Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:43

Şaxta Baba, Şaxtacan, hardasan bu vaxtacan?


Şaxta Baba
Şaxta Baba
-
Keçən ildən fərqli olaraq, bu il Şaxta Babalar, Qar qızlar hələ də parklarda, bağlarda görünmür. Uşaqların gözü onları axtarsa da, yoxdurlar. Görəsən hansı səbəbdən Yeni İlin sevimli qəhrəmanlarını hələ görmürük?

21 ŞAXTA BABAYA İCAZƏ VERİLİB

Şaxta Babalara lisenziyanı Bakı şəhər icra hakimiyyəti verdiyindən bu sualı onlara ünvanladıq. Bakı şəhər Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov AzadlıqRadiosuna dedi ki, indiyə qədər 27 nəfər Şaxta Baba olmaq üçün müraciət edib. Onlardan 21-nə icazə verilib. Digər müraciətlərə baxılır.

Əlabbas Bağırov deyir ki, Şaxta Babalar 60 manat dövlət rüsumunu ödəyəndən sonra gələn ilin yanvarın 13-ə qədər fəaliyyət göstərmək üçün lisenziya alırlar. İş yerlərini də Bakı şəhər icra hakimiyyəti müəyyənləşdirir. Yəni Şaxta Baba nəqliyyat sıx olmayan yerlərdə, uyğun bağlar və parklarda görünə bilər. Dövlət idarələrinin qarşısında dayanmaq Şaxta Babalara qadağandır.

ŞAXTA BABANI PREZİDENT ADMİNİSTRASİYASINA QOYMADILAR

Əlabbas Bağırov xatırlayır ki, bir neçə il əvvəl Şaxta Babalardan biri onlara Prezident Administrasiyasının qarşısında fəaliyyət göstərmək üçün müraciət edibmiş. Ona icazə verməyiblər: “Lisenziyanı münasib yerlərə veririk. Bəzən elə yerə istəyirlər ki, ora icazə verə bilmirik. Hətta bir dəfə biri Prezident Administrasiyasının qarşısını istəyirdi. Bəzən belə qeyri-ciddi müraciətlər də olur. Əhalinin sıx olduğu, nəqliyyata mane törədən yerlərə olmaz. Bağlara, parklara, gediş-gəlişə mane olmayan yerlərə, Heydər parklarına, Zorge bağı, Akademiya bağlarına icazə verilir”.

ŞAXTA BABALARIN SAYI İLDƏN-İLƏ AZALIR

Bakıda qurulan bayram yolkası
Bakıda qurulan bayram yolkası
Əlabbas Bağırov deyir ki, keçən il də müraciət edən Şaxta Babaların sayı bu ilki kimi az olub. İnişil isə onların sayı 50 olubmuş. Şaxta Babaların nə vaxt işə başlayacaqları haqqında Bakı şəhər icra hakimiyyətində məlumat yoxdur. Ancaq deyirlər ki, onları gələn həftədən görmək olacaq.

DEKABRIN 24-DƏ BAKININ BAŞ YOLKASI QURULACAQ

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə AzadlıqRadiosuna dedi ki, Şaxta Babaları Bulvar ərazisində dekabrın 24-dən sonra görmək olacaq. Bakının baş yolkası isə dekabrın 24-də Kukla Teatrının arxasındakı meydançada qurulub başa çatacaq. Dekabrın 21-dən hündürlüyü 35 metr, diametri 18 metr olan baş Yolkanın quraşdırılmasına başlanılıb. 22 metr hündürlüyündə olan başqa bir yolka isə artıq qurulub.

“Yolka olmayandan sonra Şaxta Babaların gəzməsi düz deyil. İstəyirdik ki, dekabrın 20-nə qədər bu məsələ həll olunsun. Yəqin ki, Şaxta Babalar dekabrın 24-dən işə başlayacaqlar. Bakı Bulvarında onlar azı 10 yerdə olacaq”.

HƏM HÜNDÜR, HƏM DƏ İNTELLEKTUAL

Nazim Məcidov deyir ki, Şaxta Babalardan uyğun xarici görkəm və geyim tələb olunur. Ancaq bu da son deyil: “Şaxta Babalar həm hündür boylu, həm də intellektual olmalıdır”.
XS
SM
MD
LG