Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:46

Britaniyada ağdərililərin sayı 90 faizdən aşağıdır


"Big Ben"
"Big Ben"
-

Londonluların yalnız 45 faizi ağdərili britaniyalıdır. Britaniyada hər on ildən bir keçirilən əhalinin siyahıya alınması bundan da maraqlı faktları üzə çıxarıb.

Ölkənin aparıcı qəzetlərinin sərlövhələri təxminən eynidir: Britaniyanın simasını dəyişmiş onillik!

Bəlli olub ki, İngiltərə və Uelsdə yaşayanların 7,5 milyon nəfəri xaricdə doğulanlardır.

Britaniya tarixində ilk dəfə olaraq ağdərili əhalinin faizi 90-dan aşağı olub.

Siyahıyaalma onu da göstərir ki, Britaniya əhalisinin yalnız 59 faizi özünü xristian hesab edir. Əhalinin 5 faizi müsəlmanlardır.

Evli olmayanların sayı evlilərin sayını keçib.

Bunlar Britaniyada son onillikdəki əsas əhali dəyişiklikləridir.

ƏHALİ MÜHACİRLƏRİN HESABINA ARTIB

Siyahıyaalma göstərir ki, bu müddətdə İngiltərə və Uelsin əhalisi 4 milyonluq miqrant ordusu ilə artıb.

Başqa sözlə, Britaniyada əhali artımının 70 faizi mühacirlərin payına düşür. Bunlardan 3,8 milyonu ölkəyə 2001-ci ildən, Avropa Birliyi genişlənəndən bəri gəlib və əksəriyyəti Polşa və Şərqi Avropanın başqa ölkələrindəndir.

Tony Blair
Tony Blair
Britaniyanın hakim Mühafizəkarlar Partiyası miqrasiyanın bu cür «çiçəklənməsində» keçmiş leyborist baş nazir Tony Blair-in «məsuliyyətsiz mühacirət siyasətini» ittiham edir.

Hökumət bildirir ki, hazırda miqrasiyanı nəzarət altına ala bilib. Məsələn, son 12 ay ərzində miqrantların sayı 242 mindən 183 minə enib.

Britaniyanın «The Migration Watch UK» araşdırma mərkəzi də son onillikdə ölkəyə bu qədər mühacirin gəlməsində leyboristləri günahlandırır. Mərkəz bildirir ki, «bu miqyasda miqrasiya qəbuledilməzdir».

Britaniyanın mühacir əhalisinin əksər hissəsinin Hindistan, Polşa və Pakistandan olduğu bildirilir.

Əgər on il əvvəl xaricdə doğulan əhalinin əksəriyyətini irlandlar təşkil edirdisə, indi onlar 4-cü yerdədirlər.

Miqrasiya təkcə əhalinin kəmiyyət yox, həm də keyfiyyət, dini, etnik, sosial mənzərəsini dəyişib.

«The Daily Mail» qəzeti yazır ki, xaricdən gələnlərin artımı «yerli cəmiyyətin ənənəvi sütunlarını sarsıdıb».

Ümumi nəticələrə görə, bu gün Britaniyada əhalinin yalnız 86 faizi özünü xristian hesab edir. Bu rəqəm 2001-ci ildə 91 faiz idi.

HEÇ DƏ HAMI QAYNAYIB-QARIŞMIR

İngiltərədə isə əhalinin yalnız 80 faizi özünü ağ dərili Britaniyalı hesab edir.

Bununla belə, indi Britaniyada hər səkkiz ailədən biri etnik baxımdan qarışıqdır. Qeyd olunmalıdır ki, qarışıq ailələrin çoxu Afrika əsilli kişilərlə Britaniya qadınlarının payına düşür.

Müsəlman icmalar – pakistanlılar, türklər və kürdlər bir qayda olaraq yalnız «özününkülərlə» ailə həyatı qururlar.

Polyaklar və Şərqi Avropanın başqa ölkələrindən gələnlər də «öz ağlıqlarını» qısqanclıqla qoruyurlar.

LONDON RƏNGİNİ DƏYİŞİR

Arxiv foto
Arxiv foto
Siyahıyaalmanın nəticələrinə görə, «Londonistan» kimi ad çıxarmış Britaniya paytaxtı deyəsən, bu adı doğrultmaqdadır.

İndi Londonda Brent, Nyuham, Uestminister və Kenzinqton rayonlarında əhalinin yarıdan çoxunu xaricdə doğulanlar təşkil edir. Bu rayonlar paytaxtın mərkəzi və dəbdəbəli hissəsinə aiddir. Həm də burada yeni sakinlərin əksəriyyətini neftlə zəngin Ərəb ölkələrindən olanlar təşkil edirlər.

Keçmiş SSRİ-dən də bu rayonlarda korrupsiyalaşmış neft respublikalarının elitaları məskunlaşıblar.

Bununla belə, hər 10 nəfərdən 9-u özünü ingilis, uelsli, şotland və ya irland adlandırır.

TACİR ÖLKƏ

İngiltərə 200 ildir «dükançılar ölkəsi» olaraq qalır. İndi burada hər 6 nəfərdən biri ticarət sahəsində çalışır.

Qeyd olunmalıdır ki, Londonda mağaza və restoran sahiblərinin əksəriyyəti gəlmədir.

Londonun şimal hissəsində mağaza və restoranların böyük bir qismi türklərə və kürdlərə məxsusdur.

Səhiyyə və sosial təminat sahəsi 12 faizlə ikinci yerdədir.

İKİNCİ ƏN BÖYÜK DİNİ KATEQORİYA…DİNSİZLƏRDİR

«The İndependent» qəzeti yazır ki, son onillikdə Britaniyada xristianların sayı 12 faiz azalıb.

Bu müddətdə xristianlıq Britaniyada tənəzzülə uğrayan yeganə dindir. Kilsəyə gedənlərin sayı da dramatik şəkildə azalıb.

İlk ağla gələn bu ola bilər ki, indi Britaniyada ikinci din İslamdır. Ancaq belə deyil. İkinci yeri, ümumiyyətlə heç bir dinə aid olmayanlar tuturlar. Son onillikdə onların sayı iki dəfə artaraq, 14 milyon nəfərə çatıb. Nəzərə almaq lazımdır ki, bu qrupun böyük əksəriyyəti Allaha inandıqlarını söyləyir.

İslam hər halda ən böyük artıma malik dindir. Son dekadada müsəlmanların sayı 1,8 dəfə artıb.

Lakin «The İndependent» yazır ki, bu rəqəmin bir hissəsini namaz qılmayan və məscidə getməyən «nominal müsəlmanlar» təşkil edə bilər.

NİKAHDA OLANLARIN SAYI İLK DƏFƏ AZ OLUB

Siyahıyaalma göstərib ki, Britaniyanın tarixində ilk dəfə olaraq «subaylar, dullar və evlənməyənlər» say etibarı ilə evliləri ötüblər. Evli cütlərin sayı 51 faizdən 47 faizə enib.

Öz evi olanların da sayı azalıb, kommunal mənzillərin sakinləri çoxalıb.

Eyni cinsdən olan cütlərin sayı 105 min nəfərə çatıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG