Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Həm döyüldü, həm də cərimələndi


Foto: Arxiv
Foto: Arxiv
-
Şəkinin Baş Şabalıd kəndindən AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən İsrafil Məmmədsoy kəndin tibb məntəqəsinin müdiridir. Əvvəllər də o, «Qaynar xətt»ə kənd icra nümayəndəsindən, kənd bələdiyyəsindən gileylənib. İndi isə şikayəti rayon polisindəndir. Deməsinə görə, qonşusu ilə torpağına gedən yola görə mübahisəsi düşüb. Həm döyülüb, həm də polis işi birtərəfli araşdırdığına görə cərimələnib:

«Əmlakıma verilmiş torpaq sahəsinə gedən yol qonşum tərəfindən zəbt olunub. Mənim sahəmə maşınla keçmək mümkün deyil. Dekabrın 8-də qonşumdan xahiş elədim ki, sahəmdəki qış üçün tədarük etdiyim odunu daşımağa şərait yaratsın. Maşın tutub əraziyə gedəndə, keçməyə imkan vermədilər. Dedilər, get başqa yol tap, hardan keçirsən keç, burdan keçmə. Aramızda mübahisə düşdü, üstümə cumub məni döydülər, söyüb təhqir etdilər. Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim».

İsrafil Məmmədsoy deyir ki, növbəti gün polisdən gələn təhqiqatçı qonşusundan və ondan izahatlar alıb. O, təhqiqatçıdan da narazıdır:

«Təhqiqatçı Adil Kərimov gəldi, qarşı tərəfdən hamını dindirdi, biz tərəfdən isə təkcə məni dindirdi. Özü də mənimlə kobud davrandı, izahatımı sərbəst yazmağa imkan vermədi. Dedi mən nə sual verirəmsə, ona da cavab ver. Sonra da işi məhkəməyə göndərdi. Bir də xəbər tutdum ki, işi özümə qarşı çeviriblər. Necə deyərlər, döyülən də mən, cərimələnən də mən».

«HADİSƏ OBYEKTİV ARAŞDIRILIB»

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Şəki rayon Polis Şöbəsi ilə əlaqə saxladığını və şikayəti araşdırdığını deyir:

«Həqiqətən də Baş Şabalıd kəndinin sakini İsrafil Məmmədsoy ilə qonşusu Rahib Mikayılov və sonuncunun həyat yoldaşı Xəyalə Mikayılova arasında mübahisəsi düşüb. Səbəb İsrafil Məmmədsoyun onlara məxsus pay torpaq sahəsindən yol kimi istifadə etməsi olub. Bir neçə dəfə İsrafil Məmmədsoya irad bildiriblər və mübahisə də bu zəmində yaranıb, sonuncu şəxs də Mikayılovların ünvanına təhqiramiz ifadələr deyib. 102 xidmətinə isə ilk olaraq İsrafil Məmmədsoy deyil, Mikayılovlar müraciət ediblər. Eyni zamanda, Şəki rayon Polis Şöbəsinə də ərizə veriblər. Rəis müavini Rizvan Ramazanov onları qəbul edib və şikayətlərini dinləyib. Hadisə obyektiv şəkildə araşdırılıb, sənədləşdirilib, baxılması üçün məhkəməyə göndərilib. İsrafil Məmmədsoyun döyülməsi barədə iddiaları araşdırma zamanı öz təsdiqini tapmayıb».

Orxan Mansurzadə deyir ki, məhkəmə tərəfləri və hal şahidlərini dinləyərək İsrafil Məmmədsoyun İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarıb. O bildirib ki, İsrafil Məmmədsoy hələ də polis və prokurorluq orqanlarına müraciətlər etməkdədir. Ancaq məsələyə hüquqi qiymət verildiyindən o, artıq polisə və prokurorluğa yox, birinci instansiya kimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verə bilər.
XS
SM
MD
LG