Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

AzadliqRadiosu prezidentliyə namizədlərin şansları barədə sorğu keçirməyib


Arxiv foto: Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia AzadlıqRadiosunun Bakı bürosunda. 18 fevarl 2011-ci il.
Arxiv foto: Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia AzadlıqRadiosunun Bakı bürosunda. 18 fevarl 2011-ci il.

Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia gələn ilki prezident seçkilərində İlham Əliyevin qalib gəlmə şansının daha çox olması ilə bağlı fikirlərinin “təhrif edildiyini” deyir. Səfir cümə günü BBC Azərbaycanca və Azadlıq qəzeti ilə söhbətində bildirib ki, o, bir beynəlxalq konfransda qeyri-rəsmi olaraq jurnalistlərin “gələn ilki seçkilər barədə” suallarını cavablayıb: “Mən dedim ki, Aİ siyasi pluralizm istəyir, Aİ seçkilər üçün şəffaf şərait istəyir, Aİ daha çox namizədin iştirakını istəyir, amma seçkilərdən danışmaq hələ ki tezdir”.

Kobia, ona verilən ikinci yardımçı sualın “İlham Əliyevin seçkilərdə şansı” barədə olduğunu qeyd edib.

“Dedim ki, o tanınır, bu faktdır, Azərbaycanda keçirilən sorğuların nəticələrinə əsaslanmışam, dedim ki, o bir çox sahələrdə yaxşı işlər görüb, bu baxımdan onun şansları çoxdur”, deyən Kobia, bu sorğuların Azadlıq Radiosu, Regnum İA və Caspian Sorğu Mərkəzi tərəfindən keçirildiyini və onların hamısında təxminən 90 faizdən çox cavabın İlham Əliyevin lehinə olduğunu bildirib.

AzadlıqRadiosu nəinki prezidentliyə namizədlərin şansları barədə, ümumiyyətlə elmi-sosioloji rəy sorğusu keçirmir. Səfirin hansı sorğuya istinadını aydınlaşdırmaq üçün müraciətə Avropa Birliyi belə cavab yazır:
“Avropa Birliyi dəqiqləşdirmək üçün bildirir ki, Azərbaycanda populyarlıq barədə müxtəlif rəy sorğularından danışarkən, AB səfiri Kobia AzadlıqRadiosunun keçirdiyi yox, noyabrın 16-da dərc etdiyi “Prezidentin reytinqi” başlıqlı yazıya istinad edib”.

(Xatırladırıq, bu yazının müəllifi Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunu misal gətirərək Azərbaycan və Çeçenistan prezidentləri arasında paralellər aparır)

Səfir Kobianın prezident seçkisi ilə bağlı fikirlərini yayan APA informasiya agentliyinin müxbiri Şamil Əlibəyli də BBC Azərbaycancaya bildirib ki, o, xəbəri yayandan sonra səfirdən təhriflə bağlı hər hansı irad eşitməyib.

Azərbaycan rəsmilərinin Kobianın sözlərinə reaksiyaları hələlik məlum deyil.

Azərbaycanda növbəti prezident seçkisi 2013-cü ilin oktyabrında keçiriləcək. İndiki prezident İlham Əliyev 2003-cü ildən bəri iki dəfə bu seçkilərdə qalib olub. Onun üçüncü müddətə prezidentliyini irəli sürəcəyinə dair rəsmi məlumat hələlik verilməyib. Amma rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının təmsilçiləri dəfələrlə bildiriblər ki, onların namizədləri yenə İlham Əliyevdir. 2009-cu ildə Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə görə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Beləliklə, İlham Əliyevin gələn ilki seçkidə də iştirakına heç bir hüquqi maneə qalmayıb.
XS
SM
MD
LG