Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

Bir güllə bahar olmaz, sağlamlığa bir ay yetməz


Foto: Arxiv
Foto: Arxiv
-
«Sağlamlıq ayı»na görə məndən, doğrudan da, pul almadılar. Əvvəllər ürəyimə görə gəlmişdim, rentgenə 5 manat almışdılar. İndi dekabr ayına görə pulsuzdur, ancaq sonrakı aylarda da pulsuz xidmət istərdim…».

Bu, Bakı sakini, 61 yaşlı Həsən Şərifovun arzusudur. İşsiz və təqaüdsüz Həsən kişi deyir ki, xəstələnərkən həkimə getməkdən çəkinir. Çünki dövlət səhiyyə ocaqlarında müalicə pulsuz sayılsa da, həkimə pul verməlisən – pul da yoxdur. O üzdən «Sağlamlıq ayı» kampaniyasının adını eşidincə, Həsən kişi fürsəti qaçırmayıb.

Bu günlər Həsən Şərifov kimi səhiyyə ocaqlarına üz tutanlar az deyil. Səhiyyə Nazirliyinin dekabr ayını «Sağlam həyat uğrunda» profilaktik tədbirlər ayı elan etməsini onlar da eşidiblər. Səhiyyə nazirinin müavini Elsevər Ağayev profilaktik tədbirlərin dekabrın 1-dən 31-dək bütün ölkə ərazisinə yayılacağını bildirib:

«Məqsəd də insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır».

«Sağlamlıq ayı»nda səhiyyə xidmətinin pulsuz göstərilməsi bildirilməsə də, pasiyentlərin hamısı bunun pulsuz kampaniya olduğunu xüsusi vurğulayırdılar. Əlimərdan Qurbanov 19 saylı poliklinikaya pulsuz müayinə üçün gələnlərdəndir:

«Televizorda eşitdim ki, prezidentin qərarı var, bütün poliklinikalarda müayinə və müalicələr pulsuzdur. Mən də gəldim. Ağciyərlərimin müayinəsi üçün gəlmişdim. Bronxlarımda soyuqdəymə var. Dava-dərman yazdılar. Məndən pul istəməyiblər, mən də verməmişəm».

«DƏRMANLAR Kİ PULLUDUR»

Ağdam köçkünü Vüsal Süleymanov əvvəllər ondan pul alsalar da, indi istəmədiklərini söylədi:

«Eşitdim ki, prezident qərar verib, bir ay müddətində hamı pulsuz müayinə oluna bilər. Mən də gəldim, ürəyimi yoxlatdırdım.
Foto: Arxiv
Foto: Arxiv
Məndən pul alan olmadı. Bundan əvvəl həkimə müraciət edəndə pul istəmişdilər, mən də vermişdim. Tək bu ay yox, həmişə pulsuz olsa, yaxşı olar, adam da ürəkli gələr».

«Əsas odur ki, bundan sonra da pulsuz olsun, təkcə bu ayla kifayətlənməsinlər. Onsuz da səhiyyə rəsmən pulsuzdur».

Bunu da 3 saylı poliklinikaya gələn Zaur Mirzəyev deyir.

72 yaşlı təqaüdçü İsmayıl Əliyev pulsuz müayinədən razı qalsa da, təqaüdünün aldığı dərmanlara çatmadığını vurğulayır:

«Dərmanlar ki pulludur. Əsas dərmanlardır, onu da ala bilmirəm».

Bakının müxtəlif poliklinikalarının önündə «Sağlamlıq ayı»na dair sorğuya qatılanlar fərqli fikirləri dilə gətirdilər:

«Şəkər həkiminə gəlmişdim. Məni təmənnasız müayinə etdi. Bütün həkimlərdən pulsuz keçmişəm».

«Məncə, bu, bizim özümüzdən asılıdır, pul verəndə veririk, verməyəndə yox».

«Bura düzələn deyil, pulsuz heç kim sənə baxmır. Ya maaşları artırılmalıdır, ya da nəzarət olmalıdır».

Qadir İbrahimli
Qadir İbrahimli
«Həkimə pul verəndə adamın ürəyi sakit olur».

«Deyirlər pulsuzdur, ancaq elə deyil».

«Mən bu gün gördüm ki, etibarlı, dürüst həkimlərimiz var, rüşvət də almadılar».

KOR NƏ İSTƏR, İKİ GÖZ...

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, bu cür kampaniyalar əslində pulsuz olan dövlət səhiyyə xidmətlərinin başqa vaxtlar pullu olmasını göstərir:

«Belə bir kampaniyanın keçirilməsi səhiyyənin pullu olduğunu göstərir. Onsuz da Səhiyyə Nazirliyinin dövlət səhiyyə müəssisələrində pullu xidmətin ləğvi haqqında əmri var. Formal baxımdan, Azərbaycanın dövlət səhiyyə müəssisələrində müalicə pulsuzdur, müəyyən dərmanlar da pulsuz verilməlidir. Ancaq vətəndaşlar öz vəsaitləri hesabına müalicə olunurlar. Bu kampaniya da onu göstərir ki, əslində, səhiyyə pulludur, sadəcə, bu ay pulsuzdur. Vətəndaşlara səhiyyə xidməti göstərilsəydi, belə kampaniyalara da ehtiyac qalmazdı».

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirir ki, bu kampaniya əhalinin öz sağlamlığına biganə qalmaması üçündür:

«Burda pul söhbəti ola bilməz, çünki səhiyyə pulsuzdur. O ki qaldı kimlərdənsə kimsə pul istəyir, müraciət etsinlər qaynar xəttimizə, araşdırılsın».

Həsən Şərifov da deyir ki, kor nə istər, iki göz...
XS
SM
MD
LG