Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:40

Rusiya Qəbələ RLS-dən niyə imtina etdi?


Rusiya Müdafiə naziri Qəbələ RLS-də
Rusiya Müdafiə naziri Qəbələ RLS-də
-
«Bu gün səhər komandirdən soruşdum ki, Qəbələ RLS bağlanır? O da dedi ki, mənim bu barədə məlumatım yoxdur, yalan söhbətdir».

25 ildir Qəbələ Radiolokasiya Stansiyasında (RLS) elektrik çalışan Alim Cəbrayılov belə deyir. O, stansiyanın bağlanma xəbərini bu gün televiziyadan eşidib:

«Həyəcan keçirik ki, bizim, ailələrimizin aqibəti necə olacaq? Söhbət burada çalışan 300 yerli sakinin çörəksiz qalmasından gedir. Mən 25 ildir burada elektrik işləyirəm. Bundan başqa əlimdən iş gəlmir. 46 yaşım var, indən belə harada işləyəcəyəm? Heç çalışmağa yer də yoxdur. Bir-iki idarəyə o vaxt müraciət etmişdim - 90-120 manat maaş verirlər. Bu pulla ailəmi necə dolandıra bilərəm?».

«HƏRBÇİ AİLƏLƏRİ EV ƏŞYALARINI, MEBELLƏRİNİ SATIRDI»

Alim Cəbrayılov Qəbələ RLS-də çalışan 300 yerli işçidən biridir. O əlavə edir ki, 190 işçi 5 aydır əməkhaqqı ala bilmir. Müxtəlif qurumlara müraciətləri nəticəsiz qalıb. Amma indi onları maaşlarından daha çox Qəbələ RLS bağlanandan sonrakı taleləri qayğılandırır.

Qəbələ sakini İlham Məmmədov Alim Cəbrayılovdan fərqli olaraq RLS-nin bağlanacağını gözləyirmiş. Deyir ki, son iki aydır burada çalışan əcnəbi hərbçi ailələri ev əşyalarını, mebellərini satmağa başlayıblarmış.

«RUSİYANIN STANSİYADAN İMTİNASI MÜNASİBƏTLƏRƏ TƏSİR ETMƏYƏCƏK»

Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə əlaqədar dekabrın 10-da Azərbaycan tərəfinə Nota təqdim edib.

Milli Məclisin dekabrın 11-də keçirdiyi iclasda da bu məsələ müzakirə olunub. Bildirilib ki, Rusiyanın Qəbələ RLS-dən imtina etməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.

Deputat Mübariz Qurbanlı bildirir ki, stansiyanın yerləşdiyi ərazinin gələcəkdə nə kimi istifadə olunacağı dövlətin qərarıdır. Ola bilər ki, burada turizm məkanı yaradılsın. O, bəzi media qurumlarını RLS ətrafında yersiz hay-küy yaratmaqda suçladı:

«Rusiya Azərbaycan münasibətlərinə xələl gətirən, həmçinin, əhali arasında xof yaradan yazılara yer verilir. Bu hadisənin Azərbaycana təhlükə törədəcəyi barədə yalan məlumatlar yayılır. Azərbaycan üçün hansısa bir təhlükə mövcud deyil. Azərbaycan Cənubi Qafqazda böyük, güclü bir dövlətdir. Özünün təhlükəsizliyini təmin etməyə də qadirdir. Bu, Rusiya ilə münasibətlərimizə təsir etməyəcək. Dövlətlərarası münasibətlərimiz olduğu qaydada davam edir».

«QƏBƏLƏ RLS AMERİKAYA İCARƏYƏ VERİLSƏ...»

Feodor Lukyanov
Feodor Lukyanov
Rusiyanın Xarici Müdafiə Şurasının İdarə Heyətinin sədri Feodor Lukyanov bildirir ki, Azərbaycan Rusiya üçün həmişə enerji tərəfdaşı kimi əhəmiyyətli olub. Onun fikrincə, iki ölkə hərbi, strateji münasibətlər baxımından bir-birinə heç vaxt yaxın olmayıb. O ki qaldı Qəbələ RLS-dən imtinaya...:

«Qəbələ RLS-in istismarı ətrafında mübahisə Armavirdə eyni gücə malik yeni stansiyanın tikintisi bitəndən sonra yarandı. Belə ki, əvvəllər icarəhaqqı Rusiya üçün əlçatımlı idi. Qiymət ucuz idi deyə, RLS-si saxlamaq Rusiyaya sərf edirdi. Lakin Azərbaycan tərəfi qiyməti qaldırandan sonra Qəbələ RLS-in saxlanılması öz aktuallığını itirdi. Strateji nöqteyi-nəzərdən, Qəbələ RLS-dən imtina Rusiyaya heç bir ziyan vurmur. Burada söhbət yalnız nüfuzdan gedir. SSRİ-nin süqutundan 20 ildən çox vaxt keçib və ovaxtki nüfuz anlayışına yenidən baxmaq lazımdır».

Feodor Lukyanov hesab edir ki, Qəbələ RLS Amerikaya və digər ölkələrə icarəyə verilsə, iki ölkə arasındakı münasibətlər ziyan çəkə bilər.

QƏBƏLƏ RLS HAQDA...

Qəbələ RLS 1985-ci ildən istismardadır. Burada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilirdi. Stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas obyektindən biri olub.

RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlaya bilir. Beləcə, İran, Türkiyə, Hindistan da daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsininsə bəlli bir qismini izləmək olurdu.

Sovetlər Birliyi dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya bu stansiyanı 10 illiyə icarəyə götürmüşdü. Bir müddət öncə Moskva RLS-i ABŞ-la birgə istismar etmək haqda təklif də vermişdi.

İcarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxındır ki, icarəhaqqı ilə bağlı danışıqlar aparılırdı.
XS
SM
MD
LG