Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

«Quba məhbusları»ndan daha 2 nəfərə 5 ilədək həbs verildi


Quba hadisələri,1 mart
Quba hadisələri,1 mart
-
Dekabrın 14-də Quba hadisələri ilə bağlı təqsirləndirilən 9 nəfərdən ibarət daha bir qrupa hökm oxunub.

Təqsirləndirilənlərdən Xəyyam Yunusov 4 il, Səxavət Vahidi isə 5 il azadlıqdan məhrum edilib.

Yerdə qalan 7 nəfərə isə 3 il şərti cəza verilib və məhkəmə zalından azad olunublar.

8 NƏFƏRƏ HÖKM OXUNUB

Dekabrın 13-də Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələri ilə əlaqədar təqsirləndirilənlərdən 8 nəfərinə hökm oxunub.

Fərhad Abdurrəhmanov 5 il, Səxavət Ələsgərov 4 il 3 ay azadlıqdan məhrum edilib.

Daha 6 nəfər 3 illik şərti cəza alıb.

«XƏYAL TV» ƏMƏKDAŞLARININ MƏHKƏMƏSİ DEKABRIN 19-DA OLACAQ

Dekabrın 13-də Xaçmaz rayon Məhkəməsində 1 mart Quba hadisələrinə görə həbs olunmuş 6 nəfərlik daha bir qrupun məhkəməsinə hazırlıq iclası keçirilib. «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqovu, baş redaktor Zaur Quliyevi, Qubanın bələdiyyə sədri Elxan Əliyevi və hadisələrə görə tutulmuş digər 3 nəfəri hakim Anar İbrahimov mühakimə edir.

Vəkillər vəsatət verərək, təqsirləndirilən şəxslər barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Vüqar Qonaqov da hakimə üz tutaraq deyib: «Bu adamların heç bir günahı yoxdur, aralarında yaşlı insanlar var. Başçının çıxışı yazılmış diski hazır şəkildə bələdiyyə sədrinə mən vermişəm. O da günahsızdır. Heç olmasa, məni saxlasanız da, bu adamları məhkəmənin sonunadək ev dustaqlığına buraxın».

HAKİMDƏN XAHİŞ...

Vəkillər hakimdən xahiş ediblər ki, vəsatətə birbaşa «yox» deməsin və cavabı daha sonrakı müzakirələrə saxlasın. Hakim qısa müşavirə keçirib məhkəmə salonuna qayıdaraq vəsatətin təmin olunmaması barədə qərarını oxuyub və növbəti iclasını dekabrın 19-na təyin edib.

Quba,1 mart
Quba,1 mart
İttiham aktına görə, Vüqar Qonaqovla Zaur Quliyev Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışını montaj edib diskə köçürəndən sonra bələdiyyə sədrinə verərək, onun videonu yaymasına imkan yaradıblar. Sözügedən olaylar İnternetə yerləşdirilən çıxışdan sonra başlanıb.

1 mart Quba hadisələrinə görə təqsirləndirilən şəxslər əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Bu olaylara görə bütövlükdə 36 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib, 18 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər, əsasən, polislərdir. Quba Məhkəməsində bu olayla bağlı üç məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG