Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Elvin Bakiroğlu. Üz qabıqları (“Ulduz” polemikası)


Elvin Bakiroğlu
Elvin Bakiroğlu
-

Dünyanın dağılmasına vur-tut 10 gün qalmış Azərbaycan ədəbi mühitində növbəti partlayış baş verdi – “Ulduz” jurnalının noyabr sayı gənc yazar Kəramət Böyükçölün redaktorluğu ilə işıq üzü gördü. Bəri başdan deyim ki, Kəramətin “Ulduz”unu çox uğurlu hesab edirəm. Amma bu şəksiz uğura baxmayaraq, jurnalın noyabr sayı haqqında bir neçə yazını oxudum və dərin təəssüf hissi keçirdim.

Çünki əksər yazılarda şəxsi münasibətin, qısqanclığın, ikibaşlı mövqeyin, ədalətsizliyin ayaq izlərini gördüm. Və inanın ki, bu ayaq izləri jurnalın üz qabığında gənclərin boğazına ip keçirən əl izindən qat-qat təhlükəlidir.

Düzdü, jurnalın maraqlı, uğurlu alındığını inkar edə bilməyənlər, məsələn, gənc yazar Səxavət Sahil bu uğurun tənqidçi Əsəd Cahangirə aid olduğunu iddia edir. Başa düşmür ki, Əsəd Cahangirin bu işlərdə barmağı yox, yardım əli var. Və bu əlin sahibi təkcə Kəramətə yox, bütün istedadlı gənclərə həmişə səxavətlə əl tutub - kiminsə bədii mətninə, kiminsə məqaləsinə, kiminsə məruzəsinə.

Amma neyləyəsən ki, Kəramətin ulduzu o qədər yüksəkdədir ki, əleyhdarları tullanıb-tullanıb onun yalnız üz qabığına toxunurlar. Arxalarını onun ulduzuna çevirib öz kölgələrinə baxır və hər şeyi qaranlıq görür. Burası da var ki, onlar “Ulduz”un içinə girə bilməsələr də, deyəsən, “Ulduz” onların içində özünə əməlli-başlı yer eləyib.

Fikir verirsinizsə, bayaqdan yalnız jurnalın üz qabığından danışıram. Çünki jurnal haqqında yazanlar təəssüf ki, daha çox jurnalın içindən yox, üz qabığından söz açırlar. Ya kiminsə üzündən keçə bilmir, ya da bədii mətnlərində olduğu kimi burda sadəcə üzdən getməyə gücləri çatır.

Bizim ədəbi paparatsilərin bir şakəri var - əgər ortada sözün hər mənasında təqdirəlayiq bir iş varsa, bu işdə mütləq peşəkar bir imzanın barmağını gəzmək! Guya yaxşı bir romanı hər hansı istedadlı bir gənc özü yaza bilməzmiş! Guya gözəl bir bir şeiri ilhamlı bir gənc özü qoşa bilməzmiş! Guya fərqli, maraqlı, rəngarəng və yeni nəfəsi olan bir ədəbi jurnalı zövqlü bir gənc özü hazırlaya bilməzmiş! Görülən bu yaxşı işə hökmən barmaq eləmək istəyirlər. Ancaq vərdişkar olduqlarına görə barmaqları cürbəcür şeylərə dəyir.

Gəlin, keçək jurnalın içinə. Jurnalın ilk səhifəsində Mətləb Muxtarovun şeirləri yer alıb. Bu istedadlı və savadlı gəncin “Azərbaycan” şeirinin böyük şairimiz Səməd Vurğunun məşhur şeiriylə paralel olaraq təqdimi çox maraqlıdır. Gənc tənqidçi Sərvər Şirinov “Yeni era başlayır?” adlı məqaləsində bu iki Azərbaycan şeirinin fərqini belə izah edir:

“Mətləb Muxtarovun “Azərbaycan” şeiri Abbas Səhhətdən Səməd Vurğuna, Səməd Vurğundan Şəhriyara, Şəhriyardan Məmməd Araza qədər Azərbaycan mövzusunda yazılan şeirlərin hamısından fərqlidir. Şeir göstərir ki, müasir gənc qlobal – saz yox, caz üstündə ötür, təkcə Azərbaycanı yox, bütün yer üzünü özünə vətən sayır. O, Azərbaycanın tarixi keçmişini gözəl bilir və bunu şeirə gətirməyi də bacarır. Amma klassiklərdən fərqli olaraq, onun vətənə sevgisi birmənalı tərənnüm üslubundan uzaqdır”.

Ay Səxavət, Ay Səxavət, istərdim biləsən ki, jurnalın üz qabığında verilən o əl bizi on illərdən bəri əsarətində saxlayan köhnə düşüncədi. İndi biz neyləyək ki, sən bu əli öz xəsis ağlının arşınıyla ölçüb konkret ünvanlara yönləndirsən. Dəyərləndirmədə niyə belə səxavətsizsən? Düşüncənin miqyası niyə belə dar, niyə belə regionaldır? Yox əgər regionçusansa, bilmirsən ki, Əsəd Cahangir də, sən də, elə mən də Beyləqanlıyıq. Üstəlik İmişli də Beyləqanın böyründədi, a sənə İmişli qoçu kəsim! Özü də belə quyruqlusundan!

