Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

«Deputata deyəcəyim dərdimi arvadımla bölüşürəm» [Video]


Deputatsız sakinlər kimə üz tutmalıdırlar?
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Deputatsız sakinlər kimə üz tutmalıdırlar?

-
Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası Gülər Əhmədovanın deputatlığına xitam verəndən sonra onun seçiciləri deputatsız qalıblar. 34 saylı Xətai ikinci seçki dairəsinin 42 min 672 seçicinin üz tutacağı millət vəkili yoxdur.

Həmin dairədə yaşayan Nadir Süleymanov Məhəmməd Hadi küçəsinin palçıqlı yollarını göstərir. Deyir ki, bu ərazinin deputatı olanda da, olmayanda da, bu yollar belə olub:

«Mən Gülər Əhmədovaya qadın olduğu üçün səs vermişdim. O da belə. İndi də neçə vaxtdır deputatımız yoxdur. Əslində deputat olması ilə olmamasının bizim üçün elə bir fərqi yoxdur. Onsuz da bizə kim qulaq asır ki? İndi dərdimizi elə özümüzlə bölüşürük. Evdə arvadla dərdləşirik, qurtardı, getdi».

Orta məktəbdə müəllim çalışan Esmira Mustafayeva Gülər Əhmədovaya inanıb səs verənlərdəndir:

«Mən ona səs vermişdim. Seçilməsinə də çox sevinmişdim. Kluba gəlib bizimlə görüşmüşdü. Yüksək danışıq qabiliyyəti vardı. Mədəni qadın idi. Adamlar da deyirdilər ki, bizi həmişə yaxşı qarşılayıb. Sonra bu olanlar oldu. İndi deputatsızıq. Ancaq deyim ki, heç bir dəyişiklik yoxdur. Mən yenə palçığın üzündən yol tapıb gedə bilmirəm. Burda palçığa düşdün, çıxa bilmirsən. Əlbəttə, bizim deputatımız olmalıdır ki, biz də gedib ona dərdimiz deyək».

ŞİKAYƏT ELƏMƏLİ YER YOXDUR

Nazilə Hacıyeva deyir ki, Gülər Əhmədovaya səs verməsə də, yaşadığı ərazinin deputatsız qalmasını
Seçkilər, 7 noyabr 2010
Seçkilər, 7 noyabr 2010
istəmir:

«Mən deputatımdan nə istəyərdim – istərdim ki, isitmə sistemlərimiz yaxşı işləsin. Çünki qışdır, hava çox soyuqdur. Deputatımız olsaydı, ona bunları deyərdim».

Şəbnəm Əhmədli zarafatla deyir ki, deputatın olub-olmamasının fərqi olmasa da, deputatsız qalmaq istəməzdi:

«Düzü, deputatın olub-olmamasını biz nə həyətimizdə, nə də həyatımızda hiss edirik. Ancaq olsaydı, yaxşı olardı».

Seçici İlqar Səfərzadə ümumiyyətlə heç kimə şikayət etmək fikri yoxdur:

«Mən bir dəfə Gülər Əhmədovaya müraciət etmək istəmişdim. Dedilər yoxdur, sonra zəng edərsiniz. Haqqında yaxşı eşitmişdim. Sonra müraciət etdim, ancaq baxılmadı. Ona səs vermişdim. Ona inanmışdım. O ki qaldı bizim deputatsız olmağımıza, fərqi yoxdur. Şikayət eləməli yer də yoxdur. Baxın da bu ərazinin palçığına, yoluna -- nə deputat, nə o, nə bu?».

1 AYA YENİ SEÇKİ KEÇİRİLMƏLİ İDİ

Anar Məmmədli
Anar Məmmədli
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli deyir ki, oktyabrda Gülər Əhmədovanın deputatlığına xitam veriləndən sonra Mərkəzi Seçki Komissiyası hələ də məsələ ilə bağlı müzakirə keçirməyib. Halbuki sonrakı 1 ayın içində yeni seçki keçirilməli idi:

«MSK daimi fəaliyyət göstərən orqandır. Başqa seçki komissiyalarından fərqli olaraq, MSK yuxarı seçki komissiyası kimi vaxtaşırı toplaşa bilir. Toplaşmaq bu qurum üçün problem deyil. Hüquqi baxımdan heç bir maneə yoxdur. Bu, sadəcə, siyasi qərarla bağlı məsələdir».

Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev yeni seçkinin keçirilməməsinə belə reaksiya verdi:

«Mərkəzi Seçki Komissiyası kollegial orqandır. Gərək komissiyanın üzvləri toplaşa, iclasda müzakirə edib həmin seçkinin keçirilməsi ilə bağlı qərar qəbul edə. Mən kollegial orqanın üzvləri adından danışmaq səlahiyyətinə malik deyiləm» .

Demək belə: 34 saylı Xətai ikinci seçki dairəsinin azı 42 min seçicisi hələ öz deputatını gözləməli olacaq.
XS
SM
MD
LG