqi sənəd idi.

- Elədir. Bütövlükdə bizim münasibətlər çox dinamik, müsbət inkişaf edir. Biz həllini tələb edən bütün məsələləri həll etmişik. Sonuncu bu cür mühüm məsələ dövlət sərhədi haqqında müqavilə idi. Əlbəttə, bu, qonşu ölkələr arasında, istənilən qonşu ölkələr arasında, xüsusən vaxtilə vahid dövlətin tərkib hissələri olmuş ölkələr arasında çox mühüm sənəddir.

Bundan əlavə, siyasi məsləhətləşmələr sahəsində biz daim bütün səviyyələrdə dialoq aparırıq. Münasibətlərimiz tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirir. Yəni bu ifadə münasibətlərin bütün kompleksini əhatə edir. İqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu da yaxşılaşır. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Yəni biz ən çox Rusiyadan mal idxal edirik. Əlbəttə, Rusiya ilk növbədə bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Humanitar sahədə çox işlər görülür. Məsələn, bu il Moskva Dövlət Universitetinin filialının artıq yeni binasının açılmasını qeyd edərdim.

- Üç il bundan əvvəl Sizinlə görüşdə regional inteqrasiya proseslərini, postsovet məkanında inteqrasiya proseslərini şərh edərək demişdiniz ki, bu təcrübəni diqqətlə öyrənmək və müşahidə etmək lazımdır. Bu təcrübə Sizin üçün cəlbedici oldumu?

BİZ HƏR ŞEYİ «LEHİNƏ» VƏ «ƏLEYHİNƏ» GÖTÜR-QOY EDİRİK

Dünya Ticarət Təşkilatının loqosu
Dünya Ticarət Təşkilatının loqosu
- Biz mümkün qədər çox sayda ölkə ilə fəal qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Məsələn, son dövrün mühüm məqamlarından biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına daxil olmasını qeyd etmək istərdim. Hesab edirəm ki, bu, çox vacib, lazımlı, vaxtında atılmış və əlamətdar addımdır. Bununla biz ilk növbədə özümüzün dünya üçün açıq olmağımızı vurğulayırıq, çünki həmin təşkilatda çox ölkə birləşir. Digər tərəfdən, biz dünyadakı gələcək proseslərdə Azərbaycanın mövqeyini vurğulayırıq.
İqtisadi inteqrasiyaya gəlincə, biz, əlbəttə, ilk növbədə məqsədəuyğunluqdan çıxış edirik. Bu inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini gördüyümüz yerlərdə biz, əlbəttə, fəal iştirak edirik. İnteqrasiyanın bizə ya heç nə gətirməyəcəyini, ya da bizi hətta geri çəkə biləcəyini gördüyümüz yerlərdə biz yetərincə təmkinli mövqe tuturuq. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan indiyə qədər Dünya Ticarət Təşkilatının üzvü olmayıb, hərçənd bizi oraya çox fəal dəvət edirlər. Lakin biz hər şeyi «lehinə» və «əleyhinə» götür-qoy edirik. Əlbəttə, «lehinə» olan məqamlar da çoxdur, biz hamımız bunu çox gözəl bilirik, hesab etmişik ki, bizim iqtisadiyyatın inkişafının indiki mərhələsində bu, bizim kənd təsərrüfatına, fermerlərə, xüsusi sahibkarlığa və yerli istehsala ziyan vurar.

«YAXŞIDAN YAXŞISINI AXTARMAĞA DƏYMƏZ»

- Elə düşünməyin ki, mən təbliğat aparıram, lakin məsələn, Gömrük İttifaqı və ya Vahid İqtisadi Məkan sizə nə ilə ziyan vura bilər?

- Məsələ ondadır ki, bunun nə ilə ziyan vura biləcəyini düşünmək lazımdır. Lakin biz bunu əsas götürürük ki, bu bizə nə kimi kömək edə bilər. Bax burada, açığını deyirəm, biz hələlik özümüz üçün elə bir səmərə görməmişik. Digər tərəfdən, bizim ölkənin iqtisadi vəziyyəti yetərincə sabitdir. Kifayət qədər valyuta ehtiyatımız var, iqtisadiyyatımız şaxələndirilib, ölkəmiz tamamilə özünü təmin etmək iqtidarındadır, zəngin təbii yataqlar, şaxələnmiş neft-qaz kəmərləri şəbəkəsi, əlverişli coğrafi mövqe, nəqliyyat logistikası var. Bu yerdə rusların yaxşı bir məsəli yada düşür: «Yaxşıdan yaxşısını axtarmağa dəyməz». Buna görə də əgər biz nəyisə daha yaxşı etmək üçün həqiqətən real perspektivlər olduğunu görsək, əlbəttə, istənilən birliyə daxil olacağıq və bu mənada bizdə heç bir tabu yoxdur.