Elə üz qabığından yapışıb durmusan, bəs bundan niyə danışmırsan ki, jurnal Ramil Əhməd, Şahinə Könül kimi şairləri, Sərvər Şirinov kimi analitik təfəkkürə malik tənqidçini gənc istedadlar kimi yüksək səviyyədə təqdim edib? Və indi əli klaviş tutanların hamısı bu gənc tənqidçini axtarırlar ki, bizdən də bir yazı yazsın. Daha narahat olma, ay Səxavət, demək bundan sonra gəncliyin Əsəd Cahangirin barmağına ehtiyacı olmayacaq. Bizim də öz tənqidçimiz olacaq. Kəramətin də məqsədi elə budur ki, ədəbi gəncliyi Əsəd Cahangirin əlindən xilas eləsin. Bəyəm bu pisdir? Görürsənmi, elə jurnalın içindəcə Əsəd Cahangirin öz ədəbi nəsli haqqında gözəl bir analizi gedib. Niyə bizim öz ədəbi nəslimizin də belə bir tənqidçisi olmasın?

Biri elə sənin özün! Kəramətin “Ulduz”u haqqında yazdığın bu məqaləyə qədər kimiydi səni tanıyan? Kəramətin “Ulduz”u barədə balaca bir yazı yazıb bütün respublikada məhşur oldun. Elə bu da Kəramətin kəraməti deyilmi? Buna görə Kəramətə sağ ol deməli deyilsənmi!

Ay Cavanşir müəllim, ay Cavanşir müəllim, jurnal haqqında “Teleqraf.com” saytına bir kitablıq rəy verib, ancaq jurnal haqqında bir cümlə belə deməmisiniz. Niyə diliniz gəlmir deyəsiniz ki, topluda böyük alim, Azərbaycan ədəbiyyatını Nobel sərhədlərinə qədər aparıb çıxaran Kamal Abdulla bəlkə də, özünün ən maraqlı intervyülərindən birini verib? İndi biz neyləyək ki, sizin Kamal Abdullanın romanlarından xoşunuz gəlmir? Bəyəm görmürsünüz ki, bu kimi əməllərinizə görə artıq sizin xoşunuza “hoş” deyirlər? Niyə demirsiz ki, bu gün Azərbaycanın ən istedadlı gənclərinə yiyə duran yeganə adam Kamal Abdulladır və onun belə bir gənclik dərgisində yer almasına mənəvi haqqı çatır?

Ay Cavanşir müəllim, cavanlığınız bir yana, bəs şirliyiniz harda qaldı? Niyə bizim hətta əlli yaşını keçəndən sonra da başqasının gördüyü işə dəyər verməyə gücümüz və qabiliyyətimiz çatmır?

Hələ sən bəri gəl, ay Şərif, bəri gəl görüm! Narazılıq edirsən ki, niyə jurnal Rafiq Tağının xatirəsinə ithaf olunmayıb? Düz deyirsən, kəlsən e vallah! Bəyəm sən 5-6 ildən bəri işlədiyin Mədəniyyət Nazirliyində bütün ürəyindən keçənləri eləyə bilirsən? Bilmirsən ki, Mədəniyyət Nazirliyinin də, Yazıçılar Birliyinin də başı eyni yerə bağlıdı? İndi bildin jurnalın üz qabığındakı kukla kimdi, ay Şərif? İçi sən, mən qarışıq, biz hamımız ay Şərif, hamımız! İndi bildin jurnalın üz qabığındakı o kuklanı oynadan əl kimindi? Bilməmiş olmazsan! Onda ta belə “Bəlkə jurnalın üz qabığındakı Kəramətin öz karikaturasıdır?”, - deyə bizi dağa-daşa salma, belə sadəlövh suallar vermə və gənc, perspektivli redaktorumuzu qınama! Bəlkəni əkiblər, bitməyib, qağa!

Ay Şərif, biz Rafiq Tağını səndən az istəmirik. Odur ki, jurnalda Rafiq Tağının “Qatilə didaktika dərsləri” kimi çox gözəl bir hekayəsi gedib. Hələ üstəlik sənin Rafiq Tağının xatirəsinə həsr elədiyin “Şeqlov üsulu” adlı hekayən də yer alıb. Bəs bunu niyə demirsən? Rafiq Tağının hekayəsindən sonra əslində, sənin hekayənə heç ehtiyac da yoxuydu. Sənin hekayən yalnız Rafiq Tağının işıqlı xatirəsinə hörmət əlaməti olaraq çap olunub, bunu biləsən.

Ay Şərif, hələ de görüm, Rafiq Tağının dəfn olunduğu o çovğunlu, tufanlı gün Kəramət Böyükçöl bu maşından düşüb o maşına minə-minə, nazik paltosunda tir-tir əsə-əsə axır ki, gedib görkəmli yazıçını 3-4 ədəbiyyat adamıyla birlikdə torpağa tapşıranda sən hardaydın? Bəlkə Mədəniyyət Nazirliyində, öz rahat kabinetində əyləşib çay içə-içə “Şeqlov üsulu”nu yazırdın? Qağa, bu nə üsuldur belə, bu nə yoldur? Bunun adı hamam suyuyla özünə dost qazanmaq deyil, bəs nədir?

Ay Səxavət, ay Cavanşir, ay Şərif, ay bunlara züy tutanlar, vallah şarjsınız e, anekdotsunuz. Kəramətin yerində olsaydım, Salamın, Səlimin, Qulunun, Əsədin, Elçinin, Dayandurun, Həmidin yerinə sizin karikaturanızı çəkdirib vurardım jurnalın üz qabığına. Onda üz qabığı ilə bağlı belə cəfəng yozumlar yazmağa üzünüz olmazdı.

Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana göndərə bilərlər:
Cavid54@mail.ru
XS
SM
MD
LG