- Amma hələlik «qoşulmama» – Sizin mövqeyinizdir, eləmi?

- Ümumiyyətlə, elədir.

BİZ NİZAMLAMADA ƏN ÇOX MARAĞI OLAN TƏRƏFİK...

- Siz Rusiya ilə əməkdaşlığın formalarından biri, əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi onunla siyasi məsləhətləşmələri xatırlatdınız. Rusiya Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində müstəsna dərəcədə maraqlıdır, ən yaxın qonşular arasında sülh və əmin-amanlıq olmasında müstəsna dərəcədə maraqlıdır. Lakin bu mövzuda diskussiya əvvəlki kimi gərgin olaraq qalır. Siz bu məsələdə ilin yekunlarını necə qiymətləndirirsiniz?

Arxiv foto
Arxiv foto
- Mən bu ilin yekunlarını mənfi yekunlar kimi qiymətləndirirəm. Ona görə ki, uzun illər ərzində danışıqlar prosesi bu il durğunluq mərhələsinə qədəm qoyub. Bizim fikrimizcə, bunun əsas səbəbi məhz ondan ibarətdir ki, erməni tərəfi status-kvo vəziyyətini bütün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər, çünki tənzimləmə işğalın ləğv edilməsini nəzərdə tutur. Bu gün təkcə Dağlıq Qarabağ deyil, həm də heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində olmamış yeddi rayon da işğal altındadır. Həmin rayonlarda erməni əhalisi yaşamayıb, azərbaycanlı əhali yaşayıb. Yəni, onlar hamısı oradan qovulub. Bu gün Ermənistanın həmin əraziləri işğal etməsinə haqq qazandırması getdikcə mürəkkəbləşir. Buna görə də status-kvonun dəyişməsi münaqişənin tənzimlənməsi üçün əsas ilkin şərtdir.

Status-kvonu dəyişmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə başlamaq zəruridir. Bu proses başlayan kimi, əminəm, danışıqlar prosesinə yeni təkan veriləcək. Ermənistanın hər şeyi olduğu kimi saxlamaq və danışıqlar prosesində indiki vəziyyətə görə məsuliyyəti Azərbaycanın üstünə yıxmaq cəhdlərinə isə haqq qazandırmaq olmaz. Təbliğat baxımından onlar bəlkə də hələlik hər şeyə görə bizi təqsirləndirə bilərlər. Lakin məsələnin mahiyyətinə baxsaq, hesab edirəm ki, Azərbaycanın mövqeyi həmişə ardıcıl, prinsipial olub və beynəlxalq hüququn prinsip və normalarına əsaslanıb.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən formul Azərbaycan tərəfindən qəbul olunub və Ermənistan tərəfindən rədd edilib. Sonrakı danışıqlar prosesində bu dəqiq formulun şəklini dəyişən məqamlar baş verib. Nəticədə bu vəziyyət erməni tərəfinə spekulyasiya etməyə imkan verib: guya Azərbaycan nədəncə imtina etmişdir. Bu, həqiqətə əsla uyğun deyildir. Biz nizamlamada ən çox marağı olan tərəfik. Ona görə ki, bizim ərazilərimiz işğal altındadır və bizim qaçqınlar doğma evlərinə qayıda bilmədiklərinə görə əziyyət çəkirlər.

AZƏRBAYCAN ETİMAD TƏDBİRLƏİNİN MÖHKƏMLƏNMƏSİNİ İSTƏMİR

- Əgər, Sizin dediyiniz kimi, qarşı tərəf sadəcə hər şeyi olduğu kimi saxlamaq istəyirsə, danışıqlar üçün Siz daha nə qədər vaxt müəyyən edirsiniz?

Arxiv foto
Arxiv foto
- Hələlik biz ümid edirik ki, vasitəçilik funksiyasını öz üzərinə götürmüş ölkələr bu prosesdə daha fəal iştirak edəcəklər və təhlükəsizlik tədbirlərinin təmin edilməsi prosesində deyil, məhz tənzimləmə prosesində iştirak edəcəklər. Axı, təhlükəsizlik tədbirlərinin əlavə təminatı danışıqlar prosesinə ziyan vura bilər. Çox vaxt bizi onda təqsirləndirməyə çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində möhkəm atəşkəs rejimi yaradılmasını istəmir. Lakin əvvələn, atəşkəs rejimi iki tərəfdən pozulur. Digər tərəfdən, danışıqlar prosesinin mahiyyətini təşkil edən işğala son qoyulması məsələsi həll edilmədən, bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri o qədər vacib təsəvvür etmirik. Əsas məsələ budur ki, vasitəçilər danışıqlar prosesinin mahiyyəti sahəsində fəal iş aparsınlar.

Bunun nə qədər davam edəcəyini zaman göstərər. Mən hər hansı proqnozlar verməyə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaq. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaq. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar.
XS
SM
MD
LG